Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər” kitabının təqdimatı keçirildi

Kitaba mütəfəkkirin 200-ə yaxın əsəri daxil edilib

Bu gün Azərbaycan Mətbuat Şurasında “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər” kitabının təqdimatı keçirilib. M.Ə.Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovun uzun və səmərəli axtarışlarının nəticəsi kimi ərsəyə gələn nəşrlə bağlı mərasimi MŞ sədri Əflatun Amaşov açıb.

Ə.Amaşov bildirib ki, M.Ə.Rəsulzadə deyəndə ötən əsrin əvvəllərində milli şüurun oyanışı, unudulmaqda olan dövlətçilik ənənələrinin bərpası, mövcud istiqamətdə həyata keçirilən gərgin və məqsədyönlü işlər yada düşür. Həmin dövrün mənzərəsi anbaan göz önündə canlanır. Dahi mütəfəkkirlə birgə Azərbaycan Xalq Cumhuriyyəti xadimlərinin hansı məziyyətlər hesabına fəaliyyət göstərmələrinə dair əyani təsəvvür formalaşır. Bütün bu cəhətlər M.Ə.Rəsulzadə irsinin dərindən öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirməkdədir. «Bu iş çox məsuliyyətlidir, ağır zəhmət tələb edir. Təqdimatına toplaşdığımız nəşrin müəllifi, hamımızın ağsaqqalı Şirməmməd müəllim həmin məsuliyyəti və zəhməti çiyinlərinə götürərək təkcə tədqiqat işi aparmayıb, eyni zamanda böyük bir tarixi missiya yerinə yetirib. Rəsulzadənin əsərlərinin hələlik 3 cildi çıxıb. Hər cildin ərsəyə gəlməsinə təxminən on ilədək vaxt sərf olunub. Bu isə o deməkdir ki, Şirməmməd müəllim ömrünün əhəmiyyətli hissəsini, təxminən 20 ildən artığını dahi mütəfəkkirin irsinin öyrənilməsinə sərf edib», - deyən Ə.Amaşov Ş.Hüseynov yaradıcılığının Azərbaycan jurnalistikasına, elminə, ictimai fikir mühitinə örnək səciyyə daşıdığını vurğulayıb, ona qarşıdakı elmi işlərində uğurlar arzulayıb. Şura sədri səmərəli fəaliyyətinə görə Ş.Hüseynova Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim edib.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra müdiri, professor Cahangir Məmmədli Ş.Hüseynovu bütövlükdə ziyalı mühitimizin müəllimi adlandıraraq bildirib ki, onun yaradıcılığı, tükənməz enerjisi Azərbaycan klassikasına, jurnalistikasına, ədəbi-bədii fikrinə olan sonsuz məhəbbətindən qaynaqlanır. Təqdimatı keçirilən kitabı da bu baxımdan dəyərləndirən C.Məmmədli müəllifin fundamental elmi fəaliyyətinin gələcək nəslə nümunə kimi göstərilməsinin böyük fəxr olduğunu önə çəkib. O, həmçinin «525-ci qəzet»in Ş.Hüseynovun Azərbaycanın ictimai fikrinin formalaşmasında müstəsna xidmətləri olan şəxslər haqqında qələmə aldığı materialların müntəzəm təqdimatında, cəmiyyətə çatdırılmasında sistemli iş gördüyünü, belə yazıların verilməsini ənənəyə çevirdiyini minnətdarlıq hissləri ilə vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü Aqil Abbas Ş.Hüseynov yaradıcılığını xarakterizə edərkən bildirib ki, məhz onun gərgin əməyi nəticəsində M.Ə.Rəsulzadə kimi vətən övladı xalqına yenidən qaytarıldı. A.Abbas 20-ci əsrin əvvəllərində Rəsulzadənin Azərbaycanın müstəqillik hərəkatında misilsiz rol oynadığını vurğulayaraq müəllifə onun kimi tarixi şəxsiyyət barədə zəngin xəzinəni ərsəyə gətirdiyi üçün təşəkkürünü bildirib.

BDU-nun jurnalistika fakultəsinin dekanı, professor Şamil Vəliyev AXC dövrünün, eləcə də müstəqilliyə aparan tarixi yolun tədqiqinin müstəsna əhəmiyyətinə toxunub. O, mövcud istiqamətdə hələ bir sıra həqiqətlərə aydınlıq gətirilmədiyini, onların daha dərindən öyrənilməsinə ehtiyacın duyulduğunu vurğulayıb. Təqdimatı baş tutan kitabın bu mənada dəyərli məxəz olduğunu deyən Ş.Vəliyev əsərdə M.Ə.Rəsulzadənin azad, demokratik fikir, plüralizm kimi dəyərlərə münasibətinin ifadəsi olan baxışlarının günümüz üçün də aktual səciyyə daşıdığına diqqət çəkib.

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid M.Ə.Rəsulzadə yaradıcılığının yüksək peşəkarlıqla araşdırılmasının və cəmiyyətə çatdırılmasının zəruriliyinə toxunaraq yeni çapdan çıxmış əsəri Ş.Hüseynovun hədsiz məsuliyyətinin, öz işinə olan dərin inamının və böyük şövqünün məhsulu kimi dəyərləndirib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov bildirib ki, hər bir kitab, əsər fundamentallığı, mahiyyəti, dəst-xətti ilə özünün müəllifinə bənzəyir. Ş.Hüseynov da öz xarizması ilə təkcə jurnalistika fakultəsi deyil, bütövlükdə BDU üçün etalondur, dəyərdir. Onun M.Ə.Rəsulzadə ilə bağlı ortaya qoyduğu elm iş isə neçə-neçə gələcək tədqiqatlar üçün də dəyərli mənbədir.

BDU-nun professoru Nəsir Əhmədli, «Olaylar» qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz çıxışlarında Ş.Hüseynov yaradıcılığını, xüsusən də M.Ə.Rəsulzadə irsinin öyrənilməsindəki əməyini böyük fədakarlıq nümunəsi kimi qiymətləndiriblər.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, professor Solmaz Tohidi-Rüstəmova müəllifin ortaya qoyduğu əsərin müstəsna əhəmiyyətinə diqqət çəkməklə yanaşı, bəzi kütləvi informasiya vasitələrində AXC dövrünə, eləcə də şəxsiyyətlərinə qarşı düşünülməmiş, heç bir fakta və reallığa söykənməyən mülahizələrin yer almasını qeyri-məqbul sayıb. Belə xoşagəlməz nümunələri ortaya qoyanların tarixi mirasımıza cəbhə açmaq niyyətlərindən təəssüfünü ifadə edib.

Sonda “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər” kitabının müəllifi, qocaman professor Şirməmməd Hüseynov çıxış edib. O bildirib ki, tarixi şəxsiyyətlərin fəaliyyətinin öyrənilməsi vacibdir. Çünki onların hər birində mənsub olduqları millətlərin daşıyıcısı olduğu xüsusiyyətlər var. Görkəmli şəxsiyyətlərin öyrənilməsində İslam, Şərq aləmi üçün xarakterik mənfi stereotiplərin mövcudluğunu önə çəkən Ş.Hüseynov bildirib ki, o dövrdə də M.Ə.Rəsulzadə şəxsiyyətinin demokratik, mütərəqqi ruhlu olmasına dair fikrin qəbulu bu məkan üçün tam fərqli hadisədir. Dahi mütəfəkkirlə bərabər AXC dövrünün digər xadimlərinin irsinin də öyrənilməsinin vacibliyindən danışan alim müəllifi olduğu kitabın qəhrəmanının həyat və yaradıcılığı, siyasi və mənəvi dünyagörüşü ilə bağlı maraqlı faktlar açıqlayıb. Toplantı iştirakçılarına təşəkkürünü bildirib.



20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »