Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Şəfəq» qəzetinin 90 illik yubileyi keçirilib

Mətbuat Şurasının rəhbərliyi Qubanın «Şəfəq» qəzetinin 90 illik yubileyi ilə bağlı mərasimdə iştirak edib

Bu gün Qubanın «Şəfəq» qəzetinin 90 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin Qubanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək üzərinə tər çiçəklər düzüblər. Rayon Mədəniyyət Evində baş tutan toplantı öncəsi qonaqlar burada «Şəfəq» qəzetinin müxtəlif illərdəki fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. 

Yubiley tədbirini Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov açıb. Qonaqları salamlayan S.Məmmədov bildirib ki, əsası Həsən bəy Zərdabi ilə qoyulan Azərbaycan mətbuatı tarixi ötən hər bir ildə yeni-yeni keyfiyyət göstəriciləri əldə edib ki, bunlar özünü bölgə nəşrlərinin timsalında da göstərir: «Bu baxımdan «Şəfəq» qəzetinin özünəməxsus yeri və rolu var. Müxtəlif adlarla nəşr olunan qəzet özünəməxsus dəst-xətti ilə seçilib. Hadisə və proseslərə daim peşəkar yanaşma tərzi nümayiş etdirib. Bütün bunlar nəşri rayon sakinlərinin rəğbətini qazandırıb. Fərəhləndirici haldır ki, keçən ilin mart ayında qəzetin 8000-ci nömrəsi çapdan çıxıb. Müqayisə üçün bildirmək istəyirəm ki, respublikada heç bir rayon qəzeti hələ bu səviyyəyə çatmayıb. Qəzetin belə şərəfli yol keçməsində müxtəlif illərdə onun redaktorları olmuş Hüseynağa Məmmədbəyli, Qafar Rəcəbli, Nağı Cəfərov, Hüseynqulu Kazımlı, Mövlud Qonaqov, Əlihadı Kərimov, Camal Balayev, Mahmud Ağalarov, Məmmədpaşa Mirzəyev, Nadir Xəlilov, Elmira Aşurova haqqında da bu gün ancaq xoş söz söyləmək olar. Onların böyük əməyi sayəsində qəzet belə şöhrət qazanmış və zamanın sərt sınağından alnı açıq çıxmışdır”.

İcra başçısının müavini çıxışında ölkəmizdə media sahəsində həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərdən söhbət açıb. O bildirib ki, prezident İlham Əliyevin mətbuata şəxsi diqqət və qayğısı, mövcud istiqamətdə imzaladığı fərman və sərəncamlar yerlərdə kütləvi informasiya vasitələrinə, jurnalistlərə eyni münasibətin göstərilməsini və bundan irəli gələn işlərin reallaşdırılmasını mühüm vəzifəyə çevirib. S.Məmmədov Quba Rayon İcra Hakimiyyətinin diplom və hədiyyələrini «Şəfəq» qəzetinin baş redaktoru Qəhrəman Əliyevə təqdim edib. Nəşrə həmçinin dövlət qurumu tərəfindən «Niva» markalı avtomobil də hədiyyə olunub.

«Şəfəq» qəzetinin baş redaktoru Qəhrəman Əliyev çıxışında rəhbərlik etdiyi mətbu orqanın tarixindən söhbət açıb. O, 1921-ci ilin aprel ayından “Əxbar” adı ilə çıxan nəşrin müxtəlif illərdə “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Qızıl Quba”, “Quba” adları ilə fəaliyyət göstərdiyini vurğulayıb. «Lakin bu illər ərzində dəyişən yalnız adlar olub. Öz çoxillik təcrübəsinə arxalanan “Şəfəq” yüzlərlə jurnalist kadrları yetişdirib və bölgədə həmişə flaqman rolunu oynayıb, qonşu rayonlarda mətbuatın inkişafına hərtərəfli kömək göstərib», - deyən baş redaktor “Şəfəq”in hazırda Quba Rayon İcra Hakimiyyəti və jurnalist kollektivinin təsisçiliyi ilə işıq üzü gördüyünü vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, «Şəfəq» Azərbaycanda ilk bölgə qəzeti adını şərəflə qoruyan kütləvi informasiya vasitəsidir. Şura sədri mətbu orqanın təkcə Quba rayonunda deyil, ümumilikdə bölgədə ictimai fikrin formalaşmasında oynadığı rola diqqət çəkib. «Biz bu gün Azərbaycanın ilk jurnalisti olan Abbasqulu ağa Bakıxanovun doğma yurdundayıq. O, Azərbaycanın iki hissəyə bölündüyü çətin bir məqamda «Tiflisskie vedomosti» qəzetində məzmunlu yazılarla çıxış edib. Sonradan bu nəşr «Tiflis əxbarı» adı ilə fəaliyyət göstərdi. 1841-ci ildən nəşrə başlayan «Zaqafqazskiy vestnik»də də onun əsərləri çap olundu. Belə elmi nümunələrin çapı ənənəsi «Şəfəq» qəzetinin timsalında bölgə nəşrlərinə də sirayət etdi. Bu, olduqca vacib məqam idi. «Şəfəq» indii də ənənələrinə sadiqdir. Yerli həyatın dolğun işıqlandırılması, yüksək mənəvi keyfiyyətlərin təbliği, dərin bilgilərin aşılanması dəyişməz xətt kimi fəaliyyətin əsasını təşkil etməkdədir. Qəzetin əməkdaşlarının illər ərzində «Əməkdar jurnalist» adına, müxtəlif dövlət təltiflərinə layiq görülmələri nəşrin formalaşmış yüksək imicinin bəhrələridir”, - deyən Ə.Amaşov Qubada «Şəfəq» qəzeti ilə yanaşı 2 regional telekanalın fəaliyyət göstərməsini rayonda media sahəsində görülən işlərin vacib tərkib hissələrindən biri kimi dəyərləndirib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bölgə KİV-ləri ilə bağlı xüsusi fəaliyyət istiqamətinə malik olduğunu deyən MŞ sədri vurğulayıb ki, qurumun fərdi jurnalist yazıları müsabiqələrində müxtəlif şəhər və rayonlarımızda fəaliyyət göstərən KİV təmsilçilərinin iştirakına şərait yaradılması mövcud istiqamətdə atılmış ilk addımdır. Ə.Amaşov Mətbuat Şurasının təbrik plaketini və qurumun press-kartlarını «Şəfəq» qəzetinin baş redaktoru Qəhrəman Əliyevə təqdim etdi.

Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Vahid Əhmədov ilk bölgə qəzetlərindən olan «Şəfəq»in keçdiyi ömür yolunun müasir dövr mətbuatımız üçün örnək olduğunu vurğulayıb. Nəşrin yaradıcılıq xüsusiyyətlərinə diqqət çəkən natiq qəzetin bölgə həyatını tam, dolğun işıqlandırmasının vacibliyini önə çəkib: «Bu baxımdan tənqidi materialların dərci də önəmlidir. Lakin bu zaman obyektivliyin və qərəzsizliyin qorunması zəruridir», - deyən V.Əhmədov mətbu orqanın ictimaiyyətlə əlaqələrin dərinləşməsi istiqamətində də fəaliyyət göstərməsini vacib sayıb.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxışında bölgə qəzetlərinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübədən söhbət açıb. O bildirib ki, bu tip media orqanları yerlərdə ictima rəyin formalaşmasında aktiv rol oynayırlar: «Azərbaycanda mövcud istiqamətdəki vəziyyət qənaətbəxş sayıla bilməz. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Hər bir halda «Şəfəq» qəzeti kimi ənənələrə malik nəşrlərin rolunu artırmaqla həmin nəticəni əldə etmək üçün yüksək perspektiv var». E.Şıxlı «Şəfəq» qəzetinin əməkdaşlarına Azərbaycan Jurnalistlər Birliyinin fəxri diplomlarını təqdim edib.

«Zaman Azərbaycan» qəzetinin baş redaktoru Süleyman Ünal qardaş Türkiyədə bölgə mediasının durumu barədə məlumat verərək bildirib ki, ölkədə bu tip mətbuat orqanları paytaxtdakı və iri şəhərlərdəki nəşrlərdən heç də geriyə qalmırlar. Əksinə bir çox problemlər var ki, məhz belə KİV-lərdə qaldırılması onların operativ həlli baxımından müstəsna önəm daşıyır. «Şəfəq» qəzetinin Azərbaycanın bölgə mətbuatının lider nəşrlərindən olduğunu vurğulayan baş redaktor media orqanına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, 90 yaşını qeyd edən «Şəfəq» qəzetinin yüksək səviyyəyə çatması böyük zəhmət tələb edən proses olub. Bu işdə nəşrin hər bir əməkdaşının müstəsna payı var. “Təbii ki, ən böyük pay Quba rayon ictimaiyyətinə, rayonun rəhbərliyinə məxsusdur. Onların birgə səyi nəticəsində «Şəfəq»in timsalında region mediası modelinə sahibik. Azərbaycanda mediaya dövlət səviyyəsində göstərilən diqqət və qayğı hər bir rayonda belə nümunələrin olacağına dərin inam hissi yaradır. Ölkədə media siyasəti davamlı strategiyaya əsaslanır və çoxcəhətlidir. Bu xüsusiyyət region mətbuatının da dünya təcrübəsinə əsaslanan modelini ortaya qoymaq imkanı verir” - deyə o vurğulayıb.

Çıxış edənlərdən «Azərbaycan» jurnalının baş redaktoru İntiqam Qasımzadə, Dağıstanda nəşr olunan «Dostluq-Drujba» jurnalının rəhbəri Tahir Saleh, şair-publisist Ramiz Qusarçaylı və başqaları «Şəfəq» qəzetinin bölgə nəşrləri içərisində öncül mövqeyə sahib olmasını şərtləndirən amillərdən söhbət açıblar. Onlar bu baxımdan ölkədə dövlət başçısı səviyyəsində mediaya göstərilən sistemli qayğı ənənəsini, Quba rayon rəhbərliyinin və ictimaiyyətinin nəşrə həssas münasibətini və qəzetin yaradıcı, istedadlı, jurnalist peşəsinə sadiq kollektivə malik olmasını xüsusi vurğulayıblar.





20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »