Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası «Kaspi» qəzetinin 130 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirdi

Tədbirdə qəzetin yubileyi ilə bağlı işıq üzü görən «Üç əsrin qəzeti» kitabı da təqdim olundu

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Kaspi» qəzetinin 130 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib.

Tədbiri açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan cəmiyyətində ictimai fikrin formalaşmasında mətbuat böyük vasitə olub, bəşəri dəyərlərə xidmət edən funksiya və fəaliyyət müxtəlifliyi baxımdan müstəsna rol oynayıb. Xalqın milli şüurunun oyanışında prinsipial mövqe tutan mətbu orqanlarımız XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq milli müstəqilliyimizə aparan yolda başlıca istiqamətverici missiya daşıyıblar. «Həsən bəy Zərdabinin «Əkinçi»si ilə götürülən ideoloji kurs sonralar «Ziya», «Kəşkül», «Şərqi- Rus», «Molla Nəsrəddin» və digər bu kimi örnəklərlə layiqli davamını tapıb. Ümumilikdə XX əsr tariximizdə dərin iz buraxmış mətbu nümunələrin meydana çıxdığı zamanda milli şüurda azərbaycançılıq ideyasını daşıyan, bu məfkurəni özünəməxsus şəkildə cəmiyyətə çatdıran qəzetlərdən biri də 1881-ci ildə nəşrə başlamış «Kaspi» idi. 1897-ci ildə «Kaspi» neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən alındı və bundan sonra o, dövrün böyük ziyalılarının qəzet ətrafında sıx birləşməsini təmin etdi. Həmin vaxtdan keçən müddət ərzində nəşrin populyarlıq dərəcəsi o qədər artdı ki, artıq Azərbaycanın hüdudlarından kənarda da onun daimi oxucuları yarandı», - deyə o vurğulayıb. «Kaspi» qəzetinin hazırkı dövrdə də tarixi ənənələrə sadiqlik ruhunda fəaliyyət göstərdiyini deyən Ə.Amaşov keçirilən toplantını qəzetlə birgə formalaşmış və inkişaf etmiş azərbaycançılıq məfkurəsinin elmi təhlilinə verilən qiymətin növbəti nümunəsi kimi dəyərləndirib. O, tədbirdə «Kaspi»nin bu ilin aprelindən avqustunadək tədqiqatçılar və jurnalistlər arasında keçirdiyi müsabiqənin laureatlarının da mükafatlandırılacağını, eyni zamanda nəşrin 130 illik yubileyi ilə bağlı işıq üzü görən «Üç əsrin qəzeti» kitabının təqdim ediləcəyini diqqətə çatdırıb.

«Kaspi» qəzetinin rəhbəri, filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyeva çıxışında bildirib ki, yubilyar nəşrin 130 illiyinə ən böyük töhfə jurnalistlər və mətbuat tarixi tədqiqatçıları arasındakı keçirilmiş müsabiqə və həmin müsabiqəyə təqdim olunmuş yazıların yer aldığı «Üç əsrin qəzeti» kitabının təqdimatıdır. «Hesab etdik ki, qarşımızda duran əsas məsələ «Kaspi» qəzetini elmi cəhətdən təhlil etməkdir. Çünki qəzet özlüyündə bir düşüncə məktəbi idi. Onun düşüncə sahibləri Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynamış şəxslərdir. Bu şəxslər özlərinin ictimai-siyasi baxışları, dünyagörüşləri və təfəkkürləri ilə tarixin gedişatına təsir göstərən insanlar olublar. Müsabiqəyə təqdim edilən tədqiqat işləri onlara aid bir sıra yeni tarixi faktları ortaya qoydu ki, bu da işimizin səmərəliliyi baxımından mühüm məqamdır», - deyə o əlavə edib.

S.Vəliyeva çıxışında eyni zamanda diqqəti 1881-1919-cu illərdə fəaliyyət göstərmiş «Kaspi» qəzetinin 1897-ci ildə görkəmli Azərbaycan milyonçusu H.Z.Tağıyev tərəfindən himayəyə götürülməsinə yönəldib. Böyük xeyriyyəçinin qəzetlə birgə eyni adlı mətbəəni də aldığını bildirən S.Vəliyeva bununla da nəşrin kənar təsirlərdən, anti-milli qüvvələrin tribunasına çevrilmək təhlükəsindən qorunduğunu vurğulayıb.

Xanım Vəliyeva 1898-1903-cü illərdə «Kaspi»də ədəbi təndiq rubrikasına rəhbərlik edən dövrün görkəmli ictimai xadimi Əhməd bəy Ağaoğlunun daha çox xalqı düşündürən, millətin taleyi baxımdan önəm daşıyan məsələlərə geniş yer ayırdığını deyib və bildirib ki, belə dəst-xətt mahiyyətcə çar Rusiyası dönəmində mövcud olmuş senzura mühitinin yumşalmasına gətirmiş, yaradıcılıq xüsusiyyətlərinin dərinşləşməsini təmin etmişdir: «O dövrün «Kaspi»si düşüncələrin birliyindən süzülüb gəlmiş və özü ilə birgə ziyalı nəsli də formalaşdırmışdı ki, sonda bu nəslin daşıdığı məfkurə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasında və fəaliyyətində özünü bariz şəkildə göstərmişdi. Bu baxımdan orada faəliyyət göstərmiş Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Məmmədağa Şahtaxtlının, Firidun bəy Köçərlinin, Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının, Sultan Məcid Qənizadənin, Nəcəf bəy Vəzirovun tarixi missiyaları xüsusi vurğulanmalıdır. Hesab edirəm ki, bizim bu gün təqdimatına toplaşdığımız «Üç əsrin qəzeti» kitabındakı materiallar gələcəkdə «Kaspi» ilə bağlı daha fundamental baxışların ortaya qoyulmasına təkan verəcək».

«Kaspi» qəzetinin ilk tədqiqatçısı, filologiya elmləri namizədi, Nizami adına Ədəbiyyat Muzeyinin baş elmi işçisi Samayə Mövlayeva bildirib ki, «Kaspi» qəzeti uzun müddət burjua orqanı kimi təqdim edilib və bu cəhət onun öyrənilməsində, tədqiqində problemlər yaradıb. Əslində isə nəşr liberal yönümlü, demokratik meylli, proqressiv jurnalistika nümunəsi olub. Burada çalışanlar türkçülüyü və millətçiliyi təbliğ etməklə doğma xalqlarının tarixi soykökünə, keçmişinə olan hədsiz rəğbətlərini ortaya qoymuşdular. Xanım Mövlayeva çıxışında həmçinin 1906-1918-ci illərdə Qafqaz Senzura Komitəsində şərq dilləri üzrə senzor vəzifəsini tutmuş Mirzə Şərif Mirzəyevin türklərin buraxdıqları nəşrlərə qarşı ayrıseçkiliyin mövcudluğu ilə əlaqədar fikirlərini diqqətə çatdırıb. O bildirib ki, Qafqaz Senzura Komitəsi heç bir tutarlı əsas olmadan təxribat xarakterli bəhanələrlə türklərin nəşrlərinin çıxmasına maneəçilik törətmək niyyəti güdüb. Bu baxımdan «Kaspi» qəzetinə də mənfi münasibət bəslənilib. Onun da fəaliyyətinə bu və ya digər dərəcədə məhdudiyyət yaratmaq cəhdləri olub.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra müdiri, professor Cahangir Məmmədli «Üç əsrin qəzeti» kitabının xüsusiyyətləri barədə geniş məlumat verərək bildirib ki, nəşrdə «Kaspi»nin XIX əsrin sonu XX əsrin əvvəllərində azərbaycançılıq ideyasının təşəkkülündəki oynadığı müstəsna rola aydınlıq gətirən kifayət qədər elmi, publisistik materiallar cəmləşib. Müasir dövr «Kaspi» qəzetinin də azərbaycançılıq ruhlu fəaliyyətə hər zaman üstünlük verdiyini deyən C.Məmmədli tarixi ənənələrə söykənən mövcud dəst-xəttin qorunmasında nəşr rəhbərliyinin böyük xidmətlərinin mövcudluğunu vurğulayıb. O, qəzetin milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda yazılmış bədii və publisistik əsərlərin müsabiqəsini keçirdiyini, Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr olunmuş nəfis tərtibatlı kitab buraxdığını diqqətə çatdıraraq bildirib ki, görülən işlərin qayəsində tarixi varislik prinsipi başlıca rol oynayıb.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra müdiri, professor Şamil Vəliyev çıxışında bildirib ki, «Kaspi» qəzeti XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın milli həyatının ensiklopedik ideyasıdır. «Təəssüf ki, sovet dövründə ona pantürkist, panislamist damğası vuruldu. Bu, nəşrin tarixinin tədqiqi üçün də xeyli maneələr yaratdı. Əslində isə «Kaspi»nin öyrənilməsi ümumilikdə həmin dövrün öyrənilməsi nöqteyi-nəzərdən yeni baxış formalaşdırır. Çünki XX əsrin əvvəllərində rus dilli mətbuat təkcə bununla məhdudlaşmırdı. «Kaspi» isə özünün coğrafiyasının böyüklüyü, liberal, müstəqil qəzet nümunəsi kimi fərqlənirdi. Bu fərqlilik ictimai-mənəvi həqiqətlərimizin təbliği baxımından da müstəsna önəm daşıyırdı».

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşmasından sonra 1999-cu ildən fəaliyyətə başlamış «Kaspi» qəzetinin ötən müddətdə tarixi sələfinin oynadığı rola sadiqliyi ilə seçildiyini diqqətə çatdırıb. İcraçı direktor nəşrin həyata keçirdiyi tədbirlərin örnək səciyyə daşıyan xüsusiyyətlərindən bəhs edərək onun gələcəkdə daha böyük uğurlara imza atacağına əminliyini bildirib.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, müsabiqənin ekspert komissiyasının sədri Alxan Bayramoğlu «Kaspi» qəzetinin bu ilin aprelindən avqustunadək jurnalistlər və mətbuat tarixi araşdırmaçıları arasında keçirdiyi müsabiqə və onun nəticələri barədə məlumat verib. O, müsabiqəyə təqdim edilən materialların hər birinin dəyərli olduğunu və buna görə də mükafatlandırılmasına qərar verildiyini deyib. A.Bayramoğlu eyni zamanda vurğulayıb ki, onlardan 12-i üstünlük xüsusiyyətləri nəzərə alınaraq 300 manat məbləğində pulla qiymətləndirilib.

«Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli yubileyar nəşrin tarixi missiyasına və hazırkı fəaliyyətinə yüksək qiymət verdiyinə görə konfrans iştirakçılarına təşəkkürünü bildirib. Qəzeti 1918-ci il mart qırğınlarının öyrənilməsində tarixi mənbə kimi xarakterizə edən baş redaktor «Kaspi»nin birbaşa «Əkinçi»dən sonrakı Həsən bəy Zərdabi ənənələrinin davamlılığı baxımından da müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, H.Z.Tağıyev qəzeti öz himayəsinə götürdükdən sonra ilk mühüm addımı Həsən bəy Zərdabinin nəşrin işinə cəlb edilməsi olub. N.Məmmədli vaxtilə hazırkı Sabir adına parkda «Kaspi» qəzeti mətbəəsinin fəaliyyət göstərdiyini deyərək həmin yerdə bu barədə məlumatın əks olunduğu xatirə lövhəsinin hazırlanmasını təklif edib.

Tədbirin sonunda «Kaspi» qəzetinin 130 illik yubileyi ilə bağlı keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »