Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Jurnalist-polis və jurnalist-mətbuat xidmətləri münasibətləri

Azərbaycan Mətbuat Şurasının ATƏT-lə birgə layihəsi çərçivəsində
keçirdiyi seminarlarda bu məsələlərlə bağlı mövzular nəzərdən keçirilib

Noyabrın 10-da Azərbaycan Mətbuat Şurasında Şuranın ATƏT-lə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımi ilə gerçəkləşdirdiyi layihənin “İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” proqramı çərçivəsində jurnalistlər və polis orqanlarının əməkdaşları üçün seminar keçirilib.

MŞ sədri Əflatun Amaşov toplantını açaraq proqram barədə ətraflı məlumat verib. Rəhbərlik etdiyi təşkilatın ATƏT-in Bakı ofisi ilə daim sıx münasibətlərdə olduğunu deyən Şura sədri hər iki qurumun birgə diffamasiya təşəbbüslərini xatırladıb. O bildirib ki, diffamasiya ilə bağlı qanun layihəsi hazırlamış MŞ-yə zəruri ekspert dəstəyini məhz ATƏT-in Bakı ofisi göstərib. Bundan başqa Şura nüfuzlu beynəlxalq təşkilatın ölkəmizdəki nümayəndəliyi ilə birgə medianın aktual problemlərinə həsr olunmuş müzakirələr təşkil edir. Bu müzakirələr «İctimai TV»də ayrıca veriliş şəklində yayımlanır.

Noyabrın 10-da jurnalistlərin polis orqanları əməkdaşları ilə, noyabrın 12-də və 13-də isə dövlət qurumlarının mətbuat xidmətlərinin təmsilçiləri ilə keçiriləcək seminarlarını birgə əməkdaşlığın davamı baxımından əhəmiyyətli sayan Ə.Amaşov birinci günün mövzusu üzərində dayanıb. «Jurnalist-polis münasibətləri həmişə Mətbuat Şurasının diqqət mərkəzində olub. Bu diqqət özünü xüsusən də kütləvi aksiyalar, küçə yürüşləri və nümayişləri müstəvisində göstərib. Şuranın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə formalaşdırdığı monitorinq qrupu mövcuddur. Bu qrup birbaşa olaraq küçə aksiyalarında jurnalistlərin peşə fəaliyyətini necə yerinə yetirmələrini diqqətdə saxlayır. Təbii ki, bu sahədə maarifləndirmə işləri hər hansı problemin önlənməsi baxımından daha zəruridir. Buna görə də biz ATƏT-lə birgə belə bir təşəbbüs irəli sürdük. Bu təşəbbüs çərçivəsində iştirakçılar dünya miqyasında media nümayəndələrinin ekstremal vəziyyətləri işıqlandırmalarına, həmin vaxt asayiş keşikçiləri tərəfindən prosesin izlənilməsinə şəraitin yaradılmasına dair müvafiq informasiyalarla təmin ediləcəklər», - deyən Ə.Amaşov praktik situasiyaların təhlili baxımından mühüm əhəmiyyət daşıyacaq seminarın jurnalist-polis əməkdaşlığının cəmiyyət üçün zəruri olan informasiyaların çatdırılması prosesini daha da yüngülləşdirəcəyinə əminliyini vurğulayıb.

ATƏT-in KİV Azadlığı ilə bağlı xüsusi nümayəndəsi Dunya Miyatoviç çıxışında bildirib ki, jurnalistlər peşə fəaliyyəti ilə məşğul olarkən problemlərdən uzaq olmalıdırlar. Ən əsas problem informasiya mənbələrinə çıxışdır ki, bunun təminatı üçün müvafiq qurumlar tərəfindən də tədbirlər görülməlidir. Prosesdə məsuliyyət qarşılıqlı olmalıdır. Jurnalistlərin özlərini media nümayəndəsi kimi aparmaları şərtdir. Onlar kütləvi aksiyaların iştirakçısına çevrilməməlidirlar. ATƏT-ə üzv olan bir çox ölkərlərdə bu prosedur gözlənlir. Mövcud anlaşmanın formalaşmasında isə jurnalist-polis münasibətləri mühüm yer tutur.

MŞ ilə ATƏT arasındakı əməkdaşlığı bu baxımdan dəyərləndirən xanım Miyatoviç layihənin məhz Azərbaycan tərəfinin təşəbbüsü ilə reallaşmasını vacib cəhət kimi vurğulayıb. O, eyni zamanda belə tədbirlərin davamlılığının zəruriliyinə də toxunub və bildirib ki, hər bir ölkə üçün problemlər spesifik xüsusiyyətə malikdir. Layihə çərçivəsində gerçəkləşəcək seminarlar isə sırf praktik vəziyyətlərə hesablanıb. Bu sistem problemləri görməyə və araşdırmağa imkan verir.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son zamanlar dünyanın diqqətinin Azərbaycana yönəldiyini vurğulayıb. Bu diqqəti şərtləndirən məqamlardan söz açan PA rəsmisi 7-ci Dünya İnternet İdarəçiliyi beynəlxalq forumu kimi nüfuzlu toplantının məhz ölkəmizdə gerçəkləşməsindən danışıb. Bildirib ki, mühüm tədbirin iştirakçıları sırasında 100-dən çox ölkəni əhatə edən 1500-ə qədər internet idarəçisi, mətbuat və informasiya sahəsində çalışan məsul şəxslər, həmçinn dövlət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və jurnalistlər var. Belə bir forum beynəlxalq aləmdə Azərbaycanla bağlı müsbət rəy yaradır. Amma ölkəmiz problemsiz deyil. Söz və mətbuat azadlığının təminatı sahəsində postsovet məkanını əhatə edən digər ölkələr kimi, respublikamızda da müəyyən çətinliklər yaşanmaqdadır.

Ə.Həsənov “İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” seminarının vacibliyini əsaslandırarkən vurğulayıb ki, bir çox hallarda jurnalistlər kütləvi aksiyalar zamanı özlərinin vəzifə borcunu düzgün yerinə yetirmirlər. Nəticədə onların asayiş keşikçiləri ilə problemləri yaranır. Elə şərait formalaşmalıdır ki, belə vəziyyətlər aradan qalxsın. Bunun üçünsə tərəflər arasında əməkdaşlıq dərinləşməlidir. Layihənin əhəmiyyətini mövcud kontekstdən aydınlıq gətirən Ə.Həsənov kütləvi aksiyalar zamanı jurnalistlərin fəaliyyətinin tənzimlənməsinin vacibliyinə cəmiyyətin obyektiv informasiya əldə etmək hüququnun təminatı kimi dəyər verib. Azərbaycan dövlətinin dəstəyi ilə dövlət və mətbuat nümayəndələrinin, həmçinin ATƏT təmsilçilərinin birgə əməkdaşlığı faktının ilk dəfədir qeydə alındığını vurğulayan PA rəsmisi birbaşa jurnalist-polis münasibətləri müstəvisində qarşıya çıxan ayrı-ayrı problemlərdən də söz açıb. O, jurnalist vəsiqələrinin vahidliyinin tam təmin edilməməsinə diqqət çəkib. Bildirib ki, bəzən asayiş keşikçiləri qanunsuz aksiya iştirakçısını saxlayanda saxlanılan şəxs cibindən jurnalist vəsiqəsi çıxarır. Nizamsızlığın aradan qaldırılmasında məsuliyyət Mətbuat Şurası və baş redaktorların üzərinə düşür.

Azərbaycanda mükəmməl hüquqi bazanın mövcudluğunu deyən  cənab Həsənov onu da bildirib ki, qanunvericilikdən irəli gələn müsbət vərdişlərin daha da dərinləşdirilməsi üçün beynəlxalq təcrübədə daha çox rast gəlinən forma və metodların öyrənilməsinə və tətbiqinə ehtiyac duyulmaqdadır: “Seminar düşünürəm ki, bu nöqteyi-nəzərdən də əhəmiyyətlidir. Kütləvi tədbirlərdə jurnalistlərin iştirakının metodologiyası, polis və kütləvi tədbirlərdə iştirak edən jurnalistlər arasında münasibətlər, jurnalistlərin müvafiq qurumlar tərəfindən keçirilən kütləvi tədbirləri işıqlandırması ilə bağlı məsələlər müzakirə olunacaq”.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay çıxışında jurnalist təhlükəsizliyinin önəmli cəhətlərinə toxunub. Bunun hər bir ölkə üçün vacibliyini vurğulayan səfir Mətbuat Şurası ilə birgə təşəbbüs çərçivəsində keçiriləcək seminarların istər jurnalistlər, istərsə də informasiya daşıyıcıları üçün faydalı olacağına əminliyini bildirib.

Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini Oruc Zalov bildirib ki, təmsil etdiyi dövlət orqanı Bakıda və regionlarda polis-jurnalist əməkdaşlığı ilə bağlı mütəmadi toplantılar keçirir. Onun sözlərinə görə, bu mövzudan yazan kifayət qədər peşəkar media nümayəndələri var. Amma özünü müstəqil təqdim edən, qərəzli mövqe tutaraq müxtəlif siyasi təşkilatların sifarişlərini yerinə yetirən KİV-lər də var. Belələri Daxili İşlər Nazirliyi və nazirliyin strukturuna daxil olan qurumlar barədə dezinformasiya xarakterli məlumatlar dərc edirlər.

O.Zalov çıxışında habelə jurnalist-polis münasibətlərində meydana gələn bir sıra problemlərin maarifləndirmə səviyyəsinin aşağılığından irəli gəldiyini də önə çəkib. Buna görə də DİN həmişə çalışır ki, məhz təbliğat xarakterli tədbirlər keçirsin. Belə tədbirlər əməkdaşlığı daha da dərinləşdirir. O, ATƏT-in və Mətbuat Şurasının “İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” seminarını bu baxımdan yüksək dəyərləndirib.

Toplantıda KİV-lərin baş rekaktorlarına ATƏT-in Bakı ofisinin və Mətbuat Şurasının birgə layihəsi əsasında hazırlanmış üzərində “PRESS” yazılmış gödəkçələr təqdim olunub.
                                
Çıxışlardan sonra jurnalistlərin və polislərin iştirakı ilə seminar öz işinə başlayıb. Gürcüstanın İlya Çavçavadze Universitetinin jurnalistika professoru Oleq Panfilov “Jurnalistika, beynəlxalq hüquq və ictimai nümayişlər” mövzusunda məruzə edib. Daha sonra jurnalistlərin kütləvi nümayişləri işıqlandırmalarının beynəlxalq miqyasda ən çox rast gəlinən metodları ilə əlaqədar rusiyalı ekspert Aleksandr Stupnikov çıxış edib. Jurnalist-polis münasibətlərinin Gürcüstan təcrübəsi ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyinin təmsilçisi Georgi Merabişvili söz açıb. Hüquqşünas Ələsgər Məmmədli Azərbaycanda jurnalistlərin hüquqları və qanunvericilik məsələlərindən danışıb. Jurnalistikada etika və əxlaqi məsələlər barədə Gürcüstanın İlya Çavçavadze Universitetinin digər professoru David Paytçadze məruzə edib.

Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

****
Noyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində MŞ-nin və ATƏT-in birgə təşəbbüsü çərçivəsində ikinci seminara start verilib. Bu dəfə mövzu hökumət nümayəndələri və jurnalistlər arasında effektiv qarşılıqlı informasiya mübadiləsini formalaşdırmaq məsələləri, məlumatın əldə olunmasınınn təşviqində onlar arasındakı müxtəlif səmərəli əməkdaşlıq formalarının rolu ilə bağlı olub.

Jurnalistlər və dövlət qurumlarının mətbuat xidmətlərinin təmsilçiləri üçün keçirilən seminar barədə məlumat verən MŞ sədri Əflatun Amaşov öncə Şuranın ATƏT-lə birgə gerçəkləşdirdiyi layihə çərçivəsində noyabrın 10-da baş tutmuş toplantıdan söz açıb. DİN-in ayrı-ayrı strukturlarından 15, həmçinin ölkənin tanınmış, ictimai fikrə təsir göstərən media orqanlarından 10 təmsilçinin qatıldığı həmin seminarın qarşılıqlı fikir mübadilələri ilə yadda qaldığını diqqətə çatdırıb.

MŞ sədri bildirib ki, rəhbərlik etdiyi qurum müxtəlif illərdə dövlət və hökumət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinin iştirakı ilə treninq-məşğələlər təşkil edib. Bu tədbirlərdə ictimaiyyətlə əlaqələrin müxtəlif formalarına, o cümlədən sırf media ilə əməkdaşlığa dair beynəlxalq təcrübəyə önəm verilib: «Bu günkü seminarımızın da eyni dərəcədə vacib olduğunu düşünürəm. Burada jurnalistlərin və mətbuat xidmətləri təmsilçilərinin bəhs edilən mövzularla bağlı maraqlı fikir mübadilələrinin olacağına əminəm».

Ə.Amaşov həmçinin bildirib ki, medianın ən mühüm problemlərindən biri də ilk mənbədən informasiya əldə edilməsi prosesdə müəyyən çətinliklərlə üzləşməsidir. Bu, bir tərəfdən jurnalistikanın zəruri peşəkarlıq vərdişlərinə malik olmaması ilə əlaqədardırsa, digər tərəfdən informasiya daşıyıcılarının da öz məsuliyyətlərini kifayət qədər dərk etməmələrini vurğulamaq lazımdır. Bəzən başlıca cəhətlərdən biri kimi tərəflərin bir-birinə inam və etimad göstərməmələri ön planda dayanır. «Hesab edirəm ki, bu günkü seminar eyni zamanda inam və etimad mühitinin formalaşmasına dəstək baxımından da önəmlidir», - deyən MŞ sədri onu da bildirib ki, elektron KİV-lərin, xüsusən də internet xəbər portallarının sürətlə artımı informasiya işinin daha təmərküzləşmiş şəkildə qurulmasını obyektiv zərurətə çevirir. Prosesdə əsas ağırlıq isə mətbuat xidmətlərinin üzərin düşür. Bu institut öz işini artan tələbatlara uyğun qurmağı bacarmalı, yeni peşəkarlıq vərdişlərinə yiyələnməli və PR texnologiyalarından yararlanmalıdırlar.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay medianın informasiya qaynaqlarına birbaşa çıxışının olmasını, həmçinin  jurnalistlərin informasiya daşıyıcıları ilə əməkdaşlığını cəmiyyətdə fikir plüralizminin dərinləşməsinə təsir göstərən mühüm faktorlardan biri kimi dəyərləndirib. Səfirin sözlərinə görə, hazırda qlobal şəkildə informasiyaya olan tələbat artdıqca müvafiq sturukturların qarşısında mövcud şəraitə adekvat fəaliyyət göstərmək vəzifəsi dayanır. ATƏT-in Bakı ofisi və ümumən qurumun media azadlığı üzrə nümayəndəliyi işini eyni zamanda həmin zərurəti dəyərləndirmək üzərində də qurur. MŞ ilə birgə gerçəkləşdirilməkdə olan proqram da buna hesablanıb.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, Azərbaycan dövlətinin apardığı siyasətdə media azadlığı, ümumən isə cəmiyyətdə ifadə azadlığının dərinləşməsi prioritet məsələlərdəndir. Ölkədə bunun üçün müvafiq qanunlar hazırlanıb. Eyni zamanda prosesin texnoloji komponentlərinin qurulmasına da böyük önəm verilib. Ötən müddətdə dövlət qurumlarının media ilə işə məsul strukturları yaradılıb və onların fəaliyyəti təkmilləşdirilib. Həmçinin elektron hökumət layihəsi çərçivəsində də bir sıra məqsədyönlü tədbirlər görülüb. Ölkədə 400-ə yaxın elektron xidmət növü müəyyənləşdirilib. 300-ə yaxın orqan əhaliyə bu xidməti göstərir ki, onlardan 150-nin işi interaktiv səciyyə daşıyır. «Düşünürəm ki, mövcud istiqamətdəki iş daha da gücləndiriləcək. Çünki məsələn, 2000-ci illə müqayisədə 2012-ci ilin tələbatları fərqlidir. Dövlət qurumları da öz fəaliyyətlərini buna uyğun qurmalıdırlar», - deyə o əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən rəhbərlik etdiyi qurumun üzərinə «İnformasiya əldə etmək haqqında» qanunun təbliği, onun ayrı-ayrı bəndləri ilə jurnalistləri daha yaxından məlumatlandırmaq, mövcud sahədəki meylləri izləmək və diqqətə çatdırmaq vəzifəsi qoyulub. Fond istər bu gün baş tutan, istərsə də noyabrın 10-da keçirilmiş seminar üçün maliyyə yardımını bu məqsədlə ayırıb.

ATƏT-in Media azadlığı Nümayəndəliyi adından çıxış edən qurumun tədqiqat üzrə assisenti İlia Dohel təmsil olunduğu ofisin Azərbaycanda 2004-cü ildən başlayaraq fikir plüralizmi, media-hakimiyyət münasibətləri ilə bağlı seminarlar, treninq-məşğələlər təşkil etdiyini vurğulayıb və bildirib ki, MŞ ilə birgə gerçəkləşdirilməkdə olan hazırkı təşəbbüs bu baxımdan beşincidir. Seminarın konkret mövzusu və moderatorları barədə məlumat verən İ.Dohel onların Ukraynadan olduqlarını vurğulayıb.

Bundan sonra rəqəmsal media və mətbuat xidmətləri, dövlət və media arasında qarşılıqlı münasibətlərin müasir meylləri məsələləri ətrafında ekspertlər Yevhen Xlibovski və Zoya Kazanskinin məruzələri dinlənilib. Çıxışlar ətrafında diskussiyalar aparılıb.

Qeyd edək ki, seminarda müxtəlif dövlət və hökumət qurumlarının mətbuat xidmətindən 15-dən çox təmsilçi və 10-dan artıq media nümayəndəsi iştirak edir. Tədbirin noyabrın 13-nə nəzərdə tutulmuş iş planında informasiya əldə edilməsi sahəsində milli və beynəlxalq standartlardan, bu sahədəki problemlərdən, dövlət və media arasındakı ünsiyyətin hüquqi aspektlərindən, Azərbaycanda məlumata çıxış əldə etmək sahəsindəki qanunvericiliyin tələblərindən, ictimaiyyətlə əlaqələr sistemində internet resurslardan, sosial şəbəkələr və bloqlardan faydalanma imkanlarından, mətbuat konfranslarının təşkili üsullarından söhbət açılacaq.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »