Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının yaranmasından 9 il ötür

«Mətbuat Şurası sədrinin kabineti bir otaqlı mənzilin mətbəxində idi»

2003-cü ilin bu günlərində, konkret olaraq martın 15-də Azərbaycan mediası üçün bir-birilə bağlı iki əlamətdar tarix yaşandı. Azərbaycan jurnalistlərinin I qurultayı baş tutdu, həm də elə o qurultaydaca Azərbaycan Mətbuat Şurası yarandı. Həmin vaxtdan artıq 9 il keçir. 168.az ötən müddətdə keçilən yolla bağlı düşüncələrini bölüşmək üçün MŞ sədri Əflatun Amaşovla söhbətləşib.

- Əflatun müəllim, Azərbaycan beynəlxalq qurumlara inteqrasiya yolunda öz mediasına, xüsusən də yazılı mediasına müstəqillik verdi. Yəni, ona hər hansı nəzarət funksiyasından daşındı. Ölkəmiz yeni əsrə bir növ, yeni media ilə qədəm qoydu. Sonra nə baş verdi ki, media nəzarətə, bu dəfə ictimai nəzarətə ehtiyac duydu?



- Məncə, tənzimlənməyə duyulan ehtiyac, ifadəsini işlətsək, daha münasib olar. Həmişə bu barədə söhbət düşəndə hörmətli professorumuz Cahangir Məmmədlinin fikrini xatırlayıram. Səhv etmirəmsə, deyirdi ki, vaxtilə «mətbuat azad olsun» ifadəsini səsləndirən bizlər çox keçmədi mətbu sərbəstliklə mübarizə aparmaqda azadlıq istədik.

Mətbuat Şurası jurnalistikanın media azadlığının sui-istifadə təmayülünün artmasına qarşı mübarizə zərurəti kimi meydana çıxdı. Özünə bəlli olan məsuliyyət koteqoriyalarını təşkilatın yaradılması, onun proqram və nizamnaməsinin açıqlanması fonunda bəyan etdi. Həqiqi qələm sahibləri üçün o prinsipləri gözləmək çətin deyildi və indi də çətin deyil. Ona görə ki, onlar mövcud sahədə canlarını qoyublar, məziyyətlərə qatlaşa-qatlaşa hər incəliyə diqqətlə yanaşıblar.

Amma peşəyə tam aidiyyatı olmayanlar var idi ki, belələrinə hansısa formada jurnalistikanın, belə demək mümkünsə, onların yemi olmadığını anlatmaq zərurəti var idi. Düşünürəm ki, Mətbuat Şurası məhz həmin zərurətin dəyərləndirilməsi ehtiyacından yarandı.

- 15 mart 2003-cü il tarixini necə xatırlayırsınız?

- Çox çətin gün idi. Aylardan bəri davam edən qurultay hazırlığının gərginliyi pik nöqtəyə çatmışdı. Qurultay təkcə media caməesini deyil, bütövlükdə ölkə gündəmini məşğul edən hadisəyə çevrilmişdi. Əsəblər tarıma çəkilmişdi. Hamının öz gözləntiləri var idi. Jurnalistlər təbiətcə cəmiyyətin aktiv təbəqələri kimi adları ilə bağlı məsələyə həssas yanaşırdılar.

Hər kəs istəyirdi ki, yeni yaradılacaq Mətbuat Şurasında üstünlük əldə etməklə media ilə bağlı ideyalarını daha geniş anlamda gerçəkləşdirsin. Onların Şuraya bunun real zəmini olaraq baxmaları və qurumda təmsilçilik uğrunda mübarizə aparmaları təbii idi. Gərginlik də bundan qaynaqlanırdı. Jurnalistlərin qurultayı keçmişlərin ssenarisi bəlli olan partiya qurultaylarına bənzəməməli idi və bənzəmədi də. Real rəqabət, hətta deyərdim ki, müəyyən mənada mənafe qarşıdurması da baş verdi.

- …və ortaq mənafelər Əflatun Amaşovun üzərində cəmləşdi?

- Belə demək olar. Əlbəttə, Mətbuat Şurası sədrliyinə iddiam da var idi. Qurultaya hazırlıq işlərində aktiv iştirak edirdim, ali məclisə hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri idim. 15 mart günü rəyasət heyətində təmsil olunurdum. Amma vəziyyət çox qarışıq idi.

Yaxşı yadımdadır ki, qurultayda iştirakçıların Rəyasət Heyətinə namizədlikləri verilirdi. Namizədlərin adlarını qeyd edirdim. Siyahıya xeyli adamın adını yazmışdım. Təsəvvür edin ki, özüm orada yox idim. Hamı yanında-yöyrəsində kim vardısa, adını çəkirdi. Sanki qarşılarında var-gəl edəni görmürdülər. Axırda Rauf Arifoğlu «Əflatun Amaşov» deyəndə özümlə birgə yazdıqlarım adların sayının 40-a çatdığını gördüm.

Sözüm ondadır ki, həmin mənafelərin uzlaşması heç də asan olmadı. Sədr seçkisi də bunu təsdiqlədi. İndiki dostlarımızın bir çoxu qətiyyətlə mənə qarşı idilər. Hər halda sonda hər şey yaxşı qurtardı.

- Əflatun Amaşov Mətbuat Şurasının sədri seçildi, sonra. Yəni…

- Sonra belə oldu ki, böyük hay-küylə yaradılan Mətbuat Şurası «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin kirayə etdiyi kiçik, darısqal mənzildə məskunlaşmalı oldu və bu məskunlaşmanın ömrü 4 il çəkdi. Mətbuat Şurası sədrinin kabineti bir otaqlı mənzilin mətbəxində idi. İcraçı katib, monitorinq üzrə işçi və mühasib isə digər otaqda əyləşirdi.

Qışda divardakı qədim peçi yandırmaq müşkil məsələ idi. Hər dəfə kiminsə əli ütülürdü. Hələ çürük döşəmədəki yırtıqları demirəm. Siçanların içəri yol tapmalarının qarşısını almaq üçün mənzili bir neçə dəfə dərmanlamışdıq. Axırda uşaqlar deşikləri sementlədilər. Onun da xeyri olmadı. Siçanlar prinsipə düşmüşdülər. Döşəmənin başqa yerlərini gəmirirdilər. Hərdən tam sakitlik çökəndə bu işi necə etdiklərinin səsini eşitmək romantikası ilə baş-başa qalırdıq.

Haşiyə çıxım ki, xaricdən qonaqlarımız olanda xəcalətli qalmayaq deyə onları Beynəlxalq Mətbuat Mərkəzinin yaxınlığımızda - Fikrət Əmirov 1 ünvanında yerləşən o vaxtkı ofisində qəbul edirdik. Bir çox tədbirlərimiz, o cümlədən Mətbuat Şurası İdarə Heyətinin, komissiyaların iclasları da həmin məkanda baş tuturdu.

Qeyd edim ki, Mətbuat Şurasının o zamanlar məskunlaşdığı ofisdə Azərbaycan mətbuatı ilə bağlı bir çox vacib qərarlar çıxarıldı, razılıqlara gəlindi, layihələr hazırlandı. Birinci qurultaya hazırlıq mərkəzi də ora idi. Sonradan ofisdə daha üç qurultaya hazırlıq işləri aparıldı. Bir sözlə, çox işlərimiz oldu.

- Əflatun müəllim, ötən 9 il Mətbuat Şurası üçün hansı önəmli hadisələrlə yadda qaldı?

- Mətbuat Şurası təkcə Azərbaycan cəmiyyəti deyil, bütövlükdə postsovet məkanı üçün tamamilə yeni səciyyə daşıyırdı. Qurumu böyük həvəslə formalaşdıran jurnalistlərin özləri də onun mahiyyətinin tam dərkindən uzaq idilər. Qeyd etdiyim kimi, hərə Mətbuat Şurasına öz prizmasından yanaşırdı. Təşkilata ayrı-ayrı qrup və partiya maraqları konketsində baxanlar da tapılırdı. Hər vəclə çalışırdılar ki, Şura bu və ya digər siyasi oyuna qatılsın, siyasi bəyanatlar versin. Vaxtlar olub, iqtidar təmsilçiləri məni müxalifətin, müxalifət isə iqtidarın mənafeyini müdafiədə ittiham edib. Ola bilər, bəzən qərarlarımızdakı ayrı-ayrı motivlər kimlərinsə belə düşünmələrinə əsas verib. Hər halda biz düzgünlüyün tərəfini tutmuşuq. Heç bir kütləvi informasiya vasitəsini nahaq yerə ictimai qınağa çəkməmişik.

Ümumən Mətbuat Şurasının 9 illik fəaliyyət dövrünü bir neçə mərhələyə bölmək istərdim. Bunlardan birincisi 2003-2005-ci illəri əhatə edir. Həmin müddət Mətbuat Şurası üçün ən çətin dövr idi. İstər-istəməz siyasi gərginlik də öz sözünü deyirdi. Haqqında söz açdığımız ittihamların bir çoxu da məhz o mərhələyə təsadüf etmişdi.

Mətbuat Şurası bir-biri ilə mübarizə aparan siyasi qütblərin ruporuna çevrilmiş medianın ortasında dayanıb bir növ, ədalətli hakim funksiyasını daşımalı idi. Payımıza çox çətin missiya düşmüşdü. Azacıq səndələmə və zəiflik təşkilatın nüfuzunu heçə endirəcəkdi. Belə bir məqamda Şura cinahlaşmış mediaya təsiri ola bilən siyasi liderlərin görüşünü təşkil etdi. Tərəflər arasında peşə prinsiplərinə riayət olunması ilə bağlı razılaşmada vasitəçilik rolunu oynadı. Doğrudur, bir qayda olaraq belə anlaşmaların ömrü çox qısa olurdu. Hər halda biz cəhd edirdik. Kəskin konfrantasiyada olan şəxslərin eyni masa ətrafında əyləşmələrinə, heç olmasa, onlara bir insan kimi toxunan məqamları bir-birinə çatdırmalarına şərait yaradırdırdıq ki, bu da müəyyən mənada yumşalmalara gətirirdi.

Bu müddətdə Mətbuat Şurasının qarşısında duran mühüm vəzifələrdən biri cəmiyyəti Nizamnamə tələblərindən irəli gələn fəaliyyət missiya barədə məlumatlandırmaq idi. Şuraya təkcə siyasilər şikayət etmirdilər. Ayrı-ayrı vətəndaşlar, vəzifə sahibləri bu və ya digər qəzetdə nüfuzlarının aşağılanmasından, təhqir və böhtana məruz qalmalarından narahatlıqlarını bildirən müraciətlər ünvanlayırdılar. Məhdud işçi qüvvəsi ilə artmaqda olan tələbatı, prosedur fəaliyyət istiqamətlərini gerçəkləşdirmək zərurəti yaranmışdı. İctimai rəyə təsir göstərən KİV-lərin siyasiləşməsi və qarşılıqlı mübarizəyə başının qarışdığı məqamda onların hər biri üçün müstəsna əhəmiyyət daşıyan dəyərlərə təcavüz yolu tutan «reket nəşr»lər aktivləşirdi. Mətbuat Şurası bu tendensiyaya qarşı da mübarizə aparırdı. Təkcə media ictimaiyyətinin deyil, həm də cəmiyyətin nüfuzunu qazanmağa çalışırdı.

Fəaliyyətimizdəki ikinci mərhələ 2005-ci ildən sonra başlandı və 2010-cu ilədək davam etdi. Mətbuat Şurası bu müddətdə media təmsilçilərinin köməyi ilə jurnalistikamız üçün itirilmiş olan dəyərlərin bərpasına qol çırmadı.

Şura 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illik yubileyinin dövlət səviyyəsində təşkilində yaxından iştirak etdi. Bu mənada ölkə rəhbərliyinə «Əməkdar jurnalist» fəxri adının bərpası ilə bağlı müraciətimizi vurğulamaq istərdim. Həmin vaxt dövlət başçısının məsələyə həssas münasibəti nəticəsində bu ad bərpa olundu. Prezidentin də qatıldığı yubiley mərasimində müstəqillik illərində ilk dəfə olaraq qələm sahiblərinin dövlət orden və medalları, fəxri adları ilə kütləvi mükafatlandırılması haqqında sərəncam oxundu. Bütün bunların jurnalistləri bir mərkəzdə birləşdirməyi hədəfləyən Mətbuat Şurasının fonunda gerçəkləşməsi Şuranın cəmiyyətdəki yerinə və roluna verilən qiymətin bariz nümunəsi idi.

Sonra Mətbuat Şurasının beynəlxalq əlaqələri baxımdan vacib işlər gerçəkləşdirildi. Qurum Avropa Mətbuat Şuraları Alyansına və Dünya Mətbuat Şuraları Assosiasiyasına üzv seçildi. Mövcud istiqamətdə Şuranın İdarə Heyəti üzvlərinin apardıqları fəaliyyətin nəticəsi idi ki, MŞ nüfuzlu beynəlxalq təşkilatların media ilə bağlı tədbirlərinə qatılmaq imkanı əldə etdi. Həmin illərdə xüsusən də Azərbaycan və Türkiyə jurnalistlərinin qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi istiqamətində konfranslar, görüşlər təşkil etdik. 2006-cı ilin dekabrında isə Bakıda Müstəqil Dövlətlər Birliyi məkanında medianın özünütənzimləməsi ilə bağlı ilk qurum olan Azərbaycan Mətbuat Şurasının təcrübəsinin bölüşməsini nəzərdə tutan geniş beynəlxalq konfrans keçirildi. 2007-ci ildə Mətbuat Şurası məskunlaşdığı darısqal, şəraitsiz ofisdən yeni binaya köçdü ki, bu da fəaliyyət intensivliyimizin artmasında mühüm rol oynadı.

Keyfiyyət dəyişikliyi mərhələsini yaşayan Mətbuat Şurası həmin müddətdə bir sıra qanunvericilik təşəbbüsləri ilə də çıxış etdi. Bu mənada «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanunu, eləcə də ölkədə KİV-ə dövlət dəstəyini nəzərdə tutan sənədlə bağlı layihənin hazırlanmasını vurğulamaq istərdim. Bildiyiniz kimi, Şuranın təkliflərinin böyük qismi nəzərə alınaraq 2008-ci ildə «Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinə dövlət dəstəyi Konsepsiyası» qəbul olundu. Bir il sonra Konsepsiyaya uyğun olaraq cənab prezidentin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkiaşfına Dövlət Dəstəyi Fondu yaradıldı. Mətbuat Şurası qurumun formalaşdırılması prosesinə cəlb olundu və dövlət başçısı MŞ-nin namizədləri sırasından Fondun Müşahidə Şurasının tərkibini təsdiqlədi.

2010-cu ildə Cənab Prezidentin birbaşa göstərişi ilə Mətbuat Şurası müasir standartlara cavab verən ofislə təmin olundu. Bu, Şuranın fəaliyyətinə, cəmiyyətdəki yeri və roluna verilən qiymətin növbəti nümunəsi olmaqla yanaşı, bizim üçün eyni zamanda yeni məsuliyyətli mərhələnin başlanğıcı idi.

Cənab İlham Əliyev MŞ-nin binasının açılışında Şuranın İdarə Heyətinin üzvləri ilə görüşdü. Görüşdə mediamızın inkişafı ilə bağlı təşəbbüslər səsləndirdik ki, bunlara da dərhal reaksiya verildi. Dövlət başçısı həmin gün jurnalistlərə mənzil tikintisi üçün vəsait ayrılmasına dair sərəncam imzaladı.

2010-cu ildə başlanan mərhələdə Mətbuat Şurasının reallaşdırdığı ən mühüm tədbirlərdən biri diffamasiya ilə bağlı qanun layihəsini ərsəyə gətirmək olub. Şuranın ATƏT-in Bakı ofisi ilə birgə hazırladığı həmin layihə ölkə rəhbərliyinə təqdim edilib.

Məncə, kifayət qədər əhatəli məlumat verə bildim.

- Əflatun müəllim, Sizcə ötən 9 ildə jurnalistikamızda bilavasitə Mətbuat Şurasının təsiri ilə dəyişən nələr olub?

- Əslində bu barədə danışdım. Konkretliyə gəldikdə, düşünürəm ki, ən mühüm amil peşəkarlıqdır. Jurnalistlərimiz 9 il əvvəllə müqayisədə daha məsuliyyətli olublar. Hadisə və proseslərə yanaşmalarında kifayət qədər yetkinlik var. Tərəfsizlik, qərəzsizlik prinsiplərinə riayət sahəsində də uğurlar əldə etmişik. Uğurları təkcə tam mənada Mətbuat Şurasının adı ilə bağlamaq düzgün olmaz. Burada hər bir həqiqi qələm sahibinin əməyi var.

Düşünürəm ki, Azərbaycanda söz sənəti həmişə obyektivliyə, bəşəriliyə meyl göstərib və bu meyl onun təbiətindən irəli gəlib. Sadəcə müəyyən vaxtlar olub ki, həmin dəyərlər bəzi amillərin təsiri ilə arxa plana keçib. Düşünürəm ki, Mətbuat Şurasının ötən 9 ildəki missiyası böyük hesabla onların tamamilə itib-batmasına yol veməməkdən ibarət oldu.

Az əvvəl söz açdığım «reket jurnalistika» Azərbaycan mətbuatındakı neqativ tendensiyanın mühüm göstəricisidir, ümumilişdirilmiş obrazıdır. «Reket nəşr»lərin mövcudluğu cəmiyyətin jurnalist peşəsinə, bu peşənin daşıyıcılarına mənfi münasibətinin başlıca səbəblərindəndir. Zənnimcə, Mətbuat Şurasının 9 illik fəaliyyəti belə neqativ hallara qarşı jurnalist ictimaiyyətinin daxili etirazını formalaşdıra bildi. Yəni, cəmiyyət bizlərdən olmayanların bizlərdən olmadıqlarını dərk etdi. Dəyişikliyin mühüm göstəricisi kimi bunu vurğulaya bilərəm.

- Sizcə, jurnalistikamız ötən müddətdə nəyi əldə etməli idi, amma bu baş vermədi?

- Media maksimalist ruhludur. Çox şeyə nail olmaq istəyir. Mətbuat Şurası da medianın tərkib hissəsidir və onun baxışlarını ifadə edir. Bu mənada bizim də əldə etmək istədiklərimiz çox olub. Ola bilər, onların hamısının gerçəkləşməməsi təbiidir.

Amma hesab edirəm ki, ötən müddətdə Azərbaycan mediası ölkə iqtisadiyyatında lazımi səviyyədə təmsil olunmalı idi. Hazırda bununla bağlı vəziyyət ürəkaçan deyil. Əlbəttə, peşəkarlıq baxımdan da problemlərimiz qalmaqdadır.

Ümumən əldə edə bilmədiklərimiz eyni zamanda arzularımız, mediamızın inkişafı ilə bağlı düşüncələrimizdir. Düşüncələrimizin reallaşmamasına görə təəssüflənməməliyik. Əksinə keçmişimizi və bu günümüzü, imkanlarımızı təhlil etməli, məqsədyönlü olmağı bacarmalıyıq.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »