Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası «Qarabağ mövzusu veteran jurnalistlər və gənc media mənsublarının baxışlarında» adlı «dəyirmi masa» keçirib

«Xalq qəzeti»ndə baş tutmuş toplantı


Bu gün Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə «Qarabağ mövzusu veteran jurnalistlər və gənc media mənsublarının baxışlarında» adlı «dəyirmi masa» keçirilib. «Xalq qəzeti»ndə baş tutmuş toplantıya MŞ-nin Ahıl Jurnalistlər Məclisinin üzvləri olan veteran jurnalistlər, eləcə də ali məktəblərin jurnalistika fakultələrinin tələbələri, müxtəlif media orqanlarında çalışan qələm sahibləri qatılıblar. 


«Dəyirmi masa»nı giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirib ki, rəhbərlik etdiyi qurum yaşlı jurnalist nəsli ilə peşəyə bələd olmaq istəyən gənclərin vəhdətinin yaradılmasına böyük önəm verir. Bu baxımdan Qarabağ mövzusunun seçilməsi isə həmin vəhdətin daha geniş anlamda dərkinə şərait yaradan mühüm amildir. «Tədbirimizə toplaşan veteran qələm sahiblərinin çoxu Qarabağ həqiqətlərinin ictimaiyyətə çatdırılmasında fədakar əməkləri ilə seçiliblər. Onların fəaliyyəti örnək səciyyə daşıyıb və daşımaqdadır. Düşünürəm ki, bu gün bölüşəcəkləri xatirələr və düşüncələr jurnalist kimi yetişməyi hədəf seçən gənclər üçün önəmli olacaqdır», - deyən Ə.Amaşov Azərbaycan mediasının Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasındakı rolunun artırılmasına ehtiyacın duyulduğunu da əsaslandırıb. Ölkədə mövcud istiqamətdə aparılan dövlət siyasətinə toxunan MŞ sədri vurğulayıb ki, Prezident cənab İlham Əliyev media mənsubları ilə görüşlərdə onları vətənpərvərliyə səsləyib. Həqiqətlərimizin dünyaya bəyan edilməsində jurnalistikanın roluna etimad göstərib. Hər bir həqiqi qələm sahibi isə əməli fəaliyyətilə dövlət başçısının yüksək etimadını doğrultmağa çalışmalıdır.  


«Xalq qəzeti»nin baş redaktoru Həsən Həsənov mövzunun aktuallığından söz açarkən bildirib ki, Qarabağ münaqişəsi yeni başlayanda jurnalistlər çətinlik çəkirdilər, bir çox hallarda konkret məsələlərlə bağlı informasiyasızlıq hökm sürürdü. «Bu, mövzuya fundamental münasibətin mövcudsuzluğundan qaynaqlarındı. Lakin Ümummilli Lider Heydər Əliyevin imzaladığı iki fərmandan sonra vəziyyət dəyişdi. Bu fərmanlardan biri azərbaycanlıların deportasiyası, digəri isə soydaşlarımıza qarşı soyqırımı siyasətilə bağlı idi», - deyən baş redaktor çıxışında həmçinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, eləcə də Qafqazda etnik təmizləmə siyasətinin müxtəlif tərəflərinin təhlilini verib, tarixi faktlara əsaslanıb. 


“Dəyirmi masa” da “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənova mətbuat sahəsindəki xidmətlərinə görə və 60 illik yubileyi münasibətilə Mətbuat Şurasının fəxri diplomu təqdim olunub.


MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov ermənilərin qondarma soyqırımı iddialarının təbliğinə geniş yer verdiklərini diqqətə çatdırıb. Buna zaman-zaman qarşılıq verilməməsinin mənfi nəticələr doğurduğunu vurğulayan Y.Kərimov bildirib ki, jurnalistikanın qarşısında duran başlıca vəzifələrdən biri də ermənilərə qarşı gələcək münasibətin necə qurulmasını müəyyənləşdirməkdən ibarətdir. «Əlbəttə, biz tolerant xalqıq. Bu, böyüklüyümüzdən qaynaqlanır və bu böyüklüyü Ulu Öndər Heydər Əliyev nümayiş etdirmişdi. O, eyni zamanda bizim keçmişdə başımıza gələnləri unutmamalı olduğumuzu da vurğulamışdı. Bu baxımdan ermənilərə qarşı münasibətdə cəmiyyətin ümumi baxışlarını ifadə edən proqramın olmasını zəruri sayıram. Hesab edirəm ki, belə bir proqramın hazırlanması məhz jurnalistikanın, konkret olaraq gənc jurnalistlərin üzərinə düşən missiyadır».


Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşması yolunda jurnalistikanın daşıdığı missiyadan söz açıb. O bildirib ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində mətbuat cəmiyyətin avanqard qüvvəsi kimi hadisələrin mərkəzində dayanırdı. Bununla bağlı bir sıra maraqlı faktlardan söz açan C.Məmmədli vurğulayıb ki, gənc jurnalist nəsli veterant qələm sahiblərinin fədakarlığını örnək götürərək peşəkarlıq vərdişlərinə yiyələnməlidir. 


Azəri Press Agentliyinin baş direktoru Nurşən Quliyev çıxışında Qarabağ probleminə yanaşmada ayrıca xəttin olmasının vacibliyini əsaslandırıb. Qarabağ uğrunda gedən döyüşlərdə əsgər kimi mübarizə apardığını, eyni zamanda cəbhədən materiallar hazırladığını diqqətə çatdıran N.Quliyev birbaşa hərbi sahədə ixtisaslaşmış media mənsublarının yetişdirilməsinin vacibliyi üzərində də dayanıb. Bunun həm Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, həm də cəmiyyətdə vətənpərvərlik hisslərinin dərinləşməsinə dəstək baxımından əhəmiyyətini vurğulayıb. 


Əməkdar jurnalist Məzahir Süleymanzadə də çıxışında diqqəti Azərbaycanın ikinci dəfə müstəqilliyinə aparan yoldakı proseslərə çəkib, mövcud xüsusda jurnalistikanın öncül rolunu qabardıb. «Həqiqətən insanlar «Xalq qəzeti»nin, yəni o zamankı «Kommunist»in səhifələrində yazılanları əsas tuturdular. Bu, Azərbaycan jurnalistikasının daşıdığı son dərəcə önəmli missiya, ümumilikdə şərəfli tarixi mərhələ idi. Düşünürəm ki, gənclər fəaliyyətləri ilə jurnalistikamızın məhz həmin dövrdəki missiyasına sahib çıxmağı bacarmalıdırlar»


Çıxış edənlərdən «Xalq qəzeti»nin əməkdaşı Telman Əliyev, veteran jurnalistlər Firudin Rəsulov, Hafiz Hüseynxanov, Ələsgər Cabbarov, Mehman Fərzullayev və başqaları mövzunun aktuallağını vurğulayaraq aktiv jurnalistikada olduqları vaxtlarda Qarabağ həqiqətlərinin ictimaiyyətə çatdırılması ilə bağlı fəaliyyətlərindəki müxtəlif məqamlardan danışıblar. Müzakirələrdə həmçinin ali məktəblərin jurnalistika fakultəsinin tələbələri də yaxından iştirak ediblər. 


 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »