Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İnternet media resursları üzrə Komissiyasının fəaliyyətinə həsr olunmuş «dəyirmi masa» keçirilib

Tədbirə ölkənin tanınmış internet xəbər portallarının rəhbərləri də qatılıblar.

Bu gün Azərbaycan Mətbuat Şurasının İnternet media resursları üzrə Komissiyasının fəaliyyətinə həsr olunmuş «dəyirmi masa» keçirilib. Mətbuat Şurasında baş tutmuş tədbirə Şuranın İdarə Heyətinin üzvləri, sözügedən komissiyanın üzvləri ilə yanaşı, ölkənin tanınan, ictimai fikrə təsir göstərən internet xəbər portallarının rəhbərləri də qatılıblar.

Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bir müddət öncə formalaşdırılmış komissiyanın yaranması zərurətinə toxunub. Ə.Amaşov bildirib ki, son illər Azərbaycanda internetin geniş inkişaf tapması internet üzərindən yayımlanan media vasitələrinin sayının artmasına da əhəmiyyətli təsir göstərib. Onların bir çoxu özlərinin jurnalistikaya aid olduqlarını bildirsələr də, bəzən bunun əksini müşahidə edirik. Belələri cəmiyyət üzvlərinin narazılığına səbəb olurlar. «Bu tip media vasitələrinin fəaliyyətində peşə davranışı qaydalarının pozulması halları adiləşib. Məsələ ilə ələqadər Mətbuat Şurasına müxtəlif məzmunlu şikayətlər daxil olub və olmaqdadır. Müraciətlərdə ifadə olunan motivlər ümumən internet medianı ictimai tənzimləmə müstəvisində görmək üçün əsaslar verir», - deyən Ə.Amaşov tənzimləmənin sosial sifariş mahiyyəti daşıdığını, ümumiyyətlə özünütənzimləmənin model olaraq vacibliyinin dərk edildiyini önə çəkib. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən bir sıra xəbər portallarının Mətbuat Şurasına üzvlüyə can atdıqlarını vurğulayıb. Sədrin məlumatına görə, bir sıra internet media orqanları da var ki, artıq Şuraya üzv qəbul ediliblər.

Komissiyanın yarandığı müddətdən bəri həyata keçirdiyi işlər barədə danışan MŞ sədri bildirib ki, ilkin mərhələdə ölkənin tanınmış 30 media portalında monitorinqin aparılması nəzərdə tutulur. Monitorinq zamanı peşə davranışı qaydalarının pozulması ilə bağlı meyllər qruplaşdırılacaq. «Növbəti mərhələdə biz planlaşdırırıq ki, prosesə cəlb olunmuş internet media resurslarının iştirakı ilə əldə edilən nəticələri müzakirə edək. Problemlərin yaranması səbəblərini araşdıraq».

MŞ-nin İnternet media resursları üzrə Komissiyasının sədri Elnur Baimov diqqəti öncə qurumun yaradılması ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində gedən reaksiyalara yönəldib. O, müəyyən fikirlərin komissiyanın guya hansısa məhdudiyyət tətbiq edəcəyi üzərində köklənməsini məsələnin gerçək mahiyyətinə uzaq yanaşma kimi dəyərləndirib. Bildirib ki, MŞ-nin tərkibindəki qurumun işi heç də təkcə şikayətlərə rəy verilməsi ilə bitməyəcək, orada ümumən internet media məkanındakı tendensiyalara nəzər salınacaq. «İnternet media institutu o qədər inkişaf edib ki, mövcud sahədə tənzimləmələrin olması sadəcə zərurətə çevrilib. Müxtəlif misallar çəkmək mümkündür. Məsələn, götürək, spirtli içki reklamı ilə əlaqədar vəziyyəti. Məlumdur ki, mövcud sahədə qadağa var. İnternet media vasitələrinə bu qadağa şamil edilə bilərmi? Bəzən görürsən ki, bu yöndə məşğul olan şəxs hər hansı sayta reklam vermək istəyir. O zaman qanunvericilik baxımından rəhbər tutulan prinsiplər arxa plana keçməyəcək ki?.. Məlumdur ki, Azərbaycanda kazino qadağandır və onun reklamı da yolverilməzdir. Amma deyək ki, qonşu Gürcüstanda belə yasaq yoxdur. Azərbaycandan Gürcüstana turist axını var və o ölkənin kazino sahibləri istəyərlər ki, bizdə reklamları getsin. Mövcud məqam necə tənzimlənməlidir? Düşünürəm, bu səpkili digər çoxsaylı məsələlər var ki, hamısına ətraflı aydınlıq gətirilməlidir», - deyən E.Baimov sözügedən istiqamətlərdə bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə də söhbətlərin aparıldığını vurğulayıb və bildirib ki, onlar da bu sahədəki məsələlərin vacibliyinə diqqət yetirir, cəmiyyətin maraqlarına söykənən tənzimləməyə müsbət yanaşırlar.

İnternet media resursları üzrə Komissiyanın üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət çıxışında deyib ki, onlayn informasiya resursları ilə əlaqədar kriteriyaların müəyyənləşdirilməsi zamanın tələbidir. Çünki tədricən ənənəvi media yerini internet mediaya verir və birincinin müsbət keyfiyyətləri ilə yanaşı, mənfi xüsusiyyətləri də ikinciyə təsir göstərir. Bu mənada ictimai tənzimləmə mühüm əhəmiyyət daşımaqdadır. Avropa ölkələrinin bir çoxu artıq bu yolu gedir.

«Qafqazinfo.az» saytının baş redaktoru Elburus Ərud internet media ilə bağlı məsələlərin hüquqi müstəvidə də tənzimlənməsinin vacibliyinə toxunub. Bildirib ki, bu iş ya «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər aparılmaqla, ya da mövcud istiqamətdə ayrıca qanun hazırlamaqla həyata keçirilməlidir. «Reklam məsələsinə toxunuldu. Düşünürəm ki, anlaşılmazlıqlar çoxdur. Bunların aradan qaldırılması üçün ilk növbədə onlayan medianın statusu  müəyyənləşdirilməlidir», - deyə o vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında bildirib ki, özlərini cəmiyyətə püxtələşmiş jurnalistika nümunəsi kimi təqdim etməyi bacaran internet xəbər portalları yetərincədir. Lakin elələri də var ki, peşədən sui-istifadəyə yol verirlər. İnternet məkanında isə sui-istifadə üçün daha münbit zəmin var. «Düşünürəm ki, biz həqiqi jurnalistlər bu kimi mənfi meyllərin genişlənməsinə yol verməməliyik. Ölkədə KİV sahəsində qanunvericilik mövcuddur. Ancaq zaman keçdikcə ona yenidən nəzər salınmasına ehtiyac duyulur. Hazırkı dövrdə ehtiyac özünü daha çox göstərməkdədir», - deyə o əlavə edib.

Eyni fikri bölüşən MŞ İdarə Heyətinin digər üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas internet medianın ictimai tənzimlənməsi məsələsinin jurnalistikanın maraqlarının qorunması baxımından əhəmiyyətliliyini qabardıb.

Tədbirdə iştirak edənlərdən «Modern.az» saytının rəhbəri Elşad Eyvazlı, «dia.az» saytının rəhbəri Məhəmməd Ərsoy, «pia.az» saytının baş redaktoru Azər Qaramanlı, «gunxeber.com» saytının baş redaktoru Zabil Müqabiloğlu, «qaynar.info» saytının baş redaktoru Şəmşad Ağa, «editor.az» saytının baş redaktoru Fərid Şahbazlı və başqaları MŞ-də İnternet media resursları üzrə komissiyasının fəaliyyətə başlamasının vacibliyini vurğulayaraq qurumun mövcud məkandakı proseslərə, o cümlədən xəbər portallarının üzləşdikləri çətinliklərin aradan qaldırılmasına dəstək göstərməsinin vacibliyindən söz açıblar.



18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »