Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası «KİV-də «qara piar»: media seçkilərə necə gedir?» mövzusunda «dəyirmi masa» keçirib

Toplantıda qərara alınıb ki, Mətbuat Şurası KİV-lərin seçki ilə bağlı siyasi prosesləri işıqlandırmalarına dair tədbirlər keçirsin və qarşıya çıxan problemlərin dərhal müzakirəsi təşkil olunsun.

Bu gün Azərbaycan Mətbuat Şurası «KİV-də «qara piar»: media seçkilərə necə gedir?» mövzusunda «dəyirmi masa» keçirib.

 

Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, son günlər KİV rəhbərlərinin bir-birinə qarşı iddiaları, media şəffaflığı ilə bağlı məsələlər, buna qarşı ortaya qoyulan əks mövqelər, bəzi qəzetlərdə dövlət məmurları ilə bağlı ifşaedici yazıların intensivləşməsi kimi hallar baş verir. Ə.Amaşovun sözlərinə görə, mövcud xoşagəlməz meyl Şuranın müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində apardığı monitorinqin «qara piar», insan şərəf və ləyaqətini ləkələyən məlumatlara dair hissəsindəki rəqəmlərdə də əksini tapıb. Belə ki, KİV-lərdə yanvar ayında bununla bağlı 5 fakt aşkarlanıb. Fevral ayında bu rəqəm azalaraq 4 olub. Mart ayı üzrə mövcud göstərici 5-dir. Apreldə 6, mayda  7 belə fakt aşkarlanıb. İyun ayında KİV-də «qara piar» faktının miqdarında artım var - 9. Bu göstərici üzrə iyulda 21 fakt aşkarlanıb ki, onlardan 12-i ayın sonuncu ongünlüyünə təsadüf edir. Avqustun 15-dək aparılan monitorinqin nəticələrinə əsasən KİV-də «qara piar» faktı əvvəlki aylarda qeydə alınan rəqəmlərin ümumi cəmindən 6 fakt çoxdur - 63 fakt: «Əgər ilin ilk yarısında «qara piar»a üstünlük verən KİV-lərin sayı daha çox 2-3 arasında dəyişirdisə, iyulda 5-6 arasında dəyişib. Avqustda belə təqdimata yol verən KİV-lərin sayı 9-dur. Son zamanlar bəzi qəzetlər tərəfindən işlədilən üsullardan biri ayrı-ayrı məmurları və ictimai xadimləri ermənilərlə işbirliyində ittiham etməkdir. Bu günlərdə yayılan belə bir məlumat diqqətimi çəkdi - bildirilirdi ki, Azərbaycanda fəaliyyət göstərən «Gilan holdinq» Ermənistanda biznes fəaliyyəti həyata keçirir. Holdinqin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusluğu qabardılaraq nazir ermənilərlə işbirliyində ittiham olunurdu. Az keçmədi ki, təkzib olundu. Ancaq öz işin kifayət qədər gördü. Bu kimi hallar yolverilməzdir. Fikrimcə, bu günkü toplantıda belə xoşagəlməz meyllərə aydınlıq gətiriləcək. Jurnalistlərin bir-birilərinə qarşı işlətdikləri nalayiq ifadələrə, xüsusən «Bədbəxt adam» filmi ilə bağlı baxışlara gəlincə, məncə, qələm sahibləri dözümlülük baxımından nümunə olmalıdırlar. Bir-birilərinin fikirlərinə hörmətlə yanaşmağı bacarmalıdırlar».

 

MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov indiyədək Mətbuat Şurasında bu mövzuda çoxsaylı diskussiyaların getdiyini bildirib: «Düşünürəm ki, «reket jurnalistika»nın nə olduğu hamıya bəllidir. Bü günkü müzakirədə söhbət gündəlik çıxan və ictimai fikrə təsir göstərənlərdən gedir. Əvvəllər kobud, təhqiramiz ifadələr çox idi. İndi qəzet səhifələri xeyli təmizlənib. Bütövlükdə isə «qara piar» mövzusu günümüz üçün aktualdır. Bu tipli materiallara baxanda çoxunun şüurlu və məqsədli şəkildə yazıldığı görünür. Çox təəssüf ki, hələ də işlədilməkdə olan köhnəlmiş üsul var - biri haqqında hər şey yazılır, sonra deyilir  ki, qarşı tərəfin mövqeyini verməyə hazırıq. Bu, jurnalistikanın imicinə zərbədir, peşəyə hörmətsizlikdir. Bir günlük sensasiya oxucu inamının itirilməsinə gətirir. Belə hallar aradan qaldırılmalıdır», - deyə o əlavə edib.

 

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli «qara piar» məsələsində iki məqamın nəzərə çarpdığını bildirib. Birincisi, ictimai nüfuza xələl gətirməklə kimlərinsə marağını təmin etməkdir. Digəri daha çox maddi maraqlarla bağlıdır. Əslində hər ikisi mahiyyətcə mətbu reketçilik əlamətidir: «Bir şəxs haqqında üç ayrı-ayrı manşet görürüksə, bu maarifçilikdən, obyektivlikdən uzaq bir şeydir. Nəzərə alaq ki, biz bu çirklənmiş atmosferdə özümüz nəfəs alacağıq. Diqqətinizi son zamanlar jurnalist Eynulla Fətullayevlə bağlı məsələyə çəkmək istərdim. Mənim də onun haqqında qeydlərim olub. Ünvanıma olmazın təhqirlər yazıblar. Sonradan həmin şəxslər insan hüquq və azadlıqlarının çarcısı kimi danışıblar. Hesab edirəm ki, kiçik reketlərlə yanaşı böyüklərlə də mübarizə aparmalıyıq. Məsələnin belə qoyuluşunun tərəfdarıyam».

 

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxışında ölkədə ciddi qarşılanan KİV-lərin peşə prinsiplərinə riayyətlə bağlı memorandum imzalamalarını zəruri sayıb. O, eyni zamanda «qara piar» məsələnin ölkəmizdə daha çox dedi-qodu səviyyəsində olduğunu vurğulayıb.

 

MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı bildirib ki, seçki yaxınlaşdıqca, ümumən yeni mandatlar təsdiqlənməyincə müzakirə edilən mövzu aktuallığını saxlayacaq. Onun sözlərinə görə, hazırkı dövrdə vəziyyətin mürəkkəbliyini səciyyələndirən növbəti cəhət mətbu məkana saytların da daxil olmasıdır. Onların heç bir hüquqi məsuliyyəti yoxdur. «Ən başlıcası məqam peşəkarlıqdır. Çox məsələ bundan qaynaqlanır. Söhbət «qara piar»dan deyil, peşəkarlığın aşağı səviyysindən gedir. Biz ciddi media qurumları çağırış etməliyik. Məsələnin nə yerdə olduğunu bildirməliyik».

 

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu tədbirdə qaldırılan məsələni təəssübkeşlik məsələsi kimi dəyərləndirib. Onun sözlərinə görə, ölkəmizdə «qara piar» necə adlandırılmasından asılı olmayaraq ucuz qəhrəmanlıq sindromudur. Bu şəkildə ictimai populyarlıq qazanmaq istəyənlər var. «İşlətdiyimiz hər bir fikir, yazdığımız hər cümlə bizə yox, gələcəyimizə aiddir. Gələcək nəsillər pis əməllərimizə görə bizi qınayacaqlar. Hansısa mətbuat orqanı müəyyən ictimai qrupa təsir göstərə bilirsə, öz məsuliyyətini dərk etməlidir» - deyə o vurğulayıb.

 

H.Babaoğlu seçki ərəfəsində bəzi dairələrin «qara piar»dan istifadə etdiyini və siyasi divident əldə etmək məqsədi güddüklərini bildirib. Lakin o, belə üsulların heç bir fayda verməyəcəyi qənaətindədir: «Onlar cəmiyyətin aktiv hissəsindən umduqları dividenti əldə edə bilməyəcəklər. Digər tərəfdən, hesab edirəm ki, Mətbuat Şurası mediada həqarətli üsulların yığışdırılması ilə bağlı çağırış etməlidir. İndiki həssas mərhələdə mətbuat hətta siyasilərin fikirlərindəki qeyri-etik məqamları qabartmamalıdır. Biz ictimai münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə daşımalıyıq». 

 

«Yeni Müsavat» qəzetinin baş redaktor müavini Azər Ayxan hazırda Azərbaycan mətbuatında sakitliyin hökm sürdüyünü və əslində bu tipli müzakirə üçün hələlik tez olduğunu bildirib. Onun sözlərinə görə, heç bir mətbuat orqanı əldə etdiyi xəbərə xəyanət etməməlidir: «Biz məmurlar, nazirlər haqqında informasiyalar yayırıq. Problem ondadır ki, onlar buna reaksiya bildirmək istəmirlər. Sonradan bizə müraciət edənlər də olub. Dəfələrlə «Yeni Müsavat» qəzeti yanlış informasiyaya görə təkzib verib».

 

MŞ İdarə Heyətinin üzvü, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı dünyanın hər yerində «qara piar»ın geniş yayıldığını deyib və bunun siyasi üsul kimi dəyərləndirildiyini önə çəkib. «Bizdə tamam başqa proseslər gedir. Düşünürəm ki, biz belə müzakirələrlə kimlərisə tərbiyəli olmağa çağırırıq. Qlobal yanaşdıqda isə problem ondadır ki, qəzetlər özlərini maliyyələşdirə bilsələr, dediklərimiz olmayacaq. Burada isə  başqa səbəblər var», - deyə o vurğulayıb.

 

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli və başqaları Azərbaycan mətbuatında ayrı-ayrı şəxslərin, o cümlədən vəzifə sahiblərinin şəxsiyyətinin təhqirinə yönələn materialların getdiyini bildiriblər. Onlar bu yazılarda jurnalistikanın təməl prinsiplərinin pozulduğunu  vurğulayıblar. Tanınan, ictimai fikrə təsir göstərən KİV-lərin məsələdə həmrəylik nümayiş etdirməsinin vacibliyini irəli sürüblər. Toplantıda qərara alınıb ki, Mətbuat Şurası KİV-lərin seçki ilə bağlı siyasi prosesləri işıqlandırmalarına dair tədbirlər keçirsin və qarşıya çıxan problemlərin dərhal müzakirəsi təşkil olunsun. 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »