Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası və ATƏT-in Bakı ofisi diffamasiya haqqında qanun layihəsi ilə bağlı ilk ictimai müzakirəni təşkil etdi

Mayın 11-də ATƏT-in Bakı ofisi Mətbuat Şurası ilə birgə beynəlxalq konfrans düzənləməyi nəzərdə tutur

Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi diffamasiya haqqında qanun layihəsi ətrafında ilk ictimai müzakirəni təşkil edib. Mətbuat Şurasında baş tutan toplantıda Şuranın İdarə Heyətinin üzvləri, ATƏT-in Bakı ofisinin təmsilçiləri, kütləvi informasiya vasitələrinin rəhbərləri və media ekspertləri iştirak ediblər. 

Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, diffamasiya haqqında qanun layihəsinin hazırlanması rəhbəri olduğu qurumun ATƏT-in Bakı ofisi ilə birgə ötən ilin martından realaşdırdığı layihə çərçivəsində həyata keçirilib. «Bildiyiniz kimi, həmin layihə eyni zamanda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın təkmilləşdirilməsini nəzərdə tuturdu. Bu iş müvəffəqiyyətlə başa çatdırılıb. Qaydaların təkmil variantı hazırlanaraq media ictimaiyyətinə təqdim olunub və qəbul da edilib. İndi əsas vəzifəmiz layihənin ikinci istiqaməti üzrə fəaliyyət göstərməkdir. Toplantımız da bu məqsədə hesablanıb. Sizlərin hər birinə qanun layihəsi təqdim olunub. İstərdim ki, fikir və təkliflərinizi bölüşəsiniz», - deyən Ə.Amaşov diffamasiya haqqında qanun layihəsi ətrafında müzakirələrin davam etdiriləcəyini və ölkəmizin bölgələrində də diskussiyaların təşkil olunacağını vurğulayıb.

ATƏT-in demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenter təmsil olunduğu təşkilatla MŞ-nin birgə layihəsinin Şuranın təşəbbüsü olduğunu və ATƏT-in prosesə tövsiyələri ilə qatıldığını vurğulayıb: «Ümumən işimizin çox məhsuldar alındığı qənaətindəyəm. Buna görə Mətbuat Şurası rəhbərliyinə təşəkkürümü bildirmək istərdim. Biz məsələyə iki aspektdə yanaşmağı ən optimal variant saydıq. Çünki söhbət diffamasiya mühitinə hazırlıqdan gedirdi ki, burada da peşə prinsiplərinin təkmilləşdirilməsi vacib əhəmiyyət daşıyırdı. Müzakirələr bununla bitməyəcək. Mayın 11-də ATƏT-in Bakı ofisi Mətbuat Şurası ilə birgə beynəlxalq konfrans düzənləməyi nəzərdə tutur. Həmin tədbirə ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç də qatılacaq. Ümid edirəm ki, birgə fəaliyyətimiz gələcəkdə daha müsbət nəticələr əldə etməyə imkan verəcək».

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli qanun layihəsinin kifayət qədər mükəmməl hazırlandığını bildirib və fikrinə konkret faktlarla aydınlıq gətirib. «İdeyanın özü çox müsbətdir. Burada diffamasiyaya daha geniş anlamda yanaşılıb. Böhtanla yanaşı təhqir də onun predmetinə aid edilib. «İctimai maraq» və «ictimai şəxs» anlayışları yer alıb ki, bu da Azərbaycan qanunvericiliyində indiyədək olmayan bir haldır. Bu baxımdan hesab edirəm ki, qanunun qəbulundan sonra məhkəmələrin də işi asanlaşacaq. Qanunda növbəti mühüm cəhət dünyasını dəyişmiş insanların şərəf və ləyaqətlərinin təhqirinə görə onun yaxın ailə üzvlərinin iddia qaldıra bilmələrinin mümkünlüyünün təsbitidir. Mübahisələrin məhkəməyə qədər həlli məsələsinin göstərilməsi də yenilikdir. Fikrimcə, bu, ictimai tənzimlənmənin rolunu əhəmiyyətli dərəcədə artıracaq, Mətbuat Şurasının üzərinə də belə desək, yeni məsuliyyət qoyacaq. Layihədə rəy və şərh bir-birindən fərqləndirilir. Bu isə jurnalistin yaradıcılıq dairəsini konkretləşdirmək nöqteyi-nəzərdən vacibdir. Bir də ən vacib cəhət kimi sənəddə diffamasiyanın fərdiləşdirilməsini, fərdi qaydada mübahisələndirilməsini vurğulamaq istərdim. Ümumən təcrübədə rast gəldiyimiz bir sıra məqamlar var ki, burada əksini tapıb. Əlbəttə, əsas məsələ jurnalistin yazdığı yazıya görə cinayət məsuliyyətinə cəlb olunması təcrübəsinin aradan qalxmasıdır», deyə o vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, vaxtilə diffamasiya haqqında qanunun qəbulunun qatı əleyhidarlarından olub: «Bunun üçün əsaslarım var idi və o əsasların indi də müəyyən qədəri qalır. Amma məsələ burasındadır ki, elə müxalifət qəzetlərində zaman-zaman yer alan təhqiramiz materialların sayı azalıb. Düşünürəm ki, oxucumuz da yetkinləşib. Bu mənada indi qanunun qəbulu mümkündür. Amma təəssüflə deməliyəm ki, mediamızda neqativ tendensiyalar hələ də hökm sürməkdədir. Mətbuat Şurası buna qarşı var gücü ilə mübarizə aparmaqdadır. Qanun layihəsində diqqət çəkən cəhət kimi onun internet mediaya da şamil edilməsini nəzərdə tutan müddəaların yer almasını göstərmək istərdim», - deyən B.Sadıqov diffamasiyanın mövcudluğunun jurnalistin məsuliyyətini azaltmadığını önə çəkib.

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qanun layihəsini ümumən müsbət dəyərləndirsə də, diqqəti orada müəyyən suallar doğuran məqamların olduğuna yönəldib. «Onlardan birini xüsusi qeyd etmək istərdim. Göstərilir ki, barəsində diffamasiya yaradan material getmiş şəxs buna dair iddiasını 1 il müddətində qaldıra bilər. Elə şəxslər də var ki, onlar bir il müddətində ölkədə olmurlar. Bəs onların hüquqları necə olacaq? Fikrimcə, məsələyə diqqət yetirilməlidir»

MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızı qanun layihəsinin mütərəqqi əhəmiyyətini qeyd etməklə yanaşı, bir sıra iradlarını da səsləndirib: «Əlbəttə, onun qəbulundan sonra işləklik dərəcəsi necə olacaq, bu, barədə də söhbət açılmalıdır. Çünki Azərbaycanda qanunlar kifayət qədər mükəmməldirlər. Problem onların işlək olmamasındadır. Digər tərəfdən, layihədə internet resurslara ümumi qaydada yanaşılıb. Məncə, qanun internet üzərindən yayımlanan, qeydiyyatdan keçən kütləvi informasiya vasitələrinə şamil olunmalıdır. «Facebook», «Twitter» kimi kütləvi səciyyəli sosial şəbəkələr var ki, qanunun onlara da şamil edilməsinin nə dərəcədə düzgün olduğu araşdırılmalıdır».

«Olaylar» qəzetinin baş redaktoru Yunus Oğuz çıxışında bildirib ki, qanunda barəsində diffamasiya yaradan material getmiş şəxsin 1 il müddətində iddia qaldırmasının mümkünlüyünün təsbiti düzgün deyil: «Prinsipial baxımdan yanaşsaq, bu hal qəzetləri 1 il gərginlik içərisində olmağa gətirəcək. Məncə, mövcud müddət 2-4 aya qədər aşağı salınmalıdır. İkinci iradım «xoş məram» ifadəsi ilə bağlıdır. Jurnalistin xoş məramda olduğu necə müəyyənləşəcək?»

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə «xoş məram» ifadəsinin yer almasının jurnalist üçün əhəmiyyətli olduğunu vurğulayıb: «Bunu müəyyənləşdirmək elə də çətin deyil. Materiala baxanda onun qərəzli və ya qərəzsiz olduğu aydın görünür. Bəzən olur ki, jurnalist aldığı xəbəri dəqiqləşdirmək imkanında olmur. Bunun üçün bütün resurslardan istifadə edir. İnformasiya isə getməlidir. Təbii ki, o zaman jurnalist həmin informasiyanın ictimailik yükünü əsaslandırmalıdır. Yalnız ictimai əhəmiyyət daşıyan informasiyalarda yol verilən nöqsan «xoş məram»dan irəli gələn hal kimi dəyərləndirilə bilər. Qanun layihəsi məhz bunu nəzərdə tutur».

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışında layihədə nəzərdə tutulan cərimənin məbləğinin artırılmasını təklif edib. «Mən də bu qanunun qəbulunun tərəfdarlarından olmuşam. Ortada belə bir sənəd var. Ümumən razıyam, amma hesab edirəm ki, əmək haqqının 5 misli miqdarında cərimə çox azdır», - deyə o vurğulayıb.

«Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev diffamasiya haqqında qanun layihəsinin meydana çıxmasını müsbət dəyərləndirsə də, onu gecikmiş sənəd adlandırıb. Eyni fikri bölüşən «Azadlıq» qəzetinin məsul katibi Elşən Şirinov da qanun layihəsini müsbət qiymətləndirib. O, sənədin qəbulundan sonra Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə təqsirli bilinərək azadlıqdan məhrum edilən şəxslərin həbsdən buraxılmasının mümkünlüyü ilə maraqlanıb. Hüquqşünas Ə.Məmmədli məsələ ilə əlaqədar bildirib ki, belə bir hal baş veribsə, yəni jurnalist sözügedən maddələrlə təqsirləndirilərək həbsdədirsə, qanunun mütərəqqi əhəmiyyəti və digər hallar nəzərə alınaraq bu cür addım atıla bilər.

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas diffamasiya haqqında qanunun qəbulunu zəruriləşdirən məqamların cəmiyyətdə özünə kifayət qədər yer tapdığını vurğulayıb: «Hesab edirəm ki, layihə kifayət qədər mükəmməl hazırlanıb. Hüquqi terminologiya baxımından bir sıra məsələlər var ki, onlara diqqət yetirilməlidir. Hər bir halda qanunun ruhu bəllidir. Bu, biz jurnalistlərin məsuliyyətini artırır».

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu da qanun layihəsinləki müəyyən hüquqi ifadələrə yenidən baxılmasının vacibliyini önə çəkib: «Layihənin özü olduqca mütərəqqidir. Hesab edirəm ki, sənəd Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin birgə əməyinin məhsulu olmaqla yanaşı, ən başlıcası ölkədə mövcud olan siyasi iradənin nəticəsidir. Qanun hazırlanarkən çox güman ki, hüquqi terminologiyaya diqqət yetiriləcək. Digər tərəfdən, göstərilir ki, «cavabdeh iddiaçıdan üzr istənilməyə məcbur edilə bilməz». Məncə, mübahisələr elə üzr istənilməklə yoluna qoyulmalıdır. İkinci məqam «legitim ictimai maraqlar»ın konkret nədən ibarət olduğu əksini tapmalıdır».

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı qanun layihəsini nəzərdən keçirdiyini və ümumən sənədin xoş təsir bağışladığını vurğulayıb: «Əlbəttə, bəzi məsələləri daha çox incələmək olar. Yəqin ki, mərhələ-mərhələ bu ediləcək. Ümumən sənədi yüksək qiymətləndirirəm. Layihədəki bir çox müddəalar Avropa İnsan Haqları Konvensiyasının müddəaları ilə uyğunluq təşkil edir, demək olar, eynidir. Bu, müsbət haldır. Çünki bizim məhkəmələrimiz qərar çıxararkən birbaşa öz qanunumuza istinad edəcəklər. Burada «legitim ictimai maraq» ifadəsi səsləndi. Bu, Avropa Konvensiyasında da əksini tapıb. Dövlətin təhlükəsizliyi, ərazi bütövlüyünün qorunması, stabilliyin təminatı kimi məsələlər həmin kateqoriyaya daxildir», - deyən R.Hacılı diffamasiya haqqında qanun layihəsinin müzakirəsinin daha geniş miqyasda da keçirilməsini vacib sayıb.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »