Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə Ermənistanın dezinformasiya siyasətindən danışıb

about1

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və beynəlxalq əlaqələr komissiyasının sədri Azər Həsrət ATƏT-in Özbəkistandakı layihə koordinatorluğu və Özbəkistan Milli KİV-ə Dəstək və İnkişaf İctimai Fondunun təşkil etdiyi beynəlxalq onlayn konfransda iştirak edib. Sentyabrın 28-də keçirilmiş konfransın mövzusu Beynəlxalq İnformasiyaya Giriş Gününə həsr edilib.

ATƏT-in bir neçə qurumunun təmsilçiləri, eləcə də Beynəlxalq Mətbuat İnstitutu, BMT, Article 19 kimi qurumların nümayəndələrinin, həmçinin Özbəkistanın ayrı-ayrı nazirliklərinin vəzifəli şəxslərinin çıxış etdiyi konfransa Özbəkistanın xarici ölkələrdəki səfirləri də daxil olmaqla 170-dən çox iştirakçı qatılıb.

Konfransda çıxış edən Azər Həsrət Azərbaycanın hazırda Ermənistanın təcavüzünə qarşı gördüyü tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. O, eyni zamanda ölkəmizdə hərbi vəziyyətin elan edildiyini, ermənilərin dezinformasiya yaydıqlarını qeyd edib. Mətbuat Şurasının nümayəndəsi iştirakçıların diqqətini müharibə şəraitində informasiyaya giriş məsələsinə çəkib.

29.09.2020