Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Jurnalist Şirməmməd Nəzərlinin yaradıcılıq gecəsi keçirilib

Onun fotosərgisi nümayiş olunub, müəllifi olduğu kitablar təqdim olunub

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin dəstəyi və Azərbaycan Mətbuat Şurasının (AMŞ) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar, Jurnalistlər və Fotoqraflar Birliklərinin üzvü, jurnalist Şirməmməd Nəzərlinin yaradıcılıq geçəsi keçirilib. Tədbirin proqramına Ş.Nəzərlinin “İşıq gücü” adlı fotosərgisinin açılışı, “Ömrün qönçə çağında” və “Çəkilməyən film” kitablarının təqdimatı daxil edilib. Toplantıda həmçinin istedadlı qələm sahibinin çəkdiyi onlarla videoçarxlardan biri olan “Situasiya” nümayiş olunub.


Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Ş.Nəzərlinin «Ömrün qönçə çağında» kitabı 1979-1989-cu illər Əfqanıstan müharıbəsində həlak olmuş azərbaycanlı hərbçilər haqqında oçerklərdən və həmin savaşa həsr edilmiş  araşdırma materialından  ibarətdir. “Çəkilməyən film” bədii romanı bir kino rejissorunun həyatını əks etdirir. 


Ə.Amaşov Ş.Nəzərlinin kitablarının çapının “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən həyata keçirildiyini vurğulayaraq qurumun Azərbaycan Mətbuat Şurası ilə həmişə sıx əməkdaşlıq etdiyini bildirib, birgə həyata keçirilmiş layihələr barədə məlumat verib.


Ə.Amaşov fotojurnalistika sahəsindəki xidmətlərinə və dəyərli publisistik nümunələrinə görə Ş.Nəzərlinin MŞ-nin fəxri diplomuna layiq görüldüyünü bildirib. Jurnalistə Şuranın təbrik plaketini təqdim edib. 


“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva təmsil olunduğu qurumun həmişə media ilə bağlı müxtəlif təşəbbüslərə dəstək verdiyini vurğulayıb. Bildirib ki, bu zaman «Akkord» jurnalist əməyinin cəmiyyətin mənafeləri baxımından vacibliyinə diqqət yetirib: «Arzu edirəm ki, jurnalistlər bizə həmişə belə yaradıcılıq məhsullarının ərsəyə gəlməsinə kömək göstərilməsi ilə bağlı müraciət etsinlər». 


Azərbaycan Fotoqraflar Birliyinin təmsilçisi Rauf Ümid keçirilən mərasimin əhəmiyyətini bir neçə cəhətdən izah edib. Onun sözlərinə görə, Ş.Nəzərlinin müstəsna xüsusiyyəti təsviri sənətlə bədii yaradıcılığın vəhdətinə nail olmasıdır. 


Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini Mirşamil Hadıyev deyib ki, təqdimatı keçirilən «Ömrün qönçə çağında» kitabı Əfqanıstan müharibəsində həlak olmuş azərbaycanlıların həyat yolunun gələcək nəsillərə çatdırılması baxımından vacibdir. 


«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu hər bir həqiqi jurnalistin gündəlik fəaliyyətilə yanaşı, ortaya qoyduğu ictimai məhsulunun olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məhsul xalqa xidmət istəyinin doğurduğu daxili ehtiyacdır. Ş.Nəzərli də bu gün məhsulunu ortaya qoyur. 


Çıxışında diqqəti daha çox «Ömrün qönçə çağında» kitabına yönəldən baş redaktor müavini eyni zamanda maraqlı statistikaya diqqət yetirib. O deyib ki, müqayisəli yanaşsaq, SSRİ əhalisinin çox az bir qismini təşkil edən azərbaycanlıların Əfqanıstan müharibəsində iştirak faizi yüksək olub. «Döyüşlərdə Sovetlər İttifaqının əsasən müsəlmanlar yaşayan bölgələrinin əhalisi iştirak edib. Bu isə SSRİ rəhbərliyinin müsəlman Əfqanıstanına qarşı müsəlmanları çıxarmaq siyasətinin nəticəsi idi. Ş.Nəzərli sözügedən kitabda mövcud məqama özünəməxsus publisistik tərzdə aydınlıq gətirib», - deyə o vurğulayıb. 


Ş.Nəzərlinin «Çəkilməyən film» kitabı ilə bağlı söhbət açan «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, film və teartla bağlı yazılan əsərlər ədəbi mühitdə bir qayda olaraq həmişə tənqidlərlə üzləşir. Çünki sənət içərisində sənəti təsvir etmək və bunu bədii çalarlarla zənginləşdirmək olduqca çətindir. Çox zaman yaradıcılığın pərdəarxası məqamlarının canlandırılmasından uzaq durulur. Dünya klassik ədəbiyyatındakı haqqında söz açdığı cəhətə xas misilsiz sənət nümunələrdən danışan baş redaktor Ş.Nəzərlinin də əslində çətin işə müraciət etdiyini vurğulayıb. «Əsərə gəldikdə isə, elə bilirəm ki, hər bir yaradıcı şəxsin içində romanın qəhrəmanı olan  Həmiddən var», - deyən E.Mirzəbəyli müəllifə özünün ən yaxşı bildiyi əsəri yaratmağı arzulayıb. 


Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi, şair Dayandur Sevgin çıxışında əsasən «Çəkilməyən film» kitabı üzərində dayanaraq orada qoyulan məsələlərdə əslində televiziya jurnalistikası peşəkarlığının bu gün üçün də vacib olan aspektlərinə diqqət yetirildiyini vurğulayıb. 


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva Ş.Nəzərlinin Əfqanıstan müharibəsinin iştirakçısı olmuş azərbaycanlıların cəbhə yoluna müraciət etməsini bütövlükdə Azərbaycan xalqının dəyərlərinə böyük hörmətin təcəssümü adlandırıb. «Övladları və digər yaxınları müharibədə həlak olmuş doğmalarının qəhrəmanlıq yolu ilə bağlı məlumat əldə edə biləcəklər. Bu, bir insan kimi onlar üçün son dərəcə vacibdir», - deyən Z.Əliyeva uzun illərdir tanıdığı müəllifi sadə, səmimi və təvazökar insan kimi səciyyəlindirən məqamlardan da söz açıb. 


MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas bildirib ki, təqdimatı keçirilən nəşrlərə diqqət yetirdikdə göz önündə onların müəllifinin xarakteri canlanır. Bu xarakter milli-mənəvi dəyərlərə bağlı insanın simasıdır. 


Tanınmış jurnalist Məzahir Süleymanzadə qeyd edib ki, jurnalistin «Ömrün qönçə çağında» kitabını vərəqləyərkən yazılan hər sözdə və fikirdə vətəndaşlıq mövqeyinin hiss olunduğu bildirib. O, eyni zamanda nəşrin böyük zəhmət və axtarışlar nümunəsi baxımından vacibliyini vurğulayıb. 


Qeyd edək ki, Ş.Nəzərli 1977-ci ildə ADU-nun (indiki BDU) jurnalistika fakültəsini bitirib. Azteleradio şirkətində, Azərbaycan Jurnalistlər Birliyində işləyib, “Vışka” qəzetinin Ukrayna üzrə xüsusu müxbiri, “İRS” jurnalının təsisçisi və baş redaktoru  olub. Hekayə, povest, ssenari, publisistika  və romandan ibarət 10 kitab müəlifidir. Bakı teatrlarında 3 pyesi tamaşaya qoyulub, indi dövlət teatrlarından biri onun “Yusifin qəmi” ikihissəli pyesini tamaşaya hazırlayır. Ş.Nəzərlinin Azərbaycan radiosunun “Qızıl fondu”nda verilişləri və “Tac Mahal və ya iki damla göz yaşı” tamaşası saxlanılır. “HUMAY” mükafatı laureatıdır. Hazırda SALAMNEWS informasiya agentliyində mədəniyyət şöbəsinin redaktoru işləyir.


 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »