Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İranlı nümayəndə heyətinin üzvləri ilə azərbaycanlı media təmsilçilərinin görüşü keçirilib

-

Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasındakı Əməkdaşlıq Memorandumu çərçivəsində İranın Bakıda səfərdə olan media fəaliyyətinə məsul qurumlarının nümayəndələrinin ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalist təşkilatlarının təmsilçiləri ilə görüşü keçirilib. 

Toplantını İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə açaraq İran və Azərbaycan dövlətlərinin əməkdaşlığının media müstəvisinə daşınmasının zəruriliyini əsaslandırıb. Bu baxımdan ötən ilin noyabrında Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış Əməkdaşlıq Memorandumunu son dərəcə əhəmiyyətli sənəd kimi dəyərləndirib. Həmin memoranduma əsasən Azərbaycanda iyulun 10-dan 13-dək səfərdə olan nümayəndə heyəti üzvlərinin ötən bir neçə gün ərzində vacib görüşlər keçirdiyini diqqətə çatdırıb. Səfir xüsusən KİV redaksiyalarındakı görüşlərin pozitiv cəhətlərindən söz açıb.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışına Əməkdaşlıq Memorandumunda əksini tapmış məsələlər barədə geniş məlumat verməklə başlayıb. O bildirib ki, sənəddə hər iki ölkə jurnalistləri arasında qarşılıqlı təcrübə mübadiləsinin, səfərlərin təşkili, birgə konfrans və seminarların keçirilməsi, etibarlı informasiya mübadiləsi sisteminin formalaşdırılması, regiona daxil olan ölkələrin jurnalistlərinin iştirakı ilə beynəlxalq görüşlərin keçirilməsinə dəstək göstərilməsi və sair məsələlər əksini tapıb. “Mən ötən ilin noyabrında Tehranda oldum. Bu, əməkdaşlığımız üçün ilk addım idi. İrandan Azərbaycana səfər artıq ikinci təşəbbüsümüzdür. Əminəm ki, belə səfərlər gələcəkdə mütəmadi xarakter daşıyacaqdır”, - deyə Ə.Amaşov vurğulayıb. 

İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezami xalq diplomatiyasının rəsmi diplomatiyadan qat-qat effektiv olduğunu bildirərək qeyd edib ki, İran və Azərbaycan xalqları arasındakı möhkəm tarixi bağlılıq bölgə insanlarının hazırkı dövr üçün də birgə fəaliyyətini zəruriləşdirən motivdir. Media isə missiya etibarilə bu fəaliyyəti stimullaşdırmalı, daha da gücləndirməli, hansısa kənar təsirlərdən qorumalıdır. Bu, region əhalisinin rifahı, dünyaya sülh və barış mesajının verilməsi baxımından son dərəcə önəmlidir. İranın media fəaliyyətinə məsul qurumlarının Azərbaycana səfərinin KİV-lər arasındakı əməkdaşlığı dərinləşdirmək məramına söykəndiyini vurğulayan H.Entezami səfərin olduqca faydalı keçdiyini də dilə gətirib. 


Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Qasımlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu müxtəlif sınaqlardan çıxmış İran-Azərbaycan münasibətlərinin müasir dövrdəki inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsində media peşəkarlığının başlıca əhəmiyyət daşıdığını müxtəlif faktlarla əsaslandırıblar. Onlar bildiriblər ki, dünyada müsəlman aləminə qarşı birmənalı yanaşmanın mövcud olmadığı hazırkı dövrdə İran və Azərbaycan mediasının müştərək fəaliyyəti baxımdan nəzərdən keçirilməli məqamlar çoxdur. 

Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat işləri üzrə planlama şurasının üzvü Həmidrza Asəfi Azərbaycana 18 il əvvəl səfər etdiyini deyərək xatirələrini bölüşüb. H.Asəfi ötən müddətdə ölkədə əsaslı dəyişikliklərin baş verdiyini vurğulayıb, bu tendensiyanın media məkanından da yat ötmədiyinə əminliyini bildirib. O, Bakıda keçirdiyi görüşlərdə bunun əyani şahidinə çevrildiyini dilə gətirib. Nazirlik rəsmisi həmçinin İran-Azərbaycan media əməkdaşlığının perspektivi baxımdan da maraqlı fikirlər səsləndirib. 


Qeyd edək ki, İrandan ölkəmizə təşrif buyurmuş nümayəndə heyətinin tərkibinə H.Entezami ilə yanaşı, Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat işləri üzrə planlama şurasının üzvü Həmidrza Asəfi, xarici KİV-lərlə iş üzrə baş direktor Məhəmməd Cəfər Safi, İranın Xəbər Onlayn Agentliyinin baş redaktoru Cavad Məhacer, İslam Respublikasının Naşravran təşkilatının İdarə Heyətinin üzvü Seyid Cəfər Haşemi və İranın Xarici İşlər Nazirliyinin Media və Ümumi Siyasət idarəsinin rəis müavini Həmid Əhmədi daxildir.


19
noyabr
MŞ “reket” KİV-lərlə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlayıb

-

ətraflı »
17
noyabr
525-i hədəfləyən «525»

-

ətraflı »
14
noyabr
Nekroloq

Altay Qulam oğlu Zahidov

ətraflı »
14
noyabr
Azərbaycan Mətbuat Şurasının MƏLUMATI

-

ətraflı »
08
noyabr
Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

-

ətraflı »
07
noyabr
Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda konfrans keçiriləcək

-

ətraflı »