Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası İdarə Heyətinin 2011-ci ildə son iclası keçirilib

2012-ci ildəki fəaliyyət planının hazırlanması istiqamətində diskussiyalar aparılıb

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 2011-ci ildə son iclası keçirilib. Toplantını açan MŞ sədri Əflatun Amaşov gündəliyi elan edib. Gündəlikdə duran məsələlər Şuranın 2011-ci ildə gördüyü işlərə dair hesabatının müzakirəsindən və 2012-ci ildəki fəaliyyət planının hazırlanması istiqamətində diskussiyaların aparılmasından ibarət olub.

Ə.Amaşov hesabatda əksini tapan məqamlarla bağlı geniş məlumat verərək bildirib ki, 2011-ci ildə Azərbaycan Mətbuat Şurasının başlıca iş istiqamətləri komissiyaların fəaliyyətindən, quruma daxil olan şikayət və müraciətlərin araşdırılmasından, müvafiq qərar və rəylərin çıxarılmasından, «reket jurnalistika»ya qarşı mübarizə tədbirlərindən, diffamasiya təşəbbüslərinin reallaşdırılmasından, o cümlədən ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə «Diffamasiyadan müdafiə haqqında» qanun layihəsinin hazırlanmasından, prezident fərman və sərəncəmlarında media ilə əlaqəli proqramların reallaşdırılmasından, layihələrin həyata keçirilməsindən, müxtəlif mövzularda konfrans, seminar və «dəyirmi masa»ların təşkilindən və beynəlxalq əməkdaşlıq məsələlərindən ibarət olub.

Şura sədri deyib ki, 2011-ci ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 651 müraciət daxil olub ki, onlardan 499-nu kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlər təşkil edib. Həmin şikayətlərdən 301-i Katiblik səviyyəsində həllini tapıb. Digər 198 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib. 198 müraciətdən 128-i bilavasitə Şuranın Şikayətlər üzrə Komissiyasında araşdırılıb ki, onlardan 92-i komissiya səviyyəsində həllini tapıb. Komissiyanın MŞ-nin İdarə Heyətinə təqdim etdiyi 36 rəyin 24-ü əsasında qərarlar çıxarılıb. İdarə Heyəti digər 9 qərarını və 1 xüsusi rəyini çıxararkən «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəyinə istinad edib. Beləliklə Şuranın İdarə Heyətin 2011-ci ildə ümumilikdə 33 qərar və 1 xüsusi rəy çıxarıb.

MŞ İdarə Heyətinin üzvləri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışlıranda hesabatın MŞ-nin bütün fəaliyyət istiqamətlərini kifayət qədər əhatə etdiyini bildirərək oradakı konkret məqamların daha detallı şəkildə cəmiyyətə çatdırılmasını təklif ediblər. İH üzvləri bunu və hesabat ətrafında səslənən digər fikirləri müzakirə edərək onu məqbul qiymətləndiriblər və qərara alınıb ki, yanvar ayının ilk ongünlüyündə sənəd ayrıca toplantı keçirilərək ictimaiyyətə açıqlansın.

MŞ-nin 2012-ci ildəki fəaliyyət planının müzakirəsi zamanı əsasən diffamasiya ilə bağlı təşəbbüslərin dəstəklənməsi, jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün onların həmkarlar ittifaqlarında təmsilçiliyinin real işlək mexanizmlərinin hazırlanması yolları, KİV-lərdə reklam və elanların yerləşdirilməsinə dair qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində işlərin görülməsi, internet medianın Mətbuat Şurasının medianın özünütənzimləmə obyektinə daxil edilməsi ətrafında diskussiyalar gedib.

MŞ sədri Ə.Amaşov Şuranın ötən il ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə diffamasiya haqqında qanun layihəsi hazırladığını və sənədin ölkə parlamentinə təqdim olunduğunu qeyd edib. O, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənən «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»ında da diffamasiya məsələsinə önəm verildiyini deyərək bildirib ki, sənəddə diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulub. Ə.Amaşov Şuranın mövcud istiqamətdəki təşəbbüslərə dəstək verməsinin zəruriliyini vurğulayıb.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli jurnalistlərin Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyasında təmsilçiliyinin forması ilə bağlı məlumat verib. O deyib ki, hazırda bu təmsilçilik mədəniyyət işçiləri ilə birgə həyata keçirilir. İndiki mexanizmin müstəqil şəkildə müəyyənləşdirilməsi, bununla bağlı işlərin görülməsi vacib əhəmiyyət daşıyır.

MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızı bildirib ki, KİV-lərdə reklam və elanların yerləşdirilməsində reklamvericilərin də mənafeyi nəzərə alınmalı, qanunvericilikdə mövcud istiqamətdə müəyyən yumşalmaların aparılması üçün təkliflər irəli sürülməlidir. Elə mexanizm yaradılmalıdır ki, mediada reklam vermək sifarişçilər üçün də sərfəli olsun. Bu hal reklamların sayını artırar və müvafiq olaraq KİV-lərin də durumunun müsbətə doğru dəyişməsini təmin edər. Ə.Amaşov mövcud istiqamətdəki beynəlxalq təcrübənin öyrənilməsinin də zəruriliyini önə çəkib. O, Şuranın hələ ötən ildən başlayaraq bununla bağlı Türkiyənin müvafiq qurumu ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

İnternet portalların ictimai tənzimlənməsinin həyata keçirilməsinə gəlincə bildirilib ki, bu məsələdə həm belə bir məsələni zəruri edən səbəblər kifayət qədər əsaslandırılmalı və cəmiyyətə çatdırılmalıdır, həm də tənzimləmə elə formada olmalıdır ki, söz və ifadə azadlıqları ilə əlaqədar prinsiplərə riayət edilsin. V.Mahirqızı və MŞ İdarə Heyətinin digər üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas bunun Şuranın tərkibində internet mediaya ictimai tənzimlənməni reallaşdıracaq ayrıca qurum yaratmaqla həyata keçirilməsinin daha optimal variant olduğunu vurğulayıblar.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »