Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
GƏNCƏDƏ “DÖVLƏT MÜSTƏQİLLİYİMİZ VƏ MEDİA” MÖVZUSUNDA ÜMUMRESPUBLİKA KONFRANSI KEÇİRİLDİ

Tədbirə ölkəmizin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri, o cümlədən ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, eləcə də müxtəlif bölgələrdə fəaliyyət göstərən qəzetlərin təmsilçiləri qatılıblar

Bu gün Gəncədə «Media və dövlət müstəqilliyimiz» mövzusunda ümumrespublika konfransı keçirilib. Azərbaycan Respublikasi Prezidenti Administrasiyasının, Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutmuş tədbirə ölkəmizin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri, o cümlədən ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, eləcə də müxtəlif bölgələrdə fəaliyyət göstərən qəzetlərin təmsilçiləri qatılıblar. Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfransın iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. Sonra qonaqlar Gəncədə aparılan geniş quruculuq işləri ilə tanış olublar. Media nümayəndələrinə şəhərin baş planına uyğun həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Gəncənin giriş qapılarının inşasında dahi Nizaminin “Xəmsə”sindəki əsərləri əks etdirən nümunələr yer alacaq. Lövhələr şəklində olacaq nümunələr kitab formasında məsafələrlə şəhərə giriş yolunda yerləşdiriləcək. Nizami məqbərəsində aparılan yenidənqurma işləri ilə tanışlıqdan sonra qonaqlar “Azərbaycan” qəzetinin ilk sayının çapdan çıxdığı binanı ziyarət edərək tikilinin divarına vurulmuş lövhə önünə çiçəklər düzüblər. Konfrans iştirakçıları müstəqil Azərbaycanın ilk paytaxtı olmuş Gəncənin həmin dövrünü əks etdirən digər tarixi yerlərinə də baş çəkiblər.

80 ildən artıq tarixə malik Azərbaycan Dövlət Aqrar Universitetinin Azərbaycan Xalq Cumhuriyyətinin əsasının qoyulduğu konfrans zalında baş tutan tədbiri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıb. O bildirib ki, Azərbaycanda bütün sahələrdə həyata keçirilən geniş quruculuq işləri mediadan da yan ötmür. Mətbuat orqanlarının cəmiyyətdəki yeri və roluna toxunan E.Vəliyev onların ölkəmiz üçün taleyüklü anlarda həmişə qətiyyətli mövqe tutmasına diqqət çəkib. İcra başçısı «Dövlət müstəqilliyimiz və media» mövzusunda ümumrespublika konfransını ölkə əhəmiyyətli hadisə kimi dəyərləndirərək tədbirin KİV-lərin tarixi missiyasına qiymət nöqteyi-nəzərdən vacibliyini vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın XX əsrin əvvəlində dövlət müstəqilliyinə qovuşmasında və əsrin sonunda onu yenidən bərpa etməsində medianın müstəsna rolundan danışıb. “Mətbuatımız suverenliyimizlə bağlı bir-birindən fərqli zamanda fəaliyyət göstərərək müstəqilliyə uzanan yolda obrazlı desək, hədəfi nişan alan başlıca qüvvə kimi tanınıb. O qüvvə böyük siyasi təlatümlər qarşısında sarsılmayıb, milli özünüdərkdə və milli şüurun oyanışında katalizator rolunu oynayıb. Bu prosesin kökü Həsən bəy Zərdabinin böyük zəhmətlər bahasına ərsəyə gətirdiyi “Əkinçi” qəzetinə gedir. Həsən bəy onu cəmi iki il ayaqda saxlayıb. Lakin bu qısa müddətdəki fəaliyyət əsrin əvvəllərində belə demək mümkünsə, böyük mətbu təatümün yaranmasında həlledici rol oynayıb. «Əkinçi»nin daha çox məişət zəminində qaldırdığı eybəcərliklər tədricən ideoloji səmt alır. Nəşr tərəfindən bəyan edilmiş başlıca prinsiplər - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafına xidmət edir. Azərbaycan Demokratik Respublikasında mətbu siyasətin təməlinə çevrilir. Şərqdə ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cumhuriyyətini doğurmuş azadlıq əslində məfkurə olaraq Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Cəlil Məmmədquluzadənin, Məmməd Əmin Rəsulzadənin, Nəcəf bəy Vəzirovun və başqalarının nəzərlərində canlandırdıqları, qəzet səhifələrinə daşımaqdan usanmadıqları azadlıq idi və o torpaq, millət, yurd sevgisi üzərində köklənən həqiqi ziyalı vətənpərvərliyinin nəsillərə miras şah əsəridir” - deyə o vurğulayıb.

XX əsrin sonlarına doğru Azərbaycanın dövlət müstəqilliyinin bərpasına yönələn mübarizədə mətbuatın oynadığı rola diqqət çəkən Ə.Amaşov bildirib ki, həmin vaxt mövcud olmuş KİV-lərin əksəriyyətinə xas cəhət əsl ziyalı missiyasını üzərinə götürmək olub. Milli müstəqilliyimizə doğru aparan yolda meydana çıxan mətbuat fəaliyyəti ilə yeni jurnalistikanın, fikir təqdimatı formasının, üslub və tərzin əsasını da qoyub. Həmin əsasa və prinsiplərə sadiqlik Azərbaycanın xalq azadlıq hərəkatını susdurmağa yönəlmiş 20 Yanvar faciəsi kimi dəhşətli olayın qarşısında geri çəkilməmiş, insanları mübarizəyə səsləmişdi. Buna qədər isə sovet Azərbaycanında bir sıra maraqlı olaylar baş vermişdi ki, onların hər birini mətbuatımızın adına böyük uğur kimi dəyərləndirmək mümkündür”.

Azərbaycan Respubikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ölkə müstəqilliyini qazandıqdan sonra əldə etdiyi ən böyük dəyərlərdən biri də azad mətbuata sahiblikdir. Bu prsosesin 1998-ci ildə ümumilli lider Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı imzaladığı fərmandan sonra geniş vüsət aldığını deyən Ə.Həsənov mətbuatın varislik prinsiplərinə sadiqliyi üzərində dayanıb. “1918-ci ildə qazanılmış müstəqilliyin təməl kökləri əsrin əvvələrinə gedir. Həmin vaxt xaricdə təhsil almış ziyalılarımız Vətənə döndülər. Nəşrlər təsis etməyə başladılar. Həmin nəşrlər mahiyyətcə dövlətçilik ideyalarının daşıyıcısı rolunda çıxış edirdilər. Ümumən Azərbaycan mətbuatını inkişaf baxımdan bir neçə dövrə bölmək mümkündür. İlk olaraq birinci dövlət müstəqilliyinə qədərki dövrü qeyd etmək istərdim. Xalq Cumhuriyyəti dönəmində həmin maarifçilərin ideyaları artıq dövlət siyasəti formasında inkişaf etdi. Daha sonra mətbuatımızın sovet dövrü başlandı. Amma bu dövrü gerilik mərhələsi kimi xarakterizə etməzdim. Nəyi necə yazmalarından asılı olmayaraq bir nəsil yetişdi ki, sonralar onun nümayəndələri istiqlalımızın əldə edilməsində və möhkəmlənməsində müstəsna rol oynadılar. Onlar fəaliyyətləri ilə dövlətçilik ruhunu bərpa etdilər”, - deyə o vurğulayıb.

Azərbaycan dövlətinin media sahəsində gördüyü işlərdən bəhs edən Ə.Həsənov jurnalistikanın saflaşdırımasını və onun kənar təsirlərdən qorunmasını vacib vəzifə kimi önə çəkib. İstər bu işdə, istərsə də maddi-texniki bazasının möhkəmləndirilməsində dövlətin mediaya hər zaman böyük dəstək verdiyini deyən PA rəsmisi mövcud kursun təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb və bildirib ki, bu münasibət jurnalistər tərəfindən yüksək qiymətləndirib. “Heydər Əliyev Azərbaycanda “Jurnalistlərin dostu” mükafatına layiq görülmüş ilk dövlət başçısıdır. Ölkə jurnalistləri ötən il cənab prezident İlham Əliyevə də “Jurnalistlərin dostu” mükafatını təntənəli şəkildə təqdim etdilər. Bu təqdimat media nümayəndələrinə göstərilən həssas münasibətdən irəli gəlib”, - deyə o vurğulayıb.

“Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer jurnalistlərin əhatəsində olmaqdan məmnunluq hissi keçirdiyini bildirərək təmsil olunduğu qurumun hər zaman mediaya dəstək verdiyini və mövcud kursun bundan sonra da davamlı olacağını diqqətə çatdırıb.

“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov çıxışında 1918-ci ildə Azərbaycan mətbutının sırf Gəncə dövrü ilə bağlı yaddaqalan anlarından söhbət açıb. O, Azərbaycan dilinin rəsmi dil elan ounmasının Gəncədə gerçəkləşdiyini bildirib. H.Həsənov şəhərlə əlaqədar bir sıra tarixi proseslər haqqında da məlumat verib.

MŞ İdarə Heyətinin üzvləri - “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktor müavini Dağbəyi İsmayılov, “Assa İrada” İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov çıxışlarında müstəqilliyin əldə edilməsində ölkə mətbuatının olduqca çətin və məşəqqətli mərhələ keçdiyini və bu prosesdə ayrı-ayrı qələm sahiblərinin fədakar əməyinin olduğunu vurğulayıbar.

“Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz bildirib ki, Azərbaycan jurnalistəri müstəqillik yollarında “Axın”, “Azad söz” və digər gizli bülletenlər buraxırdılar. “Bu nümunələri çox böyük çətinliklə ərsəyə gətirirdik. Elə anlar olurdu ki, onların yayılması üçün yalandan təcili yardım maşınlarına zəng edirdik. Amma insanlar bu qəzetlərin intizarında idilər”, - deyə o əlavə edib. “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan da həmin anlara şahidlik etmiş “Yeni Müsavat”ın 1989-cu ildən başlanmış fəaliyətinə toxunub. O, milli azadlıq hərəkatı iştirakçılarının meydanlarda deyilənlərdən çox qəzet səhifələrində yayılmış informasiyanı əsas tutduqarını bildirib. Hazırkı dövrdə Gəncədə aparılan işlərdən bəhs edən A.Ayxan bu işlərin ölkə ictimaiyyətinə dolğun, obyektiv və ətraflı çatdırılması üçün şəhərə jurnalist kontingentinin səfərinin təşkilini təklif edib.

Bu günkü müstəqil mətbuatı cumhuriyyət dövrü mətbuatının davamçısı kimi dəyərləndirən MŞ İdarə Heyətinin üzvü, Azəri-Press Agetliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı müasir dövrdə yeni medianın təşəkkülündən söhbət açaraq bu işə dəstək göstərilməsini cəmiyyətin artan informasiya tələbatının ödənilməsi baxımından əhəmiyyətli sayıb. O, yerlərdəki dövlət qurumlarının da mövcud prosesdə aktiv iştirakının, özlərinin informasiya resurslarını yaratmalarının və təkmilləşdirmərinin vacibliyini vurğuayıb. Fikrə dəstək verən MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı eyni zamanda təklif edib ki, Gəncənin jurnalistika tarixində oynadığı rol əsas götürülərək şəhərdə mətbuat muzeyi yaradılsın. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında dövlət müstəqilliyi və medianın bir-birini tamamlayan məhfumlar olduğuna diqqəti çəkərək ölkə üçün informasiya idxalı və ixracı məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Sonda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev jurnalistlər tərəfindən irəli sürülən təkliflərin dəyərləndiriləcəyini, xüsusən də şəhərin mərkəzi yerlərinin birində mətbuat evinin inşa ediləcəyini bildirib.

Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində müstəsna xidmətləri olan media orqanlarına Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olundu. Həmin KİV-lərin təmsilçilərinə, eləcə də qərb bölgəsində fəaliyyət göstərən qəzetlərin təmsilçilərinə “Bakcell” tərəfindən bu şirkətin nömrəsi olan telefonlar hədiyyə edildi. Konfrans iştirakçıarına həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş medal və digər xatirə hədiyyələri verildi.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »