Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında «İşıq» qəzetinin 100 yaşına həsr olunmuş mərasim keçirildi

Tədbirdə ölkəmizin qadın mətbuatının müasir durumu ətrafında da müzakirələr aparıldı

Bu gün Mətbuat Şurasında Azərbaycanda ilk qadın nəşri olan «İşıq» qəzetinin 100 yaşı ilə bağlı mərasim keçirilib.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov mətbu orqanın yaranma tarixindən bəhs edərək onu XX əsrin əvvəllərində cəmiyyətdə maarifçilik ideyalarının yayılmasında müstəsna rol oynadığını önə çəkib: «Həmin dövrdə Azərbaycanın ziyalıları və mətbuatı müsəlman qadınının azadlığı uğrunda mübarizə aparmaq kimi məsul bir vəzifəni öz üzərinə götürmüşdür, qadınların təhsil, ailə-nigah, sosial problemlərinin ictimai şüura çatdırılması yolunda gərgin əmək sərf etmişdir. Bu o zaman olduqca çətin bir vəzifə idi. Üzərindən neçə müddət keçməsinə baxmayaraq «İşıq» örnəkdir. Baxmayaraq ki, nəşrin cəmi 68 sayı işıq üzü görmüşdü. Bütün bunları nəzərə alaraq ölkədə qadın jurnalistikasının inkişafında xidmətləri olan şəxslərin yaradıcılıqlarının qiymətləndirilməsi üçün «İşıq» qəzetinin şərəfinə eyni adlı mükafatın təsis olunması əhəmiyyətli addım olardı», - deyə o vurğulayıb. Ə. Amaşov həmçinin bu kimi mətbu orqanlar, eləcə də orada çalışan qadın jurnalisitlərin həyat və yaradıcılığı ilə bağlı geniş araşdırmaların aparılmasına zərurət duyulduğunu deyib.

«İşıq» qəzetinin tədqiqatçısı, tarix elmləri namizədi Amaliya Qasımova çıxışında nəşrin öyrənilməsi istiqamətində apardığı geniş araşdırmalar barədə məlumat verib. O bildirib ki, «İşığ»ın ilk nömrəsi çapa gedəndə bu, cəmiyyətdə böyük səs-küy doğurmuşdu: «Onun xarakterik cəhəti fikir müxtəlifliyində idi. Qəzet Azərbaycan qadınını azadlığa səsləyirdi. Redaktoru Xədicə xanım Əlibəyova Azərbaycanda ilk qadın redaktor kimi tarixə düşüb. Mən təklif edərdim ki, «İşığ»ın ilk sayının çapdan çıxdığı gün - yanvarın 22-i Azərbaycanda qadın jurnalistikası ilə bağlı xüsusi gün olaraq qeyd edilsin. Eyni zamanda nəşrin fəaliyyət göstərdiyi binanın önündə xatirə lövhəsi vurulsun. Bundan başqa ilk qadın redaktor kimi Xədicə xanımın yaşadığı binanın qarşısında barelyefinin vurulması arzu olunandır. Ümid edirəm ki, Mətbuat Şurası mövcud istiqamətlərdə işlərin aparılması üçün öz köməyini əsirgəməyəcək».

«Elm və həyat» jurnalının redaktor müavini Ülkər Hüseynova bildirib ki, «İşıq» qəzeti geniş imkanlara malik olmamasına, daimi işçi heyətinin məhdudluğuna baxmayaraq, Azərbaycan qadınının, bütövlükdə müsəlman qadın aləminin qarşısında duran problemlərin və onların həlli yollarının araşdırılmasında əvəzedilməz işlər görüb. Qəzet maarifçi ideyalarla gündəmə gəlmiş, qadınların taleyini düşünməyə, maarifə, bir növ, zülmdən işığa səsləməklə ziyalı qadınlarımızı səfərbər etmişdir. «Nəşrin redaktoru Xədicə xanımın Həlimə xanım Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə, Asya Axundova, Nabat Nərimanova kimi qadın müxbirlərin yetişməsində müstəsna pay sahibi olmuşdur», - deyən Ü.Hüseynova qəzetin miras qoyduğu irsin dərindən öyrənilməsinə ehtiyacın duyulduğunu deyib.

«Azərbaycan» qəzetinin əməkdaşı Flora Xəlilzadə çıxışında «İşıq» qəzetinin mətbu yaradıcılıq nümunəsi kimi tanınma mərhələlərindən söhbət açıb. O deyib ki, müxtəlif vaxtlarda nəşrin qəzet, yoxsa jurnal olması barədə tədqiqatçılar arasında mübahisələr olub: «Elmi nəşrlərdə və orta məktəb dərsliklərində «İşıq» qəzeti əvəzinə, «İşıq» jurnalı yazılırdı. Artıq bu hal aradan qaldırılmaq üzrədir. Mən buna görə Amaliya xanıma təşəkkür edirəm. Məsələyə tam aydınlıq gətirilməsində, ümumiyyətlə nəşrin miras qoyduğu irsin öyrənilməsində böyük zəhmət sərf edib».

«Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay «İşıq» qəzetində çalışan qadın jurnalistlərin Azərbaycan mətbuatının, qadın jurnalistikasının siması olduqlarını deyib: «Xədicə xanımla yanaşı «İşıq» qəzetinin ərsəyə gəlməsində həyat yoldaşı Mustafa Əlibəyovun da rolu böyük olmuşdur. O zaman üçün bunu etmək çox çətin məsələ idi. Cəmiyyətdə qadın hüquqlarına birmənalı yanaşılmırdı. Bu mənada həyat yoldaşları ilə birgə belə bir işi həyata keçirdiyi üçün Mustafa Əlibəyovun da rolu xüsusi vurğulanmalıdır»

«Azərbaycan» qəzetinin əməkdaşı Rəsmiyyə Rzalı «İşıq» qəzetinin cəmiyyətdə milli vətənpərvərlik ruhunun aşılanmasındakı müstəsna roluna dair maraqlı faktlar açıqlayıb: «Qəzet anaları öz övladlarını Qafqaz İslam Ordusuna yazdırmağa çağırırdı. Vətən, müstəqillik uğrunda mübarizəni təlqin edirdi. Bu, son dərəcə vacib məqamdır. İstərdim ki, nəşrin fəaliyyətinə bu cəhətdən də qiymət verilsin», - deyə o bildirib.

Çıxış edən qadın jurnalistlərdən Aygün Həsənova, Nigar Almanqızı, Arzu Soltan və başqaları «İşıq» qəzetində qaldırılan ideyaların Azərbaycan qadınının bu günü üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. MŞ İdarə Heyətinin üzvləri - «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu isə çıxışlarında «İşıq» qəzetinin Azərbaycanda qadın mətbuatının bayraqdarı kimi özünə layiq yer tutduğunu vurğulayıblar. Onlar Azərbaycanda qadın jurnalistikanın inkişafı ilə bağlı sistemli fəaliyyətin həyata keçirilməsinin vacibliyini önə çəkiblər.

Sonda çıxış edən «İşıq» qəzetinin ilk redaktoru olmuş Xədicə xanım Əlibəyovanın nəvəsi, kinorejissor Cəmil Fərəcov toplantı iştirakçılarına təşəkkürünü bildirib.



13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »