Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası internet media resurları üzrə komissiya yaratdı

Elnur Baimovun rəhbərliyi ilə MŞ-nin internet media resursları üzrə komissiyası yaradılıb

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, iclasın təşkilindən əsas məqsəd internet media vasitələrinin Azərbaycan Mətbuat Şurasına üzvlük məsələsi ilə bağlı müzakirələr aparmaqdan, eyni zamanda elektron xəbər daşıyıcılarının fəaliyyəti ilə əlaqədar Şuraya daxil olan müraciətlərin dəyərləndirilməsi mexanizminin yaradılmasından ibarətdir.

 

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid bildirib ki, internet portallar hüquqi baxımdan media vasitələri sayılmasalar da, onlar praktiki olaraq mediadırlar. Bu cəhət imkan verir ki, fəaliyyətlərinə peşə müstəvisində yanaşılsın, onlarla bağlı mübahisəli məsələlərin araşdırılmasında «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na (AJPDQ) istinad edilsin.

 

MŞ İdarə Heyətinin üzvü, «APA Holding»in prezidenti Vüsalə Mahirqızı mövcud sahədə həyata keçirilməli işlərə sistemli yanaşılmasının vacibliyini vurğulayıb. Bildirib ki, Mətbuat Şurası Jurnalistlərin peşə davranışı qaydalarına internet media ilə əlaqədar spesifik cəhətləri daxil etməlidir. O, ümumən mövcud istiqamətdəki işlərin koordinasiya olunmasının vacibliyini də diqqətə çatdırıb.

 

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə internet medianın ictimai tənzimlənməsinin vacibliyini bildirərək buna MŞ-yə daxil olan çoxsaylı şikayətlərin də əsas verdiyini vurğulayıb. Onun sözlərinə görə, Şuranın «qara siyahı»sında olan elə kütləvi informasiya vasitələri var ki, onlar cəmiyyətin mənafelərini təhdid edən fəaliyyətlərini yaratdıqları saytlarda və xəbər portallarında davam etdirirlər. «Təbii ki, belələrinin fəaliyyəti diqqətdə saxlanılmalıdır», - deyən V.Rəhimzadə ümumən sahəyə kompleks yanaşılmasının zəruriliyini önə çəkib.

 

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışında diqqəti beynəlxalq miqyasda internet medianın ictimai tənzimlənməsinə yönələn mexanizmlərə yönəldib və bildirib ki, bu işlərin söz və ifadə azadlığı baxımından normal qəbul edilən formaları var və səmərəliliyin artırılması üçün həmin formalara müraciət mümkündür.

 

Müzakirələrdən sonra qərara alınıb ki, Mətbuat Şurasının tərkibində internet media resursları üzrə komissiya yaradılsın. Həmin komissiya MŞ-yə onlayn KİV-lərlə əlaqədar daxil olan şikayətlərdəki spesifik məqamları nəzərdən keçirsin, eyni zamanda qurum mövcud sahədəki tendensiyaları, beynəlxalq miqyasda nəzərə çarpan yenilikləri izləsin. Ümumən MŞ-nin fəaliyyəti elə şəkildə qurulsun ki, şikayətlərin araşdırılması prosesi əsas götürülməklə, monitorinqlər aparılmaqla, həmçinin ayrı-ayrı tematik tədbirlər vasitəsilə spesifik sahə sayılan internet mediada jurnalist məsuliyyəti ilə bağlı neqativ cəhətlərin aradan qaldırılmasına kömək göstərilsin.

 

Müzakirələrdən sonra MŞ-nin yeni yaradılmış komissiyasının tərkibi də müəyyənləşdirilib. Qərara alınıb ki, qurumda MŞ İdarə Heyətinin üzvləri ilə yanaşı, internet media sahəsində təcrübəyə malik şəxslər də təmsil olunsunlar. Bu mənada Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrətin, internet media üzrə mütəxəssis Elnur Baimovun, «Trend» İnformasiya Agentliyinin baş direktorunun müavini Vaqif Şərifovun və «İNTRANS» şirkətinin direktoru («az» domeninin milli qeydiyyatçısı) Faiq Fərmanovun, həmçinin MŞ İdarə Heyətinin üzvü V.Mahirqızının və MŞ sədrinin müavini M.Ələsgərlinin namizədlikləri irəli sürülüb və bəyənilib. Beləliklə Elnur Baimovun rəhbərliyi ilə MŞ-nin internet media resursları üzrə komissiyası yaradılıb.

 

İclasdan sonra keçirilən «dəyirmi masa»da yeni komissiyanın formalaşdırılması zərurəti barədə açıq müzakirələr də aparılıb. MŞ sədri Əflatun Amaşov bildirib ki, son zamanlar həm üzvlüklə əlaqədar, həm də onlayn mediada peşə prinsiplərinin pozulmasına dair MŞ-yə çoxsaylı müraciətlər daxil olmaqdadır. Onun məlumatına görə, əgər 2011-ci ildə Şuraya 7 şikayət daxil olmuşdusa, 2012-ci ildə onların sayı 20-yə çatıb. Portallardan isə Şuraya üzvlüklə bağlı 30-a yaxın müraciət daxil olub.

 

Ə.Amaşov onu da bildirib ki, ölkəmizdə internet üzərindən yayımlanan KİV-lərin sayı artır və bu artım ictimai tənzimlənməyə tələbat yaradır. «Buna görə də Mətbuat Şurası internet media ilə üş üzrə ayrıca komissiya yaradır. Komissiyanın tərkibi də artıq müzakirə edilib və təsdiqlənib. Belə qərara alınıb ki, komissiya təkcə vətəndaşların internet media orqanları ilə əlaqədar şikayətlərini araşdırmasın, ümumən bu dinamik sahədəki tendensiyaları izləsin, ayrı-ayrı məsələlərə dair təkliflər verən mütəşəkkil mexanizm rolunda çıxış etsin».

 

«Modern.az» saytının rəhbəri Elşad Eyvazlı internet media resurslarının internet media sayılması üçün qanunvericilikdə konkret müddəaların nəzərdə tutulmadığını vurğulayaraq ümumən tənzimlənmənin hansı mexanizmlər əsasında gerçəkləşdiriləcəyinə toxunub.

 

Mətbuat Şurasının missiyası ictimai əhəmiyyət daşıyır və əsas məsələnin internet medianın da ictimai müzakirələrə cəlb edilməsindən ibarət olduğunun vurğulandığı «dəyirmi masa»da çıxış edən CASCFEN sədri Azər Həsrət hazırkı dövrdə internet media yaratmağın asanlığından danışıb. Eyni zamanda bildirib ki, mövcud mühit sahəyə qeyri-peşəkarların axınına də şərait yaradır. Onlar isə öz materialları ilə ayrı-ayrı şəxsləri təhqir edir, insanların heysiyyatına toxunurlar: «Təbii ki, bu kimi məsələlərin müəyyən etik standartlar çərçivəsində tənzimlənməsi vacibdir. Güman edirəm ki, yaradılmış komissiya mövcud istiqamətdə səmərəli iş görə biləcək».

 

İnternet media üzrə mütəxəssis Elnur Baimov bildirib ki, yeni medianın fəaliyyətinin də qanunvericilik predmetinə daxil edilməsi zəruri əhəmiyyət daşıyır. Mövcud istiqamətdə konkret addımlar atılmalıdır. Çünki məsuliyyət mühitinin gücləndirilməsi vacibdir. İnternet media media olmağa iddialıdırsa, onun daşıdığı hüquqi məsuliyyəti də daşımalıdır.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »