Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası «Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız» mövzusunda konfrans keçirib

Tədbirdə görkəmli jurnalistin həya və yaradıcılığının ayrı-ayrı məqamlarından geniş söhbət açılıb

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız» mövzusunda konfrans keçirilib.

Tanınmış ictimai xadim, jurnalist və publisist, professor Nəsrulla İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, görkəmli alimi səciyyələndirən başlıca xüsusiyyətlərdən biri onun hadisə və proseslərə məxsusi baxış bucağının olması idi. Qurucusu olduğu «Bakı»-«Baku» qəzetlərində yaratdığı mühit o dövrün jurnalistikasının iş prinsipləri baxımından yenilik sayılacaq operativlik üzərində qurulmuşdu. Tezliklə bu nəşr Azərbaycanın ən çox tirajlı qəzetinə çevrildi ki, burada N.İmanquliyevin novatorluğu mühüm rol oynadı. «Nəsir müəllim gözəl pedaqoq kimi də tanınırdı. Düşünürəm ki, bu barədə məclisimizdə əyləşən veteran jurnalistlər, tələbələri, onunla birgə çalışmış insanlar ətraflı məlumat verəcəklər. Sadəcə onu deyim ki, Nəsir müəllim özündən sonra neçə-neçə dəyərli jurnalist nəslinin yetişməsində həm bir pedaqoq, həm də redaktor, rəhbər kimi böyük rol oynamaqla bütövlükdə ölkə jurnalistikasının inkişafına müstəsna xidmət nümunəsi ilə yaddaşlardadır. Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nəsir İmanquliyevin 100 illik yubileyinin keçilirməsi ilə bağlı sərəncam imzalayıb. Həmin sənəd böyük ustadın xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, onun həyat və yaradıcılığının təbliğini nəzərdə tutan tədbirlərin təşkili məsuliyyətini də müəyyənləşdirir. Ümid edirəm ki, konfransımız görkəmli jurnalistin xatirəsinə ehtiram əlaməti kimi həmin etimada layiq toplantılardan biri olacaqdır», - deyə o vurğulayıb.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra müdiri, professor Cahangir Məmmədli N.İmanquliyevin həyat və yaradıcılığı ilə bağlı məruzəsinə başlamazdan öncə bildirib ki, yubilyar haqqında xatirələr söyləyəcək çox adamlar var. «Burada onun barədə məruzə səsləndirməyimdə isə haradasa bir qanunauyğunluq görürəm. Çünki Nəsir müəllim uzun müddət hazırda rəhbərlik etdiyim jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsini tutub. Tələbələrə özünün də müəllifi olduğu jurnalistika prinsiplərini öyrədib. Klassik müəllimlər var ki, onlar hamının müəllimləridir. Nəsir İmanquliyev şəxsiyyəti bütün varlığı ilə bu adın daşıyıcısıdır».

N.İmanquliyevin həyat və yaradıcılığı ilə bağlı geniş faktik məlumatlar verən C.Məmmədli yubilyarın prinsipiallığından, məxsusi fəaliyyət dəsti-xətti ilə seçilməsindən, əməksevərliyindən, zəhmətkeş adamları yüksək qiymətləndirən rəhbərlik keyfiyyətlərindən xüsusi söhbət açıb. Professor Məmmədli Nəsir müəllimin gözəl ailə başçısı olduğunu da deyərək Azərbaycan elminin inkişafında böyük rolu olan şərqşünas alim Aida İmanquliyeva kimi şəxsiyyətin formalaşmasında həmin ailənin daşıyıdığı ziyalılıq dəyərlərinə diqqət çəkib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbacan dövlətinin bütün sahələrdə böyük xidmətləri olmuş şəxslərin irsinin gənc nəslə çatdırılmasına, xatirələrinin əbədiləşdirilməsinə hər zaman diqqət göstərdiyini bildirib. N.İmanquliyev də ömrünü-gününü jurnalistikaya sərf edən, peşənin məziyyətlərinə qatlaşan alimlərimizdən olub. «Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin görkəmli alimin 100 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamında deyildiyi kimi, müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Nəsrulla İmanquliyev mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən sanballı yazıları ilə mətbuat tariximizə layiqli töhfələr vermişdir. Jurnalistika sahəsində zəngin pedaqoji fəaliyyəti Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamışdır. Nəsir müəllimin qurucusu olduğu «Bakı» «Baku» qəzetləri 37-ci ilin represiyalarını görmüş cəmiyyət üçün söz azadlığı, fərqli üslub və peşəkarlıq xüsusiyyəti baxımından mühüm mənbə, Həsən bəy Zərdabi ənənələrini yaşadan məktəb olmuşdur», - deyə o vurğulayıb.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynov çıxışına yubilyarla ilk tanışlığı vaxtlarından söhbət açmaqla başlayıb. N.İmanquliyevi səmimi, qayğıkeş insan kimi xarakterizə edən ustad jurnalist bu keyfiyyətlərin özünün də böyük məramdan irəli gəldiyinə diqqət çəkib. «Bilirsiniz, hər kəs öz işində vətənpərvər olmalıdır. Vətənpərvərlik təkcə mövcud quruluşu, hakimiyyəti tənqid etməklə məhdudlaşmır. Gərək işinlə əməlinin vəhdətinə nail olasan. Nəsir müəllim gənclərə qayğı ilə yanaşırdı. Həmin qayğıdan mən də faydalanmışam. O, nə üçün belə edirdi? Çünki millətinin gələcəyini düşünürdü. Gələcəyi parlaq etmək üçün gənclərə etimad göstərir, öyrədir və onları bir növ, cığıra salırdı. Nəsir müəllim gələcək üçün müəllimlər yetişdirirdi. O adamda Azərbaycanın müstəqillik dövrünün ruhunu dirçəltmək istəyi var idi. Həmin ruh yaratdığı və uzun illər ayaqda saxladığı qəzetlərdə yaşadı», - deyən Ş.Hüseynov dəfələrlə N.İmanquliyevin yubileylərinin keçirilməsi istəklərinin uğursuzluqla üzləşdiyini vurğulayıb və hazırda görkəmli alimin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını böyük hadisə kimi dəyərləndirib.

Uzun müddət Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru işləmiş, N.İmanquliyevlə birgə «Bakı»-«Baku» qəzetlərində çalışmış, veteran jurnalist Şamil Şahməmmədov çıxışını yubilyara müraciət üzərində qurub. N.İmanquliyevin işə həddən artıq tələbkar yanaşdığını deyən Ş.Şahməmmədov ərsəyə gətirdiyi nəşrlərin Azərbaycan mətbuatı tarixində parlaq iz buraxdığını vurğulayıb. O, «Bakı»-«Baku»nun əvvəllər kiçik formatla çıxdığınınin bildirərək Nəsir müəllimin böyük zəhməti hesabına həm mətbu orqanın böyük formata keçməsinin və rusca çıxmasının təmin olunduğunu, həm də 1963-cü ildən axşam qəzeti kimi də fəaliyyətə başladığını deyib. «Həmn vaxtlar qəzet həftədə 6 dəfə çıxırdı. 1 milyonluq Bakı şəhərinin həyatı nəşrdə geniş şəkildə əksini tapırdı. Hazırda paytaxtımızın əhalisinin sayı 3 milyondur. «Bakı» qəzeti isə ayda 1 dəfə işıq üzü görür. Bu, çox pis haldır», - deyən Ş.Şahməmmədov əlaqədar qurumları nəşrin fəaliyyətinin gücləndirilməsinə dəstək verməyə çağırıb.

Azərbaycanın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov çıxışında diqqəti ölkədə bir dənə də olsun axşam qəzetinin olmamasına yönəldib. O, «Bakı»-«Baku»nun işıq üzü gördüyü vaxtlarda keçmiş SSRİ-nin bir çox yerlərində axşam qəzetlərinin çıxmağa başladığını vurğulayıb. «Amma onların heç də hamısı uzun ömürlü ola bilmədi. Yalnız «Bakı»-«Baku» Nəsir müəllimin böyük əməyi sayəsində 30 il yaşamağı bacardı. Nəsir İmanquliyev bu qəzetlərdə yaratdığı dəst-xətlə jurnalistikamıza bir çeviklik gətirdi. Bu isə son dərəcə vacib amil idi».

«Bakı» qəzetinin baş redaktoru Ağahüseyn Hüseynov, nəşrin redaktoru Ənvər Məşədiyev, həmçinin sabiq əməkdaşı Əliabbas Əlimədətoğlu çıxışlarında Nəsir İmanquliyevi rəhbər kimi səciyyələndirən cəhətlərdən geniş bəhs edərək onun həm universitet auditoriyalarında, həm də qəzet redaksiyasında jurnalist kadrların hazırlığını eyni ahənglə həyata keçirdiyini bildiriblər. Onlar həmçinin N.İmanquliyev irsinə hörmət əlaməti olaraq «Bakı» qəzetinin fəaliyyətinin gücləndirilməsini vacib sayıblar.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin kafedra müdiri, professor Nəsir Əhmədli bildirib ki, vaxtilə Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsində «Bakı»-«Baku» qəzetinin bağlanması barədə qərar qəbul olunmuşdu. Lakin Nəsir İmanquliyev şəxsiyyəti belə bir qərarın icrasına yol verməmişdi. Bu, o dövr üçün son dərəcə görünməmiş hadisə idi. «Nəsir müəllimlə bağlı müstəsna məqamlardan biri də bundan ibarət idi ki, o, eyni zamanda «Vətənin səsi» qəzetinin redaktoru idi. Bu nəşr gizli şəkildə Cənubi Azərbaycanda yayılırdı», - deyən N.Əhmədli «Bakı» axşam qəzetinin fəaliyyətinin bərpası üçün ölkə rəhbərliyinə müraciət ünvanlamasını təklif edib.



18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »