Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında Rəşad Məcidin «Dəlicəsinə» kitabının təqdimatı keçirilib

Mərasimdə Şuranın İdarə Heyətinin üzvləri, R.Məcidin sənət dostları, kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru, şair-publisist Rəşad Məcidin yenicə çapdan çıxmış «Dəlicəsinə» kitabının təqdimatı keçirilib. MŞ-nin ofisində baş tutmuş mərasimdə Şuranın İdarə Heyətinin üzvləri, R.Məcidin sənət dostları, kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, R.Məcidin təbiəti  üçün xarakterik olan geniş diapazon, incə duyum tərzi onun yaradıcılığının da aparıcı həlqəsini təşkil edir. Müəllif jurnalistikaya, publisistikaya və lirikaya eyni dərəcədə yaxın olmağı, mövcud istiqamətdəki proseslərin mərkəzində dayanmağı bacaran qələm sahibidir. Bu keyfiyyətin daşıyıcısı olmaq hər sənət adamına nəsib olmur. R.Məcidin yeni çapdan çıxmış kitabı da onun əhatəli yaradıcılıq dünyasının, yaşantılarının məhsulu kimi mühüm əhəmiyyət daşımaqdadır. «Kitabın bölümlərinə nəzər salanda da bunu görmək mümkündür. Nəşrin ilk bölümündə müəllif müxtəlif illərdə qələmə alınmış publisistik yaradıcılıq nümunələrini təqdim edir. Hesab edirəm ki, Rəşad Məcid qəlbən gənc olsa da, onun yaşadıqları və bu xüsusda gəldiyi qənaət bir sıra prosesləri incələmək, daxili mahiyyətlərinə varmaq baxımından önəmlidir. Kitabın «Gördüklərim» bölümündə Rəşad Məcidin səfər təəssüratları yer alır. Biz tez-tez istər ölkə daxilində, istərsə də xaricində onunla birgə səfərlərdə oluruq. Hesab edirəm ki, Rəşadla yalnız yol yoldaşı olmaq istənilən adamda təəssürat zənginliyi yaradır. Şübhəsiz, belə bir adamın səfər təəssüratlarını qələmə almasının da maraqlı tərəfləri çoxdur və bu nümunələrə dövri mətbuatda mütəmadi rast gəlmişik. Nəşrin «Tanıdıqlarım» bölümünün də oxucularda böyük maraq doğuracağı şübhəsizdir. Buraya müəllifin portret məqalələri daxil edilib. Nəhayət, dördüncü - «Dediklərim» bölümündə Rəşad Məcidin müxtəlif kütləvi informasiya vasitələrində gedən müsahibələrindən bir neçəsi, hətta deyərdim ki, olduqca az qismi yer alıb. Müəllif təbiət etibarilə hamıya yaxındır, hər zaman fikirlərini bildirməyə həvəslidir, mənalı həmsöhbətdir. Dünən facebook sosial şəbəkəsinə göz gəzdirəndə təsadüfən hamımızın hörmətlisi İradə Tuncayın bir statusu diqqətimi çəkdi. İradə xanım bu gün Rəşad Məcidin kitabının təqdimatının keçiriləcəyini yazırdı və əlavə edirdi ki, nəşrin vərəqləyərkən təsadüfən açdığı bir səhifəsində öz adına rast gəlib. Rəşad Məcidin geniş diapazona malik sənət adamı olduğunu bir daha vurğulayaraq hesab edirəm ki, bu kitab media cameəsində, publisistikada seçilən şəxslərin varlığının, həyat yolunun lazımlı, müəyyən mənada örnək olduğunu təsdiqləyən nümunədir», - deyən Ə.Amaşov R.Məcidə yeni yaradıcılıq uğurları arzulayıb.

Təqdimat mərasiminə qatılanlara təşəkkürünü bildirən R.Məcid çıxışında bildirib ki, ətraf aləmdə baş verən hadisə və proseslər barədə düşünməyin, dolğun mühakimə yürütməyin, söhbətlərdən, mükalimələrdən həzz almağın vaxt imkanlarının məhdud olduğu indiki zamanda unudulmayan insanların mövcudluğu çox vacibdir. «Bu gün həmin insanların bir çoxu buradadır. Əslində kitab da Sizlər barədədir. Sizlər mənim həyatımın tərkib hissəsisiniz, ayrılmaz parçalarısınız», - deyən R.Məcid toplantı iştirakçılarına təşəkkürünü bildirib.

«Dəlicəsinə» kitabının ön söz müəllifi İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli R.Məcidi publisistikanı bədii ədəbiyyatla birləşdirməyi bacaran sənət adamı kimi xarakterizə edib: «Hazırkı informasiya bolluğu dövründə bədii təxəyyülsüz oxunaqlıq qazanmaq mümkün deyil. Rəşad Məcidi də xarakterizə edən xüsusiyyət onun hadisə və proseslərə yanaşma tərzindəki bədiilikdir. Bu, həssas yanaşmadır. Hesab edirəm ki, təqdimatına toplaşdığımız kitab da həmin həssaslıqdan qaynaqlanır».

«Ədalət» qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay çıxışına R.Məcidlə ilk tanışlıq dövrünə qısa ekskursla başlayıb. «Rəşad Məcid 20 yaşında necəydisə, 50 yaşını haqladığı hazırkı dövrdə də eyni keyfiyyətlərin daşıyıcısıdır. Bu keyfiyyətlər onun yaradıcılıq adamı olmazdan öncə, insan, şəxsiyyət kimi yetkin obrazını formalaşdırır. Lap yüksəklərdə olduğu zamanlarda da insanlara həmin səviyyədə yanaşmağı bacırır», - deyən İ.Tuncay R.Məcidin özünə xas çalarları yaradıcılıq müstəvisinə daşımasının faydalı cəhətlərinə toxunub.

«Olaylar» qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri, yazıçı-publisist Yunus Oğuz R.Məcidi xarakterizə edən müxtəlif cəhətləri sadalayaraq onun yaradıcılığının örnək səciyyə daşıdığını vurğulayıb.

«Rəşad Məcid təpədən-dırnağadək koloritdir. Onunla bağlı hər şey pozitivdir. Kitabının adı da müəllifin həyat tərzilə üst-üstə düşür. Bəzən elə vəziyyət yaranır ki, Rəşad axına qarşı gedir. Ancaq belə olduqda da qəbul olunur», - deyən «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli eyni zamanda bildirib ki, təqdimatı keçirilən nəşr bütövlükdə Azərbaycanın yaradıcı mühitinin müxtəlif cəhətlərini özündə birləşdirməsilə də əlamətdardır.

«Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli R.Məcidi plüralist fikirli, habelə plüralizmin mahiyyətinə dəyər verən şəxs kimi xarakterizə edib. «Onunla tanış olduğumuz müddət böyük deyil. Ancaq elə təəssürat yaranır ki, bir-birimizə lap çoxdan bələdik. Bu, ruh yaxınlığından irəli gəlir. Həmin yaradıcılıq ruhu Rəşad müəllimin rəhbərlik etdiyi «525-ci qəzet» üçün də xarakterikdir. Bu mənada qəzet bir məktəbdir, mətbuatımızın simasıdır», - deyən N.Məmmədli R.Məcidi yaradıcı gənclərin hamisi olaraq da dəyərləndirib.

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas R.Məcidi oxucu duyğularına təsir göstərən şair, publisist və jurnalist kimi səciyyələndirməyin mümkünlüyünü vurğulayıb və bildirib ki, bu dəst-xətt heç də hər yaradıcı şəxsə məxsus deyil. Baş redaktoru təqdimatı baş tutan kitabını da bu mənada unikal nümunə olduğuna əminliyini ifadə edib.

R.Məcidlə iyirmi ildən artıqdır ki, tanış olduğunu deyən MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu tanışlığın Mətbuat Şurasındakı birgə fəaliyyət müstəvisində daha da dərinləşdiyini və möhkəmləndiyini diqqətə çatdırıb. «Rəşad Məcid Şurada ayrı-ayrı məsələlərin müzakirəsində obyektiv və prinsipial mövqeyi ilə seçilib. Ümumən münasibətlər sisteminə məxsusi yanaşması ilə fərqlənib. Bu gün təqdimatına toplaşdığımız nəşr də insanlar arasındakı münasibətlər sisteminə işıq salan kitabdır», - deyə o əlavə edib.

MŞ İdarə Heyətinin üzvləri, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, həmçinin «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Ədalət» qəzetinin baş redaktor müavini Əbülfət Mədətoğlu, «modern.az» saytının baş redaktoru Elşad Eyvazlı, «qafqazinfo.az» saytının baş redaktoru Elburus Ərud və başqaları R.Məcidi səmimi insan, qayğıkeş dost, Azərbaycanın media fəlsəfəsinə bələd olan, jurnalistikanın mənafelərini üstün tutan həmkar kimi səciyyələndirən cəhətlərindən söz açıblar, xatirələrini bölüşüblər.





20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »