Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında «Qarapapaqlar» jurnalının 5 illiyi ilə bağlı mərasim keçirilib

 Jurnal Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin təbliğində də başlıca missiya daşıyıcısıdır

 

Bu gün Azərbaycan Mətbuat Şurasında Gürcüstanda nəşr olunan «Qarapapaqlar» jurnalının 5 illiyi ilə bağlı mərasim keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov 2007-ci ilin mayında fəaliyyətə başlamış jurnalın soydaşlarımızın kompakt yaşadıqları bölgənin mədəni həyatında kifayət qədər mühüm rola malik olduğunu vurğulayıb. O bildirib ki, jurnal eyni zamanda Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin təbliğində də başlıca missiya daşıyıcısıdır. 

«Qarapapaqlar» jurnalının 5 illiyi ilə bağlı toplantının MŞ-nin Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyi ilə birgə düzənlədiyi tədbirlər silsiləsindən olduğunu deyən Ə.Amaşov bunadək hər iki qurumun dörd mərasim keçirdiyi barədə məlumat verib. 

Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatçı təmsil olunduğu qurumun fəaliyyət istiqamətlərindən danışaraq təşkilatın yaradıcı şəxslərin, o cümlədən jurnalistlərin əməyinin qiymətləndirilməsinə böyük önəm verdiyini bildirib. «Qarapapaqlar» jurnalının türk dünyasına bağlı olan coğrafi məkanda ərsəyə gəldiyini vurğulayan M.Saatçı onun ortaq dəyərlərin təbliğindəki roluna diqqət çəkib. 

Jurnalın baş redaktoru Akif Xansultanov dərginin yaranma zərurəti və fəaliyyətinin ilk çağlarından söhbət açıb. O, jurnalın hazırda Gürcüstan hakimiyyəti tərəfindən elmi-kütləvi nəşr kimi konkret olaraq tarix, ədəbiyyat, etnoqrafiya və kulturologiya istiqaməti üzrə müvafiq lisenziya ilə təmin olunduğunu vurğulayıb. Dərgidə Gürcüstanın və Azərbaycanın elm və ictimai xadimlərinin ikitərəfli münasibətlərlə bağlı müsahibələrinə, publisistik materiallarına geniş yer verildiyini deyən baş redaktor maarifçiliyi kütləvi informasiya vasitəsinin əsas fəaliyyət missiyası kimi xarakterizə edib. 

Tədbirdə «Qarapapaqlar» jurnalına Azərbaycan Mətbuat Şurasının və Dialoq Avrasiya Platformasının ənənəvi «Həqiqətə xidmətlərinə görə» mükafatı təqdim olunub. Toplantı iştirakçıları nəşrin rəhbərliyini 5 illik səmərəli fəaliyyət dövrü münasibətilə təbrik ediblər.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbərinin müavini Surəddin Hümbətov «Qarapapaqlar» jurnalının daşıdığı missiyanın əhəmiyyətdən söz açıb. O bildirib ki, qarapapaqlar türk tayfasının adı ilə bağlı nəşrin ərsəyə gəlməsi təkcə elmi deyil, eyni zamanda kifayət qədər əhatəli ictimai-mədəni hadisədir. Türk dünyası ilə əlaqədar araşdırmaların nəşrin səhifəsində müntəzəm yer almasını vacib məqam kimi vurğulayan S.Hümbətov «Qarapapaqlar»ı təkcə Gürcüstanda deyil, ümumən regionda türkçülüyün təbliği baxımından mühüm mənbə kimi dəyərləndirib. 

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli çıxışında diqqəti jurnalistika fakultəsinin rəhbərlik etdiyi kafedrası ilə «Qarapapaqlar» jurnalı arasında geniş əlaqələrin mövcudluğuna çəkib: «Bu dərgi Gürcüstanın ədəbi mühiti ilə münasibətlərin dərinləşdirilməsi baxımından da mühüm rol oynamaqdadır. O həm elmi jurnaldır, həm də sahə ilə bağlı gələcək tədqiqatlar üçün əvəzsiz mənbədir». 

BDU-nun jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev yubilyar nəşrin rəhbərliyinə təbriklərini çatdıraraq deyib ki, «Qarapapaqlar»ın 5 illiyi bölgə ilə bağlı hər bir şəxs üçün önəmli hadisədir: «Yurda, vətənə, elmə bağlılığı sadəcə sözlə ifadə etmək yetərsizdir. «Qarapapaqlar» bunun peşəkar nümunəsini ortaya qoyan kütləvi informasiya vasitəsidir. Onun maddi və mənəvi qayğılarının aradan qaldırılmasına dəstək göstərmək hər birimizin doğma işi olmalıdır». 

«Olaylar» İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru Yunus Oğuz qaraqoyunluların varisi olan qarapapaqların mənşəyi və yayılma coğrafiyası haqqında söhbət açıb. O bildirib ki, «Qarapapaqlar» Tbilisidə nəşr olunur və milli mətbuatımızın özünün də bu şəhərlə bağlı ənənəsi var. Həmin ənənəni qorumaq və davam etdirmək isə şərəfli işdir. 

Yazıçı Nəriman Əbdülrəhimov deyib ki, Tbilisidə çıxmış «Varlıq» qəzeti nəşrini dayandırdıqdan sonra «Qarapapaqlar» Gürcüstandakı türk toplumunun yeganə mənəvi istinadgahıdır. Nəşrin uzun ömürlülüyü üçün Azərbaycanın müvafiq qurumları və ictimai rəyi aktivlik göstərməlidir. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşı Fəxri Hacıyev «Qarapapaqlar» jurnalının indiyədək nəşr olunmuş saylarını topladığını bildirib və bunlarda bütöv bir salnamənin yaşandığını deyib. F.Hacıyev yaxın keçmişimizə nəzər salaraq vurğulayıb ki, uzun müddət qarapapaqların türk tayfasının tarixi kimliyi barədə adi məlumat belə olmayıb. Jurnal fəaliyyət göstərdiyi 5 ildə təkcə daşıdığı adla deyil, ümumən bölgədəki türk etnosu ilə bağlı bilgisizliyi tamamilə aradan qaldırıb.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, bu gün «Qarapapaqlar» jurnalının timsalında Azərbaycandan xaricdə fəaliyyət göstərən mükəmməl nümunəyə malikik: «Azərbaycanlıların kompakt yaşadıqları digər yerlərdə də belə jurnalların fəaliyyət göstərməsinin təminatı çox yaxşı olardı». 

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə,  «Qarapapaqlar» jurnalı kimi xaricdə fəaliyyət göstərən digər dərgilərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasına dəstək təkcə Azərbaycan dövlətinin vəzifəsi olmamalıdır. Yerli iş adamları bu prosesdə fəal rol oynamalıdırlar. 

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə «Qarapapaqlar» jurnalının beş illiyinin Azərbaycanda belə qeyd edilməsini və kollektivin əməyinin qiymətləndirilməsini mühüm amil kimi dəyərləndirib. Mövcud cəhətin istər-istəməz jurnalın Gürcüstandakı nüfuzuna müsbət təsir göstərəcəyinə, nəşrin yaradıcılıq imkanlarını və auditoriyasının tərkibini genişləndirəcəyinə əminliyini ifadə edib. Bu isə eyni zamanda dərginin uzunömürlülüyünə şərait yaradır, yeni-yeni yubileyilərinin şahidi olacağımızı deməyə əsaslar verir. 

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas «Qarapapaqlar» jurnalının mühüm missiyası kimi orada vətənə, torpağa, ümumən türk dünyasına böyük məhəbbət hissinin aşılandığını vurğulayıb. Bunu böyük cəsarət nümunəsi kimi xarakterizə edən baş redaktor jurnalın elmi nəşr olaraq fəaliyyət göstərməsinin məqsədyönlülüyündən danışıb. 

«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, nəşrin əməkdaşı Almaz Ülvi, həkim Veysəl Xansultanlı, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova və başqaları çıxışlarında «Qarapapaqlar» jurnalını ətraflı səciyyələndiriblər. Onlar nəşrin fəaliyyətinin dəstəklənməsinin mühüm əhəmiyyət daşıdığını bildirərək Gürcüstandakı Azərbaycan şirkətlərinin bunun üçün kifayət qədər resurslara malik olduqlarını vurğulayıblar.

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »