Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasında Beynəlxalq Mətbuat İnstitutunun rəsmiləri ilə görüş keçirilib

Dialoq xarakterli toplantıya ölkə KİV-lərinin rəhbərləri də qatılıblar

Bu gün Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Makkenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milzlə görüş keçirilib. Tədbirdə MŞ İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak ediblər. Qeyd edək ki, BMİ dünyanın nüfuzlu media birliklərindən olmaqla BMT-nin və UNESKO-nun toplantılarında məşvərətçi səs hüququna malikdir. Təşkilatın təmsilçilərinin ölkəmizə səfəri qurumun Azərbaycan üzrə Milli Komitəsinin təşəbbüsü ilə reallaşıb. Komitənin rəhbəri Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğludur. 

Toplantını açan Mətbuat Şurasının sədri Əflatun Amaşov öncə Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, 2003-cü ilin martında ölkə jurnalistlərinin I qurultayında yaradılan qurum media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətində bir sıra mühüm tədbirlər reallaşdırıb. «Əsas missiyamız şikayətlərin araşdırılmasıdır. Ayrı-ayrı vətəndaşlar, idarə, müəssisə və təşkilatlar, özəl firmalar, siyasi partiyalar və digər qruplar mətbuatla münasibətlərdə yaranan problemlərlə əlaqədar Şuraya üz tuturlar. Hər il təqribən 1000-ə yaxın müraciət alırıq. Onların böyük əksəriyyəti ilk mərhələdə - Katiblik səviyyəsində həllini tapır. Digərləri isə Şuranın müvafiq komissiyalarında araşdırılır. Yekun qərar isə qurumun İdarə Heyəti tərəfindən verilir. Qərarlarımız hüquqi gücə malik deyil, yalnız ictimai qınağa söykənir», deyən Ə.Amaşov MŞ-nin qarşıdakı planları barədə də söhbət açıb. Bildirib ki, Şura hazırda ənənəvi iş prinsipləri ilə yanaşı, daha iki istiqamətdə aktiv fəaliyyət həyata keçirməkdədir. Bunlardan birincisi, mətbuatın iqtisadi durumunun yüksəldilməsinə, reklam və elanların KİV-lərdə yerləşdirilməsi təcrübəsinin tətbiqinə, ikincisi ölkədə diffamasiya haqqında qanunun qəbuluna nail olmaqdır. «İkinci məsələ ilə bağlı ötən ilin martından ATƏT-lə birgə iş aparmaqdayıq. Ortaq layihə çərçivəsində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na əlavə və dəyişikliklər edilib. Beynəlxalq ekspertlərin iştirakı ilə baş tutan konfransda sənədin yeni variantı media ictimaiyyətinə təqdim edilib və bəyənilib. Burada əsas məqsəd diffamasiya mühitində jurnalist məsuliyyətini möhkəmləndirmək idi ki, peşə davranışı qaydalarının yeni, təkmil variantında da məhz bu məqama diqqət yetirilib. İndi isə bilavasitə diffamasiya haqqında qanun üzərində iş aparırıq. Artıq tamamlama mərhələsindəyik. Ümid edirəm ki, məsələ tezliklə həllini tapacaq», deyə o vurğulayıb. Ə.Amaşov çıxışında həmçinin Azərbaycanda mediaya dövlət dəstəyi baxımından da kompleks fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb.

Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Makkenzi bildirib ki, BMİ-nin dünyanın demək olar, bütün ölkələrində nümayəndələri var. Milli Komitələrinin sayı isə 20-dir. Onlardan biri Azərbaycanda fəaliyyət göstərir və işi yüksək qiymətləndirilir: «Səfərimizdən məqsəd Milli Komitənin fəaliyyəti ilə daha yaxından tanış olmaqla yanaşı, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə maraqlanmaq, bununla bağlı tendensiyaları izləmək və BMİ-nin hansı çətinliklərin aradan qaldırılmasında iştirak edə biləcəyini müəyyənləşdirməkdən ibarətdir. Düşünürəm ki, sizlərlə diskussiyalarımız əsasən mövcud istiqamətdə gedəcək».

BMİ-nin mətbuat, kommunikasiya məsələləri üzrə meneceri A.Milz çıxışında diqqəti qurumun konfliktli bölgələrin jurnalistləri arasında dialoq yaratmaq təcrübəsinə yönəldib. Bildirib ki, təşkilatın tarixində İkinci Dünya Müharibəsindən sonra Fransa və Almaniya jurnalistlərini bir araya gətirmək kimi praktika mövcuddur: «İsrail və Fələstin jurnalistləri arasında da görüş keçirmişik. İlk növbədə çalışırıq ki, media təmsilçiləri özlərinin daşıdıqları missiyanı unutmasınlar. Onları hadisə və proseslərə münasibətdə peşəkar olmağa çağırırıq».

A.Milz çıxışında həmçinin BMİ-nin növbəti tədbirlərindən birinin ölkəmizdə keçirilməsi imkanlarından da söhbət açıb. O deyib ki, Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu bir məkan olduğundan buradan dünyaya verilən hər hansı mesaj çox önəmlidir. «Ümidvaram ki, gələcəkdə ölkədəki Milli Komitənin köməyi ilə bu məsələ öz həllini tapacaq».

Dialoq xarakteri daşıyan görüşdə ölkəmizin KİV rəhbərlərindən ilk olaraq «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev çıxış edib. O bildirib ki, Azərbaycan cəmiyyətində diffamasiya haqqında qanunun qəbulu ilə bağlı ortaq mövqe var. Ölkə hakimiyyəti də sənədin qəbulunda maraqlıdır: «Burada səsləndi ki, Beynəlxalq Mətbuat İnstitutunun əsas missiyası konfliktli bölgələrin jurnalistlərini bir araya gətirmək, onlar arasında dialoq yaratmaqdır. Bilmək istərdik ki, qurumun Azərbaycan və Ermənistan jurnalistlərini bir araya gətirmək kimi niyyəti varmı, varsa, bu, nəyə xidmət edir».

Sualı cavablandıran xanım A.Makkenzi jurnalistlərin ilk növbədə jurnalist olmalı olduqlarını önə çəkib. Fikrini belə əsaslandırıb ki, peşəkarlıqla həyata keçirilən fəaliyyət daha səmərəli nəticələr əldə etməyə, o cümlədən siyasi hakimiyyətlərin qərarlarının müsbətə doğru dəyişməsinə imkan verir.

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxışında haqqında söhbət açılan mövzu üzərində dayanıb. Onun sualı BMİ-nin Avropadakı bask-ispan, flamand-vallond qarşıdurmalarında bu millətlərdən olan jurnalistləri bir araya gətirmək niyyətinin nə dərəcədə gerçəkləşməsi ilə bağlı olub. «Burada Azərbaycan mətbuatının bir növ, məhəlli çətinliklərindən söhbət açıldı. Mediamızın müəyyən qismi üçün xarakterik xüsusiyyət transmilli media qurumlarının təsirində olmalarıdır. Həmin qurumlar informasiyalarını manipulyativ şəkildə təqdim edirlər. Məncə, ən böyük problem budur. Mövcud durum isə Azərbaycan kimi yenicə müstəqillik əldə etmiş dövlətlərin milli maraqlarına xidmət etmir. İstərdim ki, Beynəlxalq Mətbuat İnstitutu mediamıza bu kimi mənfi meyllərin aradan qaldırılması istiqamətində yardımçı olsun», - deyə o əlavə edib.

«Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev Azərbaycanda senzuranın rəsmən ləğ edildiyini vurğulasa da, bir sıra halların jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirib.

Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı diqqəti Azərbaycan və Ermənistan jurnalistlərini bir araya gətirən görüşlərin zaman-zaman baş tutduğuna çəkib. Hər iki ölkənin media təmsilçilərinin müxtəlif tədbirlərdə də görüşdüyünü deyən baş direktor bildirib ki, əsas məsələ Azərbaycan və Ermənistan rəsmilərinin ortaq mövqeyə gəlməsində, yaranmış konflikti həll etməsindədir. «Diffamasiyaya gəldikdə, Azərbaycan Prezidenti elə bu salonda Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə məsələnin vacibliyini vurğuladı. Amma başqa problemlərimiz də var. Ölkədə ilk mənbədən informasiya alınması sahəsində çətinliklər mövcuddur. Bir sıra mətbuat xidmətlərində çalışanlar öz missiyalarının nədən ibarət olduğunu yetərincə dərk etmirlər. Məncə, bu məsələdə təhsil də önəmli faktordur. Ali məktəblərdə ictimaiyyətlə əlaqələr sahəsində mütəxəssislərin yetişdirilməsinə ehtiyac duyulur. Eyni zamanda media-menecment əlaqələri də önəmlidir. İstərdik ki, Beynəlxalq Mətbuat İnstitutu mövcud istiqamətlərdə Azərbaycan jurnalistikasına yardımçı olsun, seminarlar, treninq-məşğələlər və sair bu kimi maarifləndirici tədbirlər keçirsin».

«Yeni Müsavat» qəzetinin baş direktoru Ələsgər Süleymanov da çıxışında media-marketinq məsələlərinin vacibliyini önə çəkərək bildirib ki, jurnalistikanın həqiqi mənada söz sahibi olması üçün onun iqtisadi bazası möhkəmləndirilməlidir və beynəlxalq qurumların, o cümlədən BMİ-nin mövcud istiqamətdəki təşəbbüsləri arzuolunandır.

«Xalq Cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli BMİ-nin Azərbaycan üzrə Milli Komitəsinin işinin əhəmiyyətinə toxunub. Mətbuatımızın müstəqillik dövründəki fəaliyyətindən bəhs edən baş redaktor ötən müddətdə media sahəsində baş verən ən mühüm yeniliklər kimi Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını vurğulayıb: «Bu qurumlar media üçün önəmli təməl rolunu oynayırlar. Beynəlxalq Mətbuat İnstitutu bu təşkilatlarla əlaqələrini daha da genişləndirməklə jurnalistikamız üçün faydalı işlər görə bilər».

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında BMİ təmsilçiləri ilə 2009-cu ildə Vyanada baş tutan görüşü xatırlayıb. Həmin toplantının əhəmiyyətindən danışan baş redaktor qurumun nümayəndələrinin Bakıdakı təmaslarının da məhsuldar olacağına inandığını deyib. V.Rəhimzadə Azərbaycanda KİV-lə bağlı kompleks dövlət siyasətindən söhbət açaraq diqqəti media sahəsindəki mükəmməl qanunvericilik bazasının mövcudluğuna çəkib. «Bu qanunlar beynəlxalq standartlara tam cavab verir. Beynəlxalq ekspertlər də mövcud reallığı qəbul edirlər. O ki qaldı diffamasiya məsələsinə, jurnalist vətəndaşların şərəf və ləyaqətini aşağılamamalı, təhqiramiz materiallar qələmə almamalıdır. Bunu edənlərin məsuliyyət yükü qanunda nəzərdə tutulmalıdır. Diffamasiya mühiti sui-istifadələrə yol açmamalıdır», - deyə o vurğulayıb.






20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »