Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Turizmin inkişafı media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Tədbirdə turizmin inkişafında medianın roluna dair müzakirələr aparıldı

Bu gün «Turizmin inkişafı media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib. Mətbuat Şurasında baş tutan toplantını giriş sözü ilə açan Şura sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum ölkə mediasında müxtəlif sahələr üzrə maarifləndirmə işlərinin aparılmasına ciddi önəm verir. 2011-ci ilin «Turizm ili» olduğunu xatırladan Ə.Amaşov bu baxımdan kütləvi informasiya vasitələrinin mövcud istiqamətdəki fəaliyyət intensivliyinin vacibliyindən söhbət açıb: «Ölkə prezidentinin təsdiqlədiyi Azərbaycan Respublikasında 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən KİV-lərdə «2011-ci il Turizm ilidir» devizi altında proqramların və xüsusi verilişlərin təşkilinə dair bənd yer alıb. Bunun da icrasına məsul qurumlar içərisində Azərbaycan Mətbuat Şurasının da adı var. Televiziya və radiolarda «Turizm ili» ilə bağlı kifayət qədər veriliş və proqramlar yayımlanır. Mətbuatın da məsələyə diqqəti müşahidə edilməkdədir. Təkcə onu deyim ki, ötən 6 ay ərzində ölkənin aparıca kütləvi informasiya vasitələrində turizmlə əlaqədar çoxsaylı materiallar yer alıb. Onların 87 faizi informasiyalardır. Bu baxımdan analitik məzmunlu və daha çox təşəbbüs ruhlu yaradıcılıq nümunələri 9 faiz təşkil edib. Materialların 4 faizi isə reportaj janrındadır. Ümumən medianın, xüsusən də çap mediasının məsələyə diqqətinin artırılması vacibdir. Turizm özlüyündə geniş infrastrukturu birləşdirən sistemdir və ondan yazmaq jurnalistlərdən xüsusi hazırlıq tələb edir. Tədbirimiz bu istiqamətlərdə fikir mübadiləsi aparmaq məqsədi daşıyır», - deyə o vurğulayıb.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdiyi dövlət qurumunun mətbuata açıq olduğunu, KİV-lərlə əməkdaşlığa böyük önəm verdiyini bildirib və bunu mədəniyyətin və turizmin inkişafına nail olmağın mühüm vasitələrindən biri kimi dəyərləndirib. «Mədəniyyət və turizm sahələri bir-birinə çox bağlıdır. Məhz buna görə də cənab prezident 2006-cı ildə bu iki istiqamətdəki işlərin eyni mərkəzdən idarə olunamasına, bir növ vəhdətin yaradılmasına xidmət edən sərəncam imzaladı - Mədəniyyət və Turizm Nazirliyi yarandı. Azərbaycanda turizm sahəsi nə qədər çox inkişaf etsə, mədəniyyətimiz də bir o qədər çox təbliğ olunar», - deyə o əlavə edib.

Ölkədə turizmin inkişafı ilə bağlı paralellər aparan Ə.Qarayev bildirib ki, 2001-ci ildə tam dağınıq vəziyyətdə olan sahədə artıq əsaslı irəliləyişlərə nail olunub. Bu baxımdan 2006-cı ildə qəbul olunmuş dövlət proqramının xarakterik xüsusiyyətlərindən bəhs edən nazir sənədə uyğun olaraq həyata keçirilən işlərdə təkcə bir nazirliyin deyil, digər qurumların da qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb: «Medianın rolu xüsusilə önəmlidir. O dünyada məhşur olan turizm etikasının təbliğində aktiv olmalıdır. Təəssüf ki, Azərbaycanda bu etika cəmiyyətdə özünə yer tapa bilməyib. Kütləvi informasiya vasitələri ilk növbədə əhalini təbiətə vurduqları ziyan barədə məlumatlandırmalıdırlar. Turizm baxımından diqqət çəkən abidələrimizin bir çoxu bizim mədəni irsimizi təşkil edir. Onların qorunmasında mətbuat orqanlarının fəal roluna ehtiyac duyulur. Mədəniyyət və Turizm Nazirliyi olaraq biz jurnalistlərin bununla bağlı maarifləndirilməsi işlərinə hazırıq. Hesab edirik ki, bu məqsədlə onların qoruqlara, eləcə də mədəni irsimizlə bağlı müxtəlif yerlərə tanışlıq səfərlərinin təşkili müstəsna əhəmiyyətə malikdir. Ən əsası isə media ümumən turizm şüurunun dəyişməsinə yönələn fəaliyyətə yardımçı olmalıdır. Ənənəvi belə demək mümkünsə, «kababçılıq turizmi»ndən uzaqlaşmaq lazımdır. Mövcud baxış kökündən dəyişməlidir. Təbii ki, bu prosesdə peşəkar kadrların hazırlığı da vacibdir», - deyən Ə.Qarayev ölkəmizdə turizmin inkişafı nöqteyi-nəzərdən əhəmiyyətli olan iri layihələr barədə də ətraflı məlumat verib.

MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızı turizmlə əlaqədar bir çox media layihələrinin mövcudluğunu önə çəkib. O, həmçinin internetin bu istiqamətdəki imkanlarından daha səmərəli istifadənin mümkünlüyünü vurğulayıb. V.Mahirqızı xarici ölkələrdə Azərbaycanda turizmi təbliğ edən jurnalların və digər mətbu nəşrlərin yaradılmasını zəruri sayıb.

«Olaylar» İnformasiya Agentliyinin və eyni adlı qəzetin rəhbəri Yunus Oğuz bildirib ki, gələn il Azərbaycanda keçiriləcək «Eurovision» musiqi yarışması ölkəmizin mədəni irsinin təbliği, eləcə də ölkənin turizm potensialının dəyərləndirilməsi baxımdan müstəsna təkanverici hadisədir.

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli turizmin inkişafında medianın müstəsna roluna diqqət çəkərək qeyd edib ki, KİV-lərin mövcud sahə üzrə mütəmadi məlumatlandırılmasına ehtiyac var. Bu işdə də müxtəlif brifinqlərin və konfransların təşkili müstəsna yer tutur.

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu bir sıra turizm obyektlərinin adları ilə bağlı problemlərin olduğunu vurğulayıb. O, eyni zamanda sahə üzrə ixtisaslı kadr probleminin mövcudluğunu bildirərək ümumən xidmət sahələrinin işinin təkmilləşdirilməsini zəruri sayıb.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu məhşur dünya jurnalistləri şəbəkəsinin toplantılarına diqqət çəkərək onun hər il bir ölkədə təşkil olunduğuna dair məlumat verib. U.Rəhimoğlu beynəlxalq aləmdə böyük əks-səda doğuran bu hadisənin Azərbaycanda keçirilməsi zərurətindən söhbət açıb və qeyd edib ki, belə bir toplantı mədəniyyətimizin təbliği, eləcə də ölkənin turizm imkanları barədə rəy formalaşdırmaq üçün gözəl fürsətlərdən biri olardı.

«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu Azərbaycanın mətbuat tarixinin kifayət qədər zəngin olduğunu vurğulayaraq Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Şurası ilə birgə belə mətbuat tarixi muzeyinin təşkilini həyata keçirməsinin əhəmiyyətindən danışıb.

İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli jurnalist təhsili prosesində mədəniyyət və turizm mövzusunun tədrisini önəmli cəhət kimi vurğulayıb.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu son illər ölkədə turizm sahəsində kifayət qədər işlərin görüldüyünü bildirib. Bununla belə o, diqqəti KİV-lərdə mövcud istiqamətdəki reklam və təbliğat işlərinin zəifliyinə yönəldib. «Çünki media ilə əməkdaşlıq istənilən səviyyədə deyil. Turizm sahəsində ən böyük problemlərdən biri qiymətlərin həddən artıq baha olmasıdır. Bu, inkişafa əngəl törədir. Hesab edirəm ki, belə hallarla mübarizədə də medianın üzərinə böyük məsuliyyə düşür», - deyə o əlavə edib.

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid mədəniyyət və turizm sahəsinin inkişafına yönələn tədbirlər içərisində mövcud sahədə jurnalistlər arasında yazı müsabiqələrinin təşkilini vacib sayıb.



18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »