Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Jurnalist Məzahir Süleymanzadənin 60 illik yubileyinə həsr olunmuş mərasim keçirilib

Elmi, pedaqoji fəaliyyətlə də məşğul olan M.Süleymanzadə çoxsaylı kitablar müəllifidir

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası və «Dialoq Avrasiya Platformu»nun Azərbaycan Nümayəndəliyinin birgə təşəbbüsü ilə jurnalist Məzahir Süleymanzadənin 60 illik yubileyi ilə bağlı mərasim keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, hələ keçmiş SSRİ mövcudiyyətini saxladığı dövrdə Azərbaycanda müstəqil mətbuat ənənələrinin əsası qoyulmuşdu və bu proses tarixi zərurətdən irəli gəlmişdi. Lakin hər bir zərurətin həyata vəsiqə almasını təmin edən şəxsiyyətlər var. «Bu gün 60 yaşının işığına toplaşdığımız Məzahir Süleymanzadə də onlardan biridir. Məzahir müəllim o zamankı «Kommunist» qəzetində çalışarkən 1989-cu ildə nəşrin «Səhər» adlı əlavəsini buraxdı. Tədricən onu müstəqil mətbu orqana çevirdi. «Səhər» Azərbaycanın informasiya blokadasına düşdüyü şəraitdə dünyaya həqiqətlərimizi çatdıran tribunaya çevrildi. Tirajı bütün dövrlər üçün rekord rəqəmə - 2 milyona çatmış qəzetin səhifələrində üzləşdiyimiz bəlalar - 20 Yanvar faciəsi, sonra isə Xocalı soyqırımı təm təfərrüratı ilə işıqlandı. Əhali məhz «Səhər»ə özlərinin informasiya tələbatını ödəyən mətbu vasitə kimi yanaşdılar. O dövrün reallıqlarını göz önünə gətirsək, bu, olduqca çətin bir iş idi. Eyni zamanda Məzahir müəllimin həyata keçirdikləri vətənə, torpağa, doğma yurda xidmət nümunəsiydi. Bütün bunlara görə Azərbaycan Mətbuat Şurası və «Dialoq Avrasiya Platformu» Məzahir Süleymanzadəni «Həqiqətə xidmətlərinə görə» mükafatı ilə təltif etmək qərarına gəlib», - deyən MŞ sədri mükafatı yubilyara təqdim edib.

«Dialoq Avrasiya Platformu»nun Azərbaycan Nümayəndəliyinin rəhbəri Mustafa Saatçı xalqın və millətin üzləşdiyi faciəvi durumlarla bağlı həqiqətləri açıqlamağın və yaymağın ağırlığından söz açaraq M.Süleymanzadənin bu mənada böyük xidmətlər göstərdiyini vurğulayıb. Belə bir şəxsin əməyinin qiymətləndirilməsinin vacibliyinə ümumən cəmiyyətin maraqlarının təminatı baxımından izah verib.

AFFA-nın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və Azərbaycan Jurnalistlər Birliyinin məsul katibi Şahin Babayev yubilyara təbriklərini çatdıraraq ona təmsil olunduqları qurumların fəxri diplom və mükafatlarını təqdim ediblər. M.Nərimanoğlu eyni zamanda jurnalistə futbol üzrə Azərbaycan milli komandasının 60 nömrəli geyimini hədiyyə verib. Tədbirdə M.Süleymanzadənin hazırda çalışdığı Bakı Futbol Federasiyası rəhbərliyinin təbrik məktubu da oxunub.

«Neftçi» futbol klubunun vitse-prezidenti Tahir Süleymanov və Azərbaycanın veteran futbolçusu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov çıxışlarında M.Süleymanzadənin ölkəmizdə idman jurnalistikasının inkişafındakı müstəsna əməyinin ayrı-ayrı epizodik məqamlarından söhbət açıblar. Onun xüsusən də Azərbaycan futbolu ilə bağlı qələmə aldığı fikirlərin ölkədə idmanın bu növünün təbliğindəki mühüm cəhətlərinə toxunublar. Yubilyarı idman sahəsinin bilicisi kimi qiymətləndirən Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan «Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev ona təmsil olunduğu qurumun xatirə hədiyyəsini təqdim edib.

Tədbirdə çıxış edənlərdən «Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay, M.Süleymanzənin vaxtilə «Səhər» qəzetində birgə çalışdığı jurnalist Hidayət Elvüsal, həmçinin «Addım» qəzetinin baş redaktoru Anar Vəziroğlu, yubilyarın uşaqlıq dostu, respublikanın əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları onu gözəl və qayğıkeş dost, ailə başçısı, səmimi insan, yaxşı təşkilatçı olaraq canlandıran keyfiyyətlərindən söz açıblar.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərindən başlayaraq parlaq yaradıcılıq nümunəsi kimi ad çıxarmış «Səhər» qəzetində fəaliyyət göstərdiyi dövrlərə diqqət çəkib. M.Süleymanzadənin hadisə və prosesləri son dərəcə mükəmməl, ən əsası isə sadə dildə çatdırmaq bacarığından danışıb, bildirib ki, mövcud dəsti-xətt heç də hər jurnalistə nəsib olan yaradıcılıq keyfiyyəti deyil.

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas ən ağır dövrlərdə milləti və xalqı üçün çalışan M.Süleymanzadə kimi cəfakeş qələm sahibinin həyat və yaradıcılığının öyrənilməsinin vacibliyini vurğulayıb.

Sonda çıxış edən M.Süleymanzadə mərasim iştirakçılarına təşəkkürünü bildirib, yubiley təbrikini çatdıran hər bir şəxsin onda xoş və səmimi duyğular yaratdığından bəhs edib.

Qeyd edək ki, M.Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib.

Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş yubilyar Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib.

1974-1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. Müxtəlif illərdə «Leninskoe znamya», «Krasnaya zvezda», «İdman» - «Sport» qəzetlərində, «Sovetski voin» jurnalında çalışıb. «Kommunist» qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.

1984-1994-cü illərdə «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», həmçinin «Araz» Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Həmin il müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından sayılan «Səhər» qəzetini təsis edib.

Elmi, pedaqoji fəaliyyətlə də məşğul olan M.Süleymanzadə çoxsaylı kitablar müəllifidir. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »