Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MEDİAMIZA SAHİB ÇIXMASAQ...

 Jurnalist hadisə və faktlara peşəkarlıqla yanaşmalı, obyektivliyini qorumalıdır

Medianın, ümumən jurnalistikanın cəmiyyətdəki yeri və roluna, funksiya və vəzifələrinə baxışlar müxtəlifdir. Məsələyə Azərbaycan prizmasından yanaşsaq, əslində bir-birinə bənzəməyən üç dövr üzərində dayanmaq mümkündür. İlk olaraq Həsən bəy Zərdabinin əsasını qoyduğu «Əkinçi» ənənələrindən qidalanan XX əsrin əvvəllərindəki mətbuatı qeyd etmək istərdim. Maarifpərvərlik, özünüdərkə çağırışlar bu dövr qəzet və jurnallarının ana xəttini təşkil edib. Bəli, bunu üzərindən bir əsrdən çox bir zaman keçdikdən sonra tam əminliklə söyləyə bilərik. Yəni, o dövrün prosesləri baxışlarımızda bir növ, vətəndaşlıq hüququ qazanıb, əksəriyyətimiz eyni şeyi düşünürük. Sovet dövrü mətbuatına da baxışlarımız demək olar, eynidir. Hərçənd bu, heç də asan qəbul edilən məsələ olmayıb. Dövlət müstəqilliyimizi ikinci dəfə qazananda yeni ideoloji diqtənin təsiri ilə həmin dövrün bir çox cəhətlərini qəbul etmədiyimiz kimi, mətbuatını da yaxına qoymurduq. Tədricən sular duruldu və sovet jurnalistikasından bizlərə miras qalan, bəlkə də sovet jurnalistikası daxilində özümüzün formalaşdırdığımız mütərəqqi xüsusiyyətləri də görməyə başladıq, onlara sahib çıxdıq.

Müstəqillik illəri Azərbaycan mediası üçün yeni mərhələni açdı. Lakin mövcud məkanda forma və məzmunca baş verən dəyişikliklər bizləri qane etmədi və edə də bilməzdi. Yollar axtardıq, özümüzə sual verdik: mediamız necə olmalıdır? Çoxlu sayda cavablar tapmağımıza rəğmən hələ də müəyyən mənada qeyri-müəyyənliyimiz var. Qabağa gedirik, arxaya baxırıq, hərdən daha çox Qərbə boylanır, az-maz Şərqə göz gəzdiririk, Şimalımızın soyuqluğunun, Cənubumuzun qaynarlığının fərqinə varmaq niyyəti ilə nəyi düz etdiyimizi, hansı işi tərs gördüyümüzü, nələri ümumiyyətlə etmədiyimizi düşünməyə çalışırıq.

Media tərəfsiz, qərəzsiz olmalı, jurnalist hadisə və faktlara peşəkarlıqla yanaşmalı, obyektivliyini qorumalıdır. Bu ifadələri obrazlı desəm, qulaqlarımızda sırğa etsək də, bəzən sırğaların birini, bəzən ikisini, bəzənsə qulaqlarımızın hansınısa itiririk. Əziyyət və mərhumiyyətlərdən keçib gəldiyimizin fərqinə varmayacaq, hər şeyi unudacaq görkəm alırıq. Sanki maska taxırıq. Əslində biz media əhli kimlərik - inanın, sayımız çox azdır, bir-birimizi o qədər yaxşı tanıyır, hərəkət və davranışlarımıza o dərəcədə gözəl bələdik ki, taxdığımız maskanın yırtılması an məsələsidir.

Yəqin soruşursunuz ki, axarımızdayıq, yoxsa… Dünyada qəribə proseslər baş verir. Tunisdə, Misirdə, Suriyada və digər ərəb ölkələrində yaşananlara qiymət vermək istəməzdim. Məni düşündürən medianın həmin hadisələrə münasibəti, təqdimat tərzi və bunun Azərbaycana da uyğunluşdarılması cəhdləridir. Belə görünür ki, kənarların, ola bilər kənardakıların təsiri ilə bəzilərimiz maska taxmağa çalışır və yenə də deyirəm ki, əldə etdiklərimizi, sakit başla düşünüb-daşındığımız və razılıq verdiklərimizi unuduruq. Əslində Azərbaycan mediası olaraq öz yolumuzun olduğunu da yaddan çıxarırıq.

Bir məsələni qeyd edim - ona zaman-zaman əhəmiyyət vermədən keçmişəm. Dövlətin mediaya dəstəyinə yönələn təpkiləri nəzərdə tuturam. (belə mövqedə olanların arasında siyasətçilərin çoxluğu düşündürücüdür). Dövlət dəstəyinin əsas təşəbbüskarlarından biri kimi əks mövqedə duranları da anlayışla qarşılamışam. Düşünmüşəm ki, kimlərinsə mövqeyi birtərəfli ola bilər və tutalım onlar deyirlərsə dövlət kütləvi informasiya vasitələrinə dəstək göstərəndə bu hal ikincinin birincinin təsirinə düşməsinə gətirəcək, məsələni haradasa belə qoymaq da olar. Heç soruşmamışam ki, siz deyən halda kimin təsirinə düşəcəyik və ya siz kimin təsirini «vəd edirsiniz». Amma hər şey ortaq razılıq əsasında baş verib. Heç kəs kənarda durmasın, narazılıqlara baxmayaraq, proseslərə birgə getmişik, sadalamaqla vaxt aparmaq istəməzdim, amma mediamız adına bir çox nailiyyətləri birlikdə qazanmışıq.

Bir daha vurğulayım ki, bunları unuduruq. Azərbaycan jurnalistini hakimiyyətəmi, ayrı-ayrı qrup və maraqlaramı rupor etmək cəhdlərinin mövcudluğunun və mövcud halın əldə etdiklərimizə zidd olduğunun fərqinə varmırıq. Sanki hər neçə vaxtdan bizə jurnalistlərimizin döyülməli, sən demə ayağından asılmalı olduğunu xatırladanlar, ardınca ard-arda bəyanatlar yağdıranlar, tez-bazar çeşidli mərasim və forumlar düzənləyənlər, məsələlərə ictimai don geydirməyə çalışanlar var. Belədə kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək çətinləşir. Həqiqəti öyrənmək istəklərinə ənənəvi inkarçılıqla sipər çəkilməsi, müxtəlif populist, təhrikçi bəyanatların səsləndirilməsi də gözümüz önündədir. Biz bunu bilməliyik ki, «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyevlə bağlı insidentdən günahkar kimdir. Axır bir neçə günümüzü demək olar, buna həsr etmişik. Sonadək nəyin baş verdiyini, olayın pərdəarxası məqamlarının nədən ibarət olduğunu araşdırmaq əzmindəyik. Ümumiyyətlə hamı özünü təlqin etməlidir ki, jurnalistə toxunmaq olmaz. Ortaya mediamıza xas səmimiyyətçilikdən uzaq ab-havanın çıxmasına imkan verməyəcəyik. Bu səmimiyyəti sıradan çıxarmaq meyllərinin baş qaldırması narahatlıq doğurur. Elə düşünürəm ki, kimlərəsə, hansısa qüvvələrəsə Azərbaycan jurnalistini bir insan, vətəndaş kimi düşünməmək, onun yaxşı yaşamamasını, gündəlik tələbatı üçün daim sıxıntı keçirməsini, ev-eşiyinin olmamasını görmək daha sərfəlidir. Məni bağışlayın, müqayisəm ağır olsa da, yeri gəlib-deməliyəm. Qədimlərdə qladiator döyüşlərinin daha cazibədar keçməsi üçün uzun müddət qəfəsdə ac-yalavac saxlanılan vəhşi heyvanı insanla üz-üzə qoyurdular. Sonrası təsəvvür ediləndir.

Dünyada baş verən proseslərdən, həmin olaylarda medianın yeri və rolundan, habelə jurnalist peşəkarlığı ilə əlaqədar məqamlardan da təsadüfən söz açmadım. Ərəb dünyasının olaylarında media, xüsusən də elektron media və sosial şəbəkələr sanki alov püskürürdü, insanlara qəzəb, hiddət, kin və küdurət aşılanırdı. Tunisdə, Misirdə və Liviyada baş verənlər həmin təbliğatın birbaşa təsiri idi. Bu günlərdə ölkəmizin qəzetlərindən birində gedən manşet diqqətimi cəlb etdi. Səhv etmirəmsə, təxminən belə idi: «Facebook»dakı alovdan Bakı küçələrində püskürmədi». Material martın 11-12-də paytaxtda baş verən küçə aksiyalarının ertəsi günü qələmə alınmışdı. Başlıq günlər ərzində bəzi media orqanlarında hadisəyə siyasi məna çalarları gətirmək, onu xalq qəzəbi kimi təqdim etmək niyyətinə alternativ seçilmişdi və məncə, yazı çox uğurlu alınmış, orada peşəkar yanaşma tərzi ifadə olunmuşdu.

Azərbaycanda baş verən siyasi proseslərlə bağlı fikir yürütmək niyyətindən uzaq olsam da, bəzi media orqanlarının onda iştirakını və bu iştirakın getdikcə aşkar xarakter daşıdığını göstərməyə bilmərəm. Deməliyəm ki, mövcud tendensiya mediamızı geri aparır, cəmiyyətdə gərginlik yaratmağa xidmət edir. Bu isə mahiyyətcə inqilab kimi qələmə verdiyimizə, bəzilərimizin təsəvvüründə canlandırdığı böyük, mütərəqqi fundamental dəyişikliklərə deyil, üsyana, anarxiyaya, kütlə hərcmərcliyinə yol açır. Tarixi paralellər aparsaq, inqilabın beşiyi sayılan İngiltərə və Fransa kimi dövlətlərdə 17-18-ci əsrlərdə yaşananları indi inqilab kimi göstərməyənlər, həmin mərhələni yalnız gerilik dövrü kimi xarakterizə edənlər daha çoxdur və bu fikir həmin ölkələrin tarixşünaslıqlarında özünə ciddi yer tapıb. Ümumiyyətlə, Qərb tarixşünaslığı böyük əksəriyyət etibarilə bu qənaətdədir ki, orta əsrlər Avropasındakı dəyişikliklər bir zümrənin, bir insanın digərinə qarşı planlaşdırılmış və idarə olunan qəzəbinin məhsulu kimi meydana çıxıb. Mahiyyət etibarilə sosial etirazlar üzərində köklənən dalğa yaxşıların yox, pislərin, bəzənsə daha pislərin zirvə fəthinə yol açıb. Təbiidir ki, həmin vaxt da media öz «rolunu» oynayıb.

Görək, Mirsirdə «inqilab edən» sosial şəbəkələr onun viran qalmış infrastrukturunu bərpa edərkən də eyni fəallığı göstərəcəklərmi? Liviyada inqilabı mənəvi cəhətdən stimullaşdıran bu şəbəkə ərəbin xarabazara çevrilmiş evinin tikilməsi probleminə də diqqəti cəlb edəcəkmi? İndi Qərb, elə Azərbaycan mediasını da böyük ölçüdə bu məsələlər düşündürmür, hamı diktatorun və ona əks qüvvələrin qol gücü nümayişini səbirsizliklə seyr və müzakirə edir.

İnqilablardan söhbət düşmüşkən bir məqama da toxunmaq istərdim. İnqilabı aclar etmir, onlar qiyama meyillidirlər. İnqilabsa o vaxt baş verir ki, xalq özünü təhqir edilmiş saysın. Fransada ali silk 3-cü silki aşağılamışdı. Rusiyada Pyotr dövründən təhkimçi ağalar xalqla ayrı bir millət kimi davranırdı. “QKÇP” baş verərkən adamlar Yanayevin sifətini, küçədəki tankları görərkən özlərini təhqir edilmiş saydılar. Bütün bu hadisələrdə etirazçılara yaxın media da böyük rol oynadı. Hətta fransız Maratın öz istəyini xalqa çatdırmaq üçün ayrıca qəzeti də varıydı. İndi bu meyl özümüzün bir sıra KİV-lərimizdə də nəzərə çarpır. Bu yaxınlarda qəzetlərin birində oxudum ki, oliqarx məmurun oğlu “qul bazarı”ndan işsiz gənci evində düzənlədiyi məclisə gətirib, boynuna ip salaraq iştirakçılar qarşısında it kimi hürdürüb. İnanmağım gəlmədi. Amma yazının oxucuda yaradacağı emosiyanı təsəvvür etmək çətin deyil. İstər-istəməz hər insanın içində bir ədalət var, bu da onu özünün də təhqir olunduğunu hiss etməyə vadar edir. Təqdimatın nəyə hesablandığı məlumdur..

Sözümün əvvəlində mediamızın ənənələrindən danışdım və əslində onlar ümummedia ənənələrinin, bəşəri prinsiplərin müəyyən mənada zaman-zaman məxsusiləşmiş, belə desək, milli çalarlarla zənginləşmiş, özününküləşdirilmiş tərkib hissəsidir. Elə isə biz, Azərbaycan mediasının təmsilçiləri olaraq nəyə görə öz amallarımızı hansısa siyasi avantüralara görə qurban verməliyik. Məgər azmı qurbanlarımız olub? Hələ əldə etdiklərimizlə itirdiklərimizin yerini doldura bilməmişik axı.

Yazımın siyasi aksiya ərəfəsində çıxması təsadüfdür. Amma hər təsadüfdə bir zərurət var. Odur ki, həmkarlarımı hadisə və proseslərə obyektiv yanaşmağa, peşə həmrəliyi göstərməyə çağırıram. O zaman onlar heç kəsin deyil, yalnız haqqın tərəfini tutmuş olar, özlərinə sahib çıxarlar.

Hər birinizə dərin hörmətlə,

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri



20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »