Mətbuat şurası

Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30

Konfranslar və dəyirmi masalar


17.12.2010

«İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim» layihəsi çərçivəsində konfrans-seminar



Tədbir Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü ilə reallaşdırılır

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü ilə «İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim» layihəsi çərçivəsində 3 günlük konfrans-seminar işinə başlayıb.

Bakıda və regionlarda fəaliyyət göstərən teleradio kanalları rəhbərləri və təmsilçilərinin qatıldıqları tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. O bildirib ki, konfrans-seminarın təşkilindən məqsəd qlobal iqlim dəyişiklikləri ilə bağlı proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılmasına, bu sahədə ixtisaslı jurnalist kadrların hazırlanmasına dəstək verməkdən, mövcud sahədə nəzərə çarpan neqativ tendensiyaların aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir. «İqlim dəyişikliyi bəşəriyyəti düşündürən qlobal hadisədir. Bu, insanların bütövlükdə yaşam tərzinə və davranışlarına təsir göstərir. Mütəxəssislərin hesablamalarına görə, mövcud prosesin mənfi təsirlərinin qarşısı alınmasa gələcəkdə aclıq, yoxsulluq kimi problemlər xeyli artacaq. Buna görə də dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, xüsusən də YUNESKO kimi qurumlar vəziyyətə effektiv təsir göstərmək üzərində ardıcıl iş aparırlar. Bu iş isə medianın, əsasən də teleradio kanallarının rolu olmadan mümkün deyil. Azərbaycan Mətbuat Şurası və YUNESKO mövcud reallığı nəzərə alaraq məhz televiziya və radiolarda çalışan jurnalistlər üçün iqlim dəyişikləri mövzusunda seminarın təşkilini həyata keçirir», - deyən Ə.Amaşov Azərbaycan KİV-lərinin ekologiyanın və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərin işıqlandırılmasına hər zaman böyük diqqət göstərdiyini vurğulayıb, onların mövcud istiqamətdəki potensialının artırılmasının vacibliyini önə çəkib. O, həmçinin konfrans-seminarın Azərbaycanın televiziya və radio təmsilçilərinin UNESCO-nun 2009-cu ilin sentyabrın 4-5-də «Teleradio mediası və iqlim dəyişikliyi» mövzusunda Parisdə keçirdiyi beynəlxalq konfransının deklorasiyasına həmrəylik nümayişi baxımından əhəmiyyətindən danışıb.

YUNESKO-nun Azərbaycan Milli Komissiyasının katibi Günay Əfəndiyeva təmsil olunduğu qurumun Azərbaycanla əlaqələrinin daim yüksələn xəltə inkişaf etdiyini bildirib. O bu əlaqələrin dərinləşməsində Heydər Əliyev adına Fondun prezidenti, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük rolunun olduğunu vurğulayıb. Azərbaycan Mətbuat Şurası ilə birgə təşəbbüsdən geniş söhbət açan G.Əfəndiyeva qeyd edib ki, layihə çərçivəsində jurnalistlər üçün seminarla yanaşı, kitab çapının və saytın hazırlanması da nəzərdə tutulur.

YUNESKO-nun MaB (İnsan və biosfer) Milli Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Urxan Ələkbərov qlobal problem olan iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında elm, təhsil və mədəniyyət amillərinin başlıca rol oynadığını deyib. Onun sözlərinə görə, hazırkı dövr ekoloji sivilizasiyalar mərhələsinin başlanması ilə xarakterizə edilir ki, bu prosesdə də medianın rolu olduqca böyükdür: «Media sosial məsuliyyətli institutdur. Bu isə onun bütün digər problemlərə olduğu kimi ekoloji tarazlığın pozulmasına, iqlim dəyişikliyinə operativ reaksiya göstərməsini zəruri edir. Əslində medianın başlıca vəzifəsi elə bundan ibarətdir. Lakin onun fəaliyyəti daimi yeniləşmiş biliklərə əsaslanmalıdır», - deyən U.Ələkbərov konfrans-seminarın jurnalistlər üçün əhəmiyyətli olacağına əminliyini ifadə edib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov bildirib ki, Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü jurnalistləri maarifləndirməklə yanaşı, xeyirxah missiya da daşıyır. «Prezident İlham Əliyev cənablarının fərmanı ilə 2010-cu il Azərbaycanda ekologiya ili elan edilib. Ölkənin hər yerində bu istiqamətli tədbirlər təşkil olunmaqdadır. Lakin jurnalistlərin iştirakı ilə belə bir təşəbbüsün, özü də çox böyük miqyasda, gerçəkləşməsi ilk dəfədir. Cəmiyyətin həmrəyliyi jurnalistlərin həmrəyliyindən keçir», - deyən İ.Ömərov seminarın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev də diqqəti ölkə KİV-lərinin ekoloji məsələlərə daim həssas yanaşdığına çəkib. O, belə tədbirlərin mövcud tendensiyanın daha da möhkəmlənməsinə dəstək olduğunu, əlavə stimul verdiyini deyib: «Azərbaycan dövləti, şəxsən cənab prezident İlham Əliyev ekoloji problemlərin aradan qaldırılmasına olduqca həssas münasibət göstərir. Ölkədə qəbul edilən müvafiq dövlət sənədləri, qanunlara edilən əlavə və dəyişikliklər də bunun əyani nümunəsidir. Azərbaycan cəmiyyəti də məsələyə eyni həssaslıqla yanaşmalıdır. Burada «Teleradio mediası və iqlim dəyişikliyi» barədə Paris deklorasiyasından söhbət açıldı. Hesab edirik ki, bu gün Azərbaycanın teleradio nümayəndələrinin həmin sənədə həmrəy olduqlarını göstərmələri vacib məqamdır. Bununla ölkə KİV-ləri üzərilərinə böyük məsuliyyət götürmüş olurlar».

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxışında Azərbaycanda ekologiya ili çərçivəsində reallaşdırılan tədbirlər barədə ətraflı məlumat verib. Bu tədbirlərin baş tutmasında medianın roluna toxunan nazir müavini təmsil olunduğu qurumun KİV-lərin ekoloji mövzudakı fəaliyyətinə dəstək göstərdiyini vurğulayıb. O bildirib ki, ETSN 2010-cu ilin avqustundan başlayaraq ekoloji mövzuda yazan jurnalistlər üçün kurslar həyata keçirməkdədir.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu isə çıxışında UNESCO-nun 2009-cu ilin sentyabrın 4-5-də «Teleradio mediası və iqlim dəyişikliyi» mövzusunda Parisdə keçirdiyi beynəlxalq konfransının deklorasiyası barədə geniş məlumat verib. Azərbaycan jurnalistlərinin həmin sənədlə həmrəylik nümayişinin zəruriliyindən danışan U.Rəhimoğlu iştirakçıları bunun üçün hazırlanan bəyanat mətni ilə tanış edib.

Televiziya və radio kanallarının təmsilçiləri “Azərbaycanın televiziya və radio qurumları rəhbərləri və nümayəndələrinin UNESCO-nun «Teleradio mediası və iqlim dəyişikliyi» barədə Paris deklorasiyası ilə həmrəyliyinə dair bəyanatı”nı yüksək qiymətləndirərək onu imzalayıblar. Bəyanata paytaxtda fəaliyyət göstərən telekanalların - İTV, AzTV, ATV, «Space TV», «Ldier TV», ANS TV, «Xəzər TV»-nin, bölgə telekanallarından - «Kəpəz TV», «Alternativ TV» (hər ikisi Gəncə), «Aygün TV» (Zaqatala), «Dünya TV» (Sumqayıt), «Xəyal TV» (Quba), «Cənub TV» (Lənkəran), «Mingəçevir TV», «Kanal S» (Şəki), «El TV» (Yevlax), «RTV» (Xaçmaz), «Türkel TV»nin (Tovuz) rəhbərləri və məsul şəxsləri imza atıblar.

Onu da deyək ki, konfrans-seminara adları çəkilən telekanalların hər birindən təmsilçilər qatılıblar. Onlar «İqlim dəyişmələrinin qarşısının alınması və ekoloji stabilliyin təmin edilməsi sahəsində bilik və bacarığın təbliğinin rolu», «Qlobal iqlim dəyişmələri: səbəblər, gedişi, proqnozlar. Azərbaycanda iqlim dəyişmələri: onların fəsadlarının aradan qaldırılması yolları», «İqlim dəyişikliyinə dair ictimaiyyətin maarifləndirilməsində yayım mediasının rolu», «İqlim dəyişmələrinin və qlobal ekoloji fəsadların qarşısının alınmasında vahid ətraf mühit konsepsiyası», «İqlim dəyişmələrinin Xəzər ekosisteminə təsiri. İqlim dəyişmələri və Azərbaycanda səhralaşma təhlükəsi konsepsiyası», «Ekoloji sivilizasiya konsepsiyası: «yaşıl iqtisadiyyat» və «yaşıl həyat tərzi»nin formalaşmasında medianın rolu», «İqlim dəyişikliyi və ekoloji problemlərlə bağlı yayım mediası təəcrübəsinin BBC modeli», «Milli və yerli biliklərin, tarixən toplanmış təcrübənin və ekoloji mədəniyyətin ətraf mühitin qorunması və optimal idarə edilməsində əhəmiyyəti. Bu irsin qorunması, istifadəsi və yayılmasında medianın rolu» mövzusunda ekspert və mütəxəssislərin məruzələrini dinləyəcəklər.


06.09.2010

Azərbaycan Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə beynəlxalq konfrans keçirdi

Azərbaycan Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə “Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda konfrans keçirib. Konfransda həmçinin jurnalistlərin Peşə Davranışı Qaydalarının yeni variantı da təqdim olunub. Xatırladaq ki, yeni əlavələr edilmiş sənədin məqsədi jurnalist təcrübəsini institusional səviyyədə təkmilləşdirmək və media mənsublarının gündəlik fəaliyyətində peşəkar etik standartların tətbiqini təşviq etməkdir. Mətbuat Şurasının əvvəlki Peşə Davranışı Qaydalarına əsaslanan yeni sənəddə məlumatların toplanması və açıqlanması, cinayət hadisələri haqqında məlumatların verilməsi və təqsirsizlik prezumpsiyası, eləcə də medianın müstəqilliyi və jurnalistlərin hüquqlarına dair məsələlərə xüsusi diqqət yetirilib. ATƏT-in Bakı ofisinin rəhbəri səfir Bilge Cankorel tədbirin açılışında bildirib ki, ATƏT məkanında mətbuat şuralarının qəbul etdiyi peşə davranışı qaydaları mətbuatın özünütənzimləməsi işində çox mühüm vasitəyə çevrilib. Bu qaydaların vasitəsilə media öz peşəkarlığını artırmaqla yanaşı, müstəqilliyini də qoruyub saxlayır. “Ümid edirik ki, yeni əlavələr edilmiş Peşə Davranışı Qaydaları və bu standartlara dair Mətbuat Şurasının yenilənmiş öhdəlikləri Azərbaycanda təhqir, böhtan və diffamasiyanın dekriminallaşdırılmasına təkan verəcək. Eyni zamanda bütün media, cəmiyyət tərəfindən Mətbuat Şurasına dəstək artacaq. İnanırıq ki, Azərbaycan bu qaydaların qəbulundan sonra yeni parlament dönəmində diffamasiyanın cəza qanunundan çıxarılmasına nail olacaq. Biz bu prosesə hər cür dəstək verməyə hazırıq”. Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun bu ili diffamasiya ili elan etdiyini açıqlayıb. “Biz bu qanunun qəbulunda israrlıyıq. Mətbuat Şurası ATƏT-lə bu ilin martından bigə layihələrə başlayıb və əsas məqsədimiz parlamentdə diffamasiya haqqında qanunun qəbulu prosesini sürətləndirməkdir. ATƏT-lə MŞ iki istiqamtədə bu işləri həyata keçirir. Birincisi, Peşə Davranışı qaydalarının yenidən işlənib hazırlanmasıdır. Bununla bağlı Avropa ölkələrindən Azərbaycana ekspert də dəvət etmişik. Məqsədimiz bu qaydaları təkmilləşdirib qəbuluna nail olmaqdır. Digər tərəfdən MŞ KİV-lərin inkişafı üçün bir sıra təkliflər hazırlayıb Prezident Administrasiyasına təqdim edib. Təkliflər arasında mətbuatın əlavə dəyər vergisindən azad olunması, rəsmi qurumların elanlarının bərabər bölünməsi və s var”. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Əliyev əsas problemlərdən birinin medianın iqtisadi durumu, maddi-texniki bazası ilə bağlı olduğunu deyib. “Bu problemlərin həllinə nail olmaq üçün dövlət səviyyəsində bir sıra addımlar atılıb. Amma qəzetlərin maliyyə sıxıntısı qalmaqdadır”. PA rəsmisi mətbuatda diffamasiya problemlərinə də toxunub. “Hökumət mətbuatda diffamasiya hallarının çoxalmasından narahatdır. Hər gün biz mətbuatda etibarlı mənbəyə əsaslanan amma dəqiqliyi şübhə doğuran məlumatlara rast gəlirik. Bu cür hallar baş verdiyindən reket jurnalistika ilə mübarizə aparılır”. V.Əliyev 2003-cü ildə qəbul edilən peşə davranışı qaydalarının öz nəticəsini vermədiyini deyib. “Hesab etmək olar ki, yeni qaydalar diffamasiyanın qarşısının alınmasına töhfə verəcək. Bizim gözləntimiz də bundan ibarətdir. Hökumət isə bundan sonra da KİV-in problemlərinin həlli, onun inkişafı üçün şərait yaratmaqda davam edəcək”. Tədbirdə daha sonra Bolqarıstandan olan media mütəxəssisi Oqnian Zlatev və İrlandiya Mətbuat Şurası idarə heyətinin üzvü Martin Fitzratrik etik davranış qaydaları və medianın özünütənzimləməsinə dair təmsil etdikləri ölkələrin təcrübəsi, eləcə də etik davranış qaydalarının diffamasiya və böhtanın dekriminallaşdırılmasına olan təsirindən danışıblar.


01.09.2010

Azərbaycan Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə layihəsi çərçivəsində «dəyirmi masa» keçirdi

Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əlavə və düzəlişlərlə bağlı ATƏT tərəfindən irəli sürülən tövsiyyələr ətrafında yekun müzakirələr aparıldı 

Bu gün Azərbaycan Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsi və diffamasiya haqqında qununun qəbuluna dəstək birgə layihəsi çərçivəsində sayca ikinci «dəyirmi masa» keçirilib. Şuranın ofisində baş tutan tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb.

Ə.Amaşov mövcud layihə barədə məlumat verərək bildirib ki, onun paralel olaraq iki istiqaməti rəhbər tutduğunu deyib. Bunlardan biri - Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmilləşdirilməsidir. Onun sözlərinə görə, ötən müddətdə məsələ ilə bağlı ATƏT tərəfindən beynəlxalq ekspertlərin rəyləri əsasında tövsiyyələr hazırlanıb. Sənəd ictimaiyyətə təqdim olunub. Tövsiyyələrin yekun mətninin hazırlanması üçün işçi qrupu formalaşdırılıb. Həmin qrupun tərkibinə MŞ İdarə Heyətinin üzvləri, ATƏT təmsilçisi, kütləvi informasiya vasitələri rəhbərləri, media ekspertləri daxil ediliblər. Qrupun üzvləri tövsiyyələrə əlavə və düzəlişləri müzakirə edərək bu günkü toplantıya təqdim ediblər. Şura sədri həmçinin sənədin MŞ-nin ATƏT-in Bakı ofisi ilə sentyabrın 6-da Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə keçirəcəyi birgə konfransda geniş ictimaiyyətə təqdim olunacağını vurğulayıb. 

Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvü, hüquqşünas Ələsgər Məmmədli sənədin əsasən ATƏT-in tövsiyyələrinə uyğun olaraq hazırlandığına diqqəti çəkib. O bildirib ki, nəzərdə tutulan dəyişikliklər ictimai informasiyaların toplanmasında özəl həyata müdaxilənin yol verilməməsi, ölkə qanunvericiliyi ilə müəyyən uyğunsuzluqların aradan qaldırılması, təqsirsizlik prezumpsiyası və s. məsələlərlə bağlı olub. 

MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov Şuranın beynəlxalq qurumlarla əməkdaşlığının vacibliyindən söhbət açaraq bunun dünya dövlətlərindəki qabaqcıl media təcrübəsinin öyrənilməsində müstəsna önəm kəsb etdiyini deyib. «Mətbuat Şurası üzvlərindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasında təmsil olunanlar çoxdur. Onlar hər iki qurumun xətti ilə xarici ölkələrə səfərlər reallaşdırırlar. Xüsusən Avropa təcrübəsi öyrənilir və tətbiq edilməsi mexanizmləri üzərində iş aparılır. Hesab edirəm ki, müzakirəyə çıxarılan tövsiyyələr də özündə həmin təcrübəni əks etdirir. Bu baxımdan Mətbuat Şurasının ATƏT-lə əməkdaşlığını yüksək qiymətləndirirəm», - deyə o vurğulayıb. 

B.Sadıqov çıxışında Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını təkmil sənəd kimi dəyərləndirib. Bununla belə o hesab edir ki, qaydaların qəbul olunduğu 2003-cü ildən media sahəsində bir sıra dəyişikliklər baş verib və sənədin dövrün xüsusiyyətlərinə uyğunlaşdırılması zəruridir: «Daha bir məqam da var ki, ona xüsusi toxunmaq istərdim - Mətbuat Şurası diffamasiya haqqında qanunun qəbulu tərəfdarıdır. Lakin «reket jurnalistika» deyilən xoşagəlməz tendensiya mövcuddur. «Reket nəşr»lər  peşə prinsiplərinə, əxlaqi dəyərlərə etinasız yanaşırlar. Bu gün biz qaydalara dəyişiklik etməklə həm də ona əməl edilməsinin vacibliyinə diqqəti çəkirik».

MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı peşə davranışı qaydalarına əlavə və düzəlişlərlə əlaqədar tövsiyyələri müsbət qiymətləndirməklə yanaşı təklif edib ki, Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə qaydalarda nəzərdə tutulan bəzi məqamları, xüsusən jurnalistlərin informasiya mənbələrinə çıxışına dair vəziyyəti müzakirəyə çıxarması daha faydalı olardı. Çünki mövcud sahədə kifayət qədər problemlər var. Onun sözlərinə görə, istər bu layihə, istərsə də ilk mənbədən informasiya alınması istiqamətindəki fəaliyyət əslində ölkədə diffamasiya mühitinə hazırlıqdır. 

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Azərbaycanın Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərdən söhbət açıb. Bildirib ki, həmin öhdəliklərdən ən vacibi ölkədə söz və mətbuat azadlığının təminatı ilə bağlıdır. Şura üzvü mövcud istiqamətdə bir sıra müsbət nəticələrin əldə olunduğunu qeyd edib: «Lakin diffamasiya haqqında qanunun olmaması demokratik prinsiplərə, irəliləyişlərə bir növ, kölgə salır. Mövcud vəziyyətin aradan qaldırılması vacibdir. Bəzi həmkarlarım düzgün olaraq bəzən jurnalist fəaliyyətinin də demokratik prinsiplərə kölgə saldığını önə çəkirlər. Buna görə də hesab edirəm ki, Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi hər iki məsələyə paralel diqqət yetirmək baxımından olduqca əhəmiyyətlidir». 

«Olaylar» İnformasiya Agentliyinin baş direktoru Yunis Oğuz çıxışında Avropada mövcud olan bəzi standartların Azərbaycan üçün keçərsizliyini bildirib. «Avropada «reket jurnalistika» olmadığı kimi onunla mübarizə üsulu da yoxdur. Buna görə də hesab edirəm ki, tövsiyyələr qəbul edilərkən mütləq yerli şərait nəzərə alınmalıdır» deyən Y.Oğuz MŞ-nin xüsusən indiki seçkiqabağı dövrdə media vasitələrinin materialları ilə bağlı ATƏT-lə birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, parlament seçkisi yaxınlaşdıqca müxtəlif KİV-lərdə təhqir və böhtanların sayı artır ki, bu da nəticə etibarilə diffamasiya mühitinin formalaşmasına maneə yaradır. 

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu tövsiyyələrdə müəyyən mübahisəli cəhətlərin ola biləcəyini təbii sayıb. O, əsas məqam kimi peşə davranışı qaydalarının KİV redaksiyalarına çatdırılmasını və onların peşə fəaliyyətlərində həmin prinsiplərə riayət etmələrini vurğulayıb.

Mətbuat Şurasının hüquqşünası Şəmsəddin Əliyev peşə davranışı qaydaları üzrə ATƏT tərəfindən irəli sürülən tövsiyyələrin yerli şəraitə uyğunlaşdırılması və təkmilləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü bildirib. O, xüsusən jurnalist yaradıcılığının cinayət-prosessual məsələlərə maneə olan  tərəflərinə diqqəti çəkib və tövsiyyələrdə bu kimi məqamların nəzərə alındığını müsbət məqam kimi xarakterizə edib.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli diffamasiya haqqında qanunun qəbulunu bir prinsip kimi əhəmiyyətli sayıb: «Kimsə düşünməsin ki, bu qanunun mövcudluğu jurnalist məsuliyyətini heçə endirəcək. Vaxtilə qanun layihə şəklində hazırlamışdı. Sənəddə beynəlxalq təcrübəyə geniş yer verilmişdi. Ciddi cəza mexanizmləri nəzərdə tutulmuşdu. Bir çox Avropa jurnalistləri qanunun məhz bu cəhətinə diqqəti çəkərək onu arzulamırlar». 

«Dəyirmi masa»nın sonunda ATƏT-in Bakı ofisinin demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenter çıxış edib. O, ATƏT tərəfindən jurnalistlərin peşə davranışı qaydalarına əlavə və düzəlişlərlə bağlı irəli sürülən təkliflərin tövsiyyə xarakteri daşıdığını və sənədin hazırlanmasında onun ilkin variantına əsaslanıldığını deyib. Lakin son variantda beynəlxalq təcrübə daha çox nəzərə alınıb. «Mən Azərbaycan jurnalistikasının problemlərindən xəbərdaram. Əsas səylərimiz peşəkar jurnalistika üçün mühitin formalaşması üzərində qurulub. Bu prinsiplərin əldə edilməsi əslində diffamasiyaya doğru addımlardır», - deyə o bildirib.

 

 

30.08.2010

Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin  işçi qrupunun iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin birgə layihəsi əsasında yaradılan işçi qrupunun iclası keçirilib. Bu il avqustun 12-də yaradılan qrupun başlıca məqsədi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əlavə və dəyişiliklərlə bağlı avropalı ekspertlər tərəfindən irəli sürülən tövsiyyələrin nəzərdən keçirilməsi və yekun müzakirəyə çıxarılmasıdır. Qrupun tərkibinə MŞ İdarə Heyətinin üzvləri, ATƏT-in Bakı ofisinin təmsilçisi və ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-lərinin rəhbərləri və media ekspertləri daxildir. 

İclası MŞ sədri Əflatun Amaşov açaraq ötən müddətdə layihə çərçivəsində həyata keçirilən işlər barədə məlumat verib. Onun sözlərinə görə, qrup üzvlərinin təhlilləri və irəli sürdükləri fikirlər AJPDQ-nın daha təkmil variantının yekun müzakirəyə çıxarılması baxımından əhəmiyyətlidir.

İclasda AJPDQ-nın əsasən «İnformasiya qaynaqlarına sayğılı yanaşma», «Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı» və «Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması» prinsiplərinin bəndlərinə irəli sürülən əlavə və düzəlişlər müzakirə olunub. Bildirilib ki, sənədin yekun variantında təqsirsizlik prezumpsiyası, ictimai fiqurların tənqidi, yeniyetmə və gənclərlə bağlı məqamların işıqlandırılması və digər həssas məsələlərə xüsusi diqqət yetirilməlidir. 

Qeyd edək ki, Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmilləşdirilməsini və paralel olaraq diffamasiya haqqında qanunun qəbulunun sürətləndirilməsini nəzərdə tutur. Bu ilin martından reallaşdırılan layihə çərçivəsində sentyabr ayında beynəlxalq konfransın təşkili də planlaşdırılır.

 

12.08.2010 

Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi birgə «dəyirmi masa» keçirib 

Tədbirdə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmilləşdirilməsi və bununla bağlı tövsiyyələrin nəzərdən keçirilməsi üçün işçi qrupu yaradılıb

Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın ATƏT-in Bakı ofisi ilə jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsi və diffamasiya haqqında qanunun qəbulunun sürətləndirilməsinə dair  birgə layihəsi çərçivəsində «dəyirmi masa» keçirilib.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, layihəyə bu ilin martından start verilib. Apreldə Avropadan dəvət olunmuş ekspertin iştirakı ilə dəyərləndirmələr aparılıb. Bundan sonra jurnalistlərin peşə davranışı qaydalarına əlavə və düzəlişlərə dair tövsiyyələr hazırlanıb. Ə.Amaşov tövsiyyələrin MŞ-nin İdarə Heyəti üzvlərinə, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərlərinə təqdim olunduğunu deyib və əlavə edib ki, bu günkü tədbir əsasən həmin sənəd ətrafında diskkussiyalar aparmaq zərurətindən irəli gəlir: «Bu gün işçi qrupu yaratmağı düşünürük. Həmin qrup dərindən araşdırmalar aparmalı və qarşıdakı toplantılara təkliflər hazırlamalıdır». 

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Ali Bilge Cankorel tövsiyyələrin əhəmiyyətli olduğunu və Avropanın bir sıra qabaqcıl ölkələrinin təcrübəsinin nəzərə alındığını vurğulayıb. Mətbuat Şurasının fəaliyyətini müsbət qiymətləndirən səfir peşə prinsiplərinə dəyişikliklərin qurumun iş prinsipində əhəmiyyətli rol oynayacağına əminliyini vurğulayıb: «Bu çox uzun bir yoldur. Biz bu yola başlamışıq. Avqustda əlavə bir toplantı da keçirəcəyik. Sentyabrda isə geniş miqyaslı konfransın təşkilini planlaşdırırıq. Tədbirdə ATƏT-in nüfuzlu nümayəndələrindən biri iştirak edəcək. Güman edirəm ki, qarşıdakı müddətdə bu istiqamətdə daha intensiv iş aparılacaq». 

ATƏT rəsmisi həmçinin bildirib ki, Mətbuat Şurası ilə birgə layihənin digər prioritet istiqaməti diffamasiya haqqında qanunun qəbulunu sürətləndirməkdir. Bu məsələdə media təmsilçilərinin də üzərinə məsuliyyət düşdüyünü deyən cənab Cankorel jurnalistlərin peşə prinsiplərinə riayət etmələri istiqamətində iş aparılmasını vacib sayıb. 

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas tövsiyyələrin ölkə konstitusiyası ilə ziddiyyət təşkil edib-etməməsinin daha ciddi şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.

Hüquqşünas Ələsgər Məmmədli təklif edilən tövsiyyələrlə bağlı rəy hazırlayacağını deyib. Bununla yanaşı ekspert sənəddəki bir sıra məqamlara dair konstitusiyada da müvafiq qeydlərin yer aldığını diqqətə çatdırıb. 

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu Mətbuat Şurasının ATƏT-lə birgə layihəsini yüksək qiymətləndirib. Lakin istər peşə davranışı qaydalarının hazırkı modelində, istərsə də tövsiyyələrdə bir sıra prinsipial məsələlərin daha ciddi şəkildə nəzərə alınmasının zəruriliyini əsaslandırıb. 

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını təkmil sənəd kimi xarakterizə edib: «Bu sənəd 2003-cü ildə jurnalistlərin birinci qurultayında qəbul olunub. Nəzərə alınmalıdır ki, həmin vaxtdan indiyədək vəziyyət dəyişib. Buna uyğun olaraq iş görülməlidir. Əslində bu sənəd mənəvi sənəddir. Bəzən görürsən ki, jurnalistlər müxtəlif situasiyalarda mənəvi dəyərləndirmə aparmaq məcburiyyətində qalırlar. Necə hərəkət etməli olduqlarını bilmirlər. Qaydalar məhz həmin vəziyyətlərə aydınlıq gətirir». 

B.Sadıqov tövsiyyələri Mətbuat Şurasının iş prinsiplərini genişləndirmək baxımından da əhəmiyyətli sayıb. O, qurumun fəaliyyətində, xüsusən mətbu reketçiliklə bağlı faktların araşdırılmasında qarşıya çıxan çətinliklərdən söhbət açaraq vurğulayıb ki, tövsiyyələr belə halların aradan qalxmasında mühüm rol oynayacaq. İH üzvü  eyni zamanda bu qənaətdədir ki, sənəddə ölkə konstitusiyası ilə ziddiyyət təşkil edən fikirlər varsa, düzəldilməlidir. 

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli peşə prinsiplərinə KİV-lər tərəfindən əməl olunmasının mexanizmlərinin formalaşdırılmasını vacib sayıb. Diffamasiya məsələlərinə toxunan baş redaktor bildirib ki, bu, təkcə mətbu müstəvidə dəyərləndirilməməlidir: «Söhbət qanunun qəbulundan gedirsə, vətəndaş amilinə də diqqət yetirilməlidir. Təkcə mətbuatın mövqeyi qabardılmamalıdır». 

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı bildirib ki, tövsiyyələrdəki bəzi məqamların ümumiyyətlə jurnalist yaradıcılığına aidiyyatı yoxdur. Bu, əsasən media marketinqi və menecmenti ilə bağlı məsələlərdir: «Digər tərəfdən bildirilir ki, jurnalist sensasiyalı məsələlərin təqdimatından qaçmalıdır. Nə üçün? Jurnalist fəaliyyəti məhz bunun üzərində qurulub. Tövsiyyələrdə informasiya mənbələrinə pul ödənilməməsi göstərilib. Bütün dünya miqyasında isə bu praktikadan istifadə edilir. Bizdə nə üçün olmasın?».

MŞ sədri Əflatun Amaşov diqqəti 11 sentyabr terroru və ABŞ əsgərlərinin Əfqanıstanda öldürülməsi ilə bağlı qanlı səhnələrin yayılmaması üçün hökumət adından KİV-lərə xahişlərin olması faktına çəkərək sensasiyaların təqdimatında milli maraqların nəzərə alınmasına dair digər məqamlardan da bəhs edib. 

Mətbuat Şurasının hüquqşünası Şəmsəddin Əliyev jurnalist fəaliyyətinin istintaq hərəkətlərinə maneə olan tərəflərindən danışıb, tövsiyyələrə bununla əlaqədar tezislərin əlavəsini zəruri sayıb. 

 MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli «dəyirmi masa»da səslənən təşəbbüslərin əhəmiyyətli cəhətlərinə toxunaraq deyib ki, yaradılacaq işçi qrupu fəaliyyətində KİV rəhbərlərinin də təkliflərini nəzərə almalıdır. 

 Müzakirələrdən sonra Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları üzrə tövsiyyələrin nəzərdən keçirilməsi üçün işçi qrupunun tərkibi formalaşdırılıb.

 

 

17.08.2010 

Azərbaycan Mətbuat Şurası «KİV-də «qara piar»: media seçkilərə necə gedir?» mövzusunda «dəyirmi masa» keçirib

Bu gün Azərbaycan Mətbuat Şurası «KİV-də «qara piar»: media seçkilərə necə gedir?» mövzusunda «dəyirmi masa» keçirib.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, son günlər KİV rəhbərlərinin bir-birinə qarşı iddiaları, media şəffaflığı ilə bağlı məsələlər, buna qarşı ortaya qoyulan əks mövqelər, bəzi qəzetlərdə dövlət məmurları ilə bağlı ifşaedici yazıların intensivləşməsi kimi hallar baş verir. Ə.Amaşovun sözlərinə görə, mövcud xoşagəlməz meyl Şuranın müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində apardığı monitorinqin «qara piar», insan şərəf və ləyaqətini ləkələyən məlumatlara dair hissəsindəki rəqəmlərdə də əksini tapıb. Belə ki, KİV-lərdə yanvar ayında bununla bağlı 5 fakt aşkarlanıb. Fevral ayında bu rəqəm azalaraq 4 olub. Mart ayı üzrə mövcud göstərici 5-dir. Apreldə 6, mayda  7 belə fakt aşkarlanıb. İyun ayında KİV-də «qara piar» faktının miqdarında artım var - 9. Bu göstərici üzrə iyulda 21 fakt aşkarlanıb ki, onlardan 12-i ayın sonuncu ongünlüyünə təsadüf edir. Avqustun 15-dək aparılan monitorinqin nəticələrinə əsasən KİV-də «qara piar» faktı əvvəlki aylarda qeydə alınan rəqəmlərin ümumi cəmindən 6 fakt çoxdur - 63 fakt: «Əgər ilin ilk yarısında «qara piar»a üstünlük verən KİV-lərin sayı daha çox 2-3 arasında dəyişirdisə, iyulda 5-6 arasında dəyişib. Avqustda belə təqdimata yol verən KİV-lərin sayı 9-dur. Son zamanlar bəzi qəzetlər tərəfindən işlədilən üsullardan biri ayrı-ayrı məmurları və ictimai xadimləri ermənilərlə işbirliyində ittiham etməkdir. Bu günlərdə yayılan belə bir məlumat diqqətimi çəkdi - bildirilirdi ki, Azərbaycanda fəaliyyət göstərən «Gilan holdinq» Ermənistanda biznes fəaliyyəti həyata keçirir. Holdinqin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusluğu qabardılaraq nazir ermənilərlə işbirliyində ittiham olunurdu. Az keçmədi ki, təkzib olundu. Ancaq öz işin kifayət qədər gördü. Bu kimi hallar yolverilməzdir. Fikrimcə, bu günkü toplantıda belə xoşagəlməz meyllərə aydınlıq gətiriləcək. Jurnalistlərin bir-birilərinə qarşı işlətdikləri nalayiq ifadələrə, xüsusən «Bədbəxt adam» filmi ilə bağlı baxışlara gəlincə, məncə, qələm sahibləri dözümlülük baxımından nümunə olmalıdırlar. Bir-birilərinin fikirlərinə hörmətlə yanaşmağı bacarmalıdırlar».

MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov indiyədək Mətbuat Şurasında bu mövzuda çoxsaylı diskussiyaların getdiyini bildirib: «Düşünürəm ki, «reket jurnalistika»nın nə olduğu hamıya bəllidir. Bü günkü müzakirədə söhbət gündəlik çıxan və ictimai fikrə təsir göstərənlərdən gedir. Əvvəllər kobud, təhqiramiz ifadələr çox idi. İndi qəzet səhifələri xeyli təmizlənib. Bütövlükdə isə «qara piar» mövzusu günümüz üçün aktualdır. Bu tipli materiallara baxanda çoxunun şüurlu və məqsədli şəkildə yazıldığı görünür. Çox təəssüf ki, hələ də işlədilməkdə olan köhnəlmiş üsul var - biri haqqında hər şey yazılır, sonra deyilir  ki, qarşı tərəfin mövqeyini verməyə hazırıq. Bu, jurnalistikanın imicinə zərbədir, peşəyə hörmətsizlikdir. Bir günlük sensasiya oxucu inamının itirilməsinə gətirir. Belə hallar aradan qaldırılmalıdır», - deyə o əlavə edib.

«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli «qara piar» məsələsində iki məqamın nəzərə çarpdığını bildirib. Birincisi, ictimai nüfuza xələl gətirməklə kimlərinsə marağını təmin etməkdir. Digəri daha çox maddi maraqlarla bağlıdır. Əslində hər ikisi mahiyyətcə mətbu reketçilik əlamətidir: «Bir şəxs haqqında üç ayrı-ayrı manşet görürüksə, bu maarifçilikdən, obyektivlikdən uzaq bir şeydir. Nəzərə alaq ki, biz bu çirklənmiş atmosferdə özümüz nəfəs alacağıq. Diqqətinizi son zamanlar jurnalist Eynulla Fətullayevlə bağlı məsələyə çəkmək istərdim. Mənim də onun haqqında qeydlərim olub. Ünvanıma olmazın təhqirlər yazıblar. Sonradan həmin şəxslər insan hüquq və azadlıqlarının çarcısı kimi danışıblar. Hesab edirəm ki, kiçik reketlərlə yanaşı böyüklərlə də mübarizə aparmalıyıq. Məsələnin belə qoyuluşunun tərəfdarıyam».

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxışında ölkədə ciddi qarşılanan KİV-lərin peşə prinsiplərinə riayyətlə bağlı memorandum imzalamalarını zəruri sayıb. O, eyni zamanda «qara piar» məsələnin ölkəmizdə daha çox dedi-qodu səviyyəsində olduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı bildirib ki, seçki yaxınlaşdıqca, ümumən yeni mandatlar təsdiqlənməyincə müzakirə edilən mövzu aktuallığını saxlayacaq. Onun sözlərinə görə, hazırkı dövrdə vəziyyətin mürəkkəbliyini səciyyələndirən növbəti cəhət mətbu məkana saytların da daxil olmasıdır. Onların heç bir hüquqi məsuliyyəti yoxdur. «Ən başlıcası məqam peşəkarlıqdır. Çox məsələ bundan qaynaqlanır. Söhbət «qara piar»dan deyil, peşəkarlığın aşağı səviyysindən gedir. Biz ciddi media qurumları çağırış etməliyik. Məsələnin nə yerdə olduğunu bildirməliyik».

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu tədbirdə qaldırılan məsələni təəssübkeşlik məsələsi kimi dəyərləndirib. Onun sözlərinə görə, ölkəmizdə «qara piar» necə adlandırılmasından asılı olmayaraq ucuz qəhrəmanlıq sindromudur. Bu şəkildə ictimai populyarlıq qazanmaq istəyənlər var. «İşlətdiyimiz hər bir fikir, yazdığımız hər cümlə bizə yox, gələcəyimizə aiddir. Gələcək nəsillər pis əməllərimizə görə bizi qınayacaqlar. Hansısa mətbuat orqanı müəyyən ictimai qrupa təsir göstərə bilirsə, öz məsuliyyətini dərk etməlidir» - deyə o vurğulayıb.

H.Babaoğlu seçki ərəfəsində bəzi dairələrin «qara piar»dan istifadə etdiyini və siyasi divident əldə etmək məqsədi güddüklərini bildirib. Lakin o, belə üsulların heç bir fayda verməyəcəyi qənaətindədir: «Onlar cəmiyyətin aktiv hissəsindən umduqları dividenti əldə edə bilməyəcəklər. Digər tərəfdən, hesab edirəm ki, Mətbuat Şurası mediada həqarətli üsulların yığışdırılması ilə bağlı çağırış etməlidir. İndiki həssas mərhələdə mətbuat hətta siyasilərin fikirlərindəki qeyri-etik məqamları qabartmamalıdır. Biz ictimai münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə daşımalıyıq». 

«Yeni Müsavat» qəzetinin baş redaktor müavini Azər Ayxan hazırda Azərbaycan mətbuatında sakitliyin hökm sürdüyünü və əslində bu tipli müzakirə üçün hələlik tez olduğunu bildirib. Onun sözlərinə görə, heç bir mətbuat orqanı əldə etdiyi xəbərə xəyanət etməməlidir: «Biz məmurlar, nazirlər haqqında informasiyalar yayırıq. Problem ondadır ki, onlar buna reaksiya bildirmək istəmirlər. Sonradan bizə müraciət edənlər də olub. Dəfələrlə «Yeni Müsavat» qəzeti yanlış informasiyaya görə təkzib verib».

MŞ İdarə Heyətinin üzvü, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı dünyanın hər yerində «qara piar»ın geniş yayıldığını deyib və bunun siyasi üsul kimi dəyərləndirildiyini önə çəkib. «Bizdə tamam başqa proseslər gedir. Düşünürəm ki, biz belə müzakirələrlə kimlərisə tərbiyəli olmağa çağırırıq. Qlobal yanaşdıqda isə problem ondadır ki, qəzetlər özlərini maliyyələşdirə bilsələr, dediklərimiz olmayacaq. Burada isə  başqa səbəblər var», - deyə o vurğulayıb.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli və başqaları Azərbaycan mətbuatında ayrı-ayrı şəxslərin, o cümlədən vəzifə sahiblərinin şəxsiyyətinin təhqirinə yönələn materialların getdiyini bildiriblər. Onlar bu yazılarda jurnalistikanın təməl prinsiplərinin pozulduğunu  vurğulayıblar. Tanınan, ictimai fikrə təsir göstərən KİV-lərin məsələdə həmrəylik nümayiş etdirməsinin vacibliyini irəli sürüblər. Toplantıda qərara alınıb ki, Mətbuat Şurası KİV-lərin seçki ilə bağlı siyasi prosesləri işıqlandırmalarına dair tədbirlər keçirsin və qarşıya çıxan problemlərin dərhal müzakirəsi təşkil olunsun. 

 

29.06.2010

Təhsil Nazirliyi və Azərbaycan Mətbuat Şurası «Təhsil və mətbuat» mövzusunda birgə konfrans keçirib

 Tədbir Füzuli rayonunun Horadiz qəsəbəsində baş tutub 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə «Təhsil və mətbuat» mövzusunda konfrans keçirilib. Tədbir 25 iyun 2010-cu il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsindəki Mədəniyyət evində baş tutub. Toplantı iştirakçıları öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin, Təhsil Nazirliyinin məsul şəxslərinin, ictimaiyyət nümayəndələrinin, yerli dövlət qurumları strukturlarının təmsilçilərinin iştirak etdiyi konfransı giriş sözü ilə Füzuli rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov açıb. O, qonaqları salamlayaraq bölgədə aparılan abadlıq və quruculuq işləri barədə məlumat verib. Ölkədə həyata keçirilən mütərəqqi proseslərin, o cümlədən təhsil sahəsindəki nailiyyətlərin ictimaiyyətə çatdırılmasında medianın müstəsna roluna diqqət çəkən natiq bu baxımdan dövlət qurumları ilə kütləvi informasiya vasitələrinin qarşılıqlı əlaqələrinin vacib əhəmiyyət daşıdığını vurğulayıb.

Təhsil naziri Misir Mərdanov prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyi münasibətilə imzaladığı sərəncamı medianın cəmiyyətdəki yeri və roluna qiymətin, KİV-ə dövlət dəstəyinin növbəti bariz nümunəsi kimi xarakterizə edib. Təhsil müəssisələri ilə mətbuat orqanlarının hazırkı münasibətlərinin vəziyyətinə dair faktlar açıqlayan nazir bəzi qəzet və jurnalların peşə əxlaqına yaraşmayan hərəkətlərinin təhsil işçilərinin də fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib. O, Mətbuat Şurasının mövcud halların aradan qaldırılması istiqamətindəki işlərinin müsbət nəticələr verməyə başladığını vurğulayıb. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə təhsili ilə bağlı məlumatların ictimaiyyətə dəqiq, obyektiv və qərəzsiz şəkildə çatdırılmasının vacibliyindən söhbət açıb. Bu kimi məsələlərə Təhsil Nazirliyinin hər zaman böyük diqqət yetirdiyini deyən Ə.Amaşov diqqəti hər iki qurumun təhsil sahəsindəki maarifləndirməni və jurnalistlərin ixtisaslaşmalarını nəzərdə tutan birgə fəaliyyətinə yönəldib. Şura sədri həmçinin ölkə mediasının başlıca problemlərindən olan «reket jurnalistika»nın təhsil sisteminə də mənfi təsir göstərdiyini deyib, belə xoşagəlməz dumunu aradan qalxmasında birgə əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini önə çəkib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı ölkədə jurnalist kadrların hazırlığı prosesindən söhbət açıb. Onun sözlərinə görə, hazırda jurnalistikada meydana çıxan bir sıra neqativ halların kökündə təhsil məsələsi dayanır. E.Şıxlı vəziyyətdən çıxış yolu kimi ali məktəblərin jurnalistika fakultələrinə qəbul olmaq istəyən abuturiyentlərin ümumi fənn imtahanları ilə yanaşı qabiliyyət imtahanları da vermələrini təklif edib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkədə media və təhsil müəssisələri arasındakı əlaqələrin mövcud durumundan bəhs edərkən bildirib ki, bu sahədə nəzərəçarpacaq irəliləyişlər mövcuddur və görülən əməli işlər prosesi daim gücləndirməkdədir. Milli mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı prezident sərəncamına toxunan baş redaktor belə təntənəli anımın mütərəqqi ənənələrə malik Azərbaycan mediasına verilən yüksək dəyər olduğunu vurğulayıb. 

Mətbuat və təhsilin bir-birini tamamlayan vahid sistem təşkil etdiyini deyən «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu hər iki sahə arasındakı münasibətlərin səviyyəsinin bütövlükdə cəmiyyətin həyatına təsir göstərdiyini bildirib. H.Babaoğlu istər, təhsilə, istərsə də mediaya dövlət qayğısının geniş vüsət aldığını önə çəkərək mövcud amili Azərbaycanın etibarlı gələcəyinə mühüm təminat nümunəsi kimi dəyərləndirib. 

Çıxış edənlərdən İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri - «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, millət vəkili Aqil Abbas, digər KİV rəhbərlərindən - «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, təhsil işçilərindən Bərdə rayon təhsil şöbəsinin müdiri Rahilə İsmayılova, Füzuli rayon təhsil şöbəsinin müdiri Hafiz Tahirov və başqaları media və təhsil arasındakı əlaqələrin əhəmiyyətini qabardaraq konfransda müzakirə edilən mövzunun problematik cəhətlərinə dair məsələlərdən söhbət açıblar.

Milli Məclisin sədr müavini Bahar Muradova sonda çıxış edərək Azərbaycan jurnalistikasının bugünkü durumu, ölkədə söz və kütləvi informasiya vasitələri azadlığından, ümummilli lider Heydər Əliyevin müstəqil mətbuata verdiyi önəmdən danışıb. O, KİV materialarında obyektivliyin və həqiqətin əks olunmasının vacibliyini vurğulayıb.

 

 

31.05.2010 

Mətbuat Şurası diffamasiya məsələlərinə dair “dəyirmi masa” keçirdi

 

Bu gün Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Media problemlərinin müzakirəsi jurnalsit peşəkarlığının və məsuliyyətinin artırılmasına dəstək kimi” layihəsi çərçivəsində «Diffamasiya: şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində» mövzusunda “dəyirmi masa” keçirib. 

Tədbiri açan MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun diffamasiya məsələləri ilə bağlı həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Onun sözlərinə görə, MŞ bu ilin əvvəlindən başlayaraq ATƏT-in Bakı ofisi ilə birlikdə yekun nəticə etibarilə diffamasiya haqqında qanunun qəbulunu nəzərdə tutan təşəbbüsün gerçəkləşdirilməsinə başlayıb: «Mövcud istiqamətdəki fəaliyyət dairəsinə həmçinin jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsi də daxildir. Bu proses hər iki istiqamətdəki fəaliyyət zəruriləşdirir. Həm diffamasiya haqqında qanun layihəsi hazırlanmalı, həm də paralel olaraq peşə prinsiplərinə riayət sahəsində iş aparılmalıdır». 

Ölkədə diffamasiya haqqında qanunun qəbulunu vacib sayan Ə.Amaşovun fikrincə, bunun üçün zəmin də hazırlanmalıdır. MŞ sədrinin bildirdiyinə görə, diffamasiya mövzusu istər media, istərsə də bütövlükdə ölkə ictimaiyyəti içərisində geniş müzakirəyə səbəb olub. Bununla bağlı müxtəlif fikirlər var. Bir qisim qanunun qəbulunu, digəri isə hələlik buna ehtiyacın duyulmadığını vurğulayır. «Aparılan rəy sorğuları da fikir rəngarəngliyindən xəbər verir. Hər bir halda maraqların uzlaşdırılmasına ehtiyac var ki, bu isə mövzu ətrafındakı müzakirələrin davamını aktuallaşdırmaqdadır», - deyə o əlavə edib. 

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli tədbirdə müzakirə edilən mövzusunun aktuallığından söhbət açıb: «Hər bir halda fakt budur ki, Azərbaycanda diffamasiya ilə bağlı problemlər var. Mətbuat Şurasına daxil olan müraciətlərin təxminən 30 faizində diffamasiyaya dair motivlər mövcuddur. Bu, məsələnin daim diqqət mərkəzində saxlanılmasını vacib edir. Müsbət haldır ki, diffamasiya haqqında qanunvericilik layihəsi ətrafında müzakirələrə səngimək bilmir. Hesab edirəm ki, diskussiyaların birbaşa jurnalistlər üçün də faydalı tərəfləri var».

Qeyd edək ki, MŞ-nin KİVDF-nin maliyyə dəstəyi ilə reallaşdırdığı layihədən məqsəd Azərbaycan mediasının hazırkı problemlərini sistemləşdirməkdən, onların həlli yollarına dair fikir və təklifləri qruplaşdırmaqdan, həmin çətinliklərin aradan qaldırılmasında ictimai aktivliyi artırmaqdan ibarətdir.

 

26.12.2010 

Mətbuat Şurası «KİV-lərin ilk mənbədən məlumat alma imkanları» mövzusunda  “dəyirmi masa” keçirib

 

Bu gün Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Media problemlərinin müzakirəsi jurnalsit peşəkarlığının və  məsuliyyətinin artırılmasına dəstək kimi” layihəsi çərçivəsində «KİV-lərin ilk mənbədən məlumat alma imkanları» mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov layihənin həyata keçirilməsi zərurətindən danışıb. Onun sözlərində görə, media problemlərinin aradan qaldırılmasında ictimai fəallığın artırılması vacibdir. Bu isə mövcud istiqamətdə fikir mübadilələrinin, geniş müzakirələrinn təşkilini, nəticələrin ümumiləşdirilərək cəmiyyətə və KİV-lərə çatdırılmasını zəruriləşdirir. “Elə fəaliyyət aparılmalıdır ki, istər media vasitələri, istərsə də ictimaiyyətin müxtəlif təbəqələri medianın problemlərini, eləcə də onların doğurduğu ayrıayrı məqamları daim diqqət mərkəzində saxlasın, həmin çətinliklərin aradan qaldırılmasına yönələn təşəbbüslərdə tənəffüslər yaranmasın, meydana çıxan yeni tendensiyalar, nəzərə çarpan dəyişikliklər izlənilərək onlara operativ reaksiya göstərilsin. Mövcud layihənin strateji xətti bu məsələlərin həyata keçirilməsinə yönəlib” – deyə o bildirib.

Ə.Amaşov həmçinin bildirib ki, layihənin icrası nəticəsində mediadakı xoşagəlməz tendensiyaların, mənfi meyllərın, çatışmazlıqların köklərini üzə çıxarmaq, Azərbaycan mediasının mövcud durumu barədə bitkin və geniş rəy formalaşdırmaq, nəhayət bu yolla cəmiyyətin ölkə mediasında baş verən proseslərə diqqətini cəmləşdirmək, həmin proseslərə münasibətdə düzgün mövqeyinin yaranmasına nail olmaq nəzərdə tutulur.

“Dəyirmi masa”da məruzəçi qismində çıxış edən BDU-nun professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli layihədə qoyulan problemin əhəmiyyətindən söhbət açaraq deyib ki, informasiya, daha dəqiq desək ilk mənbədən informasiya alma imkanları dövlət və ictimai institutların nə dərəcədə cəmiyyətə açıq olmasını, qarşılıqlı əlaqələrin səviyyəsini müəyyənləşdirən başlıca faktordur. Dünyamızın demokratikləşməyə məhkum olduğu indiki dövrdə bu, həm də müstəqil ölkələrdə inam və etimada əsaslanan vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissələrindəndir: “Təbiidir ki, informasiyalı cəmiyyət anlamının formalaşması birbaşa medianın durumu, informasiya əldə etmə imkanları və informasiya mənbələrinin onun üzünə  nə dərəcədə  açıqlığı ilə sıx surətdə bağlıdır. İnsan haqlarından, demokratikləşmədən bəşəri miqyasda söhbətlər getdiyi, müzakirələr açıldığı bir vaxtda indi dünya dövlətlərinin əksəriyyətində söz və mətbuat azadlığının, o cümlədən ilk mənbədən məlumat alınmasının təminatına yönələn hüquqi aktlar mövcuddur”.

C.Məmmədli çıxışında Azərbaycanda məlumat almaq sahəsindəki mövcud qanunvericilik bazasına da diqqəti yönəldib. Onun sözlərində görə, ölkəmizdə bu baxımdan çoxsaylı hüquqi normalar mövcuddur. İlk növbədə bu hüquq ümumxalq səsverməsi - referendum yolu ilə 12 noyabr 1995-ci il tarixdə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası qeyd edilməlidir. “Konstitusiyanın 47-ci maddəsinin 1-ci bəndində deyilir ki, hər kəsin fikir və söz azadlığı vardır. Konstitusiyanın verdiyi hüquqlar əsasən kütləvi informasiya vasitələri ilə gerçəkləşdiyindən bu azadlığın hüquqi bazasını yaradan qanunlar qəbul edilib. Konstitusiyanın 50-ci maddəsinin 1-ci bəndində “Hər kəsin istədiyi məlumatı qanunu yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır”, həmin maddənin 2-ci bəndində isə “kütləvi informasiya vasitələrində dövlət senzurası qadağandır” fikirləri təsbit olunub. 57-ci maddədə bildirilir ki, vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir” – deyə o vurğulayıb.

Tədbirdə ölkədə ilk mənbədən məlumat alınması sahəsindəki problemlərə dair fikir mübadilələri aparılıb.

 


22.05.2010

“Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində”

Azərbaycan Sosial Rifah Partiyası (ASRP) və Mətbuat Şurasının təşkilatçılığı ilə “Kaspian Plaza” Biznes Mərkəzində milli mətbuatımızın 135 ililyinə həsr olunmuş “Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində” adlı ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb. Konrfansda Türkiyə, Fransa, Gürcüstan və digər ölkələrin səfirliklərinin nümayəndələri, bu ölkələrdən olan tanınmış ziyalılar, həmçinin Azərbaycanda fəaliyyət göstərən mətbu orqanlarının, siyasi partiya və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. ASRP sədri, millət vəkili Xanhüseyn Kazımlı erməni riyakarlığının torpaqlarımız işğaldan azad edildikdən sonra da davam edəcəyi ehtimalını nəzərə alaraq, beynəlxalq ictimaiyyətlə səmərəli əməkdaşlığın zəruriliyini diqqətə çatdırıb. O, Azərbaycan rəhbərliyinin sabiq dövlət başçısı Heydər Əliyev tərəfindən müəyyən olunan böyük siyasətin uğurla davam etdirilməsi yönümündəki proqram xarakterli fəaliyyətinin dünya ölkələrinin ən mütərəqqi adamlarının diqqətinə çatdırılması istiqamətində silsilə təbirlərinin ardıcıl olaraq davam etdiriləcəyini bildirib. X.Kazımlı həmçinin qeyd edib ki, ASRP-nin təşkilatçılığı ilə 2008-ci ildə “Qadınlar və dövlət quruculuğu”, ötən ilin fevralında “Beynəlxalq miqyasda informasiya doğruluğunun təmin edilməsi barədə” və bu ilin 7 aprel tarixində “Bəşəriyyət terrora, təcavüzə və işğala Yox deyir!” mövzusunda keçirilən konfranslarda beynəlxalq ictimaiyyətin dünyanın ayrı-ayrı ölkələrində baş verən sosial-iqtisadi, ictimai-siyasi və tarixi hadisələrlə məlumatlandırılması məqsədilə yeni bir qurumun yaradılması təklif olunub. “Azərbaycan müharibə vəziyyətindədir, ölkəmiz erməni işğalı, təcavüzü, həmçinin erməni riyakarlığı, ermənilərin və onların havadarlarının təxribat xarakterli, saxta informasiya savaşı ilə üz-üzədir. Ona görə ermənilərin saxta informasiyalarına qarşı müqavimət artırılmalı və beynəlxalq səviyyədə ciddi mübarizə aparılmalıdır” – deyə qeyd edən X.Kazımlı sabah (bu gün) “Kristin Biç” otelində Avrasiya ölkələri üzrə “Beynəlxalq Mətbuat və İnformasiya həmrəyliyi Mərkəzi”nin təsis ediləcəyini də vurğulayıb. 
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri yüksək qiymətləndirdiyini və onu söz, mətbuat azadlığına töhfə kimi dəyərləndirdiyini bildirib. Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində bir sıra mühüm addımların atıldığını bildirən Ə.Amaşov qeyd edib ki, hazırda Azərbaycanda 30 gündəlik, 60 həftəlik qəzet işıq üzü görür, o cümlədən 20-yə yaxın radio və telekanal fəaliyyət göstərir. Azərbaycanın keçid dövrü yaşadığını deyən Mətbuat Şurasının sədri bu baxımdan Azərbaycan mətbuatının da bu mərhələ ilə əlaqədar bəzi sıxıntılar yaşadığını söyləyib. Onun sözlərinə görə, mətbuatın ən böyük sıxıntısı iqtisadi sıxıntılardır. 
Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov tədbirin adındakı hər üç prinsipin bəşəriyyəti düşündürdüyünü və insanların daim bu prinsiplər uğrunda mübarizə apardığını diqqətə çatdırıb. “Tarixən güclülər gücsüzləri sıxışdırmağa çalışıb, bu zaman isə ədalət prinsipi pozulub” – deyən B.Sadıqovun sözlərinə görə, 22 ildən artıqdır Azərbaycan cəmiyyəti də qonşuları tərəfindən ədalətsizliklə üzləşməli olub: “Bəli, bu gün Azərbaycanda insanların hüquqları pozulur, özü də kütləvi şəkildə. Bu, bir milyondan artıq insanımızın qaçqın, köçkün vəziyyətinə salınması, onların yaşamaq hüququnun tapdalanması və sair məsələlərdir. Qarabağ və ona bitişik işğal olunmuş ərazilərimizdə vaxtilə fəaliyyət göstərən yüzdən artıq həmkarımız da bu hüququ pozulanlar, ədalətsizliyə məruz qalanlar arasındadır. Ona görə də dünya bu ədalətsizliyə öz konkret mövqeyini bildirməli, erməni təcavüzkarlığına son qoymalıdır”. 
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının fikrincə, ASRP çox önəmli bir tədbirə imza atıb və çox uğurlu ad seçib: “Dünyada ədalət olmasa, təhlükəsizlik olmayacaq, təhlükəsizlik olmasa, rifah olmayacaq. Təbii ki, dünyada ədalətin ortaya qoyulması, bərpa olunmasında da jurnalistlərin üzərinə çox böyük missiya düşür”.
Tədbirdə iştirak edən rusiyalı qonaq, nüfuzlu “Tribuna” qəzetinin baş redaktoru Oleq Kuzin tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, dünyada ədalətin, təhlükəsizliyin, rifahın bərqərar olunması, təmin edilməsi üçün bütün qüvvələr, o cümlədən, kütləvi informasiya vasitələri həmrəylik nümayiş etdirməlidirlər. Sonra Azərbaycanla Rusiya arasında mətbuat həmrəyliyi və informasiya reallıqlarının təmin edilməsindəki xidmətlərinə görə X.Kazımlı “Tribuna” qəzetinin təsis etdiyi fəxri nişanla təltif olunub. O.Kuzin bildirib ki, indiyədək bu nişanla 30-a yaxın şəxs təltif olunub və X.Kazımlı ilk əcnəbi şəxsdir ki, bu nişanla təltif edilir. 
Litvalı beynəlxalq icmalçı Vidas Kavaliaskas tədbiri yüksək qiymətləndirdiyini bildirməklə yanaşı, qeyd edib ki, digər Cənubi Qafqaz dövlətləri ilə müqayisədə Azərbaycan haqqında təmsil olunduğu ölkədə məlumatlar çox azdır. Bu baxımdan o, bu istiqamətdə ciddi çalışmaların və səylərin olmasını vacib sayıb. “Arzu edirəm ki, xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin inkişafı bundan sonra daha çox çiçəklənsin” –deyə o sözlərinə əlavə edib. 
Bolqarıstanın Debresen İnstitutunun əməkdaşı, filologiya doktoru Veneta Yankova Azərbaycanda ikinci dəfə olduğunu və ölkəmizin xeyli inkişaf etdiyini vurğulayıb. V.Yankovanın bildirdiyinə görə, dünyada ədalətin, təhlükəsizliyin təmin edilməsi, terrorun, təcavüzün və işğalın aradan qaldırılması üçün səylərin birləşdirilməsinə ehtiyac var və adıçəkilən tədbir bu istiqamətdə bir töhfə ola bilər. 
Tədbirdə həmçinin Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Gürcüstanın keçmiş millət vəkili Timuri Beberidze, macar jurnalisti Erika Zsido və başqaları çıxış ediblər.

30.04.2009

Mətbuat Şurasında görkəmli jurnalist Sona Bağırovanı anım mərasimi keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında görkəmli jurnalist Sona Bağırovanın anadan olmasının 80 illik yubileyi qeyd edilib. MŞ sədri Əflatun Amaşov tədbiri açaraq bildirib ki, toplantı Şuranın görkəmli jurnalistlərin xatirələrinin anımı istiqamətində reallaşdırmağa başladığı silsilə mərasimlərdən ikincisidir. Bu təşəbbüs çərçivəsində mili mətbuatımızda xüsusi yeri və xidmətləri olmuş ahıl jurnalistlərin, dünyasını dəyişmiş qələm sahiblərinin yubileylərinin, anım günlərinin təşkili nəzərdə tutulub.
Sonra mərhumun uzun müddət çalışdığı «Azərbaycan gəncləri» qəzetinin müxtəlif illərdə redaktoru olmuş Cəmil Əlibəyov, Yusif Kərimov, həmçinin onunla birgə işləmiş Əlirza Balayev, Şəmsiyyə Kərimova, Hafiz Hüseynxanlı, yaxından tanıyanlar Teyyub Qurban, Tahir Aydınoğlu, Zakir Abbas, MŞ sədrinin müavini Umud Rəhimoğlu və başqaları Sona xanımın indiki nəslə örnək həyat və yaradıcılıq yoluna nəzər salmış, xatirələrini dilə gətirmişlər.
Qeyd edək ki, Sona Bəhrəli qızı Bağırova 1929-cu mayın 1-də Bakıda anadan olub. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra həyatının 40 ilini «Azərbaycan gəncləri» qəzeti ilə bağlayıb. Burada o, ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Ötən əsrin 90-cı illərində «Açıq söz», «Bakı post» qəzetlərinin əməkdaşı olub. Azərbaycanın əməkdar jurnalisti adına layiq görülüb. Həmçinin media sahəsindəki fəaliyyətinə görə çoxsaylı mükafatlarla təltif olunub. 2001-ci il mayın 10-da dünyasını dəyişib.
Tədbirin sonunda iştirakçılara Sona Bağırovanın 2002-ci ildə «Elm və həyat» Nəşriyyatında çapdan çıxmış «Pozulmaz izlər» kitabı təqdim olunub. Mərhumun qızı Sevda Xanbutayeva Sona xanımın övladları adından analarının xatirələrinə göstərilən ehtirama görə mərasim iştirakçılarının hər birinə təşəkkürünü bildirib.

11.05.2009

Azərbaycanda Mətbuat Şurasında
Beynəlxalq Mətbuat İnstitutunun təmsilçiləri ilə görüş keçirilib

Mayın 11-də Azərbaycan Mətbuat Şurasında Bakıda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun sədri Ceyn Virkunnen və qurumun icraçı direktoru Devid Dədc ilə görüş keçirilib. Görüşdə Şuranın İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkəmizin aparıcı media vasitələrinin təmsilçiləri də iştirak ediblər.
MŞ sədri Əflatun Amaşov Azərbaycanda media sahəsində görülən işlər barədə məlumat verib. O, bu tədbirlər sırasında medianın iqtisadi imkanlarının genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb. «Azərbaycanda medianın problemləri var. Bunlar istər jurnalist peşəkarlığını, istər ilk mənbədən informasiya alınmasını, istərsə də digər sahələri əhatə edir. Lakin düşünürəm ki, həmin çətinliklər aradan qalxacaq. Tezliklə fəaliyyətə başlayacaq Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Fondunun bu işdə müstəsna rol oynayacağına əminəm», - deyə o bildirib.
C.Virkunnen ölkəmizə səfərlərindən məqsədin BMİ-nin dünya konqresinin və 59-cu Baş Assambleyasının  Azərbaycanda keçirilmə imkanlarını dəyərləndirmək olduğunu deyib. Cənab Virkunnen belə bir mötəbər tədbirin Azərbaycanda təşkili üçün qlobal faktorların mövcudluğuna diqqət çəkib. 
BMİ sədri təmsil etdiyi təşkilatın dünyada mətbuat azadlığına dəstək olmaq kimi vacib bir missiya daşıdığını da diqqətə çatdırıb.
D.Dədc isə bildirib ki, BMİ-nin beynəlxalq miqyaslı tədbirlərindən, o cümlədən Azərbaycanda keçirilməsi planlaşdırılan dünya konqresindən başlıca məqsəd müxtəlif yerlərdə fəaliyyət göstərən jurnalistləri bir yerə toplamaq, söz, fikir və ifadə azadlıqlarının vəziyyətini müzakirə etməkdir. Həmçinin toplantılarda dünya media qurumlarının bir-biriləri ilə əlaqələrinin inkişaf istiqamətləri nəzərdən keçirilir. Tədbirin məhz Azərbaycanda baş tutması isə həm də Qafqaz ölkələrindəki media vasitələrinin informasiya mübadiləsini möhkəmləndirmək baxımından əhəmiyyətlidir.
Görüşdə BMİ-nin Dünya Konqresinin Azərbaycanda keçirilməsi üçün istər texniki, istərsə də təşkilati imkanların genişliyi vurğulanıb. Qeyd edək ki, bununla bağlı son qərar iyunun 6-9-da Helsinkidə Dünya Konqresinin və 58-ci Baş Assambleyanın keçirilməsindən bir gün öncə çıxarılacaq.

11.05.2009

 

Azərbaycan Mətbuat Şurasında Türkiyə və Azərbaycanın
media təmsilçilərinin dialoqu keçirildi

Mayın 11-də Azərbaycan Mətbuat Şurasında Türkiyənin ölkəmizdə səfərdə olan nüfuzlu media təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Dialoq xarakteri daşıyan toplantıda əsas diqqət Türkiyə-Azərbaycan münasibətlərinin son durumuna, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələlərinə yönəlib.
Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, hazırda iki ölkə arasındakı əlaqələr müzakirə edilərkən nəzərlər Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair söz-söhbətlərdə cəmləşir, bu zaman müəyyən narazılıqların və ziddiyyətli məqamların mövcudluğu gözə dəyir. Ə.Amaşov bildirib ki, Şuranın təşəbbüsü ilə aprelin 7-də Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri qardaş ölkənin jurnalistlərinə müraciət ünvanlayıb: «Müraciət sərhədlərin açılıb-açılmayacağı ilə bağlı Türkiyə hökuməti tərəfindən konkret mövqenin sərgilənmədiyi bir dönəmə təsadüf edib. İstər buna, istərsə də sərhədlərin açılması məsələsinə etiraz edən digər çağırışlarımıza həssas yanaşılması müsbət haldır. Bizim fikrimiz budur ki, Qarabağ məsələsi həll olunmayanadək Türkiyə-Ermənistan sərhədləri açılmasın. Çünki 1993-cü ildə Türkiyə Ermənistanın üzünə sərhədləri qapayarkən Qarabağ faktoru əsas götürülmüşdü. Vəziyyət dəyişməyib. Yəni, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ işğaldan qurtulmayıb. Belədə məsələnin gündəmə gəlməsi birmənalı qarşılanan deyil. İstərdik ki, Türkiyənin aparıcı media qurumları təmsilçilərinin buna münasibətini bilək».
Avrasiya Qəzetəcilər Cəmiyyətinin rəhbəri Kürşad Zorlu təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətlərində türk toplumlarındakı media vasitələri arasında əlaqələr yaradılmasının başlıca yer tutduğunu vurğulayıb. O qeyd edib ki, informasiya mübadiləsi lazımi səviyyədə olmayanda meydana problemlər çıxır. Zaman-zaman Qarabağ həqiqətlərinin dünyaya düzgün çatdırılmaması da bunlardan biridir. Ona görə də türk dövlətlərinin mediaları, başlıca olaraq Azərbaycan və Türkiyə mediası bir olmalıdır. «Hazırda dünyanın mədəni coğrafiyasında bir sıra amillər dəyişməkdədir. Türkiyə bütün bunlara qarşı ciddi müqavimət göstərir. Hesab edirik ki, bu müqavimət Azərbaycanın xeyrinə olacaqdır. Türkiyə beynəlxalq aləmdə nə qədər güclü olarsa, Azərbaycan da güclü olar», - deyə  o bildirib.
AQD-nin digər təmsilçisi, Türkiyənin «Yeni Şəfəq» qəzetinin müxbiri Murat Palavar bilgi, informasiya mübadiləsi məsələsini iki ölkə mediası arasındakı münasibətlər sistemində əhəmiyyətli cəhət kimi dəyərləndirib. Onun fikrincə, bunun zəifliyi bəzi xoşagəlməz məqsədli fikirlərin ortaya atılmasına rəvac verib. M.Palavar səfərlərinin belə meyllərə qarşı olduğunu diqqətə çatdırıb. Sərhədlərin açılıb-açılmayacağına gəlincə, dərnək təmsilçisi bu məsələdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mövqeyinə inandığını dilə gətirib.
«Yeni Şəfəq» qəzetinin yazarı İbrahim Qaragül çıxışında müzakirə edilən mövzunun beynəlxalq müstəvidə dəyərləndirilən istiqamətlərindən söz açıb: «Mənim baxışlarımda Qafqaz bir bölgədir. Beynəlxalq aləmdə də belə qəbul olunur. Burada söhbət təkcə Azərbaycan torpaqlarının işğalından getmir. Türkiyənin Qafqaz siyasətində Azərbaycan ayrıca amil kimi müstəsna əhəmiyyətə malikdir. Türkiyənin Ermənistanla münasibətləri də Qafqaz siyasətinin tərkib hissəsidir».
«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məsələnin bu cür qoyuluşu ilə razılaşmadığını dilə gətirib. Onun sözlərinə görə, Azərbaycan Türkiyəyə Avrasiya siyasətinin tərkib hissəsi kimi yanaşmır. «Biz Türkiyəni elə Türkiyə kimi qəbul edirik və münasibətin qarşılığını istəyirik»  deyən baş redaktor tarixi faktlara müraciət edərək diqqəti 1905-1918-ci illərdə Osmanlı İmperiyası daxilindəki erməni qırğınlarına yönəldib və bildirib ki, Qarabağda baş verənlər əslində həmin mənfur siyasətin tərkib hissəsidir.
Məlumatsızlığa gəlincə, E.Mirzəbəyli Türkiyə mediasının Azərbaycanı tanımamaqla bağlı probleminin mövcud ola biləcəyini istisna etməyib. Azərbaycan mediasının isə Türkiyə barədə kifayət qədər xəbərdar olduğunu vurğulayıb: «Fikirlər səslənib ki, Azərbaycan mediası sərhəd məsələsini qabardır. Amma gəlin unutmayaq ki, Ermənistanla sərhədin açılacağını ilk olaraq yazan Türkiyənin «Hürriyyət» qəzeti olub».
Mövzunu davam etdirən «Azəri press» Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı Azərbaycandan Türkiyəyə yönələn müxtəlif miqyaslı əks fikirləri Türkiyə rəsmilərinin sərhəd məsələsindəki anlaşılmaz mövqeyi ilə izah edib: «Prezident İlham Əliyev də Belçikada səfərdə olarkən Türkiyə hökumətinin indiyədək bir suala cavab vermədiyini dilə gətirdi. Həmin sual «Yol xəritəsi» planında Qarabağ məsələsinin yer alıb-almaması ilə bağlıdır. Təəssüf ki, cavab yoxdur. Belədə media qurumlarının məsələni istədikləri kimi yozmaları mümkündür».
Türkiyənin «Radikal» qəzetinin beynəlxalq xəbərlər şöbəsinin müdiri Ceyda Karan Türkiyə və Azərbaycanın bölgədə mühüm güc sahibləri kimi çıxış etdiklərini vurğulayaraq onların səylərini birləşdirmələrinə zərurət duyulduğunu önə çəkib.
«Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun fikrincə, sərhəd məsələsinin gündəmə gəlməsi dünya iqtisadi böhranı ilə bağlıdır. Onun bildirdiyinə görə, böhran Ermənistanı acınacaqlı vəziyyətə salıb. İkili standartlardan çıxış edən beynəlxalq birlik isə hər vəclə ölkəni düşdüyü durumdan çıxarmağa çalışır. Türkiyənin sərhədləri nə üçün bağladığı hamımıza bəllidir. Qarabağla bağlı gündəmdə qalıb-qalmayacağı bilinmir.
Tədbirdə Azərbaycanın Şimali Kipr Türk Cumhuriyyətinin müstəqilliyüini tanımaması ilə bağlı türkiyəli jurnalistlərin açdıqları müzakirəyə münasibət bildirən «Ədalət» qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas ölkəmizin türk Kipri ilə münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib, bununla əlaqədar bir sıra faktları açıqlayıb. Müstəqilliyin tanınmamasına gəldikdə, millət vəkili məsələni Qarabağ problemi ilə eyni müstəvidə dəyərləndirməyin tərəfdarı olmadığını deyib. Onun fikrincə, Şimali Kipr türklərin tam ixtiyarında olan ərazidir, türk torpağıdır: «Dünya qəbul etsə də, etməsə də bu, belədir. Qarabağ isə işğal altındadır».
«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında diqqəti Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərinə yönəldib. O, həmin səfərdən sonra türk jurnalistlərin Yerevana səfərlərinin mütəmadi xarakter aldığını, qələmə alınan yazılarda ermənilərə məhəbbət və rəğbət hissinin aşılanmasına geniş yer verildiyini vurğulayıb: «Məsələnin bu formada qoyuluşu yanlışdır. Ermənistan elə Türkiyənin özü ilə bağlı hansı məsələdə güzəştə gedib ki, ona belə münasibət sərgilənir?»
Çıxış edən digər natiqlər Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı söz-söhbətlərin və yaranan situasiyanın Türkiyə və Azərbaycan xalqı arasındakı münasibətlərə xələl gətirməyəcəyinə olan inamlarını müxtəlif tarixi bağlılıq tellərinin güclü olması ilə əsaslandırıblar.
Qeyd edək ki, türkiyəli media nümayəndələrinin ölkəmizə səfərinin təşəbbüsçüsü Avrasiya Qəzetəcilər Dərnəyidir. Bu missiyanın reallaşdırılmasında Azər-Türk Qadınlar Birliyi yaxından iştirak edib. Təşkilatın sədri Tənzilə Rüstəmxanlı Mətbuat Şurasında keçirilən görüşün əhəmiyyətini qeyd etməklə yanaşı, qonaqların qarşıdakı üç gün müddətində qatılacaqları digər tədbirlər barədə də məlumat verib.
T.Rüstəmxanlı həmçinin bildirib ki, səfərin təşkilindən məqsəd ölkəmizdə Türkiyə ilə bağlı yaşanan durumun qardaş ölkənin ictimai rəyinə obyektiv şəkildə təqdimatına kömək göstərməkdir. O, türkiyəli jurnalistlərin bu istiqamətdə çox iş görə biləcəklərinə ümidvar olduğunu vurğulayıb.

 

05.06.2009

Mətbuat Şurasında görkəmli jurnalist
Nəriman Zeynalovu anım mərasimi keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında milli jurnalistikamızın tanınmış nümayəndəsi Nəriman Zeynalovu anım mərasimi keçirilib.

MŞ sədri Əflatun Amaşov tədbiri açaraq bildirb ki, bu toplantı Şuranın “Görkəmli jurnalistlərin anımı” silsiləsindəki mərasimlərdən sayca dördüncüsüdür. O, N.Zeynalovun həyat və fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salaraq mərhumun müasir mediamız üçün də örnək ola biləcək cəhətlərindən söhbət açıb.

Sonra ölkə mediasının tanınmış nümayəndələri, alimlər, mütəxəssis və publisistlər çixiş ediblər. Oqtay Cəfərovun, Mailə Muradxanlının, Əhməd İsayevin, Cahangir Məmmədlinin, Kamran Nəzirlinin, Yusif Kərimovun, Əlövsət Bəşirovun, Mahmud Mahmudovun, Akif Rüstəmovun, Vaqif Bəhmənlinin çıxışlarında yenilikçi-jurnalist, cəsarətli redaktor kimi xarakterizə olunan N.Zeynalovun elm xadimi kimi də xidmətlərindən danışılıb, müasir jurnalistikamızın inkişafında oynadığı misilsiz rol ətraflı təhlil olunub.

Sonda mərhumun övladları adından oğlu Namiq Zeynalov çıxış edərək atası ilə bağlı xatirələrindən söz açıb. O, istedadlı qələm sahiblərinin irsinin yaşadılması istiqamətindəki təşəbbüslərinə və anım tədbirlərinə görə Azərbaycan Mətbuat Şurasına minnətdarlığını bildirib.

Qeyd edək ki, N.Zeynalov 1933-cü ildə Göyçay rayonunda anadan olub. 1956-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. İstedadı, təşəbbüskarlığı və çalışqanlıq keyfiyyətləri nəzərə alınaraq universitetin mətbuat tarixi kafedrasında müəllim saxlanılıb.Paralel olaraq, “Xalq qəzeti”ində (o zamankı “Kommunist” qəzeti) ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb.

Sonrakı illərdə taleyini BDU-nun jurnalistika fakültəsi ilə bağlayan N.Zeynalov “Molla Nəsrəddin” jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycanın mətbuat tarixi ilə bağlı 2 cildlik dərslik hazırlayıb.

N.Zeynalov peşəkar fəiliyyətində jurnalistikanın nəzəri və praktik sahələrinə paralel surətdə diqqət ayırıb. O, 1977-ci ildən başlayaraq 10 ilə qədər “Sovet kəndi” qəzetinə redaktorluq edib.  Ömrünün son illərində doğma jurnalistika fakültəsinə qayıdan Nəriman müəllim dekan seçilib. 1989-cu ilin yazında dünyasını dəyişib.

N.Zeynalov fədakar mətbuat tarixçisi olmaqla yanaşı, həm də istedadlı publisist, gənc yazarlar üçün ustada çevrilmiş bir qələm sahibi idi. 1971-ci ildə oçerkləri “Qızıl qələm” mükafatına layiq görülüb. “Gümüş dəstəkli qılınc” romanının, “Oğul o kəsdir ki”, “Dağlar oğlu”, “Bərəkətli torpaq” oçerklər kitablarının müəllifi olub. Dövri mətbuatdakı bir çox hekayə və məqalələri hələ də yaddaşlardadır.

 

07 İYUL 2009-CU İL

Mətbuat Şurasında “Cənubi Azərbaycan mətbuatı tarixi”
kitabının təqdimatı keçirilib

Bu gün Mətbuat Şurasında yenicə çapdan çıxmış “Cənubi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı keçirilib.

Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabı Azərbaycan jurnalistikasında əlamətdar hadisə adlandırıb. O, nəşrin ölkəmizin jurnalistika ədəbiyyatında məxsusi rol oynayacağına ümidvar olduğunu bildirib.

İranda 1978-ci il inqilabından sonra bu ölkədə müasir türkdilli mətbuatın yaradıcılarından olan, məhşur «Varlıq» jurnalının təsisçisi və baş redaktoru doktor Cavad Heyət əsərin əhəmiyətini vurğulayarkən cənublu ziyalıların ictimai fəaliyyətindən geniş bəhs etməsini önə çəkib.

Kitabın rəyçisi tarix elmləri namizədi Nəsiman Yaqublu əsərin Azərbaycan mətbuatı tarixinin bütövlükdə öyrənilməsində gərəkli mənbə olduğunu deyib.

Çıxış edənlərdən azərbaycanşünas tədqiqatçı Güntay, BDU-nun dosenti Atamoğlan Məmmədli, mətbuat tarixi tədqiqatçısı Tahir Aydınoğlu, jurnalist Tatyana Çaladze və digərləri kitabın məziyyətlərindən söhbət açıblar və müəllifin bu yöndəki tədqiqatlarını davam etdirməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə həmçinin bildirilib ki, iki əsrə yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar qədim, zəngin mədəniyyətin və tarixin öyrənilməsinə ağır zərbə vursa da, xalqın öz varlığını yaşatma əzmini sındıra bilməmişdir. Bu baxımdan o illərdə yaranmış ədəbiyyat və mətbuat əvəzsiz rol oynamışdır. Təsadüfi deyil ki, Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel olmuşdur. Lakin hakim dövlət siyasəti İranda baş verən hər inqilabdan sonra mədəni həyatda müşahidə olunan irəliləyişin və tərəqqinin qarşısına sədd çəkmişdir. Buna görə də həmin dövrdə çıxan hər bir mətbuat nümunəsinin, adicə bir sayın da böyük siyasi və mədəni əhəmiyyəti var.

Qeyd edək ki, «Cənubi Azərbaycan mətbuatı tarixi» kitabının müəllifi Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dossenti, filologiya elmləri namizədi Pərvanə Məmmədlidir. Müəllif çıxışında kitabın Cənubi Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat yaratmaq məqsədilə yazıldığını bildirib. O, əsəri uzun illər apardığı elmi axtarışların nəticəsi kimi önə çəkib. Cənubi Azərbaycan mətbuatının İrandakı Azərbaycan türklərin mili varlığını sübuta yetirmək yolundakı mübarizədə həmişə kəsərli silah olduğunu vurğulayan müəllif kitabda XIX əsrin birinci yarı­sın­dan müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan ziyalılarımızın ədəbi-ictimai fəaliyyətindən, onların səyləri ilə işıq üzü görən çeşidli mətbuat orqanlarından geniş bəhs olunduğunu diqqətə çatdırıb.

Girişdən, 8 bölümdən ibarət nəşrdə həmçinin 151 ildə keçilmiş yolu əks etdirən dəyərli sənədlər də toplanıb. “Elm” nəşriyyatında çapdan çıxan kitaba ölkəmizin tanınmış alim və mütəxəssisləri rəy verib.

 

22.07.2009

 

«İrəli» İctimai Birliyinin üzvləri
Milli Mətbuat Günü münasibətilə Mətbuat Şurasında olublar

 

Gənclərdən ibarət «İrəli» İctimai Birliyi 22 iyul Milli Mətbuat Günü münasibətilə fərqli aksiya həyata keçirməkdədir. Belə ki, qurumun fəalları ölkəmizin aparıcı KİV redaksiyalarına və jurnalist təşkilatlarına baş çəkərək özlərinin bayram tortlarını təqdim edirlər.

İctimai birliyin üzvləri Azərbaycan Mətbuat Şurasında olublar. Onlar əlamətdar gün münasibətilə nəzərdə tutduqları bayram hədiyyəsini MŞ sədri Əflatun Amaşova təqdim ediblər. Ə.Amaşov belə bir məxsusi və yaddaqalan aksiyanın təşkilinə və mətbuatın cəmiyyətdəki roluna verdikləri qiymətə görə «İrəli»nin fəallarına təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

İctimai Birliyin təmsilçilərindən Ülkər İbrahimova, Nəzakət Əliyeva və Ayaz Salmanov çıxışlarında qurumun media ilə iş sahəsindəki fəaliyyətinin ayrı-ayrı məqamlarından söhbət açıblar.

Qeyd edək ki, «İrəli» İctimai Birliyi Milli Mətbuat Günü münasibətilə 60-a qədər tort sifariş edib.

23.09.2009

 

WAN təmsilçiləri Azərbaycan Mətbuat Şurasında olublar

Bu gün Dünya Qəzetlər Assosiasiyasının (WAN) rəhbər şəxsləri - qurumun media azadlığı və inkişafı proqramının icraçı direktoru Mirjana Miloşeviç, proqramın rəhbəri Bengt Braun və təşkilatın baş ofisinin rəhbəri Timoti Baldinq Azərbaycan Mətbuat Şurasında olublar.

MŞ sədri Əflatun Amaşov qonaqlara Şuranın ölkəmizdə media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi təcrübəsi barədə məlumat verib. «Şuranın başlıca iş prinsipi qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən daxil olan müraciətləri araşdırmaqdan ibarətdir. Bu fəaliyyət kütləfi informasiya vasitələrindən olan narazılıqların məhkəmə müstəvisinə çıxmaması, məsələlərin media müstəvisində həllini tapması baxımından əhəmiyyətlidir. Əlbəttə, problemlərimiz də var. Amma ötən müddət həyata keçirdiyimiz tədbirlər nikbinliyə əsas verir», - deyə o bildirib.

WAN təmsilçiləri çıxışlarında səfərlərindən məqsədin ölkədəki mövcud söz və mətbuat azadlığı mühitinin qəzetlərin fəaliyyət dairəsinə nə kimi təsir göstərdiyini müəyyənləşdirmək olduğunu vurğuladılar. Müzakirələr nəticəsində belə bir ortaq fikrə gəlindi ümumən Azərbaycanda media kasıb struktura malikdir. Bu, onun  hadisə və proseslərə obyektiv yanaşmasında da çətinliklər yaradır.

 

28.10.2009

 

Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə edilib

Tədbir “Azərbaycan gəncləri” qəzetinin 90 illik yubileyinə həsr olunub

 

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycan KİV sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah» mövzusunda «dəyirmi masa» keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bu günkü toplantının «Azərbaycan gəncləri» qəzetinin 90 illik yubileyinə həsr olunduğunu bildirib. Onun sözlərinə görə, hazırkı dövrdə uşaq və gənclərlə bağlı mətbuat orqanlarının vəziyyəti ölkə KİV-lərinin ümumi durumundan müsbət mənada fərqlənmir. Medimızdakı çətinliklərin bu tip mətbu vasitələrin iş prinsiplərinə daha çox təsir göstərdiyini bildirən Şura sədri tədbirin həmin tendensiyalara nəzər salmaq zərurətindən, həmçinin gənclər mətbuatı içərisində xüsusi yerə və rola malik “Azərbaycan gəncləri” qəzetinin fəaliyyətinə nəzər salmaq istəyindən irəli gəldiyini vurğulayıb: “KİV-ə Dövlət Dəstəyi Konsepsiyasında uşaq və gənclər mətbuatına xüsusi önəm verilib. Konsepsiyanın KİV-lərin inkişafına dövlət dəstəyinin sahələri bölümündə dövlətin proqram və layihələrin həyata keçirilməsində dəstəklədiyi əsas sahələrdən biri kimi uşaq və gənclərin fiziki və mənəvi inkişafının olduğu göstərilib. Bu amil həmin sahə üzrə ixtisaslaşmış media orqanları üzərinə böyük məsuliyyət qoyur. Təbii ki, mövcud durum onlara xüsusi diqqət yetirilməsini, problemlərinin həllinə qayğılı yanaşmanı aktuallaşdırır”, - deyə o bildirib.

15 il “Azərbaycan gəncləri” qəzetinin redaktoru olmuş, tanınmış jurnalist və publisist Yusif Kərimov çıxışında uzun müddət rəhbərlik etdiyi mətbu orqanın tarixindən söhbət açıb. Nəşrin Azərbaycan Xalq Cumhuriyyəti ilə həmyaşıd olduğunu bildirən jurnalist həmin vaxtdan 25 il fəaliyyət göstərən qəzetin Böyük Vətən müharibəsindən sonra “Azərbaycan gəncləri” adını daşıdığını deyib. Y.Kərimovun sözlərinə görə, “Azərbaycan gəncləri” Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin (“komsomol”) orqanı kimi fəaliyyət göstərməsinə baxmayaraq dövrün mənfi cəhətləri nəşrin yaradıcılıq xüsusiyyətlərini məhdudlaşdıra bilməyib: “Qəzetin “şinelindən çıxan” jurnalistlərin sayı yüzlərlədir. Onlar indinin özündə də ictimai həyatda aktiv iştirakları ilə seçilirlər. Bu isə nəşrin ölkənin ictimai münasibətlər sistemində oynadığı səmərəli roldan xəbər verir”.

«Dəyirmi masa»da çıxış edənlərdən «Savalan» qəzetinin baş redaktoru Eldar Əliyev, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Tumurcuq» qəzetinin redaktoru İrfan Məmmədli, «Şəfəq» qəzetinin baş redaktoru Qardaş İsmayılov, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, nəşrin şöbə müdiri Əlipənah Bayramov və digərləri «Azərbaycan gəncləri» qəzetinin on illiklər boyu uşaq və gənclər mətbuatı sistemində lider olduğunu, respublikanın mərkəzi mətbuatı üçün baza rolu oynadığını məmnunluqla xatırladılar.

Toplantıda müstəqil respublikamızda uşaq və gənclər mətbuatının cəmiyyətdəki rolunu artırmaq, onların dövriliyini sabitləşdirmək istiqamətində, həmçinin çətinliklərinin aradan qaldırılması ilə bağlı dəyərli mülahizələr səsləndi. Bildirildi ki, bu kimi gərəkli diskkusiyaları davam etdirməklə Azərbaycan milli mətbuatının 135 illik yubileyinə qədər uşaq və gənclər mətbuatının problemləri və inkişaf perspektivləri sistemləşdirilməli və mövcud istiqamətdə əməli tədbirlər həyata keçirilməlidir.

 

30.10.2009

Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd etdi

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Mətbuat Nizamnaməsi 90: keçmişdən bu günə dəyişən reallıqlar» mövzusunda «dəyirmi masa» keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov Azərbaycan Xalq Cumhuriyyəti dönəmində qəbul olunmuş Mətbuat Nizamnaməsinin 90 illiyi ilə bağlı ölkənin bir sıra tədris müəssisələrindən geniş mərasimlərin keçirildiyinə diqqət çəkib. Nizamnamədə əksini tapan prinsiplərlə bağlı məlumat verən Şura sədri sənədin müasir dövrümüz üçün də aktual səciyyə daşıdığını vurğulayıb.

BDU-nun jurnalistika fakultəsinin mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev AXC dövründə qəbul olunmuş sənədi mühüm tarixi zərurət kimi dəyərləndirib. Onun sözlərinə görə, XX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası daxilində baş verən ictimai-siyasi proseslər söz və mətbuat azadlığına da təsir göstərmişdi. Nəticə etibarilə 1918-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu meyllər daha da güclənmişdi: «Amma bu o demək deyildi ki, Mətbuat Nizamnaməsi asanlıqla qəbul olunan sənəd idi. Hər fəslinin üzərində ciddi müzakirələr getmişdi. Nizamnamənin demokratik ab-havası dövrün ziyalılarının xarakterinə də təsir göstərmişdi».

BDU-nun jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli çıxışında diqqəti Azərbaycanın ikinci dəfə müstəqilliyini əldə etdiyi 1991-ci ildə baş verən proseslərə yönəldib. Onun sözlərinə görə, həmin vaxt Azərbaycan jurnalistləri məhz bu Nizamnaməyə güvəndilər və ona istinad etdilər. C.Məmmədli sənədin ən mühüm xüsusiyyətlərindən biri kimi orada senzuranın nəzərdə tutulmamasını vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Mətbuat Nizamnaməsinin KİV sahəsindəki mövcud qanunvericilik aktları üçün başlıca mənbə rolu oynadığını vurğulayıb. «Diqqət yetirsəniz, Mətbuat Şurasının Nizamnaməsinin, həmçinin ölkə jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının müxtəlif prinsip və bəndlərində Xalq Cumhuriyyəti dövründə ərsəyə gəlmiş bu mühüm sənədə kifayət qədər istinad edilib», - deyə o bildirib.

BDU-nun dosenti Nəsiman Yaqublu bildirib ki, Mətbuat Nizamnaməsinin meydana çıxması cumhuriyyət dövrü istiqlal bəyamnaməsinin 4-cü bəndindən irəli gəlib. Həmin vaxtadək görkəmli mütəfəkkirlərin çıxışlarında söz və mətbuat azadlığı ilə bağlı geniş məqamlar yer alıb. Sənəd məhz onların fikirlərinin məhsulu kimi böyük əhəmiyyətə malikdir.

«Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev çıxışında həmin vaxtadək Şərqdə belə bir Nizamnamənin mövcud olmadığını deyib. Sənədin mütərəqqi xüsusiyyətlərindən söz açan baş redaktor onun yenidən çap edilməsi və yayılması təklifini irəli sürüb.

«Xalq cəbhəsi» qezetinin baş redaktoru Elçin Mirzəbəyli Mətbuat Nizamnaməsində əksini tapan məsələlərin sonradan qardaş Türkiyə Cumhuriyyətindəki analoji sənədlərdə də özünə geniş yer tapdığını vurğulayıb.

 Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbasın, həmçinin «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyevin, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlunun və başqalarının fikirlərində Mətbuat Nizamnaməsinin müasir dövrümüzü üçün də aktual səciyyə daşıyan xüsusiyyətləri ətraflı təhlil olunub.

 

17.11.2009

Mətbuat Şurasında latviyalı ekspetrlərlə görüş keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında Latviyanın Korrupsiyaya qarşı mübarizə Bürosunun (KNAB) qabaqlayıcı tədbirlər idarəsinin əməkdaşı Lize Lentane və qurumun ictimaiyyətlə əlaqələr və tədris şöbəsinin mütəxəssisi Aleksey Şnitnikovla görüş keçirilib. MŞ sədri Əflatun Amaşov qonaqları salamlayaraq onlara Şuranın fəaliyyət istiqamətləri, düzənlədiyi tədbirlər barədə ətraflı məlumat verib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında fondun fəaliyyətdə olduğu qısa müddətdə həyata keçirdiyi tədbirlər haqqında söhbət açıb. Qurumun Müşahidə Şurasının sədri, MŞ sədrinin müavini Umud Rəhimoğlu nitqində ölkəmizdə dövlət dəstəyinin konkret istiqamətləri barədə danışıb.

Xanım Lize Lentane bildirib ki, mövcud səfər Avropa İttifaqına üzv dövlətlərin və Benefisiar ölkələrin idarəçilik qurumları arasında əməkdaşlıq vasitəsi olan Tvininq layihəsinin 5 əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə  Azərbaycan arasında  “Avropa qonşuluq siyasəti”  planı çərçivəsində həyata keçirilir. O vurğulayıb ki, «Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə İdasinə dəstək» adlı həmin layihənin gerçəkləşdirilməsi Latviyanın xüsusi istintaq idarəsinə etibar edilib. Bu məqsədlə ölkəmizin hüquqi mövzuda yazan jurnalistləri ilə görüş keçiriləcək, qarşılıqlı əməkdaşlığın digər asepktləri müəyyənləşdiriləcək.

Avropa İttifaqının  Üzv  Ölkələrinin  və Azərbaycan Respublikasının dövlət qurumları  arasında  birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan Tvininq proqramı Avropa İttifaqına üzv ölkələrinin dövlət qurumlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun, Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbbə müdiri Vüqar Əliyevin və idarənin böyük prokuroru Elnur Musayevin iştirak etdiyi görüşdə qonaqların Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının fəaliyyəti ilə bağlı konkret sualları da cavablandırılıb.

 

07/12/2009

Azərbaycan Mətbuat Şurasında tələbə problemlərinin
KİV-lərdə işıqlandırılması ilə bağlı görüş keçirilib

 

Bu gün Azərbaycan Mətbuat Şurasında tələbə problemlərinin KİV-lərdə işıqlandırılması məsələlərinə dair «dəyirmi masa» keçirilib. Ölkəmizdə fəaliyyət göstərən aparıcı tələbə təşkilatlarının təmsilçilərinin, MŞ İdarə Heyəti üzvlərinin və qəzet baş redaktorlarının qatıldıqları tədbiri giriş sözü ilə Şura sədri Əflatun Amaşov açıb.

Ə.Amaşov KİV-lərin tələbə problemlərinin işıqlandırılması sahəsindəki mövcud vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, hazırkı dövrdə mətbuatda bununla bağlı fundamental sistemin mövcudluğu gözə çarpmır: «Doğrudur, ayrı-ayrı gənclər təşkilatlarının aktivliyi hiss olunur və onların fəaliyyəti barədə KİV-lərdə mütəmadi məlumatlar yer alır. Konkret tələbə problemlərinə münasibətdə isə eyni sözü söyləmək mümkünsüzdür. Təbii ki durumun mövcud şəkil alması təkcə kütləvi informasiya vasitələrindən asılı deyil. Bu mənada tələbələrin də üzərinə məsuliyyət düşür. Onlar daha çox təşkilatlanmalı və media ilə əlaqələrini gücləndirməyə çalışmalıdırlar».

Azərbaycan Tələbələr Birliyinin sədri Elnur Aslanov rəhbərlik etdiyi qurumun məhz bu zərurətdən irəli gələrək fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, həmçinin iştirakçılara qurumun həyata keçirdiyi tədbirlər barədə də məlumat verib.

«Olaylar» qəzetinin baş redaktoru və eyni adlı informasiya agentliyinin baş direktoru Yunis Oğuz çıxışında tələbə problemlərinin KİV-lərdə işıqlandırılmasının vacibliyinə diqqəti yönəldərək bununla bağlı media orqanlarının üzərinə düşən vəzifələrdən söhbət açıb. O, rəhbərlik etdiyi KİV-lərdə məsələ ilə bağlı təşəbbüslərə geniş yer verməyə hazır olduğunu bildirib.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu BANF-ın ölkəmizdə təhsil alan əcnəbi tələbələrlə aktiv əlaqədə olduğunu bildirib. O, təşkilatın müxtəlif vaxtlarda onların Azərbaycandakı qaçqın şəhərciklərinə səfərlərini təşkil etdiyi vurğulayıb: «Diqqətimi çəkən cəhət xarici ölkələrdən olan tələbələrin Azərbaycan həqiqətləri barədə tam məlumatsızlığı idi. Belə bir vəziyyətin formalaşması isə tələbələrdən asılıdır. Onlar təşəbbüs göstərməli, hətta müəyyən məqamlarda üzləşdikləri uğursuzluqlara görə ruhdan düşməməlidirlər».

Tədbirdə çıxış edən müxtəlif tələbə təşkilatlarının rəhbərləri KİV-lə münasibətlərində qarşıya çıxan çətinliklər və pozitiv məqamlar haqqında danışıblar.

 

09.12.2009

 

Mətbuat Şurasında Avropa Şurasının
ekspertləri ilə görüş keçirilib

 

Dünən Azərbaycan Mətbuat Şurasında Bakıda səfərdə olan Avropa Şurasının ekspertləri Manuel Lukbert və Devid Qoldberqlə görüş keçirilib. Görüşdən məqsəd Avropa Şurasının və Avropa Komissiyasının ifadə, məlumat və media azadlığı ilə bağlı ölkəmizdə reallaşdırdığı proqramlar ətrafında dəyərləndirmələr aparmaqdan ibarət olub.

MŞ sədrinin müavini Umud Rəhimoğlu çıxışında diqqəti Şuranın media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsindəki roluna çəkib. Qurumun mövcud istiqamətdə bir sıra layihələr həyata keçirdiyini deyən U.Rəhimoğlu Şuranın iş prinsiplərinin daha əhatəli fəaliyyətə imkan verdiyini vurğulayıb. «Avropa Şurasının və Avropa Komissiyasının ölkəmizdəki proqramları mütərəqqiliyi ilə seçilir. Sadəcə, onların icrası istiqamətində daha geniş və sistemli iş aparmaq zərurəti duyulmaqdadır. Hesab edirəm ki, məsələ ilə əlaqədar Mətbuat Şurası zəngin təcrübəyə malikdir və bunun nəzərə alınması ümumi işə faydalı olardı. Eyni zamanda Azərbaycan mediası haqqında daha dolğun təsəvvürlər formalaşdırardı», -  deyə o bildirib.

Avropalı ekspertlər çıxışlarında həyata keçirdikləri missiya barədə ətraflı məlumat veriblər. Onların sözlərinə görə, səfərləri Avropa Komissiyası ilə Avropa Şurasının Cənubi Qafqaz və Moldovada ifadə, məlumat və media azadlığı mövzusundakı birgə proqramının icrası ilə bağlı dəyərləndirmələr aparmaq məqsədindən irəli gəlir. Qonaqlar gələcəkdə bu ölkələrdə medianın inkişafı üçün görülməsi zəruri olan işlərə dair araşdırmalar apardıqlarını bildiriblər. Həmçinin mövzu ətrafında ölkəmizin hökumət, ictimaiyyət və KİV təmsilçiləri ilə fikir mübadilələrindən söhbət açıblar.

Görüşdə ölkəmizdə söz və mətbuat azadlığının durumu, mövcud çətinliklər və pozitiv cəhətlər ətrafında diskussiyalar da aparılıb.

 

08.01.2010

 

Mətbuat Şurası və «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyinin Qarabağ və Xocalı soyqırımı mövzusundakı müsabiqəsi ilə bağlı “dəyirmi masa” keçirilib

 

Bu gün Azərbaycan Mətbuat Şurası və «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyinin «Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi çərçivəsində jurnalistlər arasında elan olunmuş müsabiqə ilə bağlı növbəti “dəyirmi masa” keçirilib.

Tədbiri açan Mətbuat Şurasının sədri Əflatun Amaşov mövcud layihənin «Azərsun Holdinq»in maliyyə dəstəyi ilə həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan dövləti indiyədək Qarabağ mövzusunun, xüsusən də Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin ədalətli mövqeyinin təbliği istiqamətində genişmiqyası işlər aparır. Dünyanın bir çox yerlərində müxtəlif anım tədbirlərinin təşkili sayəsində beynəlxalq aləm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində xalqımızın üzləşdiyi faciəli vəziyyətlər, o cümlədən 1 milyona yaxın soydışımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olması haqqında məlumatlar əldə edib.

Ə.Amaşov bildirib ki, Azərbaycan mediası Qarabağ həqiqətlərinin və Xocalı soyqırımın təbliğinə həmişə diqqət ayırıb. Amma hazırkı durumda həmin diqqəti bir qədər də artırmağa, kütləvi informasiya vasitələrinin mövzunun təqdimatındakı fəaliyyətini stimullaşdırmağa ehtiyac duyulur. Bunu nəzərə alaraq Azərbaycan Mətbuat Şurası və «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyi həyata keçirdiyi birgə layihədə jurnalistlər arasında müsabiqənin təşkilini zəruri sayıb.

Müsabiqəyə 2009-cu ilin sentyabrından elan edildiyini deyən Şura sədri indiyədək 10 materialın təqdim edildiyini diqqətə çatdırıb. “Sənəd qəbulu gələn ay fevralın 10-da yekunlaşacaq. Müsabiqəyə 2009-cu ilin sentyabrından 2010-cu ilin fevralın 5-dək qəzet, jurnal və informasiya agentliklərində gedən, Qarabağ mövzusu və Xocalı faciəsi ilə bağlı nümunələr verilə bilər. Materiallar üçün həcm və dil məhdudiyyəti nəzərdə tutulmur. Məqalələr Azərbaycan Mətbuat Şurasına çap və elektron formada təqdim olunmalıdır”, - deyə o bildirib.

«Azərsun Holdinq»in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərov qaliblərə mükafatların 2010-cu il fevralın 24-də -  Xocalı soyqırımının ildönümü ərəfəsində təqdim olunacağını bildirib. Onun sözlərinə görə, müsabiqədən başlıca məqsəd Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Burada eyni zamanda mövzu ilə bağlı ixtisaslaşmış jurnalist kadrların müəyyənləşdirilməsi əsas yer tutur. “Azərsun Holdinq” gələcəkdə həmin şəxslərlə əməkdaçlıq qurmaq və müxtəlif sifarişləri həyata keçirmək niyyətindədir.

Tədbirdə mövzu ətrafında fikir mübadilələri aparıldı. Qərara alındı ki, Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı ən yaxşı araşdırma işi üçün 500 manat məbləğində xüsusi mükafat verilsin.

Ümumən müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

Birinci yer                                -           1 nəfər             -           1000 AZN
İkinci yer                                 -           2 nəfər             -           650 AZN
Üçüncü yer                              -           3 nəfər             -           300 AZN

Ən yaxşı araşdırma işi             –          1 nəfər             –          500 AZN

5 nəfərə həvəsləndirici mükafat təqdim olunacaq.

Müsabiqədə Qarabağ mövzusunun və Xocalı soyqırımının təbliğində yaxından iştirak edən ən yaxşı bir xarici KİV-ə xüsusi diplom təqdim olunacaq. Bu KİV-in adı münsiflər heyətinin layihə üzrə işçi qrupunun apardığı monitorinq zamanı əldə etdiyi materialların dəyərləndirilməsindən sonra müəyyənləşəcək. Qalib yazıların ingilis dilinə tərcümə edilərək, müxtəlif KİV-lərdə dərci, informasiya portallarında yerləşdirilməsi nəzərdə tutulur.

19.01.2010

 

«20 Yanvar şahid jurnalistlərin gözü ilə» mövzusunda «dəyirmi masa» keçirilib

 

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «20 Yanvar şahid jurnalistlərin gözü ilə» mövzusunda «dəyirmi masa» keçirilib.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik taleyində önəmli mərhələlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, 20 il öncə yaşanan proseslərdə, qəhrəmanlıqlarda hər bir vətənpərvər azərbaycanlının müstəsna rolu olub. Bu mənada peşə vəzifəsini yerinə yetirən jurnalistlərin fədakar əməyi xüsusi qeyd edilməlidir. Çünki onlar millətin haqq səsinin, dəhşətli faciənin məşəqqətlərinin bütün dünyaya çatdırılmasını təmin etmək kimi vacib missiyanı yerinə yetiriblər.

Ə.Amaşov 20 Yanvar faciəsi barədə istər ölkə, istərsə də dünya ictimaiyyətinin məlumatlandırılmasında həmin vaxt nəşr olunan «Səhər» qəzetinin başlıca rol oynadığını önə çəkib. O, tədbir iştirakçılarına qəzetin 20 Yanvar hadisələrini əks etdirən «Güllələnmiş qəzet» adlı toplusunu təqdim edib.

«Səhər» qəzetinin baş redaktoru Məzahir Süleymanzadə çıxışında toplunun məhz «Güllələnmiş qəzet» adlandırılması zərurətinə diqqət çəkib: «Senzuranın mövcudluğuna baxmayaraq böyük çətinliklərlə də olsa, qəzet çap edildi. Nəşrdə faciə bütün təfərrüratları ilə əks olundu. Şəkillərdə qətllərin qanlı foto görüntüləri yer almışdı. Yadımdadır ki, «Səhər»in səhifələri redaksiyanın qarşısındakı mağazanın şüşəsinə vurulmuşdu və insanlar əraziyə toplaşaraq onu oxuyurdular. Getdikcə sayları çoxalırdı. Fövqəladə vəziyyət rejimində o boyda insanın bir yerə toplaşması mümkünsüz idi. Tezliklə əsgərlər gəldi. Lakin heç kəs oradan uzaqlaşmırdı. Hərbçilərin göyə atdıqları xəbərdarlıq atəşləri də nəticə vermədi. Sonda onlar şüşəyə atəş açdılar. Şüşə ilə birgə qəzet səhifələri də güllələndi», - deyə məsələyə aydınlıq gətirib.

M.Süleymanzadə «Səhər» qəzetinin 20 il öncəki fəaliyyətindən danışarkən nəşrin faciəyə ilə bağlı sayının 2 milyon tirajla çıxdığını qeyd edib. O, mövzunu əks etdirən ilk materialın «Vətən bu gün ağı deyir» sərlövhəli reportaj olduğunu diqqətə çatdırıb və yazını 11 jurnalistin müştərək məhsulu kimi dəyərləndirib. 20 Yanvar tarixini Azərbaycan jurnalistlərini birləşdirən gün kimi xarakterizə edən baş redaktor «Səhər»in ilk saylarının çıxmasında əməyi keçən hər bir şəxsə minnətdarlığını bildirib.

«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu o zaman hələ «Kommunist» adlanan bu nəşrin binası önünün jurnalistlərin qərargahına çevrildiyini vurğulayıb: «Həmin vaxt qarara gəlindi ki, belə bir dəhşətli faciədən sonra qəzet «Kommunist» adı ilə çıxarılmasın. Buna mənəvi haqqımızın olmadığı bildirildi. Çox  yaxşı ki, Azərbaycanın müstəqilliyinin elan olunmasından 55 gün öncə nəşrin adı dəyişdi».

T.Aydınoğlu «Səhər»in «Kommunist»in iqtisadi əlavəsi kimi fəaliyyətə başladağını deyib. Bununla belə, o, nəşrin ilk günlərdən siyasi proseslərə aktiv müdaxiləsinin mövcudluğunu önə çəkərək bunun qaçılmaz sosial sifarişdən qaynaqlandığını vurğulayıb.

20 Yanvar faciəsinin şahidlərindən olmuş Araz Qurbanov qələm sahiblərinin o zamankı fəaliyyət istiqamətlərindən ətraflı söhbət açıb. O, jurnalistlərin ağ xalatlarda həkim kimi gizlincə xəstəxanalarda olmalarını və yaralılarla intervülər təşkil etmələrini konkret cəsarət nümunəsi kimi dəyərləndirib.

«Zaman Azərbaycan» qəzetinin baş redaktoru Enes Cansevər çıxışında rəhbəri olduğu nəşrin 20 Yanvar həqiqətlərinin dünyaya çatdırılması sayəsində gördüyü işlərin müxtəlif məqamlarından bəhs edib. Onun sözlərinə görə, faciə və ondan sonrakı proseslər Azərbaycan xalqının qüdrətinin nümayişi olmuşdu. Eyni zamanda bu, keçmiş SSRİ-yə daxil olan digər respublikaların azadlıqlarına qovuşmalarında mühüm həlqələrdən idi. Bu mənada indi müstəqillik qazanmış bir çox postsovet ölkələri Azərbaycan xalqına minnətdar olmalıdırlar.

Çıxış edənlərdən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin 20 Yanvar hadisələri dönəmində «İzvestiya» qəzetinin müxbiri olmuş Vasif Səmədov, «Assa İrada» İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov və başqaları ayrı-ayrı jurnalistlərin faciənin beynəlxalq aləmə çatdırılması istiqamətinqdəki fəaliyyətlərindən söhbət açıblar.

27.01.2010

Azərbaycan Mətbuat Şurasının 2009-cu ildə
gördüyü işlərə dair hesabatını təqdim etdi

 

Bu gün Azərbaycan Mətbuat Şurası 2009-cu ildə gördüyü işlərə dair hesabatını təqdim edib. Bu məqsədlə Şurada mətbuat konfransı təşkil olunub.

MŞ-nin ötən il həyata keçirdiyi fəaliyyət istiqamətlərinə dair məlumat verən MŞ sədri Əftatun Amaşov bildirib ki, Şura bütün illərdə olduğu kimi, hesabatda qərar və rəylərə, reallaşdırılan tədbirlər və təşəbbüslər, müraciətlərin araşdırılma qaydaları və s. məsələlər əksini tapıb. Sənəddə eyni zamanda MŞ-nin il ərzində reallaşdırdığı tədbir və təşəbbüslər xronoloji ardıcıllıqla qeyd olunub.

Şura sədrinin sözlərinə görə, 2009-cu ildə Mətbuat Şurasına ümumilikdə 489 müraciət daxil olub. Onlardan 176-ı ayrı-ayrı vətəndaşlardan, 167-i dövlət idarə, müəssisə və təşkilatlarından, 61-i özəl müəssisələrdən, 45-i ictimai qurumlardan, 29-u özünüidarəetmə orqanlarından, 11-i siyasi partiyalardandır. Daxil olan müraciətlərdən 267-i Şuranın Katibliyində həllini tapıb. 222 müraciət Şikayətlər üzrə Komissiyada araşdırılıb. 31 şikayətə isə İdarə Heyətində baxılaraq müvafiq qərarlar çıxarılıb.

Şuraya daxil olan müraciətlərin şəhər və rayonlar üzrə təsnifatı isə aşağıdakı kimidir:

 

Şəhər, bölgə

Say

Şəhər, bölgə

Say

1

Bakı

195

18

Quba

8

2

Gəncə

28

19

Bərdə

8

3

Lənkəran

16

20

Şamaxı

7

4

Mingəçevir

14

21

Lerik

6

5

Sumqayıt

13

22

Samux

6

6

Şəki

13

23

Beyləqan

6

7

Ağcabədi

12

24

Goranboy

6

8

Şirvan

12

25

Göyçay

5

9

İmişli

11

26

Qazax

5

10

Göy göl

10

27

Biləsuvar

5

11

Salyan

10

28

Ağstafa

4

12

Laçın

9

29

Xaçmaz

4

13

Hacıqabul

9

30

Oğuz

4

14

Masallı

9

31

Astara

3

15

Şəmkir

9

32

Yardımlı

2

16

Nefçala

8

33

Ucar

2

17

Gədəbəy

8

34

Digər 22 bölgədən hər birindən 1 müraciət

                                                    Cəmi

489

Hesabatda İdarə Heyətinin keçirdiyi iclasların, müzakirə edilən məsələlərin, Şuranın Şikayətlər üzrə Komissiyasının və «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasının rəyləri əsasında çıxarılmış qərarların say göstəriciləri, həmçinin İH-nin iclaslarında müzakirə edilən digər məsələlər barədə məlumatlar yer alıb. Qeyd olunub ki, ötən il İdarə Heyəti özünün 12 iclasında 65 kütləvi informasiya vasitəsinin fəaliyyətinin bu və ya digər aspektləri ilə bağlı ümumilikdə 31 qərar qəbul edib.

Ə.Amaşov bildirib ki, Mətbuat Şurasının başlıca missiyası quruma daxil olan şikayətlərin araşdırılmasından ibarət olduğundan hesabatın komissiyaların fəaliyyətinə dair bölümündə əsas diqqət Şikayətlər üzrə Komissiyaya yönəlib. Sənəddə komissiyaların iclaslarının, müzakirə edilən məsələlərin və çıxarılan rəylərin sayı göstərilib. Bildirilib ki, Şikayətlər üzrə Komissiya 19 iclasda ayrı-ayrı müraciətlər əsasında ümumilikdə ümumən 147  məsələni araşdırıb ki, onların əsasında 116 rəy çıxarılıb. Həmin rəylərin 27-ə dair məsələ Şuranın yekun qərarının motivini təşkil edib.

İdarə Heyətinin 31 qərarından 27-i Şikayətlər üzrə Komissiyanın rəyi əsasında qəbul olunduğu halda digər 4 qərarın çıxarılmasında «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının təqdimatına əsaslanılıb. «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının il ərzində keçirdiyi iclasların sayı 8-dir. Həmin iclaslarda ümumilikdə 57 məsələ müzakirə olunub. Qurum 38 KİV-in fəaliyəti ilə bağlı ümumilikdə 4 rəy çıxarıb. Həmin rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib.

Mətbuat Şurasının qərar və rəylərində mənafelərin təminat faizi aşağıdakı kimidir:

 

Hesabat dövrü ərzində MŞ-nin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının, Sosial, Hüquq və iqtisadiyyat, bölgə mətbuatının inkişafı komissiyalarının müvafiq olaraq 3, 5, 3 və 5 iclası baş tutub. Həmin iclaslarda ümumilikdə 25 məsələ müzakirə olunub. Daimi Komissiya ayrı-ayrı jurnalistlərlə bağlı ümumilikdə 6 məsələni həll edib. 2 məsələ ilə bağlı toplanmış materiallar araşdırılmaq üçün müvafiq orqanlara göndərilib.

Şura tərəfindən “reket jurnalistika”ya qarşı mübarizə ili elan olunan 2009-cu ildə qurum bununla bağlı mübarizəni iki istiqamətdə aparıb:

1.   “Reket nəşr”lərin elan olunması, adlarının ictimaiyyətə çatdırılması

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və «Reket» jurnalistikaya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında 2009-cu ildə dörd dəfə “reket nəşr”lərin adlarını açıqlayıb. Fevralda 36, apreldə 19, iyunda 8, oktyabrda 5, dekabrda isə 8  KİV-in adı “qara siyahı”ya salınıb. MŞ-nin əvvəlki illərdə çıxardığı qərarlara əsasən «reket nəşr» elan olunan 16 kütləvi informasiya vasitəsinin də adı siyahıya daxil edilib.

Mətbuatın «qara siyahı»sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib. Şura ictimaiyyətin məsələni diqqətdə saxlaması üçün «reket» nəşrlərin siyahısını xüsusi tərtibatda 5000 nüsxədə çap etdirib, sənədin paytaxtda və ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara çatdırılmasını həyata keçirib.

2.   “Reket nəşr”lərə qarşı ictimai qınağın fəallaşdırılması

Bu məqsədlə ölkədə fəaliyyət göstərən yayım firmalarına və mətbəələrə məktublar göndərib. Bu qərarın qəbulu zamanı həmin KİV-lərin «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na məhəl qoymamaları, etik prinsiplər və peşə əxlaqı ilə bir araya sığmayan hərəkətlərə yol vermələri, barələrindəki qərar və rəylərdən, tövsiyyə və iradlardan nəticə çıxarmamaları əsas götürülüb. Həmçinin mətbuatın «qara siyahısı» da onlara göndərilərək KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyyə edilib.

Hesabatda MŞ-nin il ərzində həyata keçirdiyi tədbir və təşəbbüsləri barədə də geniş məlumat yer alıb. Bildirilib ki, Şura 2009-cu ildə ayrı-ayrı mövzularda 12 «dəyirmi masa» və konfrans təşkil edib. Şura təmsilçilərinin il ərzində yerli və beynəlxalq əhəmiyyətli görüşlərinin sayı 8-dir. Bununla yanaşı MŞ medianın müxtəlif məsələləri ilə bağlı 7 müraciət 2 bəyanat qəbul edib.

Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması istiqamətindəki fəaliyyəti 2008-ci ilin əvvəlindən başlayıb. Məsələ öncə Şuranın hazırladığı Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası layihəsində əksini tapıb. Həmin sənəd ölkə prezidentinin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənib. Dövlət başçısının 3 aprel 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Mətbuat Şurasına Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı təkliflərini hazırlamaq tövsiyyə olunub. Fondun 3 aprel 2009-cu il tarixdə prezident fərmanı ilə təsdiqlənmiş Nizamnaməsinə əsasən MŞ yeni qurumun Müşahidə Şurasına 9 nəfəri KİV-lərdən, 9 nəfəri jurnalist təşkilatlarından olmaqla 18 namizədin siyahısını müəyyənləşdirərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edib. Ölkə prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə həmin siyahıda yer alan 18 nəfərdən 3-ü KİV-lərdən, 3-ü jurnalist təşkilatlarından olmaqla 6 nəfəri Fondun Müşahidə Şurasına üzv təsdiqlənib.

Şura il ərzində həbsdə olan jurnalistlərin azadlığa çıxmaları istiqamətində müxtəlif səviyyəli görüşlər keçirib. Bununla yanaşı MŞ İdarə Heyətinin üzvləri həbsxanalarda olaraq məhbus jurnalistlərin saxlanma şəraiti ilə yaxından tanış olublar. Həmçinin onların azadlığa çıxmaları üçün əlaqədar dövlət qurumlarına müraciətlər ünvanlanıb.

Mətbuat Şurası ölkədə diffamasiya ilə bağlı qanunun qəbuluna dəstək göstərmək məqsədilə ötən ilin oktyabrında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə birgə geniş konfrans təşkil edib. Tədbirdə diffamasiyanın Azərbaycan cəmiyyətinə, xüsusən də jurnalistlərin fəaliyyətinə təsirinə dair fikir mübadilələri aparılıb.

Çıxış edənlərdən MŞ sədrinin müavini Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Aqil Abbas və Tapdıq Abbas hesabatın MŞ-nin 30 dekabr 2009-cu il tarixli iclasında müzakirə edildiyini, müəyyən əlavə və dəyişikliklərlə qəbul olunduğunu və müsbət qiymətləndirilidiyini vurğulayıblar.

KİV rəhbərlərindən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və başqaları Şuranın hesabatının Azərbaycan mediasının hazırkı durumu ilə bağlı kifayət qədər dolğun təsəvvür formalaşdırdığını qeyd edərək MŞ-nin sadalanan istiqamətlər, xüsusən də “reket jurnalistika”ya qarşı mübarizə sahəsində işini gücləndirməsinin əhəmiyyətli cəhətlərinə diqqət çəkiblər.

Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
25.02.2010

 

Azərbaycan Mətbuat Şurasının «Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyi ilə
birgə keçirdiyi müsabiqənin qalibləri müəyyənləşdi

 

Fevralın 25-də Azərbaycan Mətbuat Şurasının və «Xocalı Sayqırımını Tanıtma» İctimai Birliyinin «Azərsun Holdinq»in maliyyə dəstəyi ilə birgə həyata keçirdiyi «Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək» layihəsi çərçivəsində baş tutan media müsabiqəsinə yekun vurulub. Bu münasibətlə «Azərsun Holdinq»in mədəniyyət mərkəzində qaliblərə mükafatların təqdimetmə mərasimi düzənlənib.

Tədbiri giriş sözü ilə «Azərsun Holdinq»in mətbuat katibi Afiq Səfərov açıb. «Azərsun Holdinq»in vitse-prezidenti Tahir Gözəl çıxış edərək Qarabağ mövzusu və Xocalı soyqırımı ilə bağlı müsabiqənin təşkilini ölkənin ictimai həyatında mühüm hadisə kimi dəyərləndirib. O, medianın türk dünyasının ortaq faciəsi olan olaya münasibətdə daha mütəşəkkil mövqe tutmasının zəruriliyini bildirib. Müsabiqənin belə xeyirxah mərama xidmət etdiyini deyən cənab Gözəl təmsil olunduğu qurumun bu cür tədbirlərə hər zaman dəstək olacağını vurğulayıb, təşkilatçılara təşəkkürünü yetirib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Xocalı faciəsinin insanlığa qarşı yönəlmiş ən ağır cinayət faktlarından biri kimi dəyərləndirib. Dəhşətli hadisəyə ölkə mediasının hər zaman böyük diqqət göstərdiyini nəzərə çatdırıb. Şura sədri bildirib ki, KİV-lər dünya miqyasında Azərbaycanın ədalətli mövqeyinin təbliği istiqamətində genişmiqyaslı işlər həyata keçirməkdədir: «Lakin Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. 20 faizdən artıq torpağımız işğal altındadır. Mövcud durumda dövlət qurumları ilə yanaşı ictimai təşkilatların, həmçinin  medianın da üzərinə mühüm missiya düşür. KİV-lər 18 il əvvəl baş verən qanlı olayın layiqli qiymətini almasında daha mütəşəkkil mbvqe tutmalıdırlar».

Ə.Amaşov müsabiqənin məramından söhbət açarkən əsasən xarici auditoriya üçün nəzərdə tutulan materialların müəyyənləşdirilməsi olduğunu deyib. Qarabağ mövzusu və Xocalı faciəsinin işıqlandırılması meylinin gücləndiyini vurğulayan MŞ sədri diqqəti ölkənin aparıcı media vasitələrində dərc olunan materialların təxminən səksən faizinin müsabiqəyə təqdim edildiyinə yönəldib. O, bunu həm prosesə marağın, həm də jurnalistlərin mövzuya həssas münasibətinin nəticəsi kimi dəyərləndirib.

Müsabiqənin Münsiflər Heyətinin sədri, millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov yaradıcılıq bəhsləşməsinin xarakterik xüsusiyyətləri barədə məlumat verib. Ümumilikdə 7 nəfərin təmsil olunduğu heyətin 76 yazını nəzərdən keçirdiyini bildirən B.Sadıqov qalibləri təbrik edib. B.Sadıqovun sözlərinə görə, şəffaflıq prinsiplərinin qorunması üçün işçi qrupu tərəfindən toplanan materialların elektron variantı münsiflər heyətinə imzasız şəkildə verilib. Hər münsifin balı öncədən hazırlanan cədvəldə yerləşdirilib və yekun iclasda bütün ballar toplanaraq qaliblərin adları müəyyənləşdirilib. Sonra müsabiqə qaliblərinə və fərqlənənlərə mükafatlar təqdim olunub. Baş mükafata «Kaspi» qəzetinin əməkdaşı Sənan Nəcəfov sahib çıxıb. Digər mükafatlar aşağıdakı şəxslərə təqdim edilib.

2-ci yer:

Ceyhun Musaoğlu
Səriyyə Müslimqızı

3- yer:

Rufik İsmayılov
Cəvahir Səlimqızı
Kəbutər Haqverdiyeva

Araşrma yazınominasiyası:

Saleh Bəy Qarabağlı

 sləndirici kafat nominasiyası:

1. Bəxtiyar Elcan
2. Nicat İntiqam
3. Elçin Bayramlı
4. Əziz Mustafa
5. Səbinə Mövsümova
6. Zülfiyyə Quliyeva
7. Seymur Verdizadə
8. Əntiqə Rəşidqızı
9.  Novruz Novruzov

MŞ İdarə Heyətinin üzvü, millət vəkili Aqil Abbas çıxışında «Azərsun Holdinq»in Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı xidmətlərindən söhbət açıb: «Şirkət bir çox önəmli layihələrin reallaşdırılmasında iştirak edir. Bu, ölkə mediasının diqqətindən yayınmır. Düşünürəm ki, qurumun Xocalı faciə kimi taleyüklü bir məsələnin dünya ictimaiyyətinə çatdırılması istiqamətində baş tutan belə bir müsabiqəyə dəstək verməsi olduqca təqdirəlayiqdir».

«Xocalı Soyqırımını Tanıtma» İctimai Birliyinin sədri Şamil Sabiroğlu və digər natiqlər müsabiqənin önəmli cəhətlərinə diqqəti yönəldərək onun baş tutmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, müsabiqənin Münsiflər Heyətinin tərkibinə millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru B.Sadıqovdan başqa «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov, millət vəkili Elman Məmmədov, Əsir və İtkin Düşmüş Vətəndaşların işi üzrə Dövlət Komissiyasının üzvü Mahir Cavadlı, Azərbaycan Respublikasının Diaspora Komitəsinin əməkdaşı Elşad Miralim daxil idi.

Müsabiqəyə 1 sentyabr 2009-cu ildən 10 fevral 2010-cu ilədək KİV-lərdə dərc olunan 76 məqalə təqdim edilib.

Məqalələrdən 36-ı gündəlik, 32-i həftəlik, ayda 2-3 dəfə çıxan qəzetdə, 5-i informasiya agentliyində, 2-i xəbər portalında, 1-i isə radionun rəsmi internet səhifəsində dərc olunub.

Məqalələr 22 gündəlik, 13 həftəlik, ayda 2-3 dəfə çıxan qəzetdə, 3 informasiya agentliyində, 2 xəbər portalında və 1 radio internet səhifəsində olmaqla ümumilikdə 41 kütləvi informasiya vasitəsində dərc edilib. Onlardan 64-ü 2010-cu, 12-i 2009-cu ildə çıxıb. 3 məqalə rus dilində təqdim olunub.

 

 


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »