Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«İki sahil» qəzetinin 20 illik yubileyi ilə bağlı mərasim keçirildi

Qəzet ölkəmizdə media ənənələrinin formalaşmasında özünəməxsus rola və mövqeyə malikdir

Bu gün Azərbaycan Mətbuat Şurasında «Azərbaycanın sosial-iqtisadi həyatı və «İki sahil» qəzeti» mövzusunda «dəyirmi masa» keçirilib. 

Qəzetin 20 illik yubileyinə həsr olunmuş tədbiri açan MŞ sədri Əflatun Amaşov nəşrin ölkəmizin dövlət müstəqilliyinin bərpası ilə həmyaşıd ömür yolu barədə məlumat verib. «İki sahil» son dərəcə əhəmiyyətli olan bir dönəmdə meydana atıldı. Həmin vaxt 20 Yanvar faciəsini yaşayan xalqımızın milli-azadlıq uğrunda mücadiləsinin yeni mərhələsinin nüfuz etmədiyi yaşayış və iş yeri qalmamışdı. Qəzet ilk saylarından böyük rəğbətlə qarşılandı, tez bir zamanda ətrafında geniş oxucu və yazarlar auditoriyası formalaşdırdı. Nəşrin arxivlərdə qorunub saxlanılan sayları Azərbaycanın ikinci dövlət müstəqilliyinin bərpası yolundakı xidmətlərini əyani təcəssüm etdirir. Bu yazılardan dövrün gerçəkliklərinə jurnalistlərimizin vətəndaşlıqdan yoğrulan peşəkar baxışları, cəsarətləri boylanır. Onu da deyim ki, qəzetin məramı aydın idi - sahillərin qovuşması, bütövləşmə ideyalarının gerçəkləşməsi. Bu isə ilk növbədə müstəqilliyin təminatından, suveren dövlət kimi təməllərinin möhkəmlənməsindən başlanmalıdır. “İki sahil”də indinin özündə də bu səpkili materialları oxumaq xoşdur», - deyə o bildirib. Şura sədri həmçinin nəşrin hazırda Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı rol barədə məlumat verib. Qeyd edib ki, qəzet ölkəmizdə media ənənələrinin formalaşmasında özünəməxsus rola və mövqeyə malikdir.

«İki sahil» qəzetinin təsisçisi olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin maliyyə-uçot idarəsinin rəis müavini Rəşid Hüseynov müasir dövrdə ölkəmizdə neft sanayesinin inkişaf xüsusiyyətlərindən söhbət açıb və bu prosesdə yubileyi qeyd edilən kütləvi informasiya vasitəsinin müstəsna xidmətlərinin olduğunu önə çəkib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli çıxışında «İki sahil» qəzetinin ilkin formalaşma mərhələlərindən söhbət açıb. «Vəziyyətin çox gərgin olduğu vaxtlar idi. O zaman Qəzet-Jurnal Ekspedisiyası deyilən qurumun rəisi vəzifəsini tuturdum. Nəşrlər müəyyən qrafiklə çıxırdılar. Lakin problemlər yarandıqda bu qrafik pozulurdu və onda onların rəhbərləri qəzetlərinin çıxa bilmələri üçün bizə müraciət edirdilər. Vüqar Rəhimzadə ilə tanışlığım da beləcə olmuşdu. «İki sahil»in məsul katibi kimi yanıma gəlmişdi. İkinci dəfə gələndə artıq redaktor idi. Onu da deyim ki, həmin vaxt qəzet ümummilli liderimiz Heydər Əliyevin dönməz müdafiəçisi qismində çıxış edirdi. Bu, sıradan məsələ deyildi və böyük cəsarət tələb edirdi. «İki sahil» və onun kollektivi bu yükü böyük məharətlə daşıyırdılar. Sonrakı illərdə onların fədakarlıqları Heydər Əliyev cənablarının özü tərəfindən də dəfələrlə vurğulanmışdı», - deyə o bildirib.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hazırkı qəzet bolluğunda hansısa nəşrin cəmiyyətdə özünə yer tapa bilməsini olduqca çətin proses kimi dəyərləndirib. «Bu mənada «İki sahil» böyük vəzifənin öhdəsindən gəlib. Özünə geniş oxucu auditoriyası toplaya bilib», - deyə o əlavə edib. B.Sadıqov Azərbaycanın uğurlu neft strategiyasının həyata keçirilməsində də «İki sahil» qəzetinin müstəsna rolunu önə çəkib və eyni zamanda bildirib ki, qəzetin ən mühüm xüsusiyyətlərindən biri dəst-xəttinə sadaqətidir: «Bu xətt müxtəlif dövrlərdə müxalif də olub, iqtidaryönümlü də. Amma prinsiplər dəyişməz qalıb. Heç vaxt sapmalar olmayıb. Fikrimcə, ötən müddət ərzində nəşri xarakterizə edən vacib cəhətlərdən biri və ən başlıcası elə budur».

«Olaylar» qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz də çıxışında «İki sahil» qəzetinin ağır məhrumiyyətlər dönəmində nəşrə başlamasını və fəaliyyətini cəsarət nümunəsi kimi xarakterizə edib: «Mən «İki sahil»ə kimin rəhbərlik etməsi məsələsinə diqqət yetirmək istərdim. Vüqar Rəhimzadənin o zamankı işi doğrudan da cəsarət və qorxmazlıq, eyni zamanda qətiyyət tələb edirdi. O, ölümü belə gözünün ardına alan insan olub. Qəzeti yüksək əzmkarlığı bahasına indiki səviyyəyə qaldırıb».

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas bildirib ki, «İki sahil» qəzeti öz fəaliyyəti ilə Azərbaycanın media məkanındakı boşluqları çox məharətlə dolduran mətbu orqandır. Nəşr həmçinin ikiyə bölünmüş Vətənimizin simvoludur: «Qəzet milli dövlətçiliyimizin və ideologiyamızın təbliğində əvəzsiz rol oynayıb. Dəst-xəttinə həmişə sadiq olub, bu gün də sadiqdir».

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Bakı Dövlət Universitetinn professoru Musa Qasımlı «İki sahil» qəzeti barədə fikirlərini bölüşərkən bunları bildirib: «İki sahil» deyəndə yada ilk düşən Arazın iki sahilidir. Qəzetə olan ümumxalq rəğbəti bundan qaynaqlanıb. Rəğbət həmişə olub. Lakin bununla yanaşı nəşri bizlərə sevdirən mühüm amil də var ki, o da onun yaradıcı kollektividir. Mən Vüqar müəllim başda olmaqla bu kollektivin əməyini yüksək qiymətləndirirəm. Onlar tarixdə yaşayacaq bir nəşr ərsəyə gətiriblər. Özləri bir tarix yaradırlar».

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da yubileyi qeyd edilən nəşrin 20 illik fəaliyyət tarixindən söhbət açarkən onun uğurları üçün çalışan kollektivin əməyini fərqləndirib. «Bununla belə nəşrin təsisçisi olan Dövlət Neft Şirkətinin rəhbərliyinə də təşəkkürümü bildirmək istərdim. Azərbaycanın müstəqillik tarixi ilə bağlı nəşri yaşadırlar, onun yüksək səviyyədə təminatına dəstək olurlar», - deyə o bildirib.

«İki sahil» qəzetinin oxucularının əhəmiyyətli qisminin neftçilərdən ibarət olduğunu
vurğulayan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev diqqəti mətbu orqanın ölkəmizdə neft stratigeyasının həyata keçirilməsindəki roluna yönəldib: «Dövlət Neft Şirkəti bu stategiyanın artıq reallığa çevrilmiş uğurlarında danılmaz pay sahibidir. Şirkətin hər hansı fəaliyyət sahəsi istər ölkəmizdə, istərsə də xaricdə Vətənimiz adına böyük hadisədir. Hazırkı yüksək mərhələyə illərlə, gərgin əmək və zəhmətlər bahasına çatılıb və bu yaşantıların hər birində «İki sahil»in izi var. Bir məsələyə də diqqətinizi çəkim - indiyədək qəzetlə onun təsisçisi arasında hansısa fikir ayrılıqları olmayıb. İnanıram ki, heç vaxt olmayacaq da. Çünki nəşr rəhbərliyi işini bilən, peşəkarlığı ilə seçilən şəxslərdən təşkil olunub və bu, artıq ənənəyə çevrilib».

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında bildirib ki, 20 ilik ömür yolu bir qəzet üçün böyük zaman kəsiyidir. O, ötən müddətin problemlərsiz və çətinliklərsiz ötüşmədiyini deyib və yubilyar nəşrin bütün bunları bir növ çiyinlərində daşıdığı məqamları səciyyələndiririb. «İki sahil»in müstəqil mövqeyə əsaslanan kursunun prinsipial cəhətlərinə toxunan E.Mirzəbəyli də mətbu orqanın hazırkı statusa yiyələnməsində onun baş redaktoru Vüqar Rəhimzadənin rolunu önə çəkib. «İstərdik ki, «İki sahil»in əsas xəbərlərindən biri «İki sahil qovuşdu» olsun», - deyən Mirzəbəyli fikrini tamamlayıb.

«Zaman-Azərbaycan» qəzetinin baş direktoru Süleyman Ünal «İki sahil» qəzetinin 20 illik həyatını bir zirvə fəthinə gedən yol kimi dəyərləndirib. «Artıq o zirvə fəth olunub. İndi əsas məsələ zirvədə qalmaqdır. Düşünürəm ki, Vüqar bəy başda olmaqla nəşrin kollektivi həmin vəzifənin öhdəsindən gəlir və gələcəkdir», - deyə o əlavə edib. S.Ünal həmçinin bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da aktiv fəaliyyətlə məşğuldur. Qurumun uğurları dünya miqyaslı bir prosesə çevirilib. Buna görə də baş direktor şirkətin adına rast gəlinən hər bir ölkədə «İki sahil»in yayımlanması təklifi ilə çıxış edib. Bunu Azərbaycanın təbliği nöqteyi-nəzərdən faydalı iş kimi səciyyələndirib. S.Ünal habelə KİV-in beynəlxalq miqyasda yayılması üçün onun müxtəlif dillərdə nəşrinin vacibliyinə də diqqət çəkib.

«İki sahil» qəzeti barədə səslənən xoş sözlərə qoşulduğunu deyən ARDNŞ-in nümayəndəsi Əsgər Aslanov nəşrin Azərbaycanın neft sənayesinin son 20 illik tarixinin yaradılmasında böyük pay sahibi olduğunu vurğulayıb. O bildirib ki, mətbu orqanın bu müddət ərzində çıxan saylarının hər biri sahəyə dair elmi işlər üçün geniş mənbə rolunu oynamaqdadır.

Vaxtilə «İki sahil»də çalışmış əməkdar jurnalist Şəmsiyyə Musaqızı və «Respublika gəncləri» qəzetinin baş redaktoru Nazilə Rafiqqızı çıxışlarında bu kütləvi informasiya vasitəsi barədə xatirələrini bölüşüblər. Onlar qəzetin hazırkı səviyyəyə çatmasında baş redaktor V.Rəhimzadənin səriştəsini, KİV-in hər zaman peşəsinə sadiq jurnalistlərlərdən təşkili amilini xüsusi qeyd ediblər

Təbriklərə qoşulan «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydıınoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, «Ekspress» qəzetinin baş redaktoru Qəzənfər Bayramov, «Palitra» qəzetinin baş redaktoru Namiq Əliyev, «Ədalət» qəzetinin baş redaktor müavini Məzahir Əhmədoğlu, Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev və başqaları bildiriblər ki, «İki sahil» qəzeti neft sənayemizin, iqtisadiyyatımızın inkişaf templərini günbəgün işıqlandıran nəşr təsiri bağışlamaqla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında da aktiv rol oynayır. KİV-də müxtəlif rubrikalar altında təqdim olunan məqalələr yüksək peşəkarlığı ilə seçilir.

Azərbaycan Jurnalistlər Birliyinin katibi Şahin Hacıyev tədbirdə «İki sahil» qəzetinin bir qrup əməkdaşına AJB-nin fəxri diplomlarını təqdim edib.

Sonda çıxış edən baş redaktor V.Rəhimzadə «İki sahil» qəzeti barədə deyilən xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib: «Bu gün mənim həyatımda, eləcə də «İki sahil»in ömür yolunda çox əlamətdar bir gün yaşandı. Hər birinizə dərin minnətdarlığımı bildirirəm. Əmin edirəm ki, bundan sonra da Azərbaycan dövlətçiliyinə, onun siyasi kursuna sadiq olacağıq».


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »