Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Mediada dil faktoru» mövzusunda «dəyirmi masa» keçirilib

Tədbir «Mediada dil faktoru» mövzusunda «dəyirmi masa» layihəsi çərçivəsində keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi» layihəsi çərçivəsində «Mediada dil faktoru» mövzusunda II «dəyirmi masa» keçirilib.

MŞ-də baş tutan tədbiri Şura sədri Əflatun Amaşov açaraq layihənin məqsəd və vəzifələri barədə məlumat verib O bildirib ki, kütləvi informasiya vasitələrinin dil xüsusiyyətləri müxtəlif səviyyəli müzakirələrin mövzusuna çevrilməsi baxımından diqqət çəkib. Məsələyə hər zaman həssas yanaşılması əsasən bu sahədəki problemlərlə bağlı olub. Ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq indinin özündə də jurnalistlərin ədəbi dil və onun xüsusiyyətləri, işlədilməsi qaydaları ilə bağlı çətinlikləri yaşanmaqdadır. “Layihə may ayından başlayıb. Bu müddət ərzində həyata keçirilən başlıca fəaliyyət ölkənin 40 aparıcı qəzetinin monitorinqi olub. Monitorinqdə leksik və qrammatik pozuntuların müəyyənləşdirilməsinə diqqət yetirilib. Leksik pozuntularda alınma, dialekt və şivə sözlərin, terminlərin, neologizmlərin işlədilməsi ilə bağlı pozuntular aşkara çıxarılıb. Qrammatik pozuntular üç qrupa bölünüb. Morfoloji və sintaktik qaydalara əməl olunmaması, habelə üslub pozuntuları. Bunların hər biri üzrə də ayrıca dəyərləndirmələr aparılıb. Monitorinq nəticəsində ötən dörd ayda 21786 pozuntu faktı müəyyənləşdirilib. Bunlardan 305-i leksik, 21481-i qrammatik pozuntudur»., - deyə o vurğulayıb.

Mətbuat Şurasının layihə üzrə monitorinq qrupunun rəhbəri, «Xalq qəzeti»nin şöbə müdiri İlham Abbasov 4 aylıq layihə çərçivəsində aparılan işin gəldiyi ümumi nəticələr barədə məlumat verib. O bildirib ki, mətbuatda həm leksik, həm də qrammatik pozuntulara rast gəlinir. Leksik pozuntulara daha çox yol verilsə də, onların tez aradan qaldırılması mümkündür. Bu mənada qrammatik pozuntular daha ciddi təsir bağışlamaqdadır. «Ötən 20 ildə əldə etdiyimiz ən böyük dəyər ana dilimizdir. Ana dilimiz statusa malikdir. Təbii ki, sovet dövründə də status var idi. Amma nominal səciyyə daşıyırdı. Bütün yazışmalarda rus dilində istifadə olunurdu. Bu gün ana dili haqqında qanunumuz var. Bu qanun dil pozuntusunu qanun pozuntusu kimi dəyərləndirmək imkanı verir», - deyən İ.Abbasov mətbuatda mövcud sahədəki vəziyyətin telekanallardan daha qənaətbəxş olduğunu önə çəkib.

Azərbaycan dilindən istifadə sahəsindəki pozuntuların səbəblərindən bəhs edən İ.Abbasov ilk növbədə peşəkarlıq amili üzərində dayanıb. O bildirib ki, peşəkarlıq səviyyəsinin aşağılığını təsdiqləyən cəhətlər qəzetdə gedən materiallardan aydın görünür. Hansısa nəşrin müxbiri eyni sözü düzgün, digər əməkdaşı isə yanlış yazır. Ümumən ölkədə üzdə olan 50-60 qəzetdə elə bir jurnalist yoxdur ki, onun yazısını ciddi redaktə etmədən səhifəyə çıxarmaq mümkün olsun. İkinci məqam isə redaktorluq və korrektorluq işinə məsuliyyətlə yanaşılmamasıdır ki, bu da həmin yanlışlığın meydana çıxmasına gətirən səbəblərindəndir. Vaxtilə qəzetlərdəki korrektor ştatının mövcudluğundan söz açan ekspert hazırda bunun olmamasını mənfi hal kimi dəyərləndirib. «Mətbuatda alınma sözlərin işlədilməsi ilə bağlı pozuntular da diqqət çəkir. Bəzən özümüz özümüzə məxsus sözlərdən yeni sözlər düzəldirik. Məsələn, «rahat» sözünü göstərək. Bu söz nitq hissəsi kimi sifətdir. Mətbuatda tez-tez «rahatsız» sözü işlədilir. Təbii ki, bu yanlış, yanaşmadır. Çünki sifətə şəkilçi əlavə etməklə ədəbi dilin qanunlarını pozmuş oluruq», deyən İ.Abbasov orfoqrafiya lüğətinin nəşrinin vacibliyinə də toxunaraq lüğətin 2004-cü ildən bəri çıxmamasını mənfi hal kimi dəyərləndirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli monitorinqin nəticələri açıqlanarkən ümumilikdən xüsusiliyə keçməyin zəruriliyini qeyd edib. «Konkret hansı qəzetlərin dil xətalarına yol verdikləri açıqlanmalıdır. Bu yolla ictimai qınaq formalaşdırılmalıdır», - deyə o əlavə edib.

Ə.Amaşov layihə çərçivəsində hazırlanacaq kitabda monitorinqi aparılan nəşrlərin dil nöqsanlarına yol vermə baxımından göstəricilərinə dair cədvəlin yer alacağını diqqətə çatdırıb. Məsələyə ümumi yanaşmada isə başlıca amil ondadır ki, dil xətaları özlüyündə ictimai səciyyə daşıyır. Bu xətalar azacıq fərqlərlə hər bir aparıcı nəşrdə var.

Layihə üzrə monitorinq qrupunun üzvü Müştəba Əliyev mətbuatımızda tarixən dildən istifadə ilə bağlı normalara toxunaraq bildirib ki, 1879-cu ildə işıq üzü görən «Ziya» qəzetinin bir sayında hazırda işlətmədiyimiz 105 söz yer alıb. Bu sözlərə Cənubi Azərbaycan türkcəsində rast gəlinir. Bu cəhət dilin daim inkişaf etdiyini, dəyişdiyini göstərir. Onda olan dəyişikliklərin müəyyənləşdirilməsi və cəmiyyətə çatdırılması vacibdir.

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid mətbuatda və digər kütləvi informasiya vasitələrində ana dilimizin qorunmasının zəruriliyini vurğulayaraq mövcud sahədəki neqativ halların meydana çıxmasına təsir göstərən amillərdən biri kimi qloballaşmanın üzərində dayanıb. O bildirib ki, bu proses dilimizə yeni sözlərin axınını yaradır. Ziyalılarımız məsələyə reaksiya bildirməlidirlər: «Digər cəhət odur ki, orfoqrafiya lüğəti dilimizin hazırkı inkişaf tempindən xeyli geri qalır. Hesab edirəm ki, bu monitorinqin müəyyənləşdirdiyi ümumi tendensiyalar geniş ictimaiyyətə çatdırılmalıdır».

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov «dəyirmi masa»da aparılan müzakirənin məsələyə dilçilərin də diqqətini cəlb etmək baxımından əhəmiyyətliliyini deyib. O bildirib ki, Mətbuat Şurasının çoxşaxəli fəaliyyətində Azərbaycan dilinin normalarının pozulması halları ilə mübarizə mühüm istiqaməti təşkil edir. Telekanallarda dildən istifadə sahəsində daha böyük nöqsanların mövcudluğunu vurğulayan baş redaktor məsələyə ümummedia müstəvisində yanaşılmasının zəruriliyini önə çəkib.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu monitoriqin nəticələrini kifayət qədər düşündürücü olduğunu bildirən KİV-lərdə dildən istifadə sahəsindəki vəziyyətin əsaslı tənzimləməyə ehtiyac duyduğunu deyib.

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Mətbuat Şurasının həyata keçirdiyi layihə son illərdə media sahəsində reallaşmış təşəbbüslərdən ən mühümüdür. Ölkə qanunvericiliyində dildən istifadə ilə bağlı normaların əks olunduğuna diqqət çəkən baş redaktor həmin normaların pozulmasına görə inzibati məsuliyyətin nəzərdə tutulmamasını boşluq kimi dəyərləndirib. «Buna nəzarət edən qurum da yoxdur. Halbuki dünya təcrübəsində dildən istifadə qaydalarının pozulmasına qarşı mexanizmlər işləyir. Bu mexanizmlər cəzaverici yox, daha çox xəbərdaredici rol oynayır».

Dilimizə yeni sözlərin yol açmasını pozuntuya səbəb başlıca amil kimi dəyərləndirən «Turan» İnformasiya Agentliyinin əməkdaşı Tofiq Türkel mövcud sahədəki tənzimləmənin inzibati qaydada aparılmasının yolverilməz olduğunu qeyd edib.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Xocalı soyqırımını tanıtma» İctimai Birliyinin rəhbəri Şamil Sabiroğlu və başqaları mətbuatımızda ana dilindən istifadədəki problemlərdən, onların müxtəlif təzahür formalarından danışıblar. 


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »