Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Jurnalist Məzahir Əhmədoğlunun «Uembli arayışı» kitabının təqdimatı keçirildi

Kitabda müəllifin son illər yazdığı köşə yazıları, bədii-publisistik məqalələri toplanıb

Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist, «Ədalət» qəzetinin baş redaktor müavini Məzahir Əhmədoğlunun «Uembli arayışı» kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Şura bununla yeni layihənin icrasına başlayır, bir növ, yeni ənənənin əsasını qoyur. Bu, peşəkar baxışları ilə diqqəti çəkən istedadlı həmkarlarımızın yaradıcılıq nümunələrini özündə cəmləşdirən kitabların təqdimatı və müzakirələrinin təşkilidir. M.Əhmədoğlunun Azərbaycanın zəhmətkeş jurnalistlərindən olduğunu vurğulayan Ə.Amaşov onu ölkənin 10-15 ən yaxşı köşə yazarından biri kimi səciyyələndirib. Sakit təbiətli, xeyirxah xislətli, təvazökar bu insana xas keyfiyyətlərin Məzahirin yaradıcılıq nümunələrində boylandığını deyib. «Uembli arayışı»nda dolğun nümunələrin toplandığını bildirən Şura sədri ömrünün kamillik dövrünü yaşayan müəllifin yeni-yeni uğurlara imza atacağına əmin olduğunu dilə gətirib. 

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Abbas çıxışında qeyd edib ki, bu kitabda ölkəmizin, mətbuatımızın keçdiyi bir tarix var. O, publisistikanın incəliklərini görkəmli yazarlardan əxz etdiklərini deyərək M.Əhmədoğlunun indinin istinad olunmalı jurnalistləri sırasında yer tutduğunu söyləyib. A.Abbas bildirib ki, M.Əhmədoğlu «Ədalət» qəzetinin regionlar üzrə baş redaktor müavini kimi nəşrin yerlərdəki nüfuzunun yüksəlməsində müstəsna rol oynayıb.

Xalq şairi Ramiz Rövşən çıxışında M.Əhmədoğlunu yüksək bədii istedad daşıyıcısı kimi xarakterizə edib. Jurnalistikanın hazırda çətin mərhələ yaşadığını deyən R.Rövşən bu baxımdan janrların da böhran keçirdiyini, bəzilərinin isə sıradan çıxdığını vurğulayıb. «Elə yazılar var ki, onlara münasibət bildirmək istəmirsən. Elə yazılar da var ki, müəllifləri ilə polemikaya girmək həvəsi yaranır. Bu tip nümunələr çox azdır. Fikirlərim üst-üstə düşməsə də, maraqlı olan nə varsa, onu diqqətlə nəzərdən keçirmək həvəsindəyəm. Bu mənada Məzahirlə fikirlərimiz də üstü-stə düşür. Kitabı yaşantılarımızın maddiləşmiş sübutu adlandırardım», - deyə o əlavə edib.

Şair-publisist Tofiq Abdin müəllifin etibarlı jurnalistlərdən olduğunu bildirərək Məzahirin publisistikasının bir yerə yığışmasını təqdir edib, həmin nümunələrin hərəsini ayrıca roman mövzusuna bənzədib.

Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov deyib ki, «Ədalət» qəzetinin publisistikamıza xeyli ərməğanları var: «Kitab ona görə ruhən yaxşıdır ki, unudulmuşları unudulmağa qoymur. Bu, təmsil olunduğumuz məclisin başlıca fəaliyyət istiqamətlərindəndir».

«Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay M.Əhmədoğlu yaradıcılığını böyük fədakarlıq nümunəsi kimi dəyərləndirərək müəllifin kitaba da eyni ahənglə yanaşdığını vurğulayıb.

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu yeni kitabı klassik və müasir publisistika arasında qırılmış əlaqələrin bərpasına yönələn cəhd kimi qiymətləndiriblər.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev kitabda gedən nümunələrin sənətkarlıq xüsusiyyətlərindən danışaraq xüsusən «Qəzet məsələsi» yazısının doğurduğu xatirələri yada salıblar. Onlar Mətbuat Şurasının bu qəbildən olan təqdimatlarının jurnalistlərin əməyi olan yeni-yeni əsərlərin cəmiyyətə çatdırılması baxımdan davamlı olacağını bildiriblər.

Novosibirskdə yaşayan şair-publisist Mirkazım Seyidov isə «Uembli arayışı»nı müəllifin ətraf aləmdə baş verən hadisə və proseslərə münasibətini ifadə edən sənət əsəri kimi də dəyərləndirib.

«Aspoliqraf» Nəşriyyatının direktoru Bəhruz Axundov yeni nəşrin xarakterik cəhətlərinə diqqət çəkərək onun qısa zaman ərzində böyük oxucu marağına səbəb olduğunu və sürətlə satıldığını bildirib. O, həmçinin rəhbərlik etdiyi qurumun Mətbuat Şurasının tövsiyyəsinə uyğun olaraq belə nəşrlərin təmənnasız olaraq dərcinə, bu yolla jurnalistlərin yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılmasına dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

M.Əhmədoğlunun uşaqlıq dostlarından Cahangir Hüseynli, Mahir Qarayev, tanınmış jurnalist Məzahir Süleymanzadə, şair-publisist Azər Abdulla və başqaları da kitab barədə rəy və təkliflərini bölüşüblər.



20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »