Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Tofiq Rüstəmov - 75

Mərhum jurnalistin xatirəsi doğmu yurdu Qubada anıldı

Mayın 7-də Qubada görkəmli ictimai xadim, jurnalist və alim Tofiq Hacı Tağı oğlu Rüstəmovun 75 illiyi münasibətilə anım mərasimi keçirilib. Quba bələdiyyəsinin akt zalında baş tutan toplantıda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin müəllimləri, yerli icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları öncə görkəmli jurnalistin məzarını ziyarət edib üzərinə tər çiçəklər düzüblər.

Tədbiri açan Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov T.Rüstəmovun həyat və fəaliyyəti barədə məlumat verib. “Tofiq Rüstəmovun milli jurnalistikamızda yeri, mövqeyi, sanballı rolu çoxdan müəyyənləşmişdir. Mətbuat tariximizin gözəl bilicisi və tədqiqatçısı, ensiklopedik biliyə malik tərcüməçi, televiziya və radiojurnalistikası sahəsində əvəzsiz mütəxəssis, tərcümə sənəti nəzəriyyələrinin ilk yaradıcılarından biri, ana dilimizin saflığı və təmizliyi keşiyində duran təəssübkeş redaktor, mətbuat işinin bacarıqlı təşkilatçısı, gənc jurnalistlərin xeyirxah tərbiyəçisi və hamisi. Bunlar onun ömür yolunun silinməz və danılmaz izləridir”, - deyə o bildirib.

1936-cı ildə Quba şəhərində anadan olan T.Rüstəmov 1953-1958-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsində təhsil alıb. Ali təhsilini başa vurandan sonra iki il sovet dövrünün ən nüfuzlu qəzetlərindən sayılan "Uçitelskaya qazeta"nın respublikamızda xüsusi müxbiri işləyib. Bundan sonrakı on il müddətində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, redaktor, böyük redaktor, şərhçi, baş redaktor müavini, informasiya verilişləri baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb. S.Məmmədov həmçinin T.Rüstəmovun səmərəli fəaliyyətinə görə 1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görüldüyünü, Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olduğunu, müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, ADU-nun partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1990-1995-ci illərdə isə "Kommunist" ("Xalq qəzeti") qəzetinin baş redaktoru vəzifələrini tutduğunu vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov T.Rüstəmovla bağlı anım tədbirinin mərhumun doğulduğu Quba rayonunda keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib: «Şəfəq» qəzetinin 90 illiyi kimi mühüm ictimai hadisədən sonra biz ikinci yubileydir ki, Quba rayonunda qeyd edirik. Tədbirin təşkilatçılarına və təşəbbüskarlarına dərin minnətdarlığımı bildirirəm. Bu, böyük alimin, gözəl müəllimin, istedadlı qələm sahibinin ruhuna böyük ehtiram nümunəsidir. Belə münasibət nədən qaynaqlanır, istərdim ki, bir qədər bu haqda danışım. Tofiq müəllim əsl ziyalı idi. Hadisə və proseslərə şəxsi yanaşması və prinsipiallığı ilə seçilirdi. Ad-sanına baxmayaraq təkəbbürdən uzaq sadə insan idi. Öz fəaliyyəti ilə bütöv jurnalist nəslinin formalaşmasını təmin etdi, onun simasını, sanki gələcəkdə necə davranmalı olduğunu müəyyənləşdirdi. Bütün bunlar Tofiq müəllimin daim yaddaşlarda qalacağını təmin edən mühüm keyfiyyətlərdir»

BDU-nun jurnalistika fakultəsinin dekanı, professor Yalçın Əlizadə Tofiq müəllimi yaxın dost, səmimi və qayğıkeş insan, görkəmli alim və ictimai xadim kimi xarakterizə edib. Onun tələbələrlə xoş rəvtarına diqqət çəkən Y.Əlizadə T.Rüstəmovun 75 illiyi münasibətilə hazırlanan kitab barədə məlumat verib. BDU-nun rektoru Abel Məhərrəmovun təbrikini çatdıran Y.Əlizadə universitetin hədiyyələrini tədbir təşkilatçılarına təqdim edib.
 
BDU-nun jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli bildirib ki, T.Rüstəmovun ömrünün məhsuldar çağları BDU-da keçib: «Mən də Tofiq müəllimlə jurnalistika fakultəsində təxminən eyni vaxtda işə başlamışam. Onun işi, xarakteri, müdrikliyi, tələbələrinə doğma münasibəti yaxşı yadımdadır. O, adamlar ki, illərlə bir yerdə çalışırsan, xarakterinə, xeyirxahlığına , insanlığına öyrəşirsən, yoxluqları hər kəsin içində boşluq yaradır. Tofiq müəllim belə insanlardan idi».

Tədbirdə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vaqif Arzumanlı, BDU-nun jurnalistika fakültəsinin müəllimləri Qulu Məhərrəmli, Nəsir Əhmədli, Mahmud Mahmudov, “ANS”in bölgə müxbiri Aytəkin Alxaslı, Quba rayonu Heydər Əliyev Muzeyinin direktoru Elza Orucova, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, rayon sakinlərindən qocaman jurnalist Ərşad Əzimzadə, müəllim Firidun Kazımov və başqaları çıxış edərək T.Rüstəmovla bağlı xatirələrindən, onun milli jurnalistikanın inkişafındakı rolundan danışıblar.

Sonda T.Rüstəmovun oğlu Abas Rüstəmov çıxış edərək mərasim iştirakçılarına, qonaqlara ailələri adından minnətdarlığını bildirib.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »