Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
"Azərbaycan Jurnalsitlərinin Peşə Davranışı Qaydaları"

Sənəd 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilib. ATƏT və Mətbuat Şurasının birgə layihəsi əsasında 2010-cu ilin sentyabrında təkmilləşdirilib

PRİNSİP 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik

1.1  Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.

1.2  Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir.

1.3  Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra  bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın.

PRİNSİP 2: İnformasiya qaynaqlarına sayğılı yanaşma

2.1 Təşkilatların, partiyaların, cəmiyyətlərin, birliklərin və hər hansı digər maraqlı qrupların rəsmi məlumatları yayılarkən mənbə mütləq göstərilməlidir. Lakin bilgi verən şəxs adının gizli saxlanması şərtini irəli sürürsə, jurnalist və informasiya orqanı bu şərtə mütləq əməl etməlidir. İnformasiya qaynağının gizliliyi qorunmalıdır.

2.2 Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır. Başqa mətndən və ya çıxışdan sitat gətirərkən jurnalist həmin sitatın harada başlandığını və bitdiyini dəqiq bildirməlidir. Foto-simvolların (illüstrasiya, fotomontaj və sair) dərci zamanı şəklin sənədli xarakter daşımadığı qeyd olunmalıdır. Yazıların sərlövhələri onun məzmununa uyğun gəlməlidir. 

2.3. Jurnalist çalışmalıdır ki, götürdüyü müsahibəni onu verən adamın özü, yaxud da vəkil etdiyi şəxs imzalasın. Bu, mümkün olmadıqda, müsahibənin hansı şəkildə çap ediləcəyi, hətta jurnalistin özünün verdiyi sualların belə sonradan dəyişdirilib-dəyişdirilməyəcəyi müsahibə öncədən bildirilməlidir. 

2.4. Jurnalistin müstəsna hal kimi digər imkanları mövcud olmadıqda, ictimai əhəmiyyət kəsb edən informasiyanın əldə edilməsi üçün xüsusi avadanlıqlardan (gizli kameralar, gizli mikrofonlar və sair gizli vasitələrdən) və ya üsullardan (“qurama” kimlik və s. ) istifadə edə bilər. 

2.5. Jurnalist məlumatların və ya təsvirlərin əldə edilməsi məqsədi ilə hədələməyə, güc tətbiqinə və ya təhdidə yol verməməlidir.

PRİNSİP 3: Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı

3.1. Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli,onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır

3.2. Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır.

3.3. Jurnalist vətəndaşların şəxsi həyatına aid faktları, onlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd deyilsə və ya ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan yaya bilməz. 

3.4. Jurnalist və kütləvi informasiya vasitəsi buraxdığı səhvi, həmin səhvi kimin müəyyən etməsindən asılı olmayaraq, maksimum qısa müddətdə və tam həcmdə aradan qaldırmalıdır. Düzəliş zamanı aydın olmalıdır ki, əvvəl verilən məlumat tam, yoxsa konkret hansı hissədə səhvdir

3.5. Şəxsi xarakter daşıyan məktublar dərc edilərkən onların müəllifindən, göndərildiyi şəxsdən və ya həmin şəxsin varislərindən icazə alınmalıdır.

3.6. Bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai fiqur olduğu hallarda mümkündür. Əgər cinayəti yeniyetmələr və ya uşaqlar (18 yaşı tamam olmamış şəxslər) törədibsə, bu zaman da cinayətkarın adını açıqlamaqdan və şəklini yaymaqdan çəkinmək lazımdır. 

3.7. Jurnalist, cinayətdə şübhəli bilinən şəxsin təqsirsizlik prizumpsiyası hüququna hörmətlə yanaşmalı, onu təqdim edərkən onun cinayətkar kimi yox, şübhəli şəxs qismində saxlanılan şəxs kimi təqdim etməlidir.

3.8. Kütləvi informasiya vasitəsi hər hansı vətəndaşın şübhəli şəxs kimi həbs olunması, yaxud istintaqa cəlb edilməsi barədə məlumat yaymışsa və sonradan onun təqsirsizliyi sübuta yetmişsə, həmin informasiya orqanı bu barədə mütləq xəbər verməlidir.

3.9. Jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, onların hüquqlarına hörmətlə yanaşmalı və onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir. Daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır.

3.10. Cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülmüşsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanan reportajlarda isə bütün tərəflərin fikirləri əks olunmalıdır. Cinayət əməllərinin qurbanları öz kimliklərinin açıqlanmasına razı olmadıqda jurnalist belə şəxslərin kimliyinə həssaslıqla yanaşmalıdır. Seksual təcavüzlə bağlı hallarda bu qaydaya xüsusi əhəmiyyət verilməlidir. Şahidlər öz kimliklərinin açıqlanmasına razı olmadıqda jurnalist, ictimai əhəmiyyət daşımırsa  belə şəxslərin kimliyinə həssaslıqla yanaşmalıdır.

3.11. Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. Jurnalist zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdır.

3.12.Jurnalist və redaksiya terror hadisəsini şişirdən, terrorçuların məqsədinə xidmət edə biləcək qorxu effekti yaradan, terroru təblig edən  və terror hərəkətinə bəraət qazandıran  reportajlar verməməlidir.

PRİNSİP 4: Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması

4.1. Jurnalist cəmiyyəti dəqiq informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı şəxsi, siyasi və ya maliyyə xarakterli həvəsləndirmələr qəbul etməməli, qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə şərait yaratmamalıdır. Jurnalist redaksiya sənədindən və informasiyaya çıxış imkanlarından, habelə, biznes fəaliyyəti və maliyyə  bazarları barədə məlumatlardan şəxsi mənfəət əldə etmək məqsədi ilə istifadə etməməlidir. Jurnalist birbaşa şəxsi marağının olduğu məsələlər barədə reportajlar hazırlamaqdan çəkinməli və belə maraqları olduqda həmin maraqları öz müvafiq reportajında bildirməlidir. 

4.2 Jurnalist redaksiyanın verdiyi qərarlarla media qurumunun kommersiya siyasətini bir-birindən fərqləndirməli və bu barədə dəqiq təsəvvürlərə malik olmalıdır. Jurnalist redaksiyada çalışdığı vaxtda onun və ya işlədiyi informasiya orqanının reputasiyasına gölgə salan, obyektivliyinə inamı azaldan hər hansı başqa işlə məşğul olmaqdan, siyasi təşkilatlara üzvlükdən çəkinməli, siyasi və ya kommersiya xarakterli təzyiqlərə məruz qalmamalı və müstəqil olmalıdır.

4.3. Jurnalist redaksiya mətnləri, marketinq, reklamlar və ya sponsorluq vasitəsi ilə dərc olunan materialları bir-birindən dəqiqliklə fərqləndirə bilməlidir. Redaksiya tapşırığı qanunlara və peşə əxlaqına zidd olduqda, jurnalistin həmin tapşırıqdan imtina etmək hüququ var. Redaktə zamanı jurnalistin fikirləri təhrif olunubsa, o, həmin materialın öz imzası ilə verilməsindən imtina edə bilər.

4.4. Redaksiya sirri Azərbaycan Respublikasının qanunlarının və Peşə Davranışı Qaydalarının pozulması ilə bağlı deyilsə, jurnalist həmin sirri qorumağa borcludur.

4.5. Jurnalist hazırladığı materialı işlədiyi kütləvi informasiya vasitəsinin rəhbərliyi ilə razılaşdırmadan başqalarına təklif edə bilməz.

4.6. Plagiat yolverilməz hərəkətdir. Bütün hallarda ədəbi oğurluğun hər hansı forması qəbuledilməzdir. Jurnalist müəlliflik hüquqlarına və müəlliflik hüquqlarına dair müqavilələrin şərtlərinə hörmətlə yanaşmalıdır. Jurnalist media vasitələrindən götürməklə istifadə etdiyi bütöv materiallar və ya qısa çıxarışların mənbələrini hər bir halda göstərməlidir. Jurnalist digər media vasitələrində dərc olunmuş bütöv materiallardan və ya geniş həcmli çıxarışlardan təkrarən istifadə etdikdə, mütləq müvafiq müəllif və media vasitələrini xəbərdar etməli və həmin mənbələri göstərməlidir. 

4.7. Jurnalist yazılarında vulqar ifadələrin, jurqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginləşməsinə öz töhfəsini verməklə yanaşı, onun təmizliyinin qorunub saxlanmasına da çalışmalıdır.

4.8. Jurnalist zərurət olmadıqca informasiya mənbələrinə pul ödəməməlidir. Lakin ictimaiyyətin əldə etmək hüququnun olduğu informasiyanı toplayarkən ödənişlərə zərurət duyulduğu hallarda belə ödənişlərin həyata keçirilməsi müvafiq reportajda göstərilməlidir. 

4.9. Müxtəlif media vasitələri və media sahəsindəki peşəkarlar arasındakı münasibətlər medianın dürüstlüyünü qoruyub saxlamaq baxımından qarşılıqlı hörmət və vicdanlı rəqabətlə şərtlənməlidir. 

4.10. İctimaiyyətin media vasitələrinin sahibləri və belə vasitələrə nəzarət edənlər barədə məlumatlandırılmaq hüququ vardır. 

4.11. Jurnalist hücuma və ya qərəzli olaraq tənqidə  məruz qalan həmkarlarını dəstəkləməlidir. Bununla yanaşı, peşəkar həmrəylikdən informasiyanın gizlədilməsi və ya təhrif edilməsi üçün bəhanə kimi istifadə edilməməlidir.

Bu qaydaların pozuntusu yalnız o halda əsaslandırıla bilər ki, nəşr olunmuş müvafiq material ictimaiyyətin maraqlarına xidmət etsin. 

 

Bu qaydaların ifadə etdiyi maraqlar nəzərə alınmaqla, “ictimai əhəmiyyət” anlayışı “ictimaiyyət üçün maraqlı” olan informasiya ilə qarışdırılmamalıdır. 


Nəşr olunmuş materiallar ictimai əhəmiyyət kriteriyasına yalnız aşağıdakı hallarda cavab verir:

 

§         sağlamlıq və təhlükəsizliyin qorunması;

§         ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması;

§         ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »