Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Gündəlikdə duran 4 məsələ ətrafında fikir mübadilələri aparılıb

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov tədbirin gündəliyi elan edib. Gündəlik səsə qoyularaq yekdilliklə bəyənilib. 

Öncə Mətbuat Şurasının 2010-cu ilin ilk yarısında gördüyü işlərə dair hesabatı ətrafında müzakirələr aparılıb. Şura sədri Ə.Amaşov hesabat barədə məlumat verib. O, ötən ilin müvafiq dövrü ilə müqayisədə MŞ-yə daxil olan müraciətlərin sayının iki dəfə artdığını bildirib. Əgər 2009-cu ildə Şuraya ümumilikdə 489 müraciət daxil olmuşdusa, 2010-cu ilin ilk yarısında bu rəqəm 444-ə çatıb. Bu, quruma olan etimadın nümunəsidir. Ə.Amaşov Şuranın ötən müddətdə həyata keçirdiyi konfrans və «dəyirmi masa»lar barədə də məlumat verib. Həmçinin qeyd edib ki, MŞ İdarə Heyətinin müvafiq qərarı ilə Şuranın «qara siyahı»sından çıxarılan nəşrlərin bəziləri barədə quruma şikayətlər daxil olub. Bu, etimaddan sui-istifadədir və belələrinin yenidən siyahıya qaytarılmasını şərtləndirir. 

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də siyahıdan çıxarılan qəzetlərin bəzilərinin yenə əvvəlki qaydada fəaliyyət göstərdiklərini vurğulayıb. Belə neqativ halların yolverilməz olduğunu deyib. 

MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov: hesabatı yüksək qiymətləndirib. O, təkcə şikayət məktublarının sayının artması insanların Şuraya artan inamının nəticəsi adlandırıb. B.Sadıqov ölkə prezidentinin Mətbuat Şurasında olmasını və geniş nitqini quruma olan etimad nümunəsi kimi dəyərləndirib. Milli Məclisin deputatı hesabatın Mətbuat Şurasının yalnız ötən yarımillikdə deyil, ümumilikdə bütün yarımilliklərdə ən uğurlu hesabatı olduğunu deyib. 

MŞ sədrinin qəzetlərin «qara siyahı»dan çıxarılması ilə bağlı ölkə mediasında gedən müsahibəsinə diqqəti çəkən B.Sadıqov həmin müsahibədə irəli sürülən prinsiplərin kifayət qədər məntiqi xarakter daşıdığını bildirib. Əlavə edib ki, Mətbuat Şurasının əfvi, bağışlaması varsa, bundan nəticə çıxarılmayacağı halda müvafiq ölçü tədbiri də mövcuddur. B.Sadıqov hesabatın əsas kimi qəbul edilməsini, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirəsinin keçirilməsini təklif edib. Təklif səsə qoyularaq yekdilliklə bəyənilib. 

Bundan sonra MŞ-nin Şikayətlər üzrə Komissiyasının yeni tərkibi müəyyənləşdirildi. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin rəhbərlik edəcəyi komissiyaya MŞ İdarə Heyətinin üzvləri Vüqar Səfərli, Aqil Abbas, Vüqar Rəhimzadə, Rəşad Məcid, Elçin Şıxlı və Qafar Çaxmaqlı daxildir. Komissiya Nizamnamə qaydalarına uyğun olaraq iki il fəaliyyət göstərəcək. Şura sədri komissiyanın əvvəlki tərkibinin səmərəli fəaliyyətini vurğulayaraq onlara MŞ adından təşəkkürünü bildirib. 

Ə.Amaşov Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə diffamasiya məsələləri və jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsinə dair birgə layihəsinin gedişi barədə məlumat verib. Onun sözlərinə görə, bu ay layihə çərçivəsində iki tədbirin təşkili nəzərdə tutulur. Sentyabrda isə mövzu ilə bağlı geniş beynəlxalq konfrans düzənlənəcək. Ə.Amaşov Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına ATƏT tərəfindən təklif edilən tövsiyyələr barədə də məlumat verib. İH üzvlərindən həmin tövsiyyələrə münasibət bildirmələrini və təkliflərini irəli sürmələrini xahiş edib. 

Cari məsələlərlə bağlı MŞ sədri Əflatun Amaşov bildiririb ki, jurnalistlərin peşə hazırlığı və təhsilinə dair məsələ ölkə prezidenti ilə görüşdə də qabardılıb. O, dövlət başçısının çıxışında məsələ ilə bağlı ifadəsini tapan məqamlara diqqəti çəkərək Şuranın təhsil komissiyasının bununla əlaqədar fəaliyyətini gücləndirməsinin zəruriliyini bildirib. Ə.Amaşovun sözlərinə görə, qarşıda duran mühüm məsələ ali məktəblərin jurnalistika fakultələrinə qabiliyyət imtahanlarının bərpasıdır. 

MŞ İdarə Heyətinin üzvü, qurumun Təhsil Komissiyasının sədri, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla çıxışında Mətbuat Şurası nəzdində ali jurnalistika məktəbinin yaradılması ideyasını irəli sürüb. Bu məktəbin müdavimləri sırasında əsasən KİV-lərdə çalışan və ixtisasca jurnalist olmayanlar üstünlük təşkil edəcək. Müzakirələrdən sonra təhsilin müddəti, ixtisaslaşma, jurnalist kadrların xaricdə təcrübə kursları və s. məsələlərlə bağlı proqram təkliflərin hazırlanması məqsədəuyğun sayılıb. 

Sonda Azərbaycan Mətbuat Şurası Nazərət-Təftiş Komissiyasının yeni sədri Qadir İbrahimli İdarə Heyəti üzvlərinə təqdim olunub.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »