Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Jurnalistlər üçün hüquqi terminlər lüğəti» kitabının təqdimatı keçirilib

Tədbir Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə baş tutub

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşəbbüsü ilə çapdan çıxan «Jurnalistlər üçün hüquqi terminlər lüğəti» kitabının təqdimat mərasimi keçirilib. 

Mərasimi açan Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, media ölkədə demokratik dövlət quruculuğu prosesinin dərinləşməsində aktiv rol oynayan ictimai institutdur. Onun fəaliyyətinin təkmilləşdirilməsinə və gücləndirilməsinə dəstək vacib əhəmiyyət kəsb edir. Mövcud reallığı nəzərə alan Azərbaycan dövləti kütləvi informasiya vasitələrinə sistemli, kompleks qayğı ənənəsinin əsasını qoyub və bununla bağlı siyasət yeni çalarlarla zənginləşdirilməkdədir: «Media ilə əlaqələlərin gücləndirilməsi dövlət qurumları qarşısında duran mühüm məsələlərdəndir. Respublika Baş Prokurorluğunda bununla əlaqədar ciddi iş aparılır. Qurumun ictimaiyyətlə əlaqələr sahəsindəki işi gücləndirilib. Ümumən fəaliyyətimiz bir istiqaməti əhatə etmir. Eyni zamanda jurnalistlər üçün yardımçı vəsaitlər də hazırlayırıq. 2005-ci ildə çapdan çıxmış «Jurnalistlər üçün hüquqi terminlər lüğəti» bu mənada dəyərli kitablardandır. Hesab edirəm ki, bu gün həmin kitabın təqdimatını keçirdiyimiz yeni, daha əhatəli nəşri media təmsilçilərinin hüquqi biliklərinin artırılmasında, peşəkarlıqlarının dərinləşdirilməsində öz rolunu oynayacaq».

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluğun media ilə əlaqələrinin daim yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. O deyib ki, qurum fəaliyyəti ilə bağlı informasiyaların cəmiyyətə çatdırılması işini təkmilləşdirmək üçün konkret tədbirlər həyata keçirib. Prokurorluq orqanlarında məlumat verilməsinə məsul şəxslərin sayı çoxaldılıb. Həmiçnin şəhər və rayon prokororluq orqanlarının da mediaya birbaşa məlumat vermək səlahiyyəti var. Baş Prokurorluğun veb-səhifəsi dövlət qurumları içərisində ən öncül yerlərdən birini tutur. «Bu gün təqdimatına toplaşdığımız kitab da xoş məramdan, cəmyyətə xidmətdən irəli gəlir. Jurnalistlər üçün olduqca dəyərli olan bu nəşr Mətbuat Şurasının Baş Prokurorluqla əməkdaşlığının belə desək, sayca üçüncü məhsuludur. Bundan öncə Respublika Prokurorluğunun tədris mərkəzində hüquqi mövzuda yazan media nümayəndələri üçün treninq təşkil etmişdik. Daha sonra «Jurnalistlər üçün hüquqi terminlər lüğəti»nin ilk nəşri hazırlandı. Nəfis tərtibatla hazırlanan bu kitab birgə əməkdaşlığımızın üçüncü töhfəsidir. Əminəm ki, qarşılıqlı fəaliyyətimizin daha böyük nailiyyətlər əldə etməyimizə imkan verəcək. Fikrimcə, lüğətin tirajının artırılması zəruridir. Ümumən bu kimi kitabların sayı çoxaldılmalıdır. Mətbuat Şurası müxtəlif qurumlarla birgə jurnalistlər üçün nəzəri vəsaitlər hazırlamaqdadır. Bu günlərdə UNESKO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyası ilə birgə ekoloji mövzuda yazan jurnalistlər üçün kitabça hazırladıq. Mövcud istiqamətdə Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə də əməkdaşlığı gücləndirməyi planlaşdırmışıq», - deyə o bildirib.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisini deputatı Əli Hüseynov bildirib ki, jurnalistlər kitab vasitəsilə hüquqi terminlərin çox dəqiq izahı ilə tanış olmaq imkanı əldə edəcəklər. O, nəşrin media mənsublarının yaradıcılıqlarının daha da təkmilləşməsində, yol verdikləri nöqsanların aradan qalxmasında müstəsna rol oynayacağına inandığını vurğulayıb. «Media kriminal xəbərlərə, eləcə də hüquqla bağlı digər mövzuların təqdimatında daha çox maraqlı görünür. Bu, günümüzün reallığıdır. Bu mövzuda qələmə alınan materiallarda terminlərin düzgün ifadəsi isə təkcə jurnalistlər deyil, bütövlükdə cəmiyyət üçün gərəklidir», - deyən Ə.Hüseynov məlumat verib ki, Mətbuat Şurası ilə əməkdaşlıq çərçivəsində həmçinin mediada hüquqi mövzuların təqdimatını stimullaşdıran birgə tədbirlər də reallaşdırılacaq.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ölkəmizdə söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsini, KİV-lərin inkişafı ilə əlaqədar tədbirlərin görülməsini dövlət siyasətinin prioritet sahəsi kimi xarakterizə edib. Azərbaycanda medianın qanunvericilik bazası və mövcud statistik göstəricilər barədə məlumat verən PA rəsmisi bildirib ki, dövlət qeydiyyatından keçən KİV-lərin sayı 4500-ə yaxınlaşıb. «Onlardan 40-dan artığı televiziya və radio vasitələridir. Media məkanımızda yeni, internet media ciddi şəkildə təşəkkül tapmaqdadır. Amma bu sahədə problemlər də var. Hesab edirəm ki, bu kitab onların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq», - deyən V.Əliyev hər bir dövlət qurumunun özünə aid istiqamətdə jurnalistlər üçün belə maarifləndirici vəsaitlər hazırlamasının vacibliyini vurğulayıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisini deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışında diqqəti jurnalist peşəsinin ağırlığına və daha çox məsuliyyət tələb etdiyinə çəkib. «Ümummilli liderimiz Heydər Əliyevin kitabın girişində də qeyd edilən fikirlərində jurnalistika bu cəhətdən çox səlist xarakterizə edilib. Jurnalistlər cəmiyyəti maarifləndirirlər. Amma onların özlərinin də öyrənmələrinə, bilik və bacarıqlarını artırmalarına ehtiyac var. İstər hüquq sahəsində olsun, istərsə də digər istiqamətlərdə, bu, zəruridir. Kitab olduqca dəyərlidir və o fikri mən də bölüşürəm ki, belə vəsaitlər digər dövlət qurumları tərəfindən də hazırlanmalıdır», - deyə o bildirib.

İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli çıxışına BDU-nun jurnalistika fakultəsində KİV-in hüquqi tənzimlənməsinin ayrıca tədris edildiyini xatırlatmaqla başlayıb. O bu prosesə dəyərli media ekspertlərinin cəlb olunduğunu diqqətə çatdırıb. Azərbaycan dilində ədəbiyyat probleminin mövcudluğunu qabardan C.Məmmədli təqdimatı keçirilən kitabın eyni zamanda həmin sahədəki boşluğu doldurmaq baxımından əhəmiyyətindən söhbət açıb.

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli «Jurnalistlər üçün hüquqi terminlər lüğəti» kitabının elektron variantının da hazırlanmasını və redaksiyalara paylanmasını vacib sayıb. Çıxış edənlərdən MŞ sədrinin müavini Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri - «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, həmçinin «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev və başqaları təklifi dəstəkləyiblər. Onlar kitabın əhəmiyyətli cəhətlərindən biri kimi hüquqi terminlərin izahlı lüğəti ilə yanaşı, ölkəmizin qanunvericilik aktlarının media fəaliyyəti ilə bağlı hissələrindən çıxarışların yer almasını vurğulayıblar.



20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »