Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ-nin Şikayətlər üzrə Komissiyası 6 müraciəti araşdırdı

Komissiya üzvləri 6 müraciətlə bağlı araşdırmalar aparıb müvafiq rəylər qəbul ediblər

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 6 müraciətlə bağlı araşdırmalar aparıb müvafiq rəylər qəbul ediblər.

“Yeni Azərbaycan naminə”yə loqosundan imtina tövsiyə olundu

İclasda ilk rəy “Yeni Azərbaycan” qəzetinin bu mətbu nəşr barədə şikayəti əsasında çıxarılıb. Müraciətdə deyilir ki, qarşı tərəf adına “naminə” sözünü əlavə etməklə “Yeni Azərbaycan”ın loqosunu mənimsəməyə cəhd göstərir. Oxucularda çaşqınlıq yaradan belə hal onlarda qəzetin fəaliyyət istiqamətini dəyişməsi kimi sual doğurmaqdadır. Komissiya üzvləri müzakiərələr zamanı bunun birmənalı surətdə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın “Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması” adlı 4-cü prinsipinin 4.6 bəndinin “plagiat yolverilməz hərəkətdir” tələblərinə zidd olduğunu söyləyiblər. Belə rəyə gəlinib ki, “Yeni Azərbaycan naminə” digər mətbu nəşrin loqosunu mənimsəmə cəhdi, müstəqil qəzet kimi saylarını dövlət gerbinin müşayəti ilə verməsi də qanunvericiliyin tələblərinə ziddir. Bu KİV məsələnin həlli üçün loqosunu yeniləşdirməli, dövlət gerbindən istifadə qaydalarına əməl etməli, həmçinin ölkə hüdudlarından kənarda təmsilçisi olmayan nəşrtək özünü “beynəlxalq ictimai-siyasi hüquq qəzeti” kimi təqdim etməkdən çəkinməlidir.

Baş redaktor Ramazan Bağırov iradlarla razılaşıb və qəzetin növbəti saylarında bunlara əməl edəcəyini deyib. O, Bakı şəhəri 14 saylı poliklinikanın bu mətbu nəşrlə bağlı şikayətinin müzakirəsi zamanı da səhvlərini səmimi etiraf edib, qəzetdə təkzib verməyə, qarşı tərəfdən üzr istəməyə hazır olduğunu bildirib. Lakin komissiya yekdil rəyə gəlib ki, qəzetdə həmin səhiyyə şəbəkəsi barədə eyni məzmunlu yazının onlarca KİV-də getməsi, iki il əvvəl “Yeni Azərbaycan naminə”nin təkzib verməsi yenidən mövzuya qayıdışda qərəz motivlərini ortaya çıxarır. Komissiya buna görə də qəzetə Mətbuat Şurasının xəbərdarlığının olunması barədə rəy çıxarıb.

“Ölkə” Dövlət Neft Şirkətinin mövqeyini olduğu kimi verəcək

“Ölkə” qəzetinin 5-11 may 2011-ci il tarixli sayında gedən “SOCAR-ın tam məxfi əməlləri” yazısı ilə bağlı müraciət növbəti müzakirə mövzusu olub. Şirkət təmsilçiləri məqalənin yanlış fikir və faktlara əsasən, araşdırma aparılmadan qələmə alındığını bildirib, cavabdeh tərəf isə iradlarla razılaşmayıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, qəzet yazı hazırlanarkən qarşı tərəfin mövqeyini öyrənməyə israrlı olmayıb. Məsələ ilə əlaqədar şirkətin mətbuat xidmətinə müraciət edilməməsi balans prinsipinin tələblərinin pozulması ilə nəticələnib. Mətbuat Şurasının müraciətdə ifadəsini tapan məqamlarla əlaqədar məktubunun şərh mövzusu kimi “Ölkə” qəzetində təqdimatı da prosedur qaydalara zidd hal sayılıb.

Komissiya ARDNŞ-in mövqeyini əks etdirən və MŞ-yə ünvanlanan müraciətin qəzetdə olduğu kimi verilməsini nəşrə tövsiyə edib. Hər iki tərəf təklifin icrasını məsələnin həlli istiqamətində real variant kimi dəyərləndirib.

“Reytinq”in təkzibi və üzrxahlığı

İclasda Dövlət Sərhəd Xidmətinin “Reytinq” qəzetindən şikayəti də tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb. Belə ki, qəzetin “Sərhəd xidmətində 9 milyonluq şübhəli əməliyyat” (8 may 2011-ci il) sərlövhəli yazı ilə əlaqədar təkzib verməsini, üzrxahlıq etməsinin müraciət müəlliflərini qane etməsi bunu şərtləndirib. Komissiya qəzetin nəzərinə çatdırıb ki, gələcək fəaliyyətində etik prinsiplərə bi sayaq sayğısız yanaşmanın təkrarlanmaması üçün müvafiq tədbirlər həyata keçirsin.
“Bölgə xəbər” saytı da şikayətçidən üzr istədi

İclasda “Bölgə xəbər” saytının 11 iyun 2011-ci il tarixli sayında Masallı Tibbi Sosial Ekspertiza Komissiyası barədə gedən materialda etik prinsiplərin əksər parametrlərinin pozulduğu bildirilib. Komissiya üzvləri saytın konkret faktlara, dəlil-sübutlara əsaslanmayan ittiham xarakterli fikirləri təqdim etməsini, birtərəfli ittihamlar irəli sürməsini əsas götürərək həmin yazını qərəz nümunəsi hesab edib. “Bölgə xəbər”in başçısı Vasif Turan iradlarla razılaşıb və əlavə edib ki, sayt 31 saylı TSEK-in sədri Xalıq Məmmədovdan üzr istəməyə, təkzib verməyə hazırdır.

Komissiya müraciət müəllifinin də təklifə müsbət münasibətini, cavabdehin səmimi mövqe nümayiş etdirməsini məsələnin həlli üçün yetərli sayıb.

“Tərtər” qəzetinə qarşı tərəfin mövqeyini dərc etmək tövsiyə olundu

Müsavat Partiyası Tərtər rayon təşkilatının sədri Xaqani Məmməd Mətbuat Şurasına müraciətində bildirib ki, “Tərtər” qəzetinin 8 aprel 2011-ci il tarixli sayında gedən bəyanatda bir sıra şəxslərin bu siyasi qurumu tərk etmələrinin göstərilməsi həqiqətə uyğun deyil, mətbu nəşrdə isə qarşı tərəfin məsələyə aydınlıq gətirməsinə imkan yaradılmayıb. Komissiya üzvləri məsələ ilə əlaqədar toplanmış materialları araşdıraraq rəyə gəliblər ki, şikayətçinin bu hüququnun təmin edilməsi qəzetə tövsiyə olunmalıdır.



15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »