Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının iş prinsipi medianın tənzimlənməsisahəsində ən optimal seçimdir

İctimaiyyətin Şuraya ünvanladığı müraciətlərin ilbəil artımı tendensiyaya çevrilib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov: "Tənzimlənmə geniş anlayışdır. Media müstəvisində bu, müxtəlif mövqeli, vəzifəli, yaşlı insanlarla kütləvi informasiya vasitələri arasındakı narazılıqların, problemlərin səmimi, anlaşıqlı şəkildə aradan qaldırılmasıdır"

- Əflatun müəllim, rəhbəri olduğunuz qurumun fəaliyyəti çoxşaxəlidir. Bu fəaliyyət müxtəlif tədbirlərin, təhlillərin mövzusu kimi müzakirə müstəvisinə çıxarılır. Amma çoxsaylı çeşiddə oxucunun, dinləyicinin, tamaşaçının, ümumiyyətlə ictimaiyyətin diqqətini daha çox çəkən bir mövzu var: Mətbuat Şurasına daxil olan müraciətlərin araşdırılması. Sizcə, bu, nə ilə əlaqədardır?

- Söhbət ölkə mediasının bugünündən, sabahından, uğurlarından, problemlərindən, inkişaf perspektivlərindən gedəndə birinci və ikinci dərəcəli məsələlər yoxdur. Sualınız Mətbuat Şurası ilə bağlı çox incə məqama toxunduğundan təhlil aparmaq zərurəti doğurur. Bir neçə cəhətə nəzər salmaq lazım gələcək. Öncə ölkə jurnalistlərinin 15 mart 2003-cü ildə təsis etdikləri Azərbaycan Mətbuat Şurasının başlıca missiyasını yenidən xatırlayaq: media-ictimaiyyət, media-hakimiyyət arasında münasibətlərin tənzimlənməsi. Tənzimlənmə geniş anlamdır. Media müstəvisində bu müxtəlif mövqeli, vəzifəli, yaşlı insanlarla kütləvi informasiya vasitələri arasındakı narazılıqların, problemlərin səmimi, anlaşıqlı şəkildə aradan qaldırılmasıdır. Məsələyə belə yanaşma uzun müddət sərfi, sərt qərarlar çıxarılması, cərimələr kəsilməsi, soyuq münasibətlər və incikliklərlə müşayiət olunan məhkəmə proseslərinə ehtiyacın aradan qaldırılmasına hesablanıb. Şura yaradılanadək ölkədə media ilə münasibətlər əsasən hüquqi müstəvidə araşdırılıb və əksəriyyəti bunun əksi olan sonluqla yekunlaşıb. Günümüzün reallığı isə tamam başqadır. Konkret müqayisəli faktlar, proseslərin sayında və cərimələrin məbləğində kəskin azalmalar Mətbuat Şurasının daşıdığı başlıca missiyanın məntiqiliyinə əyani sübutlardır.

İctimaiyyətin Şuraya ünvanladığı müraciətlərin ilbəil artımı tendensiyaya çevrilib. Bu, inam və etimad göstəricisidir ki, söhbətin başlanğıcında vurğuladığınız marağın ikinci tərəfi sayıla bilər. Hər məktubun arxasında canlı insan dayanır. O da etdiyi müraciətin nəticəsi ilə digərlərini məlumatlandırır. Beləliklə, Şuraya üz tutanların sayı artır, əhatə dairəsi genişlənir.

Üçüncüsü, ictimaiyyət hüquqi dövlət quruculuğunda medianı və onunla bağlı qurumları dördüncü hakimiyyət kimi görmək istəyir. Cəmiyyət üzvləri ölkədə mətbuatın özünütənzimləməsi sahəsində başlıca qurum olan Şuranın proseslərin önündə getməsində maraqlı və israrlıdırlar.

- Əflatun müəllim, mümkünsə, Mətbuat Şurasına illər ərzində daxil olan müraciətlərin sayı barədə qısa arayış verərdiniz.

- Artım tempindən danışdım. Yeddi ilin bütün göstəricilərini sadalamaq vaxtımızı çox alardı. Bəzi müqayisələri deyim. 2009-cu ildə müraciətlərin sayı 489 olub. Cari ilin 8 ayı ərzində bu rəqəm 450-yə yaxınlaşıb. Məncə, bu göstəricilər artımı isbatlamaq üçün yetərlidir.

- Şikayətlər hansı qaydada araşdırılır?

Mətbuat Şurasına daxil olan şikayətlər üç mərhələdə araşdırılır - Katiblikdə, Şikayətlər üzrə Komissiyada və İdarə Heyətində. Katiblik şikayətlərin ibtidai araşdırmasını aparır. Toplanmış sənədlərə baxış keçirir. Əksər hallarda MŞ şikayətçiyə təklif edir ki, problemi cavabdeh tərəflə danışıqlar yolu ilə həll etsin. Bu, baş vermədikdə müraciət Şikayətlər üzrə Komissiyanın müzakirəsinə hazırlanır.

Bu mərhələdə öncə sənədlərə baxılması üçün lazım olan bütün tədbirlər görülür. Komissiyanın dinləməsində tərəflərin hər ikisi, yaxud onların təmsilçiləri iştirak edirlər. Dinləmədən sonra komissiya MŞ İdarə Heyəti üçün yazılı rəy hazırlayır. Proses zamanı tərəflər qarşılıqlı razılığa gələrsə, işə bu mərhələdə də xitam verilə bilər.

Şikayətlər üzrə Komissiya şikayətin motivindən asılı olaraq onu Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının müzakirəsinə təqdim edə bilər. Bu zaman barəsində şikayət olan nəşrin peşə fəaliyyətinə açıq-aşkar sayğısızlığa yol verməsi ilə bağlı çoxsaylı məqamların mövcudluğu nəzərə alınır. "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası konkret məsələ barədə İdarə Heyətinə rəy təqdim edir.
Şikayətlərin araşdırılmasında sonuncu mərhələ İdarə Heyətindəki müzakirələrdir. İH işə mahiyyəti üzrə baxır və müvafiq qərar qəbul edir. Qeyd edim ki, şikayətin ictimai əhəmiyyətindən asılı olaraq, xüsusi rəy də çıxarıla bilər. Şuranın fəaliyyətində belə rəylərin heç də konkret şikayət əsasında deyil, KİV-də gedən və geniş rezonans doğuran materialların müzakirəsi sonrası çıxarıldığına dair praktikaya da təsadüf edilir.

- Şikayətçilər əsasən kimlərdir və qəzetlərin konkret olaraq hansı fəaliyyətindən narazıdırlar?

- Bu baxımdan KİV-lərin özlərini də bir neçə qrupa bölmək mümkündür. Müəyyən istisnalar olsa da, gündəlik və həftəlik yayımlanan, ictimai fikrə təsir göstərən qəzetlərin fəaliyyətindən narazı olanlar əsasən ictimai birliklərin təmsilçiləri, dövlət qurumlarının nümayəndələri və partiya funksionerləridir. Onlar bu və ya digər tənqidi materialda fikirlərinin dərcinə önəm verilməməsindən, faktların yoxlanılmadan səhifəyə çıxarılmasından, aşağılayıcı ifadələrə məruz qalmalarından, ictimai nüfuzlarına zərər gəlməsindən şikayətlənirlər. Bu qəbildən olan şikayətlərin, demək olar, 70 faizində iddiaçı tərəf haqlı olur.
Mütəmadi olaraq çıxan nəşrlərin bir qrupu da var ki, onlardan narazılar sırasında qeyd etdiyim kateqoriyaların nümayəndələri ilə yanaşı, təhsil, səhiyyə müəssisələrinin nisbətən aşağı vəzifə tutan təmsilçiləri var. Deyərdim ki, ikincilər daha çoxdur. Şikayətçilərin bu qrupu konkret KİV materialında onlara böhtan atıldığını, barələrində yalan məlumatların yayıldığını vurğulayır. Belə halların təxminən 85-95 faizində şikayətçilərin mövqeyi haqlı olur.

Növbəti qrup KİV də var ki, bunlardan şikayətlilərin sırasını bələdiyyələrin, özəl müəssisələrin nümayəndələri, iş adamları, ayrı-ayrı vətəndaşlar təşkil edir. Belə media orqanları materiallarında daha çox bilərəkdən insan şərəf və ləyaqətini aşağılayır, şəxsi həyata müdaxiləyə yol verir, insanlar haqqında açıqlanması heç bir ictimai əhəmiyyət kəsb etməyən məqamları qabardırlar. Tənqid hədəfi kimi seçilən şəxsə münasibətdə açıq qərəz nümayiş etdirirlər. Bu tip nəşrlərə xas xarakterik xüsusiyyətlərdən biri də tənqid obyekti kimi seçilən şəxsi daimi təzyiq altında saxlamaqdır. Bunun üçün korporativ həmrəylik yolu tutanlar, adətən, öz ətraflarında 4-5 KİV-i birləşdirirlər. Onlar təmənnalarının ödənilməsi üçün ayrı-ayrı şəxslərə materiallar göndərir və həmin materialları dərc edəcəklərini bildirərək istəklərinə nail olmağa çalışırlar.

- Mətbuat Şurasına ünvanlanan şikayətlərdə qurumun səlahiyyətinə aid olmayanlar varmı? Ümumiyyətlə, bununla bağlı hansı məxsusi cəhəti vurğulamaq mümkündür?

- Şikayətlər, əsasən, ayrı-ayrı vətəndaşlardan, dövlət qurumlarından, yerli özünüidarəetmə orqanlarından, özəl müəssisələrdən, ictimai birliklərdən və siyasi partiyalardan daxil olur. Onlardakı konkret motivlərə gəlincə, əlbəttə, əsaslandırılmamışları da var və belə şikayətlər qəbul edilmir. Bəzən şikayətlər tamam başqa qurumların səlahiyyətinə aid olur. Çox təsadüf edilən hallarda isə jurnalistlərlə bağlı şikayət motivi sosial zəmindən qaynaqlanır. Tutaq ki, qonşusu jurnalist olan ondan narazılığını Mətbuat Şurasına bildirir. Aydındır ki, məsələnin bizə heç bir aidiyyəti yoxdur.

Ümumiyyətlə, MŞ aşağıdakı hallarda şikayətin qəbulundan imtina edir - birincisi, şikayətə artıq məhkəmədə baxılıbsa və yaxud həmin iş üzrə hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılırsa; ikincisi, şikayətin mətbuata, yaxud MŞ-nin müdafiə etdiyi prinsiplərə aidiyyəti yoxdursa; üçüncüsü, şikayətə birbaşa məhkəmə orqanları tərəfindən baxılmalı olduğu ərizədən aydın görünürsə; dördüncüsü, şikayət vermək müddəti ötmüşdürsə; beşincisi, şikayətin predmetini təyin etmək mümkün deyilsə; altıncısı, şikayət məzmununa görə etik normalara ziddirsə və nəhayət, şikayət anonim verilmişdirsə.

- Şuranın təcrübəsində bir sıra qəzetlərlə bağlı materialların hüquq-mühafizə orqanlarına göndərilməsi halları da mövcuddur. Bu, həmin şikayətin qurumun səlahiyyətinə aid olmamasından irəli gəlir, yoxsa xüsusi ölçü tədbiridir?

- Daha çox xüsusi ölçü tədbiridir. Əlbəttə, ilkin mərhələdəcə baxılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilən şikayətlər var ki, bunlar səlahiyyətimizə aid deyil. Digər tərəfdən, bu məsələ şikayətin motivindən də asılıdır. Əgər inzibati qaydada araşdırılmalı olan şikayətin motivində ictimailik nöqteyi-nəzərdən hansısa müstəsna məqam varsa, belə şikayətlərin ardıcıllıqla araşdırılmasına çalışırıq və mümkün qədər hüquqi müstəviyə çıxmasına imkan vermirik. Belə hallar öncə Katiblikdə Şuranın hüquqşünaslarının və dəvət etdiyi ekspertlərin köməyilə araşdırılır. Şikayətçiyə və cavabdehə bu haqda məlumat verilir. Cavabdeh mövqeyində israrlı olduğu halda şikayət qeyd edilən prosedur ardıcıllıqla sonda İH-in müzakirəsinə təqdim olunur. İH-in çıxardığı qərarda cavabdehin hərəkətləri AJPDQ-nin prinsiplərinin müvafiq bəndləri əsasında təhlil olunur, eyni zamanda, şikayət MŞ-nin peşə etikası cəhətdən əsaslandırılmış qərarı ilə birlikdə araşdırılmaq üçün aidiyyəti instansiyalara göndərilir.

- Mətbuat Şurasının qərarlarının icrası barədə də məlumat vermənizi istərdik.

- Mətbuat Şurasının qərarları cavabdeh KİV-də və digər media orqanlarında dərc edilir. Qərarlarda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının hansı prinsiplərinin pozulduğu əks olunur və cavabdehə əsasən təkzib vermək, qarşı tərəfin mövqeyini işıqlandırmaq tövsiyə olunur. Bu tələb yerinə yetirilmədikdə və peşə davranışı qaydalarına mütəmadi sayğısızlıq halları baş verdikdə MŞ müvafiq KİV-in adını "qara siyahı"ya salır.
 
- Şura Milli Mətbuat Günü ərəfəsində bir sıra mətbu nəşrlərin adlarını "qara siyahı"dan çıxardı. Son iki iclasında isə ora yenilərinin adlarını əlavə etdi...

- Səhvini anlayanlar olduğu kimi, səhvə yol verənlər də var. Əlbəttə, bir çoxlarının islah olunacağını düşünmək sadəlövhlükdür. Əslində, belələrinə hansısa formada yaşıl işıq yandırmaq fikrimiz də yoxdur. Hər halda Şuranın "Reket nəşrlərin müəyyənləşdirilməsinə dair Təlimatı"nda nəzərdə tutulan prinsipləri yerinə yetirənlər, buna cəhd göstərənlər, iradlarımızdan nəticə çıxaranlar var və onların mövqeyi nəzərə alınır. Məsələ KİV-in peşə etikasına riayət etmələrini, yaradıcılıqları ilə fərqlənmələrini, cəmiyyət həyatının müxtəlif sahələrinə nüfuz etmələrini qiymətləndirməkdə və dəstəkləməkdə, eyni zamanda özlərini doğrultmalarına zəmin yaratmaqdadır. Nəticə etibarilə mübarizəmizin effektivlik dərəcəsini görmək bizim üçün vacibdir.

Ümumən Mətbuat Şurası fəaliyyəti cəmiyyət tərəfindən məqbul qarşılanmayan, hərəkətləri birbaşa inzibati qaydada araşdırılmalı olan KİV-in adlarını "qara siyahı"ya salır. Bu addım atılmasaydı, onların tam əksəriyyətinin təmsilçiləri ya həbsxanalarda olacaqdılar, ya da məhkəmə cərimələrini ödəmək məcburiyyətində qalacaqdılar. Məsələnin ikinci tərəfi isə bundan ibarətdir ki, belələrinin davranışları hüquqi müstəvidə dəyərləndirilməli olsa da, Şuranın tənzimləyici rolu sayəsində yalnız ictimai qınaqla üzləşirlər. Bu mənada siyahıdan çıxanlar və ora daxil edilənlər bundan sonra da olacaq.
Müsahibəni qələmə aldı:S.ELMANOĞLU, "Azərbaycan"


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »