Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının məlumatı

-

Bir neçə gün öncə Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirildi. İclasda «Yüksələn Azərbaycan», «Azərbaycan naminə», «Haqqın sədası press» qəzetləri, «Jam.az» və «İskra.az» saytları olmaqla ümumilikdə beş kütləvi informasiya vasitəsinin adının peşə davranışı qaydalarını mütəmadi pozaraq insanların şərəf və ləyaqətini aşağılayan, işgüzar nüfuzunu ləkələyən media orqanlarının yer aldığı «qara siyahı»ya salınması üçün Şuranın İdarə Heyətinə müvafiq təqdimatın verilməsi barədə rəyə gəlindi. Bu rəy tam obyektiv xarakter daşıyır, konkret şikayətlərdəki narazılıq motivlərinə, şikayətlərin say çoxluğuna, dəfələrlə təkrarlanmasına əsaslanır, bəzilərinə edilən xəbərdarlıqların nəticəsiz qalmasından irəli gəlir. Şura ehtiyac yarandığı təqdirdə bu qəbildən olan məsələlərin detallarını cəmiyyətə açıqlayacaq. Qurum mövcud istiqamətdəki bütün suallara, müzakirələrə tam açıqdır.

Hər bir KİV istənilən şəxsi, o cümlədən dövlət məmurunu ən sərt şəkildə tənqid etmək, onunla əlaqədar faktları cəmiyyətə açıqlamaq hüququna malikdir. Bu azadlıq heç bir media orqanının əlindən alına bilməz. Ancaq sözügedən KİV-lərin mövcud sərbəstlik mühitindən bəhrələnmələri media azadlığı prinsiplərindən deyil, həmin prinsipləri açıq şəkildə təhdid edən hərəkətlərdən, sivil jurnalistikaya yad davranışlardan, medianı daimi təzyiq vasitəsi olaraq görmək mahiyyətindən qaynaqlanıb.

Mediadan sui-istifadə meyllərinə qarşı fəaliyyəti şərti olaraq «reket jurnalistika»ya qarşı mübarizə adlandırırıq. Bu deyim Mətbuat Şurası yaranmazdan öncə də var idi. Sadəcə Şuranın formalaşması ilə məsələ ictimai motiv qazandı.

Ümumən onu da bildirək ki, Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistlərinin 23 dekabr 2006-cı ildə keçirilmiş IV qurultayının qətnaməsinin tələbinə müvafiq şəkildə hazırlanmış, MŞ İdarə Heyətinin 30 yanvar 2007-ci il tarixli iclasında təsdiq edilmiş «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimatda işlədilən və kütləvi informasiya vasitələrində yayılan «reket jurnalistika», «reket nəşrlər» və «reket qəzetlər» sözü özündə hüquqi məna ehtiva etmir.

Mətbuat Şurası quruma daxil olmuş şikayətlərə səbəb olan KİV materiallarında «reket» sözünün hüquqi məna daşıdığı hərəkət və ya hərəkətsizliyin nəticəsi olaraq törədilən cinayət əməlinin mövcudluğundan şübhələnərsə, daxil olmuş şikayət aidiyyatı orqanlara göndərilir.

Mətbuat Şurasının İdarə Heyəti qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mətbuatda hədə-qorxu və şantajla müşaiyyət edilən, davamlı şəkildə eyni bir şəxs barədə qeyri-dəqiq məlumatların qabardılmasına söykənən yazıları qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi kimi qəbul etdiyindən mübarizəsini belə hərəkətlərə yol verən media quruluşlarını “qara siyahı”ya salmaqla aparır. Bu zaman peşə fəaliyyəti şikayət(lər)ə səbəb KİV-lərin müvafiq yazılarında tənqid obyektinə çevrilən hüquqi və fiziki şəxsə münasibətdə seçilmiş ifadələrdəki forma və metodlar əsas götürülür.

«Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının haqqında söz açdığımız iclası barədə yayılan məlumata maraq kifayət qədər böyük oldu. Bu marağı təbii qarşılayırıq. İlk növbədə ona görə ki, Azərbaycan mediası öz nüfuzuna ləkə gətirən təmayüllərin sıradan çıxarılması müstəvisində baş verənlərə həssas yanaşır. İclasdan  sonra müəyyən şəxslərin MŞ-ni təftiş etməyə maraq göstərmələri isə qətiyyən anlaşılmır. Şuranın fəaliyyət məramı hər kəsə, o cümlədən onlara yaxşı bəllidir.

MŞ-nin struktur kimi təkmilləşməsinə, mütəhərrikləşməsinə ehtiyac var. Bu mənada qurum tənqidi fikirlərə açıqdır və həmişə dözümlü olub. Ancaq Şuranı jurnalist adına ləkə gətirən, «qara siyahı»ya düşmək təhlükəsindən qeyzlənərək qələmi nifrət alətinə çevirən hansısa şəxslərin cızma-qarasından ictimai müzakirə düzəldəcək qədər təftiş cəhdləri yolverilməzdir.

Mətbuat Şurasına daxil olan şikayətlərin əksər hissəsində ifadə olunan narazılığın kökündə ayrı-ayrı şəxslərin media adından sui-istifadə məqsədi dayanır. Şura bu kimi məsələlərin heç də hamısını iclaslarda müzakirəyə çıxarmır. Bizim üçün maraqlı olan cəhət şikayətçinin haqlı iradının cavabdeh KİV tərəfindən dərkidir. Mövcud istiqamətdə ilkin tədbir kimi barəsində şikayət olunan media qurumu ilə prosedur qaydalara uyğun söhbətlər aparılır və onun rəhbərliyinin nəzərinə şikayətçinin yazı ilə bağlı düzəliş, təkzib və ya üzrxahlıq istəyi çatdırılır. Eyni zamanda məsələlərin dəqiqləşdirilməsi yolu ilə imkan yaradılır ki, cavabdeh yol verdiyi nöqsanı ilkin mərhələdəcə aradan qaldırsın. Məsələ həllini tapdıqda şikayətin növbəti müzakirə instansiyasına çıxarılmasına ehtiyac qalmır.

Xüsusi vurğulayaq ki, Şuranın Katibliyi tərəfindən cavabdeh KİV-lərin təmsilçilərilə söhbətlərin aparılması, tərəflərə mümkün barış variantlarının təklif edilməsi Nizamnamə tələblərinə tam uyğundur. Əgər hansısa KİV tövsiyədən nəticə çıxarmaq istəmirsə, şikayətin komissiyalarda araşdırılması da prosedur iş prinsipləri çərçivəsindədir.

Sonda «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının axırıncı iclasından sonra Mətbuat Şurası haqqında cəmiyyəti yanlış məlumatlandırmağa hesablanmış fikirlərə cavab olaraq bildiririk ki, Şura media məkanımızdakı xoşagəlməz hallarla mübarəzədə prinsipial dəst-xəttinə sadiq qalacaq. Çünki bu dəst-xətt Azərbaycanın həqiqi jurnalistlərinin inam və etimadına söykənir. Hansı imitasiyalara yol vermələrindən, özlərini hansı obrazda təqdim etmələrindən, kimlərin himayəsinə sığınaraq ruhlanmalarından asılı olmayaraq, jurnalist adını ləkələyənlərlə mübarizə daha barışmaz xarakter alacaq. Bu mübarizə təkcə peşə dəyərlərinə riayət edilməsinin vacibliyini rəhbər tutmur, habelə Azərbaycanda qərarlaşmış ictimai mühitə, dinc birgəyaşam qaydalarına, cəmiyyətin axarına qarşı medianın gücündən yararlanaraq həyata keçirilən təhdid cəhdlərinin qarşısının alınmasını hədəf seçir.

Azərbaycan mediasının özünütənzimləmə qurumu olan Mətbuat Şurası heç bir güzəştə getməyəcək. Əsl qələm sahiblərinin dəstəyinə güvənərək prinsiplərinə sadiq qalacaq.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »