"Reket nəşr"lərin müəyyənləşdirilməsinə dair Təlimat

(Təlimat Azərbaycan jurnalistlərinin 23 dekabr 2006-cı ildə keçirilmiş IV qurultayının qətnaməsinin tələbinə müvafiq olaraq hazırlanaraq MŞ İdarə Heyətinin 30 yanvar 2007-ci il tarixli iclasında təsdiqlənib. MŞ İdarə Heyətinin 22 oktyabr 2009-cu il tarixli qərarı ilə Təlamata əlavələr edilib)

 

I. Təlimat üzrə əsas anlayışlar

Azərbaycan Mətbuat Şurası İctimai Birliyi (bundan sonra, Şura): 15 mart 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında medianın özünütənzimləmə orqanı kimi yaradılıb. Şura Nizamnaməsinə əsasən ictimaiyyət nümayəndələrindən şikayət və müraciətləri qəbul edir, araşdırır, müvafiq qərar və rəylər çıxarır.

Azərbaycan Mətbuat Şurasının Nizamnaməsi (bundan sonra, Nizamnamə): Azərbaycan jurnalistlərinin I qurultayının qərarına əsasən media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin ictimai yolla tənzimlənməsində Şuraya səlahiyyət verən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilən dövlət sənəddir.

Şikayətçi: Şuraya şikayət və müraciət ünvanlayan hüquqi və ya fiziki şəxsdir. Şikayətçinin tələb(lər)i Şuranın «Azərbaycan Mətbuat Şurasına şikayətlərin verilmə və onlara baxılma qaydaları»na əsasən araşdırılır.

Şikayət və müraciət: Şuraya hüquqi və fiziki şəxs tərəfindən ünvanlanan və baxılması qurumun səlahiyyəti çərçivəsində olan sənəddir. Şura Nizamnaməsinə uyğun olaraq qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdıra bilər.

Cavabdeh: Şuraya barəsində şikayət və ya müraciət ünvanlanan qəzet, jurnal, və informasiya agentliyidir.

«Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları» (bundan sonra, AJPDQ): 15 mart 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunub. Qurultay Şuranı jurnalistlərin həmin sənəd üzrə peşə prinsiplərinə riayət etmələri üzərində ictimai nəzarət funksiya(lar)sını yerinə yetirmək üçün səlahiyyətli hesab edir və bu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənən Nizamnamədə əksini tapır. 

«Reket nəşr»: Peşə prinsiplərinin pozulmasına yol verən kütləvi informasiya vasitələrini ictimai qınağa cəlb etmək üçün Şura tərəfindən müəyyənləşdirilən addır.

 

II. Ümumi müddəalar

Təlimat Şuranın Nizamnaməsində əksini tapan məqsəd və vəzifələrin daha mütəşəkkil qaydada həyata keçirilməsinə xidmət edən sənəddir;

Təlimat Şuraya daxil olan şikayət və müraciətlərin araşdırılması, Şuranın apardığı monitorinqlərin dəyərləndirilməsi və peşə prinsiplərinə zidd digər halların müəyyənləşdirilməsi prosesində tətbiq oluna bilər;

Təlimat mediada peşə prinsiplərinin pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyinin artırılmasında, etik dəyərlərə sayğısızlıq hallarının aradan qaldırılmasında ictimai aktivliyin təminatına xidmət edir;

Təlimatda göstərilən müddəalar Şuranın Nizamnaməsindən irəli gələn məqsəd və vəzifələrlə, ölkədə söz və mətbuat azadlığı ilə bağlı qəbul olunmuş normalarla ziddiyyət təşkil edə bilməz;

Təlimatda göstərilən müddəaların tətbiqində əsas götürülən amillər:

- KİV materiallarında AJPDQ-nın prinsip və bəndlərinin pozulması hallarına mütəmadi yol verilməsi, etik dəyərlərə aşkar sayğısızlıq göstərilməsi;

- Şuranın irad və tövsiyyələrinə, qərar və rəylərinə məhəl qoyulmaması;

- Peşə prinsiplərinin pozulmasına yönələn, bilərəkdən buna yol verən müxtəlif təmayüllər, meyllər, hərəkət və davranışlar.

Təlimatda Mətbuat Şurasının praktikasına əsaslanılaraq AJPDQ-nın «Həqiqətə xidmət, dəqiqlik və obyektivlik» adlı 1-ci, «İnformasiya qaynaqlarına sayğılı yanaşma» adlı 2-ci, «Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması» adlı 4-cü prinsipinin müvafiq bəndləri «a», «Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı» prinsipinin bəndləri üzrə pozuntu faktları «b» kateqoriyası üzrə dəyərləndirilir;

Təlimatda peşə prinsiplərinin pozulmasına yönələn, bilərəkdən buna yol verən müxtəlif təmayüllər, meyllər, hərəkət və davranışlar «c» kateqoriyası üzrə dəyərləndirilir.

 

III. Əsas müddəalar

1. «Reket nəşr» adlandırılmağa əsas verən cəhətlər

a) AJPDQ-nın «Həqiqətə xidmət, dəqiqlik və obyektivlik» adlı 1-ci, «İnformasiya qaynaqlarına sayğılı yanaşma» adlı 2-ci, «Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması» adlı 4-cü prinsipinin müvafiq bəndləri üzrə:

- bu tələblərə bilərəkdən sayğısızlıq göstərilməsi hallarının mütəmadi xarakter aldığı müəyyənləşdirildikdə;

- Şuranın xəbərdarlıqlarına, çıxardığı qərar və rəylərə nəşr tərəfindən məhəl qoyulmadığı təqdirdə;

- buraxılan səhvin düzəlişində iddiaçının və Şuranın tələbinin yerinə yetirilməsindən qəsdən yayınma halları baş verdikdə.

b) AJPDQ-nın «Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı» adlı 3-cü prinsipinin müvafiq bəndləri üzrə:

- Təqdim olunan materiallarda insanların millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerə görə pislənilməsi halları mütəmadi xarakter aldıqda, bunun təmənnaya, şəxsi maraq və mənafelərə xidmət etdiyi aşkarlandıqda, cavabdeh tərəf narazılıq doğuran materialın ictimailik dərəcəsini sübuta yetirmədikdə;

- təqdim olunan materiallarda şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı prinsipinə sayğısızlıq halları dəfələrlə təkrarlandıqda;

- təqdim olunan materiallarda açıq söyüşlərə, təhqirlərə və böhtanlara yol verilməsi mütəmadi xarakter aldıqda;

- təqdim olunan materiallarda vətəndaşların şəxsi həyatına aid faktların onların icazəsi olmadan ictimai əhəmiyyət daşımadığı təqdirdə açıqlanması halları aşkarlandıqda, bu kimi meyllər dəfələrlə təkrarlandıqda;

- Şura tərəfindən edilən xəbərdarlıqlara, tövsiyyələrə məhəl qoyulmadıqda

c) Digər hallar üzrə:

- KİV-də hər hansı hadisə, fakt və digər hal ilə bağlı anons verilməsi və növbəti sayda həmin anonsa uyğun materialların dərc olunmamasına mütəmadi üstünlük verilməsi, bunun səbəblərinə aydınlıq gətirilməməmsi;

- KİV rəhbər və əməkdaşlarının peşə əxlaqı ilə bir araya sığmayan hərəkətlərə və davranışlara yol verməsi ilə bağlı Şuraya çoxsaylı şikayət və müraciətlərin ünvanlanması;

2. KİV-lərin üzərindən «reket nəşr» adının götürülməsi

MŞ aşağıdakı hallarda KİV-lərin üzərindən «reket nəşr» adının götürülməsinə baxa bilər:

- MŞ-nin müvafiq qərarının qəbulundan ötən 1 (bir) il müddətində etik prinsiplərin pozulması ilə əlaqədar barəsində MŞ-yə əsaslı şikayət və müraciətlər daxil olmadıqda;

- Azərbaycan Mətbuat Şurasının müvafiq qərarının qəbulundan sonrakı 1 (bir ) il müddətində Şuranın apardığı monitorinqlər zamanı fəaliyyətində peşə prinsiplərinin pozulmasının aşkarlanmadığı, az aşkarlandığı və ya mövcud pozuntu faktlarının ictimai qınağa əsas vermədiyi müəyyənləşdirildikdə;

- «Reket nəşr» elan olunan KİV-in MŞ-yə üzərindən «reket nəşr» adının götürülməsinə dair rəsmi müraciət ünvanlamasından, bunun üçün Təlimatda nəzərdə tutulan tədbirlərin reallaşdırılması istiqamətindəki tövsiyyələrə əməl etməyə razılığını bildirdikdən  sonra;

- KİV-in üzərindən «reket nəşr» adının götürülməsi prosedurunun həyata keçirilməsinə məlum nəşrin redaksiya kollektivi ilə əmək müqaviləsi bağladığını, əmək və vergi qanunvericiliyinin tələblərinə riayət etdiyini sübut edən sənədləri MŞ-yə təqdim etdikdən sonra;

- Məlum nəşrin il ərzində ən azı 12 nömrəsi çıxdıqdan sonra.

Yuxarıdakı bəndlərdə göstərilən müddəaların dəyərləndirilməsinə ayrılıqda deyil, kompleks şəkildə yanaşılır və bununla bağlı yekun qərarın qəbulu MŞ İdarə Heyətinin müstəsna səlahiyyəti daxilindədir.

KİV-in üzərindən «reket nəşr» adının götürülməsinə və onun adının «qara siyahı»dan çıxarılmasına əvvəlcə komissiya, sonra Şura iclasında baxılır və sadə səs çoxluğu ilə hər hansı qərar qəbul olunur.

MŞ tərəfindən «reket nəşr» elan olunmuş KİV-lərin üzərindən «reket nəşr» adının götürülməsi Şuranın bu barədə müvafiq qərarının çıxarılmasından sonra onun cəmiyyətə açıqlanması - MŞ-nin rəsmi məlumatının KİV-lərdə dərci hallarında gerçəkləşmiş sayılır.

MŞ İdarə Heyətinin müvafiq qərarı ilə üzərindən «reket nəşr» adı götürülmüş KİV-lərə MŞ-nin rəsmi məlumatının dərc edilmədiyi təqdirdə üzərindən «reket nəşr» adının götürülməsi haqqında informasiya yaymamaq tövsiyyə olunur.

Üzərindən «reket nəşr» adının götürülməsi KİV-i gələcəkdə bu təlimatın tətbiq dairəsindən kənarlaşdıra bilməz.

 

IV. Yekun müddəalar

«Reket nəşr» adlandırılmada başlıca meyar şikayət doğuran, o cümlədən Şuranın monitorinqləri nəticəsində aşkarlanan faktın ictimailik dərəcəsinin yüksək olmasıdır.

«Reket nəşr» adlandırılma Şuranın müvafiq araşdırmaları aparılmadan yolverilməzdir.

«Reket nəşr» adlandırılma Şuranın İdarə Heyətinin qərarı olmadan edilə bilməz.

«Reket nəşr» adlandırılmada şikayətçinin haqlı tələb(lər)inin ödənilməsi prinsipi əsas götürülür.

«Reket nəşr» adlandırılma məsələsinə Şuraya konkret şikayət(lər) və müraciət(lər) olduqda, yaxud Şuranın apardığı monitorinqlərin nəticələrinə əsasən zərurət duyulduğu hal(lar)da baxıla bilər.

Şikayət doğuran KİV material(lar)ında peşə prinsiplərinin pozulması halları qanun pozuntusu halları ilə birlikdə baş verirsə, «reket» adlandırılmada başlıca meyar kimi «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları» götürülür.

Şikayət doğuran KİV material(lar)ında yalnız qanun pozuntularına yol verilməsi «reket» adlandırılma üçün əsas yarada bilməz.