Mətbuat şurası

Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30

Mətbuat Şurasına Şikayətlərin verilməsi və onlara baxılma qaydaları

Azərbaycan Mətbuat Şurasının 09 aprel 2003-cü il tarixli iclasının Qərarı ilə təsdiq edilib.

Protokol N 002

1. ÜMUMİ QAYDALAR
2. MƏTBUAT ORQANI İLƏ ƏLAQƏ YARADILMASI
3. ŞİKAYƏTİN HAZIRLANMASI
4. ŞİKAYƏT QƏBUL EDİLDİKDƏN SONRA MŞ-NİN GÖRMƏLİ OLDUĞU TƏDBİRLƏR
5. ŞİKAYƏTİN CAVAB ÜÇÜN REDAKSİYAYA GÖNDƏRİLMƏSİ
6. REDAKSİYANIN MŞ-YƏ CAVABI
7. ŞİKAYƏTLƏR ÜZRƏ KOMİSSİYADA DİNLƏMƏ
8. MŞ-DƏ QƏRARLARIN QƏBULU
9. MŞ QƏRARININ TƏRƏFLƏRƏ TƏQDİM EDİLMƏSİ
10. MŞ QƏRARININ DƏRC EDİLMƏSİ
11. MŞ-NİN İNFORMASİYA KANALLARI


1. ÜMUMİ QAYDALAR

Mətbuat Şurası (MŞ) Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş mətbuat vasitələri ilə (qəzet, jurnal və informasiya agentlikləri) bağlı şikayətlərə baxır. Reklam xarakterli materiallara dair şikayətlər qəbul edilmir. Şikayətlər konkret müəlliflərə yox, mətbuat orqanına qarşı yönəlməlidir. Materialda dəqiq ünvan (ad) göstərilirsə, onda MŞ-yə yalnız həmin ünvanın sahibi (şəxs) müraciət etməlidir. Yazıda peşə prinsiplərinin ümumi qayada pozulması aşkar olunubsa, onda cəmiyyətin istənilən üzvü MŞ-yə şikayət edə bilər.

MŞ həm şikayət təqdim etmək, həm də ona cavab vermək üçün tərəflərə bərabər imkanlar yaratmaq prinsiplərini rəhbər tutur. MŞ şikayətlərə mümkün qədər tez və qeyri-rəsmi şəraitdə baxır. Bu, səmərə vermədikdə proses təşkil edilir.

Sorğulara telefon, poçt və ya elektron vasitəsilə də cavab verilə bilər.

Şikayətlər materialın dərc olunduğu gündən sonrakı 3 ay müddətində verilməlidir. Şikayətlər daxil olduqdan sonra 7 gün ərzində onlara baxılıb-baxılmayacağı barədə sahibinə məlumat verilməlidir. Qəbul edilmiş şikayətə 2 aydan gec olmayaraq baxılmalıdır.

MŞ yalnız mətbuatda getmiş konkret hadisələr və konkret materiallarla bağlı şikayətlərə baxır. O yalnız öz səlahiyyətlərinə aid olan (Jurnalistlərin Peşə Davranışı Qaydalarının tələblərinin pozulmasına dair) işləri qəbul edir və araşdırır.

MŞ həmçinin məhkəmənin sorğusu əsasında müvafiq iş üzrə araşdırma apara və rəy verə bilər.

Görülmüş işlər barədə şikayətçilər mütəmadi olaraq məlumatlandırılırlar.

MŞ-də şikayətlərin baxılma qaydaları aşağıdakı bölmələrdə əksini tapır.

2. MƏTBUAT ORQANI İLƏ ƏLAQƏ YARADILMASI

Mətbuatda dərc olunmuş məqalə, yaxud illüstrasiyadan şikayəti olan şəxs ilk növbədə həmin kütləvi informasiya vasitəsinin baş redaktoruna və ya onun rəhbər işçilərindən birinə müraciət etməidir. Tərəflərin problemə hər iki yöndən düşünülmüş qaydada yanaşması, onu birgə müzakirə etməsi çox zaman şikayətə formal baxışdan daha səmərəli olur və qısa vaxtda müsbət nəticə əldə edilməsinə imkan yaranır. Belə ki, redaksiya dərc olunmuş məqalə ilə əlaqədar iddiaçıya onu qane edən tərzdə izahat verə, yazılı cavab göndərə və ya könüllü olaraq nəşrin növbəti sayında müvafiq təkzib, cavab və ya düzəliş dərc edə bilər.
 
3. ŞİKAYƏTİN HAZIRLANMASI

Redaksiyaya müraciətin nəticəsi şikayətçini qane etmirsə , o, MŞ-yə ərizə verə bilər. Bunun üçün, ilk növbədə, şikayətə səbəb olan materialın dərc edildiyi qəzeti, bu mümkün deyilsə, həmin yazını (illüstrasiyanı) kəsib götürmək lazımdır. Ərizədə şikaytin predmeti olan materialın dərc edildiyi qəzetin və ya jurnalın adı, nömrənin buraxılış tarixi, məqalənin sərlövhəsi göstərilməlidir. Şikayətə əsas verən hallar izah edilməlidir (məqalədə konkret olaraq hansı peşə prinsiplərinin pozulması güman edildiyi barədə MŞ-nin dəqiq anlayışı olması üçün şikayətçilər bu məqsədlə tərtib edilmiş xüsusi blank doldurmalıdırlar). Qəzet və ya kəsilmiş məqalə, həmçinin şikayəti əsaslandıran sənədlər ərizəyə əlavə edilərək paket şəklində MŞ-yə göndərilməlidir. Şikayətçi ərizəyə əlavə etdiyi bütün sənədlərin mümkün qədər yığcam olmasına çalışmalıdır.

MŞ-yə verilmiş şikayətlərlə əlaqədar burada toplanmış, yaxud ona təqdim olunmuş məlumatlar, sənədlər kənar heç bir yerdə açıqlanmamalı və heç bir yerə verilməməlidir.

Öz müştəriləri adından fəaliyyət göstərən, onların əvəzinə şikayətləri tərtib edən hüquqşunaslar üçün xüsusi qeyd:

Bəzən MŞ-yə verilən şikayətləri hüquqşünaslar hazırlayırlar. Bu zaman tərəflər bilməlidir ki, hüquqşünaslar öz müştərilərinə yalnız işlə əlaqədar halların izahında yardımçı ola bilərlər. Şikayətlərin baxılma prosesinə hüquqşünasların müdaxiləsi yol verilmir. MŞ-nin işi elə qurulub ki, bu proses KİV-ə və şikayətçilərə baha başa gəlməsin, həmçinin mətbuat üçün şikayətçilər qarşısında yalnız hüquqi xarakter daşımayan öhdəliklər müəyyən edilsin.

4. ŞİKAYƏT QƏBUL EDİLDİKDƏN SONRA MŞ-NİN GÖRMƏLİ OLDUĞU TƏDBİRLƏR

A. Danışıqlar

Əksər hallarda MŞ şikayətçiyə təklif edir ki, problemi cavabdeh tərəflə danışıqlar youl ilə həll etsin. Məlum olsa ki, bu üsulla problemi həll etmək mümkündür, onda şikayətə baxılmamış cavabdeh mətbu orqanın redaktoruna müraciət edilir. Redaktor şikayəti İcraçı katiblə müzakirə etməyə razılıq verirsə, sonuncu 10 gündən gec olmayaraq həmin mətbu orqanın rəhbəri ilə görüşməyə və problemin ilkin mərhələdə danışıqlar yolu ilə həll olunmasına səy göstərməyə borcludur.

B. İltizamın və ya əlavə informasiyanın tələb edilməsi

1/ Məlum olsa ki, mətbu orqanla bağlı şikayətə məhkəmə qaydasında da baxılmasına əsas verə bilən amillər var, onda şikayətçidən tələb edilməlidir ki, MŞ şikayətə baxıb yekun qərar çıxarmamış o, həmin iş üzrə məhkəməyə müraciət etməsin və bununla bağlı müvafiq sənəd imzalasın. Bu onunla izah edilir ki, MŞ özünü məhkəməlrin əlavəsi deyil, münasibətlərin araşdırılmasında onlara alternativ qurum hesab edir. Belə bir tələbi əsaslandıran daha bir neçə səbəb var:
- MŞ şikayətə baxarkən və ya qərar hazırlayarkən həmin an məhkəmədə olan işə dair sənədlərdən hər hansı biri ona lazım ola bilər;
- Məhkəmədə öz mövqelərinin zəifləyə biləcəyindən ehtiyat edən tərəflər tələb olunan informasiyanı MŞ-yə təqdim etməkdən və bununla da faktiki olaraq onunla əməkdaşlıqdan çəkinə bilərlər.
- Zəruri hallarda şikayətçiyə belə bir sənəd təqdim olunacaq. Şikayətçi onu imzalamamış bu barədə hərtərəfli düşünməli, ehtiyac görürsə, hüquqşünasla da məsləhətləşməlidir. Belə imkan yoxdursa, MŞ müstəsna hallarda şikayətçini hüquq məsləhətçisi ilə təmin edə bilər.


Bundan başqa, MŞ hər hansı işin məhkəmə perspektivi olması barədə müvafiq redaksiyanı xəbərdar edə bilər.

2/ Şikayətçinin ərizəsində əks olunmuş məlumatlar işə baxmaq üçün kifayət etmirsə, ona bunun səbəbi izah edilməli və lazım gələrsə, əlavə sənədlər istənilməli və izahat alınmalıdır.

C. Şikayəti qəbul etməkdən imtina

MŞ aşağıdakı hallarda şikayətləri qəbul etmir:

- şikayətə artıq məhkəmədə baxılıbsa və yaxud həmin iş üzrə hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılırsa;
- şikayətin mətbuata, yaxud MŞ-nin müdafiə etdiyi prinsiplərə aidiyyəti yoxdursa;
- şikayətə birbaşa məhkəmə orqanları tərəfindən baxılmalı olduğu ərizədən aydın görünürsə;
- şikayət vermək müddəti ötmüşdürsə;
- şikayətin predmetini təyin etmək mümkün deyilsə;
- şikayət məzmununa görə etik normalara ziddirsə;
- şikayət anonim verilmişdirsə.


Şikayəti qəbul etməkdən imtinanın səbəbləri barədə şikayətçiyə məlumat verilməlidir. Şikayətçi razı qalmayıb ərizəsinin qəbul olunmasını tələb edərsə, bu məsələyə Şikayətlər üzrə Komissiyada baxılır, nəticə qarşı tərəfi qane etməsə, yekun qərarı MŞ-nin sədri verir.

5. ŞİKAYƏTİN CAVAB ÜÇÜN REDAKSİYAYA GÖNDƏRİLMƏSİ

a) Problem danışıqlar yolu ilə həll olunarsa, işə xitam verilir və bu barədə İcraçı katib MŞ Sədrinə məlumat verir. Tərəflərin barışıqla bağlı yazılı razılığının olması vacibdir.
b) Mübahisəni danışıqlar yolu ilə həll etmək və ya hər iki tərəfi qane edən qərara gəlmək mümkün olmadıqda, İcraçı katib şikayətə MŞ-də rəsmi qaydada baxılması prosesinə hazırlığa başlayır. Müvafiq redaksiyaya məktub göndərilərək şikayətlə bağlı MŞ-yə rəsmi cavab verməsi xahiş olunur. Həmin andan etibarən şikayətçinin MŞ-yə təqdim etdiyi sənədlərin surətləri ərizəçiyə, qarşı tərəfdən alınan materialların surətləri isə şikayətçiyə göndərilir. Tərəflərdən biri ilə aparılan danışığın digər tərəfdən gizli saxlanılması yolverilməzdir.

Tərəflər MŞ-nin bütün sorğularına bu qaydada müəyyən edilmiş, qaydalarda bu barədə müddəa olmadıqda isə İcraçı katibin müəyyən etdiyi müddətdə cavab alınmazsa, MŞ öz öhdəliklərini yerinə yetirməyən tərəfin fikrini öyrənmədən də şikayətin araşdırılmasını davam etdirməyə səlahiyyətlidir.

6. REDAKSİYANIN MŞ-YƏ CAVABI

Redaksiyadan rəsmi cavab alındıqdan sonra İcraçı katib onu şikayətçiyə göndərir. Əgər:

a) Şikayətçi cavabı məqbul hesab etsə, İcraçı katib işə xitam verir və bu barədə MŞ Sədrinə məlumat verir.
b) Şikayətçi cavabla razılaşmasa, İcraçı katib şikayəti baxılmaq üçün hazırlayır.


7. ŞİKAYƏTLƏR ÜZRƏ KOMİSSİYADA DİNLƏMƏ

Bu mərhələdə işlə bağlı sənədlərə əvvəlcə Şikayətlər üzrə Komissiyada baxılması üçün lazım olan bütün tədbirlər görülür, dinləmənin yeri və vaxtı barədə tərəflərə məlumat verilir.
Dinləmələrə MŞ Sədrinin müavinləri növbə ilə sədrlik edirlər. Dinləmənin vaxtı təyin olunan andan, MŞ Sədrinin xüsusi razılığı olmazsa, tərəflərin hər hansı birindən işə dair yeni materialların qəbul edilməsi dayandırılır, tərəflərin təqdim etdikləri materialların surətləri çıxarılır və Şikayətlər üzrə Komissiyanın bütün üzvlərinə paynanılır.
Komissiyanın dinləməsində tərəflərin iştirakı məcburi deyil. Prosesdə şikayətçilərin özləri, yaxınları və ya iş yoldaşları, şirkət və ya təşkilatların isə rəhbər işçiləri iştirak edirlər. Redaksiyanı onun məsul əməkdaşları, lazım gəldikdə həm də şikayətə səbəb olmuş materialın müəllifi təmsil edə bilər. Hüquq məsləhətçilərinin hər hansı tərəfin nümayəndəsi qismində dinləmədə iştirakına yol verilmir.
Dinləmələr məhkəmə prosesi qaydasında deyil, adi “dəyirmi masa” şəklində keçirilir. Bu məqamda Komissiya üzvlərinə iş üzrə heç bir yeni material tədqim oluna bilməz.
Dinləmədən sonra Komissiya MŞ üçün yazılı rəy hazırlayır.
Komissiyanın hazırladığı qərar layihəsi dinləmədən sonra üç gündən gec olmayaraq MŞ İdarə Heyətinə təqdim olunur və həmin layihə tövsiyə xarakteri daşıyır.

Qeyd: Dinləmə zamanı tərəflər qarşılıqlı razılığa gələrsə, işə bu mərhələdə də xitam verilə bilər.

8. MŞ-DƏ QƏRARLARIN QƏBULU

MŞ-nin Idarə Heyətinin iclasını Sədr ( o olmadıqda müavinlərindən birinin) aparır. Qərar açıq səsvermədə adi səs çoxluğu ilə qəbul edilir. Hər bir üzvün bir səsi var. Səslər bərabər olduqda, sədrin səsi həlledici sayılır. MŞ işə mahiyyəti üzrə baxır və müvafiq qərar qəbul edir. Qərarın Şikayətlər üzrə Komissiyanın təqdim etdiyi layihədən fərqlənməsi mümkündür.

MŞ üzvü olmayan şəxslər Sədrin razılığına əsasən, səsvermə hüququ olmadan, iclasda iştirak edə bilər.

Haqqında şikayət verilən redaksiyanın əməkdaşı MŞ üzvü olduqda o, məsələ ilə bağlı səsvermədə iştirak edə bilməz. Bu qayda MŞ üzvlərinin yaxınları ilə bağlı şikayətlərin baxılmasına da aid edilir. Yaxınlıq əlaqələri barədə MŞ üzvü Sədrə əvvəlcədən məlumat verməyə borcludur.

MŞ-nin qərarında iddia tam və ya qismən təmin edilə, yaxud heç təmin edilməyə bilər. MŞ-nin qərarında təzminat tələbi qoyula, hər hansı bir əqd etibarsız sayıla bilməz və ya cavabdeh hər hansı hərəkətə məcbur edilə bilməz. Yeganə məcburiyyət ondan ibarətdir ki, redaksiya MŞ-nin hətta onun xeyrinə olmayan qərarını da dərc etməyə borcludur.

9. MŞ QƏRARININ TƏRƏFLƏRƏ TƏQDİM EDİLMƏSİ

MŞ-nin qərarı tərəflərə yazılı şəkildə poçt və ya faksla göndərilir, həmçinin KİV-də yayımlanır.MŞ özünün qərarının ümumi qaydada dərc olunmasına xüsusi razılıq verməyənədək onun üzərinə qadağa qoyur. Bu ona görə edilir ki, barəsində qərar çıxarılmış redaksiyaya bu qərarı birinci olaraq dərc etməyə şərait yaradılsın. Lakin MŞ qərarlarının açıqlanması formasını müəyyən etmək üçün bütün hüquqları özündə saxlayır.

10. MŞ QƏRARININ DƏRC EDİLMƏSİ

a) MŞ-nin qərarını ilk növbədə cavabdeh redaksiya dərc edir, yalnız bundan sonra o, digər informasiya vasitələrində yayımlana bilər.

Şikayət təmin olunduğu halda, cavabdeh nəşr ən yaxın sayında (gündəlik qəzetlər 3 gün ərzində) MŞ-nin qərarını olduğu kimi dərc etməyə borcludur. Cavabdeh nəşr bu müddətdə qərarı dərc etməzsə, o zaman MŞ bu qərarı özünün müəyyən etdiyi qaydada ictimaiyyətə çatdırır.

b) Şikayətlər üzrə Komissiya ayda bir dəfə MŞ-nin qərarlarının dərc edilməsinə dair hesabat tərtib edir. Hər hansı qərarı cavabdeh redaksiya çap etməzsə, yaxud qərar dərc olunarkən onun mənası və məznunu təhrif olunarsa, Komissiya konkret hadisə ilə bağlı təqsirkara qarşı hansı tədbirin görülməsinə dair İdarə Heyəti üçün rəy hazırlayır. İdarə Heyəti bu rəylə tanış olub müvafiq qərar çıxarır


11. MŞ-NİN İNFORMASİYA KANALLARI

MŞ özünün bütün qərarlarını rüblük informasiya bülletenlərində, eləcə də lazım bildiyi başqa KİV-də drəc edir, illik hesabata salır və ictimaiyyətə çatdırır. Bütün qərarlar arxivdə saxlanılır, onların mətni MŞ-nin veb-saytında yerləşdirilir.


14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »
13
sentyabr
MÜSABİQƏ ELANI

-

ətraflı »
11
sentyabr
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

-

ətraflı »
09
sentyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
06
sentyabr
Azərbaycan Mətbuat Şurasının bəyənatı

-

ətraflı »
24
avqust
Mətbuat Şurasında Türk dünyası Sənədli Filmlər Festivalı ətrafında fikir mübadiləsi aparılıb

-

ətraflı »