Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Həsən bəy Zərdabinin 170 illik yubileyi və Milli mətbuatımızın 137 illiyi Zərdab və Gəncədə qeyd edildi

Həsən bəy Zərdabinin 170 illik yubileyi və Milli mətbuatımızın 137 illiyi

İyulun 14-də mətbuatımızın banisi Həsən bəy Zərdabinin 170 illik yubileyi və Azərbaycan milli mətbuatının 137 illiyi münasibətilə ölkəmizin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri rəhbərlərinin dahi mütəfəkkirin doğma yurdu Zərdaba və Gəncə şəhərinə səfəri reallaşdırılıb.

 

Səfər gedişində Zərdabda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən KİV təmsilçiləri H.Zərdabinin adını daşıyan mədəniyyət evinin qarşısında onun heykəli önünə toplaşıblar. Burada çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev qonaqları cəfakeş ziyalı və maarifçi Həsən bəyin doğma yurdunda salamlamaqdan məmnunluq duyduğunu bildirib. O deyib ki, milli mətbuatımızın banisi ilə bağlı mərasimin 14 iyul tarixinə - ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 43-cü ildönümünə təsadüf etməsi bayram əhval-ruhiyyəsinə xüsusi rəng qatır. Həsən bəy Zərdabi ruhuna etiramın hər zaman mətbuata göstərilən dövlət qayğısı nümunələri ilə müşaiyət edildiyini vurğulayan icra başçısı prezident İlham Əliyev tərəfindən imzalanmış «Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında» sərəncamı bu mənada əhəmiyyətli sənəd kimi dəyərləndirib.

 

L.Babayev Həsən bəy Zərdabi irsinin təbliğinə müstəqil Azərbaycan mətbuatının simasının formalaşdırılması prosesində mühüm istiqamətverici amillərdən biri olaraq hər zaman böyük önəm verildiyini diqqətə çatdırıb. O, rəhbərlik etdiyi rayonda dahi mütəfəkkirin yaradıcılığının, xidmətlərinin daim insanlara çatdırılması istiqamətində iş aparıldığını deyib. Bu məqsədlə rayonun mərkəzi küçələrindən birinə Həsən bəyin adının verildiyini, onun adını daşıyan mədəniyyət evinin və parkın mövcudluğunu dilə gətirib. Həmçinin görkəmli şəxsiyyətin ev muzeyi fəaliyyət göstərdiyini deyib. Ən əsası isə rayonda Zərdabi təfəkkürünün məhsulu kimi meydana çıxan ilk mətbu qaranquşun müasir sələfi «Əkinçi» qəzetinin fəaliyyətinə böyük diqqət yetirilir. Rayon rəhbərliyi və ictimaiyyəti daim bu nəşrə qayğı ilə yanaşır. L.Babayev çıxışında Zərdab rayonunda aparılan quruculuq-abadlıq işləri barədə də məlumat verib. Bu məqsədlə qonaqların hər birinə Zərdab rayonunun keçmişini və bu gününü əks etdirən «Regional sosial iqtisadi inkişaf» kitabı təqdim olunub.

 

KİV təmsilçiləri Həsən bəy Zərdabinin ev muzeyinə baş çəkiblər. Onlara böyük ziyalının həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən albom və fotoşəkillər barədə ətraflı məlumat verilib.

 

***

Media nümayəndələrinin Gəncəyə səfəri ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarətlə başlayıb. Gəncə Mətbuat Evinin təməlqoyma mərasimində iştirak edən qonaqlara məlumat verilib ki, ümumi sahəsi 2600 kvadratmetr olacaq 4 mərtəbəli binanın bir il ərzində inşası nəzərdə tutulur. Mətbuat evi təkcə Gəncə deyil, bütövlükdə region jurnalistləri üçün mərkəz rolunu oynayacaq. Burada konfrans zalları, müxtəlif inzibati otaqlar, qonaq evi və mətbəə fəaliyyət göstərəcək. Binanın müasir texniki avadanlıqlarla təchizatı istiqamətində müvafiq işlər reallaşdırılacaq.

 

***

Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə «Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzə» mövzusunda konfrans keçirilib. Universitetin Azərbaycan Xalq Cümhuriyyətinin tarixi iclaslarının baş tutduğu zalında düzənlənən konfransı giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb.

 

Ə.Amaşov Həsən bəy Zərdabi şəxsiyyətinin öz əməlləri ilə xalqı, milləti və vətəni üçün tam bir cəfakeşlik nümunəsi göstərdiyini vurğulayaraq böyük mütəfəkkirin miras qoyduğu milli mətbuatın tariximizin müxtəlif kəşməkeşli dövrlərində Zərdabi ənənələrinə sadiq qaldığını önə çəkib. O vurğulayıb ki, bu gün də onun yubileyi münasibətilə əvvəl Zərdab rayonuna, sonra isə Gəncəyə toplaşanlar sadiqliklərini göstərir, Həsən bəyə və təməlini qoyduğu mətbuata bağlılıqlarını bir daha sübuta yetirirlər. Bu bağlılıq eyni zamanda dahi şəxsiyyət haqqında deyilmiş fikirlərdə, müxtəlif tarixi araşdırmalar nəticəsində meydana çıxan baxışlarda da əksini tapmalıdır. Ə.Amaşov konfransın bu mənada mühüm hadisəyə çeviriləcəyinə əminliyini vurğulayıb.

 

Qonaqları salamlayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışına «Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzə» mövzusunda konfransın keçirildiyi məkanın media nümayəndələrinin iştirakı ilə baş tutan ikinci böyük tədbirə ev sahibliyi etdiyini xatırlatmaqla başlayıb. O, ötən ilin oktyabrında həmin salonda Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında medianın roluna dair gerçəkləşən toplantıda səslənən təşəbbüsün reallığa çevirildiyini - Gəncə Mətbuat Evinin tikintisinə başlanıldığını vurğulayıb, binanın inşasını şəhərin həyatında mühüm hadisə kimi dəyərləndirib.

 

Gəncədə aparılan geniş abadlıq-quruculuq işləri ilə bağlı statistik rəqəmlər səsləndirən E.Vəliyev tezliklə şəhərdə dahi Nizaminin 870, Məhsəti Gəncəvinin 900 illik yubileyləri kimi mühüm tədbirlərin reallaşdırılacağını diqqətə çatdırıb. Gəncədə dövlət filarmoniyasının, mərkəzi klinik xəstəxananın və digər iaşə obyektlərinin inşasının gerçəkləşdiriləcəyini deyib, tikintisi və təmiri başa çatdırılmış müəssisələr barədə məlumat verib.

 

E.Vəliyev rəhbər təyin olunduğu vaxtdan şəhərdə fəaliyyət göstərən mətbuat orqanlarına daim diqqət göstərdiyini vurğulayıb. «Gəncənin səsi» qəzetinin hazırda 5 min tirajla çıxdığını diqqətə çatdırıb. Eyni zamanda bildirib ki, milli mətbuatımızın 137-ci ildönümü ilə bağlı sözügedən nəşr «Hyundai Sonata» markalı xidməti avtomobillə təmin olunacaq.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ölkə ictimaiyyəti görkəmli maarifçi alim, pedaqoq, azərbaycanşünas, milli mətbuatımızın banisi, gözəl ziyalı Həsən bəy Zərdabinin 170 illik yubileyi münasibətilə Gəncə şəhərində baş tutan konfransın simasında mühüm bir hadisəyə şahidlik edir. Yubileyin ölkəmizin digər bölgələrində də keçiriləcəyini diqqətə çatdıran şöbə müdiri Həsən bəyin Zərdab rayonundakı abidəsini və ev muzeyinin ziyarətilə başlanan marafonun məhz Gəncədə davamının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu şəhərin Azərbaycan dövlətçiliyinin təməlində dayanan əsas nöqtələrdən biri olduğunu deyib. Bildirib ki, Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətinin mühüm dövrü Gəncə ilə bağlıdır. Dövlətçiliyimiz uğrunda Cavad xanın mübarizəsi burada başlayıb. Torpaqlarımızın birləşdiriliməsi hərəkatında Gəncənin həmişə böyük rolu olub. Şəhərin sakinləri dövlətçiliyimizin möhkəmlənməsində özünəməxsus rol oynayıblar. Ömrünü azərbaycançılığa xidmət edən alimin, sözün həqiqi mənasında böyük azərbaycanlının ilk yubiley tədbirinin belə bir məkanda düzənlənməsi məhz bu sadalananlardan irəli gəlir.

 

Zərdabinin milli mətbuatımızın banisi olmaqla yanaşı, eyni zamanda azərbaycanlıların xalq və millət kimi formalaşmasında böyük rolunun olduğunu deyən Ə.Həsənov dahi mütəfəkkirin öz fəaliyyəti ilə ideya məktəbi formalaşdırdığını önə çəkib. Hər bir toplumun belə adamların əməyi nəticəsində dünyada tanındığını vurğulayıb. «Həsən bəy Zərdabi o dövrdə ən ali məqsədli ziyalının edə biləcəyi işləri görüb. Ona görə də ümummilli liderimiz Heydər Əliyev hələ 1995-ci ildə Azərbaycanda milli mətbuatın ilk yubiley ənənəsini qoyaraq faktiki olaraq Həsən bəy Zərdabinin adını dövlət səviyyəsində əbədiləşdirdi. Həmin il 22 iyulun Azərbaycan Milli Mətbuat Günü kimi qeyd edilməsinə dair sərəncam imzaladı. Doğrudur, buna qədər də qeyri-rəsmi səviyyədə milli mətbuat günü qeyd edilirdi. Amma sənəd əlamətdar tarixin keçirilməsinin davamlı xarakter almasının əsasını qoydu».

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında» 4 iyun 2012-ci il tarixli sərəncamı üzərində dayanan PA rəsmisi bildirib ki, sənəd müvafiq qurumların üzərində dahi mütəfəkkirin həyat və fəaliyyətinin bir daha öyrənilməsi və təbliğini həyata keçirmək məsuliyyətini formalaşdırır.

 

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışında Həsən bəy Zərdabinin «hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm eşitməyir. Amma baxdım gördüm ki, qəzet çıxarmaqdan qeyri əlac yoxdur. Heç olmaz ki, doğru söz yerində qalsın» fikirlərinə müraciət edib. Bildirib ki, bu amalla işə başlayan dahi mütəfəkkirin qəzet buraxmaq üçün heç bir imkanı olmayıb, ağır məhrumiyyətlərlə üzləşib, lakin bütün çətinliklərin öhdəsindən gəlib. «Bütün bunlara baxmayaraq Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının təməlini qoydu. «Əkinçi» qəzetini yaratdı, onu tarixə çevirdi. Həmin qəzetin ziyası sonradan xalqı maarifləndirmək, insanlara vətənə xidmət yolunu müəyyənləşdirdi».

 

B.Sadıqov Həsən bəy Zərdabinin yaratdığı «Əkinçi»nin senzura ilə üzləşdiyini vurğulayaraq Azərbaycanda həmin məhrumiyyət mühitinin 123 il sonra, 6 avqust 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən aradan qaldırıldığını söyləyib. Onun imzaladığı müvafiq fərmanı Həsən bəyin görmək istədiyi azad cəmiyyətin və mətbuatın formalaşdırılması istiqamətindəki ən mühüm addım kimi önə çəkib. Bunu xalqa və millətə xidmətin bariz nümunəsi olaraq dəyərləndirib. Azərbaycan dövlətinin eyni kursu davam etdirdiyini, təməli qoyulan Gəncə Mətbuat Evinin və digər əməli tədbirlərin timsalında azad sözə və müstəqil mətbuata böyük önəm verdiyini deyib.

 

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu Həsən bəy Zərdabinin Azərbaycan mətbuatının əsasını çox ağır şərtlər daxilində qoyduğundan söhbət açıb: «Həmin dövrdə nə siyasi, nə iqtisadi, nə sosial, nə ictimai şərtlər, nə də sosial və ictimai sifariş qəzet buraxmağın lehinə idi. Çünki maliyyə qaynaqları, ən əsası isə siyasi iradə mövcud deyildi. Bu cür ağır vəziyyətdə qəzet buraxmaq qərarına gəlmək böyük fədakarlıq tələb edirdi».

 

Müxtəlif dövrlərdə mətbuatımızın maarifləndirmə ilə yanaşı ideoloji funksiya daşıdığını diqqətə çatdıran baş redaktor onun inkişafında iki konstitusiyon hadisəni fərqləndirib. Bunlardan biri hələ sovet dövründə - 1978-ci ildə qəbul edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının konstitusiyası idi ki, orada Azərbaycan dili dövlət dili kimi təsdiqlənmişdi. İkinci hadisə isə 1995-ci il konstitusiyası idi. Sənəddə söz, mətbuat və fikir azadlığı konstitusiyon səviyyədə, hüquqi platformada ifadəsini tapırdı. Hər iki hadisənin ulu öndər Heydər Əliyevin adı ilə bağlılığına diqqət çəkən H.Babaoğlu həmin sənədlərin Zərdabi ənənələrinin qorunması, milli kimlik hissinin formalaşması nöqteyi-nəzərdən yüksək əhəmiyyətə malik olduğunu vurğulayıb.

 

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı 1990-cı ilin 20 yanvar hadisəsindən sonrakı vəziyyət barədə məlumat verərək bildirib ki, həmin vaxt Azərbaycanda yeganə jurnalist təşkilatı olan Azərbaycan Jurnalistlər İttifaqı SSRİ Jurnalistlər İttifaqının tərkibindən çıxmaq haqqında qərarını məhz Gəncə şəhərində qəbul edib. O zamandan qurum Azərbaycan Jurnalistlər Birliyi adlanır. Birliyin sədri, mərhum Hacı Hacıyevin təşəbbüsü ilə Azərbaycanda mətbuat gününün 22 iyulda keçirilməsi ideyası irəli sürülüb. Amma bu günün dövlət səviyyəsində qeyd edilməsinə prezident Heydər Əliyevin fərmanından sonra başlanılıb, bu proses ənənəyə çevirilib. «Ulusunu tanımayan millət ulaya-ulaya qalar. Nə yaxşı ki, ulularımızı tanıyırıq, nə yaxşı ki onların xatirəsini, görüdkləri işləri unutmuruq. Hamıya ən böyük arzularımdan biri odur ki, ulularımızın gördüyü işləri unutmayaq, qoyduqları təmələ riayət edək, görmək istədikləri inkişafa çataq».

 

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışına ötən ilin oktyabrında media nümayəndələrinin Gəncəyə səfərini və ondan sonra «Gəncədəki ruh» yazısını qələmə aldığını xatırlatmaqla başlayıb. Bildirib ki, həmin vaxt şəhər böyük  tikinti meydançasını xatırladırdı. Bu gün də işlər davam etdirilir. Gəncə tarixi ənənələrə söykənən görkəmini saxlamaqla yeniləşir və müasirləşir, ruh yaşadılır. «Elə bilirəm ki, bu gün də həmin ruh bizimlədir. Həsən bəyin Zərdabda abidəsini ziyarət etdik, onun ev muzeyində olduq. Bu günə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Hesab edirəm ki, onun «Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında» sərəncamının əsas cəhətlərindən biri də sənədlə milli mətbuatımızın banisinin doğum gününün dəqiq tarixi ətrafındakı mübahisələrə son qoyulmasıdır», - deyən R.Məcid  Həsən bəy Zərdabinin ağır məhrumiyyətlərə baxmayaraq qəzet buraxmasını bu günkü və gələcək nəsillərə örnək vətənpərvərlik hadisəsi kimi dəyərləndirib. «Əkinçi»dən sonra Azərbaycanda qəzet təlatümünün yaşandığını, ictimai aktivliyin formalaşdığını deyən baş redaktor bütün bunların yekun nəticə etibarilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirdiyini diqqətə çatdırıb.

 

Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Jalə Əliyeva Həsən bəy Zərdabi yurdunu təmsil edən deputat kimi tədbirə qatıldığını xatırladıb. O, dahi mütəfəkkirin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid məlumatlar səsləndirib: «Həsən bəy Zərdabi haqqında danışmaq vətənini, torpağını sevən hər bir şəxs üçün mənəvi borcdur, mənəvi qidadır. Həsən bəy deyirdi ki, elmdən, maarifdən uzaq xalq işıqdan, aydınlıqdan da uzaqdır. O bu işığı, aydınlığı bəxş etmək üçün çox böyük məhrumiyyətlərə məruz qaldı. Amma öz missiyasını yerinə yetirdi. Hər hansı bir sahədə istedad sahibi olmaq olar, biliciyə çevirilmək mümkündür, cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməyi bacarmaqsa, düşünürəm ki, böyük bir tanrı vergisi, illərin zəhmətinin bəhrəsi idi. Bütün bu keyfiyyətlər Həsən bəyi ziyalılar ziyalısı edirdi. Onun üstünlük verdiyi ən böyük dəyər isə mətbu söz idi», - deyən J.Əliyeva Həsən bəy Zərdabinin «Əkinçi» qəzetini ərsəyə gətirməklə, ondan sonrakı dövrlərdəki mətbuat nümunələrinin fəaliyyətinə dəstək göstərməklə bir növ, şüurlarda inqilab etdiyini, xalqı və milləti yeni günə, yeni yaşam tərzinə çağırdığını vurğulayıb. Böyük mütəfəkkirin irsinin öyrənilməsinə hər zaman zərurətin duyulduğunu bildirən deputat «Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında» sərəncamı mövcud istiqamətdəki ən mühüm addımlardan biri kimi xarakterizə edib.

 

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, Azərbaycanı birləşdirən dəyər olan böyük ziyalının  - Həsən bəy Zərdabinin ocağına, onun xatirəsinin işığına toplaşmaq ciddi bir hadisədir: «Düz 170 il sonra biz, Azərbaycan mətbuatının bütün palitrasını təmsil edən şəxslər, dövlət rəhbərliyi birlikdə onun doğulduğu məkana gedirik, xatirəsini yad edirik. Bu, «Əkinçi»nin missiyasının baş tutmasının bariz nümunəsidir. Həsən bəyin çox böyük çətinlikləri olub. Amma onun arxasında bir dövlət yox idi. Bizim arxamızda güclü, zəngin bir dövlət var. Ona görə də hesab edirəm ki, Azərbaycan mediasının daha yaxşı vəziyyətdə olmaq, daha yaxşı çap olunmaq imkanları və haqqı var. Ümid edirəm ki, ən qısa zaman ərzində Azərbaycan adlı bir məkanda da Həsən bəy Zərdabinin davamçıları olan bu media mənsubları öz qəzetlərini dövlətdən dotasiya şəklində də olsa belə, rəngli şəkildə çıxara biləcəklər. Bu, çox önəmlidir».

 

«Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli Həsən bəy Zərdabi irsində iki qəzetin mühüm rol oynadığını vurğulayıb. Bunlardan biri onun özünün yaratdığı «Əkinçi», digəri isə tarixi «Kaspi» qəzeti idi. «Kaspi»nin təxminən 300 sayı birbaşa Həsən bəyin imzası ilə çıxıb. «Hacı Zeynalabdin Tağıyev 1897-ci ildə erməni və rusların əlində olan «Kaspi» qəzetini 57 min rubla alır. Həsən bəyi Zərdabdan Bakıya dəvət edir. Tədqiqat əsərlərini oxuyanda mənbə belə təəssürat yarandı ki, Tağıyev «Kaspi»ni məhz Həsən bəy üçün almışdı. Çünki 1877-ci ildə «Əkinçi» bağlandıqdan sonra Zərdabi faktiki olaraq əyalətdə yaşayırdı. Bəli, belə bir parlaq şəxsiyyəti əyalətdən paytaxta gətirmək üçün bu qəzeti qeyri millətlərdən almışdı. Həsən bəy 1897-ci ildən 1907-ci ilədək faktiki olaraq «Kaspi»nin baş redaktoru oldu. Topçubaşovun 1907-ci ildə həbsindən sonra isə qəzetin 300 sayı Zərdabinin imzası ilə nəşr edildi».

 

Dahi mütəfəkkir Mirzə Fətəli Axundovun Həsən bəy Zərdabiyə məktubunda əksini tapan ideya və tövsiyyələrin «Əkinçi» qəzetinin fəaliyyət dəst-xəttində mühüm rol oynadığını deyən N.Məmmədli vurğulayıb ki, istər Axundovun, istərsə də Zərdabinin arzuladığı cəmiyyətin formalaşması məsələsi Şərqdə, o cümlədən Azərbaycanda hələ də aktuallığını saxlamaqdadır. «Həsən bəy maarifləndirmənin ən əsas xətti kimi qəzeti seçmişdi və bunun çox böyük effekti olmuşdu. Hər dəfə milli mətbuat günü ərəfəsində bu sual ətrafında düşünürük: biz Zərdabinin istədiyi qəzetləri buraxa bilirikmi? Hesab edirəm ki, mətbuatımızın köklü inkişafı, ictimai fikrimizdəki əsaslı dönüş də məhz bu sual ətrafında dərindən düşünməyimizdən irəli gələcək».

 

«Azərbaycan» qəzetinin bölgə müxbiri Əhməd İsayev Gəncə Mətbuat Evinin təməlinin qoyulmasını region jurnalistikasının həyatında mühüm hadisə kimi dəyərləndirib. O, eyni zamanda bölgə mediasının problemlərindən söhbət açaraq qəzetlərin əməkdaşlarının öz iş yerlərini tərk etmədiklərini diqqətə çatdırıb, onların bu fəadakarlıqlarının dövlət tərəfindən qiymətləndirilməsinin vacibliyini önə çəkib.

 

Sonda tədbiri yekunlaşdıran Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransda səslənən fikirlərin Həsən bəy Zərdabinin çoxşaxəli ictimai fəaliyyətinin işıqlandırılması baxımından vacibliyini önə çəkib.

 

***

Konfransdan sonra Həsən bəy Zərdabinin 170 illik yubileyi və milli mətbuatımızın 137-ci ildönümünə həsr olunmuş tədbirlər planı Gəncə şəhərinin mədəniyyət və incəsənət ustalarının geniş konsert proqramı ilə davam etdirilib.

 

 


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »