Mətbuat şurası

Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30

Xarici əlaqələr

04.11.2011

Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitələrinin sədrləri ilə Mətbuat Şurasında görüş keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında  Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitələrinin Bakıda keçirilən “Milli Komitələrin inkişaf platforması”na qatılan sədrləri ilə görüş keçirilib. Onların sırasında BMİ-nin nümayəndəsi xanım Alison Makkanze, qurumun katibliyinin nümayəndəsi Kristin Klint, MK-in rəhbərləri Karl-Eugene Eberle (Almaniya), Pavol Mudri (Slaveniya), Ravi Naraşimhan (Hindistan), So-Vihan Hyon (Şimali Koreya), Rahim Adedoyin (Nigeriya) Ferai Tinc (Türkiyə) və Latviyadan yeni üzvlüyə qəbul edilən Modris Audinş olublar.  

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qonaqları salamlayaraq bildirib ki, belə bir mötəbər tədbirin ölkəmizin paytaxtında düzənlənməsi Azərbaycanda söz və mətbuat azadlığına, medianın cəmiyyətdəki roluna və nüfuzuna verilən qiymət kimi dəyərləndirilməlidir. MŞ sədri əlavə edib ki, ümumiyyətlə son il ölkəmizdə bu sahədə həyata keçirlən əsaslı tədbirlər Azərbaycan paytaxtının nüfuzlu beynəlxalq media tədbirlərinə ev sahibliyi etməsinə əsaslar verir. 

Ə. Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun missiyası baxımından danışaraq onlara Şuranın son illər həyata keçiridiyi layihələr haqqında ətraflı məlumat verib. Bildirib ki, MŞ sıralarında iqtidar, müxalifət və müstəqil medianı birləşdirən bir qurum kimi həmin tədbirlərdə bütün cinahların təmsilçilərinin iştirakını təmin edir. O, bu sırada Diffamasiya haqqında qanunun hazırlanması proseslərini nümunə göstərib: “Azərbaycanda hər bir şəxs öz fikrini azad şəkildə çatdıra bilər. Bunun üçün bütün imkanlar mövcuddur. Mətbuat Şurası ilə ATƏT-in birgə iş birliyinin məhsulu olan Diffamasiya haqqında qanun layihəsi də məhz bu mərama xidmət edir.”

 Şura sədir əlavə edib ki, həmin sənədin hazırlanması və müzakirəsi ilə bağlı proseslərə mediamızın bütün cinahalarının təmsilçiləri yaxından cəlb olunublar. 

Ə. Amaşov Azərbaycan mediasının mövcud vəziyyətindən danışarkən, problemlərə də toxunub: “Hazırda mediamızda bir sıra problemlər də mövcuddur. Bunlara misal olaraq reklam bazarının xeyli zəif olması, bəzi jurnalistlərin öz peşələrindən sui-istifaə etməsi kimi neqativ halları göstərə bilərik.”

 Daha sonra BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvü oldğunu vurğulayan Ə. Amaşov belə nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını dilə gətirib. 

Səmimi qəbul üçün təşəkkürünü bildirən Beynəlxalq Mətbuat İnstitutunun rəhbəri Elison Makkenzi isə çıxışında deyib ki, ölkəmizə səfərləri bir neçə məqsəd daşıyır. Azərbaycan jurnlasitlərini mətbuatın dəstəklənməsinə yönələn beynəlxalq səylərə qoşulmağa dəvət və  qurumun milli komitə sədrlərinin iclasında iştirak bu məqsədlər sırasındadır. 

Görüşdə bildirilib ki, gələn ilin sentyabr ayında Bakıda “Neft-qaz və media” mövzusunda beynəlxalq konfransın keçirilməsi planlaşdırılır və hazırkı səfər bu tədbirin təşklilinin müzakirəsi ilə də bağlıdır.

Sonda görüş iştirakçıları medianın bir sıra aktual məsələlərinə dair fikir mübadilələri aparıblar. 

 

                               ------------------------------------------------------------------------------

Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun BƏYANNAMƏSİ

Azərbaycanın paytıxtı Bakıda keçirilən, türkdilli ölkə və toplumlar arasında iqtisadi, mədəni əlaqələrin qurulmasına, onların dünya informasiya məkanına daha sıx inteqrasiya etməsinin təminatına kömək göstərməyi başlıca hədəf olaraq müəyyənləşdirən Türkdilli Ölkələrin və Toplumların II Media Forumu Türkiyədən, Qazaxıstandan, Türkmənistandan, Qırğızıstandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Tuva, Saxa, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən - İraqdan, Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, Kosovadan təşrif buyuran nümayəndələrin aktiv fikir mübadiləsi, mövzu ətrafındakı dolğun çıxışları və türk media birliyinin möhkəmləndirilməsinə yönələn dəyərli təşəbbüsləri ilə yadda qalaraq tarixə qovuşdu.

İdeya olaraq Bakıda 2009-cu ildə «Azərbaycan Türkiyə mediası: bənzərliklər və fərqliliklər» mövzusunda baş tutan konfransda formalaşan, 21-22 dekabr 2010-cu ildə Ankarada Türkdilli Ölkələrin və Toplumların I Media Forumunda həyata vəsiqə qazanan türk media birliyi təşəbbüsü bu gün daha səmərəli şəkildə inkişaf etdirilməkdədir.
Forumda səslənən dəyərli fikirlər beynəlxalq arenada ölkələr və toplumlar arasındakı əlaqələrin sağlam təməllər üzərində qurulmasının, ilk növbədə bu ölkələrdə yaşayan millətlərin qarşılıqlı anlayış, dialoq və mədəniyyət zəminində ortaq faydalar ətrafında birləşdirilməsinin mümkünlüyünü bir daha isbatladı. Bütün bunları nəzərə alaraq, biz Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun iştirakçıları Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Nizamnaməsini rəhbər tutur, inteqrasiya, işbirliyi proseslərinin dərinləşdirilməsi istiqamətində əməli addımların atılmasının zəruriliyini bəyan edir və qərara alırıq:

1. Türkdilli Ölkələrin və toplumların media qurumlarının ortaq tarix, dil, milli mənsubiyyət və mədəniyyətə əsaslanan ortaq mənfəətləri və əlaqələrini daha da inkişaf etdirməsi istiqamətində səylər artırılsın;
2. Media mənsubları, media qurumları arasındakı əlaqələrin inkişafını təmin etmək, təcrübə mübadiləsinin genişləndirilməsini həyata keçirmək istiqamətində addımlar atılsın;
3. Media birliklərinin türkdilli xalqlar və toplumların ortaq maraqlarının təbliği prosesinin daha da intensivləşdirilməsindəki rolu artırılsın;
4. Media sahəsindəki təcrübələrin paylaşılması və fikir mübadiləsinin dərinləşdirilməsi üçün qarşılıqlı ziyarətlərlə yanaşı, ortaq seminar, konfrans və s. tədbirlər təşkil edilsin;
5. Birlik üzvləri üçün önəmli olan məsələlərlə bağlı media qurumları və media mənsubları arasında ortaq düşüncə və yanaşma tərzinin formalaşdırılması istiqamətində fəaliyyət aparılsın;
6. Türkdilli ölkələrin və toplumların ortaq internet portalının qurulması, birliyə aid hər bir bölgədəki jurnalistlərin yaradıcılıq məhsullarının həmin portalda yerləşdirilməsi, bu prosesin sistemləşdirilməsi istiqamətində addımlar atılsın;
7. Media təhsili sahəsində Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Nizamnaməsində nəzərdə tutulan digər əməkdaşlıq prioritetlərinin reallaşdırılmasına dəstək göstərilsin;
8. Türkdilli Ölkələrin və Toplumların III Media Forumunun Qırğızıstanda təşkili üçün tədbirlər görülsün.

                                                                                                           
                                                                                                               Bakı şəhəri, 28 oktyabr 2011-ci il

_________________________________________________________________

21.06.2011

Mətbuat Şurasının sədri beynəlxalq konfransa qatılacaq



Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi» mövzusunda beynəlxalq konfransa qatılacaq. Tədbir iynun 23-25-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.

Özbəkistan hökumətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə tanınmış Müstəqil Dövlətlər Birliyinin, eləcə də Avropanın media sahəsindəki nüfuzlu ekspertlərinin iştirakı nəzərdə tutulur. Konfransda medianın demokratik islahatlardakı yeri və roluna nəzər salınacaq, kütləvi informasiya vasitələrinin müasir bazar münasibətlərinə qoşulması yollları, bu istiqamətdəki problemlər müzakirə olunacaq. Toplantıda həmçinin regionda KİV-lərin inkişafına dövlət dəstəyinin təminatı ətrafında da fikir mübadilələri aparılacaq.



22.02.2011

Azərbaycan Mətbuat Şurasında Beynəlxalq Mətbuat İnstitutunun
rəsmiləri ilə görüş keçirilib



Dialoq xarakterli toplantıya ölkə KİV-lərinin rəhbərləri də qatılıblar

Bu gün Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milzlə görüş keçirilib. Tədbirdə MŞ İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak ediblər. Qeyd edək ki, BMİ dünyanın nüfuzlu media birliklərindən olmaqla BMT-nin və UNESKO-nun toplantılarında məşvərətçi səs hüququna malikdir. Təşkilatın təmsilçilərinin ölkəmizə səfəri qurumun Azərbaycan üzrə Milli Komitəsinin təşəbbüsü ilə reallaşıb. Komitənin rəhbəri Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğludur.

Toplantını açan Mətbuat Şurasının sədri Əflatun Amaşov öncə Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, 2003-cü ilin martında ölkə jurnalistlərinin I qurultayında yaradılan qurum media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətində bir sıra mühüm tədbirlər reallaşdırıb. «Əsas missiyamız şikayətlərin araşdırılmasıdır. Ayrı-ayrı vətəndaşlar, idarə, müəssisə və təşkilatlar, özəl firmalar, siyasi partiyalar və digər qruplar mətbuatla münasibətlərdə yaranan problemlərlə əlaqədar Şuraya üz tuturlar. Hər il təqribən 1000-ə yaxın müraciət alırıq. Onların böyük əksəriyyəti ilk mərhələdə - Katiblik səviyyəsində həllini tapır. Digərləri isə Şuranın müvafiq komissiyalarında araşdırılır. Yekun qərar isə qurumun İdarə Heyəti tərəfindən verilir. Qərarlarımız hüquqi gücə malik deyil, yalnız ictimai qınağa söykənir», deyən Ə.Amaşov MŞ-nin qarşıdakı planları barədə də söhbət açıb. Bildirib ki, Şura hazırda ənənəvi iş prinsipləri ilə yanaşı, daha iki istiqamətdə aktiv fəaliyyət həyata keçirməkdədir. Bunlardan birincisi, mətbuatın iqtisadi durumunun yüksəldilməsinə, reklam və elanların KİV-lərdə yerləşdirilməsi təcrübəsinin tətbiqinə, ikincisi ölkədə diffamasiya haqqında qanunun qəbuluna nail olmaqdır. «İkinci məsələ ilə bağlı ötən ilin martından ATƏT-lə birgə iş aparmaqdayıq. Ortaq layihə çərçivəsində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na əlavə və dəyişikliklər edilib. Beynəlxalq ekspertlərin iştirakı ilə baş tutan konfransda sənədin yeni variantı media ictimaiyyətinə təqdim edilib və bəyənilib. Burada əsas məqsəd diffamasiya mühitində jurnalist məsuliyyətini möhkəmləndirmək idi ki, peşə davranışı qaydalarının yeni, təkmil variantında da məhz bu məqama diqqət yetirilib. İndi isə bilavasitə diffamasiya haqqında qanun üzərində iş aparırıq. Artıq tamamlama mərhələsindəyik. Ümid edirəm ki, məsələ tezliklə həllini tapacaq», deyə o vurğulayıb. Ə.Amaşov çıxışında həmçinin Azərbaycanda mediaya dövlət dəstəyi baxımından da kompleks fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb.

Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi bildirib ki, BMİ-nin dünyanın demək olar, bütün ölkələrində nümayəndələri var. Milli Komitələrinin sayı isə 20-dir. Onlardan biri Azərbaycanda fəaliyyət göstərir və işi yüksək qiymətləndirilir: «Səfərimizdən məqsəd Milli Komitənin fəaliyyəti ilə daha yaxından tanış olmaqla yanaşı, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə maraqlanmaq, bununla bağlı tendensiyaları izləmək və BMİ-nin hansı çətinliklərin aradan qaldırılmasında iştirak edə biləcəyini müəyyənləşdirməkdən ibarətdir. Düşünürəm ki, sizlərlə diskussiyalarımız əsasən mövcud istiqamətdə gedəcək».

BMİ-nin mətbuat, kommunikasiya məsələləri üzrə meneceri A.Milz çıxışında diqqəti qurumun konfliktli bölgələrin jurnalistləri arasında dialoq yaratmaq təcrübəsinə yönəldib. Bildirib ki, təşkilatın tarixində İkinci Dünya Müharibəsindən sonra Fransa və Almaniya jurnalistlərini bir araya gətirmək kimi praktika mövcuddur: «İsrail və Fələstin jurnalistləri arasında da görüş keçirmişik. İlk növbədə çalışırıq ki, media təmsilçiləri özlərinin daşıdıqları missiyanı unutmasınlar. Onları hadisə və proseslərə münasibətdə peşəkar olmağa çağırırıq».

A.Milz çıxışında həmçinin BMİ-nin növbəti tədbirlərindən birinin ölkəmizdə keçirilməsi imkanlarından da söhbət açıb. O deyib ki, Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu bir məkan olduğundan buradan dünyaya verilən hər hansı mesaj çox önəmlidir. «Ümidvaram ki, gələcəkdə ölkədəki Milli Komitənin köməyi ilə bu məsələ öz həllini tapacaq».

Dialoq xarakteri daşıyan görüşdə ölkəmizin KİV rəhbərlərindən ilk olaraq «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev çıxış edib. O bildirib ki, Azərbaycan cəmiyyətində diffamasiya haqqında qanunun qəbulu ilə bağlı ortaq mövqe var. Ölkə hakimiyyəti də sənədin qəbulunda maraqlıdır: «Burada səsləndi ki, Beynəlxalq Mətbuat İnstitutunun əsas missiyası konfliktli bölgələrin jurnalistlərini bir araya gətirmək, onlar arasında dialoq yaratmaqdır. Bilmək istərdik ki, qurumun Azərbaycan və Ermənistan jurnalistlərini bir araya gətirmək kimi niyyəti varmı, varsa, bu, nəyə xidmət edir».

Sualı cavablandıran xanım A.Mckenzi jurnalistlərin ilk növbədə jurnalist olmalı olduqlarını önə çəkib. Fikrini belə əsaslandırıb ki, peşəkarlıqla həyata keçirilən fəaliyyət daha səmərəli nəticələr əldə etməyə, o cümlədən siyasi hakimiyyətlərin qərarlarının müsbətə doğru dəyişməsinə imkan verir.

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxışında haqqında söhbət açılan mövzu üzərində dayanıb. Onun sualı BMİ-nin Avropadakı bask-ispan, flamand-vallond qarşıdurmalarında bu millətlərdən olan jurnalistləri bir araya gətirmək niyyətinin nə dərəcədə gerçəkləşməsi ilə bağlı olub. «Burada Azərbaycan mətbuatının bir növ, məhəlli çətinliklərindən söhbət açıldı. Mediamızın müəyyən qismi üçün xarakterik xüsusiyyət transmilli media qurumlarının təsirində olmalarıdır. Həmin qurumlar informasiyalarını manipulyativ şəkildə təqdim edirlər. Məncə, ən böyük problem budur. Mövcud durum isə Azərbaycan kimi yenicə müstəqillik əldə etmiş dövlətlərin milli maraqlarına xidmət etmir. İstərdim ki, Beynəlxalq Mətbuat İnstitutu mediamıza bu kimi mənfi meyllərin aradan qaldırılması istiqamətində yardımçı olsun», - deyə o əlavə edib.

«Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev Azərbaycanda senzuranın rəsmən ləğ edildiyini vurğulasa da, bir sıra halların jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirib.

Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı diqqəti Azərbaycan və Ermənistan jurnalistlərini bir araya gətirən görüşlərin zaman-zaman baş tutduğuna çəkib. Hər iki ölkənin media təmsilçilərinin müxtəlif tədbirlərdə də görüşdüyünü deyən baş direktor bildirib ki, əsas məsələ Azərbaycan və Ermənistan rəsmilərinin ortaq mövqeyə gəlməsində, yaranmış konflikti həll etməsindədir. «Diffamasiyaya gəldikdə, Azərbaycan Prezidenti elə bu salonda Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə məsələnin vacibliyini vurğuladı. Amma başqa problemlərimiz də var. Ölkədə ilk mənbədən informasiya alınması sahəsində çətinliklər mövcuddur. Bir sıra mətbuat xidmətlərində çalışanlar öz missiyalarının nədən ibarət olduğunu yetərincə dərk etmirlər. Məncə, bu məsələdə təhsil də önəmli faktordur. Ali məktəblərdə ictimaiyyətlə əlaqələr sahəsində mütəxəssislərin yetişdirilməsinə ehtiyac duyulur. Eyni zamanda media-menecment əlaqələri də önəmlidir. İstərdik ki, Beynəlxalq Mətbuat İnstitutu mövcud istiqamətlərdə Azərbaycan jurnalistikasına yardımçı olsun, seminarlar, treninq-məşğələlər və sair bu kimi maarifləndirici tədbirlər keçirsin».

«Yeni Müsavat» qəzetinin baş direktoru Ələsgər Süleymanov da çıxışında media-marketinq məsələlərinin vacibliyini önə çəkərək bildirib ki, jurnalistikanın həqiqi mənada söz sahibi olması üçün onun iqtisadi bazası möhkəmləndirilməlidir və beynəlxalq qurumların, o cümlədən BMİ-nin mövcud istiqamətdəki təşəbbüsləri arzuolunandır.

«Xalq Cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli BMİ-nin Azərbaycan üzrə Milli Komitəsinin işinin əhəmiyyətinə toxunub. Mətbuatımızın müstəqillik dövründəki fəaliyyətindən bəhs edən baş redaktor ötən müddətdə media sahəsində baş verən ən mühüm yeniliklər kimi Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını vurğulayıb: «Bu qurumlar media üçün önəmli təməl rolunu oynayırlar. Beynəlxalq Mətbuat İnstitutu bu təşkilatlarla əlaqələrini daha da genişləndirməklə jurnalistikamız üçün faydalı işlər görə bilər».

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında BMİ təmsilçiləri ilə 2009-cu ildə Vyanada baş tutan görüşü xatırlayıb. Həmin toplantının əhəmiyyətindən danışan baş redaktor qurumun nümayəndələrinin Bakıdakı təmaslarının da məhsuldar olacağına inandığını deyib. V.Rəhimzadə Azərbaycanda KİV-lə bağlı kompleks dövlət siyasətindən söhbət açaraq diqqəti media sahəsindəki mükəmməl qanunvericilik bazasının mövcudluğuna çəkib. «Bu qanunlar beynəlxalq standartlara tam cavab verir. Beynəlxalq ekspertlər də mövcud reallığı qəbul edirlər. O ki qaldı diffamasiya məsələsinə, jurnalist vətəndaşların şərəf və ləyaqətini aşağılamamalı, təhqiramiz materiallar qələmə almamalıdır. Bunu edənlərin məsuliyyət yükü qanunda nəzərdə tutulmalıdır. Diffamasiya mühiti sui-istifadələrə yol açmamalıdır», - deyə o vurğulayıb.


08.02.2011


MŞ sədri İMS-nin böyük müşaviri ilə görüşüb



Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Beynəlxalq Media Müdafiə Təşkilatının (İnternational Media Support - İMS) böyük müşaviri Henrik Keit Hansenlə görüşüb.

Avropalı qonaq öncə mərkəzi ofisi Danimarkanın paytaxtı Kopenhagendə yerləşən qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Ölkəmizə səfərinin məqsədlərindən danışan H.Hansen bildirib ki, təmsil etdiyi təşkilat üçün Azərbaycanda medianın inkişaf durumunu, xüsusən də iqtisadi vəziyyətini, media-menecment məsələlərini öyrənmək mühüm əhəmiyyət daşıyır. Bu təhlillər qurumun gələcəkdə mövcud istiqamətdəki layihəsinə dəstək baxımından önəmlidir. Cənab Hansen həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən aparıcı media orqanlarının təmsilçiləri ilə də müzakirələri planlaşdırıb.

MŞ sədri Ə.Amaşov Azərbaycanda medianın iqtisadi durumunun yaxşılaşdırılmasına yönələn tədbirlərdən söhbət açıb, bu istiqamətdəki dövlət siyasəti üzərində dayanıb: «Azərbaycan Mətbuat Şurası da müxtəlif vaxtlarda təkliflər irəli sürüb. Həmin təkliflər nəzərə alınıb. 2008-ci ildə ölkədə kütləvi informasiya vasitələrinin inkişafına əsaslı yardımı nəzərdə tutan dövlət dəstəyi konsepsiyası qəbul olunub. Sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun fəaliyyəti media orqanlarının gələcəkdə müstəqil iqtisadi struktura malik olmaları üçün bir növ, baza formalaşdırmağa yönəlib. Hazırda qurum KİV-lərin və jurnalist birliklərinin ictimai, sosial, mədəni, eyni zamanda media həyatının müxtəlif sahələrinə dair təşəbbüslərini layihələr şəklində dəyərləndirir, maliyyələşdirməklə həyata keçirir. Bu mexanizm media təşkilatlarına yardımı nəzərdə tutur, həmçinin onların prioritet istiqamətlər üzrə fəaliyyət intensivliyini artırır».

Ə.Amaşov medianın iqtisadi müstəqilliyini artırmaq üçün digər vasitələrin də nəzərdən keçirildiyini deyib. O, yaxın zamanlarda dövlət elan və reklamlarının KİV-də, xüsusən də çap mediasında yerləşdirilməsi mexanizminin formalaşdırılacağını vurğulayıb, qeyd edib ki, mövcud istiqamətdəki Türkiyə təcrübəsinə daha çox üstünlük verilir. Bununla belə, bir sıra Avropa ölkələrinin də iş prinsipinin diqqətə alındığını da bildirib.

Mediada idarəetmənin və menecmentin vacibliyini önə çəkən Ə.Amaşov vurğulayıb ki, məsələ ilə bağlı KİV rəhbərlərinin daha yaxından maarifləndirilməsinə ehtiyac duyulmaqdadır. Ə.Amaşov mövcud istiqamətdə İMS-nin təcrübəsinin öyrənilməsini rəhbərlik etdiyi qurum üçün əhəmiyyətli sayıb.




16.08.2010

ABŞ Səfirliyinin mətbuat katibi Azərbaycan Mətbuat Şurasında olub

ABŞ Səfirliyinin mətbuat katibi Kis Bin Azərbaycan Mətbuat Şurasında olub. MŞ sədri Əflatun Amaşovla görüşən səfirlik təmsilçisi hazırkı vəzifəsinə artıq üç aydır ki, təyin olunduğunu bildirib. Bu müddət ərzində Azərbaycan mediası ilə bağlı ətraflı məlumat əldə etməyə üstünlük verdiyini deyən cənab Bin görüşün bu baxımdan da məhsuldar keçəcəyinə inamını vurğulayıb.

MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə danışıb. Onun sözlərinə görə, ölkə jurnalistlərinin 2003-cü ilin martında baş tutan I qurultayında yaradılan Mətbuat Şurası ötən müddətdə istər media peşəkarlığının artırılmasına, istərsə də mətbuatla dövlət qurumları arasında problemlərin həllinə yönələn müxtəlif işlər görüb. Postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə bu tipli təsisatın formalaşdırıldığını deyən Ə.Amaşov qurumun təcrübəsinin keçmiş sovetlər birliyi məkanı üçün vahid model kimi qəbul olunduğunu vurğulayıb. 

Görüşdə müxtəlif dövrlərdə ABŞ Səfirliyi ilə Mətbuat Şurasının əməkdaşlığına, həmçinin Səfirliyin media ilə bağlı layihələrinə, ümumən ölkəmizdə, eləcə də dünyada söz və mətbuat azadlığının vəziyyətinə dair fikir mübadilələri aparılıb.





03.08.2010

Azərbaycan Mətbuat Şurasında Rusiyanın Həştərxan vilayətindən olan nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib



Rusiyanın Həştərxan vilayətinin Xəzərin ekoloji problemlərini araşdıran və işıqlandıran müxtəlif qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub. MŞ sədri Əflatun Amaşov qonaqları salamlayaraq Şurada baş tutan bu görüşün nəinki medianı bütövlükdə cəmiyyəti düşündürən bir mövzuya həsr olunduğuna diqqəti çəkib. O, Azərbaycan jurnalistlərinin Xəzərin statusu, ekoloji durumu, bütövlükdə Xəzər ətrafında cərəyan edən proseslərin işıqlandırılmasına böyük önəm verdiyini vurğulayıb: «Rusiya kütləvi informasiya vasitələrini izləyirəm. Gəldiyim qənaət budur ki, rusiyalı həmkarlarımız da mövzunu daim diqqətdə saxlayırlar. Bu Xəzərlə bağlı siyasi problemlərin aradan qaldırılması baxımında vacib amildir. Düşünürəm ki, hər iki ölkənin jurnalistlərinin məhz bu sahədə informasiya mübadiləsi daha da gücləndirilməlidir», - deyə o bildirib. 

Ə.Amaşov Xəzərətrafı ölkələrin jurnalistlərinin birgə informasiya mübadiləsi prosesinin də əhəmiyyətli cəhətlərindən söhbət açıb. O, rəhbərlik etdiyi qurumun ekoloji məsələlərin KİV-də işıqlandırılmasına dair müxtəlif tədbirlər təşkil etdiyini deyərək, bu toplantıların beynəlxalq media konfransları çərçivəsində düzənlənməsinin mümkünlüyündən danışıb. 

Həştərxan vilayəti administrasiyası rəhbərinin sosial məsələlər üzrə müavini Tatyana Yusupova yerli jurnalistlərin bəhs edilən mövzularla bağlı fəaliyyətləri barədə məlumat verib. O bildirib ki, vilayətdəki KİV-lər Xəzərlə bağlı istər siyasi, istərsə də iqtisadi məsələləri daim diqqət mərkəzində saxlayırlar. T.Yusupova ictimaiyyətin diqqətini problemə çəkmək üçün həyata keçirilən konkret işlər haqqında da məlumat verib. 

Həştərxandakı «Kaspi» Mətbuat Mərkəzinin əməkdaşı Dmitrii Averkin çıxışında ekoturizmin inkişafını yönələn layihələrə Rusiya və Azərbaycanın jurnalist təşkilatlarının üstünlük verməsinin vacibliyindən danışıb. 

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin monitorinq qrupunun rəhbəri, jurnalist-ekoloq Anna Bartkulaşvili bildirib ki, Xəzərin xüsusi ekoloji durumu ilə əlaqədar jurnalist aktivliyinə nail olunmalıdır. Bununla belə o, mövcud məsələdə jurnalist-məmur anlaşmasının vacibliyini önə çəkib. 

Görüş iştirakçılarından MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, «Trend» İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynovun, «Azerbaycanskie izvestiya» qəzetinin baş redaktoru Gülnarə Hüseynovanın, «7+» telekanalının əməkdaşı Anna Saqunovanın, Həştərxan Teleradio Şirkətinin əməkdaşı Anastasiya Krotovanın və başqalarının çıxışlarında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə dair təkliflər səslənib. Qərara alınıb ki, bu məqsədlə tərəflər arasında niyyət protokolu imzalansın.



23.07.2010 

Türkiyənin media təmsilçiləri Azərbaycan Mətbuat Şurasında olublar



Ölkəmizdə səfərdə olan Türkiyənin nüfuzlu media təmsilçiləri Azərbaycan Mətbuat Şurasında olublar. Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı tendensiyalardan söhbət açıb. Türkiyə və Azərbaycan mətbuatının durumu ilə bağlı paralellər aparan Şura sədri hər iki ölkə jurnalistlərinin həmrəyliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Türkiyə Qəzetəçilər Federasiyasının başqanı Atilla Sertel, Kayseyri Qəzetəçilər Cəmiyyətinin başqanı Vəli Altınkaya, NTV-nin büro müdiri Merih Ak və Sakarya Qəzetəçilər Cəmiyyətinin başqanı Matur Sefai görüşdən məmnun qaldıqlarını, Azərbaycana səfərlərinin onlarda geniş təəssürat yaratdığını vurğulayıblar. 

 Qeyd edək ki, Türkiyənin media təmsilçilərinin Azərbaycana səfəri Tərəfsiz Jurnalistlər İctimai Birliyinin dəvəti ilə baş tutub.

25.05.2010

Mətbuat Şurasında Avrasiya Qəzetəçilər Dərnəyi İdarə Heyətinin
üzvləri ilə görüş keçirilib


Bu gün Azərbaycan Mətbuat Şurasında Avrasiya Qəzetəçilər Dərnəyi İdarə Heyətinin ölkəmizdə səfərdə olan üzvləri ilə görüş keçirilib. 

MŞ sədri Əflatun Amaşov qonaqları salamlayaraq onlara Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verib. O, qloballaşan dünyamızda gedən proseslərə diqqəti çəkərək bu kontekstdə türkçülüyün, türkdilli xalqlar arasındakı əlaqələrin inkişafı baxımından Azərbaycan və Türkiyə mediasının gördüyü işlərdən, qarşıda duran vəzifələrdən söhbət açıb. Bakıda hər iki ölkə jurnalistlərini bir araya gətirən 2 konfransın düzənlənməsinin bu məqsədə xidmət etdiyini vurğulayan MŞ sədri Türkiyədə də belə tədbirin reallaşmasının nəzərdə tutulduğunu deyib. Ə.Amaşov Avrasiya məkanının 2 ölkə hüdudlarını aşan daha geniş anlam oldğunu nəzərə çatdıraraq qlobal olaylar fonunda hər iki qurumun qarşılıqlı münasibətlərin müasir dövrün tələbləri baxımından qurulmasına verə biləcəyi fayda üzərində ətraflı dayanıb. 

Avrasiya Qəzetəçilər Dərnəyinin başqan vəkili Osman Savaç bir il əvvəl də Mətbuat Şurasında hər iki qurumun təmsilçiləri arasında görüş keçirildiyini xatırladaraq bildirib ki, növbəti diskussiyadan əsas məqsəd başlanılmış prosesin dərinləşdirilməsi, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının təminatıdır. Azərbaycanı Türkiyənin Orta Asiyada nəfəs aldığı bacaya bənzədən qonaq media qurumlarının qarşılıqlı əlaqələrə mane olmaq istəyənlərin fəaliyyətlərini əngəlləyəcəyini bildirib. 

Türkiyəli qonaqların çıxışlarında həmin istiqamətdəki işin hər hansı qəzet, yaxud qəzetlər qrupu tərəfindən deyil, daha geniş dairədə əlaqələndirilməsi yollarına nəzər salınıb. Görüşdə AQD-nin malik olduğu resurslar, hər iki qurum arasında niyyət protokolunun imzalanması, strateji planın müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında da müzakirələr gedib. O. Savaç Avrasiya Qəzetəçilər Dərnəyinin böyük dəvətlərin, irimiqyaslı tədbirlərin, görüşlərin təşkili üçün müvafiq imkanlara malik olmasını vurğulayıb, yaxın vaxtlarda adıçəkilən sənədlərin Mətbuat Şurasına təqdim ediləcəyini deyib. O, MŞ sədri Əflatun Amaşova Türkiyə-Azərbaycan mediaları arasındakı əlaqələrin inkişafına göstərdiyi xidmətlərə görə Avrasiya Qəzetəçilər Dərnəyinin təşəkkürnaməsini təqdim edib.

23.02.2009

Türkiyəli jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar

Bu gün ölkəmizdə səfərdə olan Türkiyənin nüfuzlu media qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.
MŞ sədri Əflatun Amaşov qonaqları rəhbərlik etdiyi qurumun iş xüsusiyyətləri, həyata keçirdiyi tədbirlərlə tanış edib. Görüşdə əsas müzakirə predmeti Türkiyə-Azərbaycan münasibətlərinin mediada işıqlandırılmasına həsr olunub. Ə.Amaşovun sözlərinə görə, Azərbaycan mediası Türkiyənin xarici siyasətində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamları narahatçılıqla izləməkdədir: «Fikrimcə, hər iki ölkə xalqları arasındakı münasibətlər o dərəcədə möhkəmdir ki, heç bir qüvvə onu sarsıtmaq iqtidarında olmayacaq. Bununla belə, düşündürücü məqamlar da var. Bir sıra məsələlərə, o cümlədən Dağlıq Qarabağ probleminin Türkiyənin xarici siyasətindəki önəminə aydınlıq gətirilməsi vacibdir. Azərbaycan mediasının fəallığı da bundan qaynaqlanır».
Qonaqlar da məsəlinin Türkiyə mediasında həssaslıqla izlənildiyini bildiriblər. «Zaman Azərbaycan» qəzetinin baş redaktoru Enes Cansevər səfərdən məqsədin Xocalı faciəsinin 17-ci ildönümünün Türkiyə ictimaiyyətinə daha yaxından çatdırmaq olduğunu deyib. Türkiyəli jurnalistlər Azərbaycana səfərləri çərçivəsində cəbhə xəttinin Tovuz rayonunda yerləşən hissələrinə baş çəkdiklərini, yerli sakinlərin vəziyyətləri ilə maraqlandıqlarını vurğulayıblar.
Qeyd edək ki, Türkiyəli jurnalistlərin ölkəmizə səfəri «Zaman Azərbaycan» qəzetinin təşkilatçılığı ilə reallaşır. Nümayəndə heyətinin tərkibinə «Xəbər 7» telekanalının baş redaktoru Ünal Tanılı, «Zaman» qəzetinin yazarı Fikri Türkel, «Bu gün» qəzetinin köşə yazarı Nuh Könültaş, «Aksiyon» həftəlik dərgisinin əməkdaşı Tuncer Çetinkaya və digər şəxslər daxildir.

 

11.05.2009

Azərbaycanda Mətbuat Şurasında
Beynəlxalq Mətbuat İnstitutunun təmsilçiləri ilə görüş keçirilib

Mayın 11-də Azərbaycan Mətbuat Şurasında Bakıda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun sədri Ceyn Virkunnen və qurumun icraçı direktoru Devid Dədc ilə görüş keçirilib. Görüşdə Şuranın İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkəmizin aparıcı media vasitələrinin təmsilçiləri də iştirak ediblər.
MŞ sədri Əflatun Amaşov Azərbaycanda media sahəsində görülən işlər barədə məlumat verib. O, bu tədbirlər sırasında medianın iqtisadi imkanlarının genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb. «Azərbaycanda medianın problemləri var. Bunlar istər jurnalist peşəkarlığını, istər ilk mənbədən informasiya alınmasını, istərsə də digər sahələri əhatə edir. Lakin düşünürəm ki, həmin çətinliklər aradan qalxacaq. Tezliklə fəaliyyətə başlayacaq Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Fondunun bu işdə müstəsna rol oynayacağına əminəm», - deyə o bildirib.
C.Virkunnen ölkəmizə səfərlərindən məqsədin BMİ-nin dünya konqresinin və 59-cu Baş Assambleyasının  Azərbaycanda keçirilmə imkanlarını dəyərləndirmək olduğunu deyib. Cənab Virkunnen belə bir mötəbər tədbirin Azərbaycanda təşkili üçün qlobal faktorların mövcudluğuna diqqət çəkib. 
BMİ sədri təmsil etdiyi təşkilatın dünyada mətbuat azadlığına dəstək olmaq kimi vacib bir missiya daşıdığını da diqqətə çatdırıb.
D.Dədc isə bildirib ki, BMİ-nin beynəlxalq miqyaslı tədbirlərindən, o cümlədən Azərbaycanda keçirilməsi planlaşdırılan dünya konqresindən başlıca məqsəd müxtəlif yerlərdə fəaliyyət göstərən jurnalistləri bir yerə toplamaq, söz, fikir və ifadə azadlıqlarının vəziyyətini müzakirə etməkdir. Həmçinin toplantılarda dünya media qurumlarının bir-biriləri ilə əlaqələrinin inkişaf istiqamətləri nəzərdən keçirilir. Tədbirin məhz Azərbaycanda baş tutması isə həm də Qafqaz ölkələrindəki media vasitələrinin informasiya mübadiləsini möhkəmləndirmək baxımından əhəmiyyətlidir.
Görüşdə BMİ-nin Dünya Konqresinin Azərbaycanda keçirilməsi üçün istər texniki, istərsə də təşkilati imkanların genişliyi vurğulanıb. Qeyd edək ki, bununla bağlı son qərar iyunun 6-9-da Helsinkidə Dünya Konqresinin və 58-ci Baş Assambleyanın keçirilməsindən bir gün öncə çıxarılacaq.

11.05.2009

 

Azərbaycan Mətbuat Şurasında Türkiyə və Azərbaycanın
media təmsilçilərinin dialoqu keçirildi

Mayın 11-də Azərbaycan Mətbuat Şurasında Türkiyənin ölkəmizdə səfərdə olan nüfuzlu media təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Dialoq xarakteri daşıyan toplantıda əsas diqqət Türkiyə-Azərbaycan münasibətlərinin son durumuna, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələlərinə yönəlib.
Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, hazırda iki ölkə arasındakı əlaqələr müzakirə edilərkən nəzərlər Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair söz-söhbətlərdə cəmləşir, bu zaman müəyyən narazılıqların və ziddiyyətli məqamların mövcudluğu gözə dəyir. Ə.Amaşov bildirib ki, Şuranın təşəbbüsü ilə aprelin 7-də Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri qardaş ölkənin jurnalistlərinə müraciət ünvanlayıb: «Müraciət sərhədlərin açılıb-açılmayacağı ilə bağlı Türkiyə hökuməti tərəfindən konkret mövqenin sərgilənmədiyi bir dönəmə təsadüf edib. İstər buna, istərsə də sərhədlərin açılması məsələsinə etiraz edən digər çağırışlarımıza həssas yanaşılması müsbət haldır. Bizim fikrimiz budur ki, Qarabağ məsələsi həll olunmayanadək Türkiyə-Ermənistan sərhədləri açılmasın. Çünki 1993-cü ildə Türkiyə Ermənistanın üzünə sərhədləri qapayarkən Qarabağ faktoru əsas götürülmüşdü. Vəziyyət dəyişməyib. Yəni, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ işğaldan qurtulmayıb. Belədə məsələnin gündəmə gəlməsi birmənalı qarşılanan deyil. İstərdik ki, Türkiyənin aparıcı media qurumları təmsilçilərinin buna münasibətini bilək».
Avrasiya Qəzetəcilər Cəmiyyətinin rəhbəri Kürşad Zorlu təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətlərində türk toplumlarındakı media vasitələri arasında əlaqələr yaradılmasının başlıca yer tutduğunu vurğulayıb. O qeyd edib ki, informasiya mübadiləsi lazımi səviyyədə olmayanda meydana problemlər çıxır. Zaman-zaman Qarabağ həqiqətlərinin dünyaya düzgün çatdırılmaması da bunlardan biridir. Ona görə də türk dövlətlərinin mediaları, başlıca olaraq Azərbaycan və Türkiyə mediası bir olmalıdır. «Hazırda dünyanın mədəni coğrafiyasında bir sıra amillər dəyişməkdədir. Türkiyə bütün bunlara qarşı ciddi müqavimət göstərir. Hesab edirik ki, bu müqavimət Azərbaycanın xeyrinə olacaqdır. Türkiyə beynəlxalq aləmdə nə qədər güclü olarsa, Azərbaycan da güclü olar», - deyə  o bildirib.
AQD-nin digər təmsilçisi, Türkiyənin «Yeni Şəfəq» qəzetinin müxbiri Murat Palavar bilgi, informasiya mübadiləsi məsələsini iki ölkə mediası arasındakı münasibətlər sistemində əhəmiyyətli cəhət kimi dəyərləndirib. Onun fikrincə, bunun zəifliyi bəzi xoşagəlməz məqsədli fikirlərin ortaya atılmasına rəvac verib. M.Palavar səfərlərinin belə meyllərə qarşı olduğunu diqqətə çatdırıb. Sərhədlərin açılıb-açılmayacağına gəlincə, dərnək təmsilçisi bu məsələdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mövqeyinə inandığını dilə gətirib.
«Yeni Şəfəq» qəzetinin yazarı İbrahim Qaragül çıxışında müzakirə edilən mövzunun beynəlxalq müstəvidə dəyərləndirilən istiqamətlərindən söz açıb: «Mənim baxışlarımda Qafqaz bir bölgədir. Beynəlxalq aləmdə də belə qəbul olunur. Burada söhbət təkcə Azərbaycan torpaqlarının işğalından getmir. Türkiyənin Qafqaz siyasətində Azərbaycan ayrıca amil kimi müstəsna əhəmiyyətə malikdir. Türkiyənin Ermənistanla münasibətləri də Qafqaz siyasətinin tərkib hissəsidir».
«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məsələnin bu cür qoyuluşu ilə razılaşmadığını dilə gətirib. Onun sözlərinə görə, Azərbaycan Türkiyəyə Avrasiya siyasətinin tərkib hissəsi kimi yanaşmır. «Biz Türkiyəni elə Türkiyə kimi qəbul edirik və münasibətin qarşılığını istəyirik»  deyən baş redaktor tarixi faktlara müraciət edərək diqqəti 1905-1918-ci illərdə Osmanlı İmperiyası daxilindəki erməni qırğınlarına yönəldib və bildirib ki, Qarabağda baş verənlər əslində həmin mənfur siyasətin tərkib hissəsidir.
Məlumatsızlığa gəlincə, E.Mirzəbəyli Türkiyə mediasının Azərbaycanı tanımamaqla bağlı probleminin mövcud ola biləcəyini istisna etməyib. Azərbaycan mediasının isə Türkiyə barədə kifayət qədər xəbərdar olduğunu vurğulayıb: «Fikirlər səslənib ki, Azərbaycan mediası sərhəd məsələsini qabardır. Amma gəlin unutmayaq ki, Ermənistanla sərhədin açılacağını ilk olaraq yazan Türkiyənin «Hürriyyət» qəzeti olub».
Mövzunu davam etdirən «Azəri press» Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı Azərbaycandan Türkiyəyə yönələn müxtəlif miqyaslı əks fikirləri Türkiyə rəsmilərinin sərhəd məsələsindəki anlaşılmaz mövqeyi ilə izah edib: «Prezident İlham Əliyev də Belçikada səfərdə olarkən Türkiyə hökumətinin indiyədək bir suala cavab vermədiyini dilə gətirdi. Həmin sual «Yol xəritəsi» planında Qarabağ məsələsinin yer alıb-almaması ilə bağlıdır. Təəssüf ki, cavab yoxdur. Belədə media qurumlarının məsələni istədikləri kimi yozmaları mümkündür».
Türkiyənin «Radikal» qəzetinin beynəlxalq xəbərlər şöbəsinin müdiri Ceyda Karan Türkiyə və Azərbaycanın bölgədə mühüm güc sahibləri kimi çıxış etdiklərini vurğulayaraq onların səylərini birləşdirmələrinə zərurət duyulduğunu önə çəkib.
«Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun fikrincə, sərhəd məsələsinin gündəmə gəlməsi dünya iqtisadi böhranı ilə bağlıdır. Onun bildirdiyinə görə, böhran Ermənistanı acınacaqlı vəziyyətə salıb. İkili standartlardan çıxış edən beynəlxalq birlik isə hər vəclə ölkəni düşdüyü durumdan çıxarmağa çalışır. Türkiyənin sərhədləri nə üçün bağladığı hamımıza bəllidir. Qarabağla bağlı gündəmdə qalıb-qalmayacağı bilinmir.
Tədbirdə Azərbaycanın Şimali Kipr Türk Cumhuriyyətinin müstəqilliyüini tanımaması ilə bağlı türkiyəli jurnalistlərin açdıqları müzakirəyə münasibət bildirən «Ədalət» qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas ölkəmizin türk Kipri ilə münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib, bununla əlaqədar bir sıra faktları açıqlayıb. Müstəqilliyin tanınmamasına gəldikdə, millət vəkili məsələni Qarabağ problemi ilə eyni müstəvidə dəyərləndirməyin tərəfdarı olmadığını deyib. Onun fikrincə, Şimali Kipr türklərin tam ixtiyarında olan ərazidir, türk torpağıdır: «Dünya qəbul etsə də, etməsə də bu, belədir. Qarabağ isə işğal altındadır».
«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında diqqəti Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərinə yönəldib. O, həmin səfərdən sonra türk jurnalistlərin Yerevana səfərlərinin mütəmadi xarakter aldığını, qələmə alınan yazılarda ermənilərə məhəbbət və rəğbət hissinin aşılanmasına geniş yer verildiyini vurğulayıb: «Məsələnin bu formada qoyuluşu yanlışdır. Ermənistan elə Türkiyənin özü ilə bağlı hansı məsələdə güzəştə gedib ki, ona belə münasibət sərgilənir?»
Çıxış edən digər natiqlər Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı söz-söhbətlərin və yaranan situasiyanın Türkiyə və Azərbaycan xalqı arasındakı münasibətlərə xələl gətirməyəcəyinə olan inamlarını müxtəlif tarixi bağlılıq tellərinin güclü olması ilə əsaslandırıblar.
Qeyd edək ki, türkiyəli media nümayəndələrinin ölkəmizə səfərinin təşəbbüsçüsü Avrasiya Qəzetəcilər Dərnəyidir. Bu missiyanın reallaşdırılmasında Azər-Türk Qadınlar Birliyi yaxından iştirak edib. Təşkilatın sədri Tənzilə Rüstəmxanlı Mətbuat Şurasında keçirilən görüşün əhəmiyyətini qeyd etməklə yanaşı, qonaqların qarşıdakı üç gün müddətində qatılacaqları digər tədbirlər barədə də məlumat verib.
T.Rüstəmxanlı həmçinin bildirib ki, səfərin təşkilindən məqsəd ölkəmizdə Türkiyə ilə bağlı yaşanan durumun qardaş ölkənin ictimai rəyinə obyektiv şəkildə təqdimatına kömək göstərməkdir. O, türkiyəli jurnalistlərin bu istiqamətdə çox iş görə biləcəklərinə ümidvar olduğunu vurğulayıb.

11.06.2009

 

Mətbuat Şurasının sədri Avropa Şurasının
Cənubi Qafqaz media ilə bağlı tədbirində iştirak edib

Azərbaycanın aparıcı media təmsilçilərinin Strasburqa Avropa Şurasının dəvəti ilə gerçəkləşən səfərləri başa çatıb. Bununla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, iyunun 9-10-da baş tutan səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti Avropa Şurasının Cənubi Qafqaz mediası ilə bağlı tədbirinə qatılıb. Toplantıdan məqsəd Avropa Şurasının son 2 ildə region mediası ilə əlaqədar həyata keçirdiyi işlərə yekun vurmaq, qarşıdakı 3 il üçün fəaliyyət strategiyasını müəyyənləşdirmək olub. Ümumən, Avropa Şurası ölkələrində fikrin azad və sərbəst ifadə olunması sahəsində qanunvericilik, onun tətbiqi yolları, jurnalist peşəkarlığının artırılması üsulları, jurnalistika təhsilinin müasir forma və metodları, etik normalara riayət edilməsi mövzularında diskussiyalar aparılıb. Tədbirdə xüsusi diqqət yetirilən məsələlərdən biri isə jurnalist təhsilinin Avropa standartlarına, dünya təhsil sisteminin qaydalarına uyğunlaşdırılması idi.

Şura sədri toplantıda «Azərbaycan mediası: uğurlar və perspektivlər» mövzusunda məruzə ilə çıxış edib. Çıxışda ölkəmizdə KİV-lə bağlı hüquqi bazanın, jurnalistlərin ilk mənbədən informasiya almalarının vəziyyətinə, internet mediasının mövcud durumuna, habelə diffamasiya ilə bağlı məsələlərə diqqət yetirilib. Bildirilib ki, KİV-lə bağlı qanunvericilik bazası kifayət qədər təkmildir və dünya, o cümlədən Avropa Şurasının standartlarına cavab verir. Ölkədə bununla əlaqədar rəsmi səviyyədə kifayət qədər işlər də görülüb. Hazırda KİV-lərin fəaliyyətinin normativ hüquqi aktlara söykənməsində praktik amillərin tətbiqinə daha çox üstünlük verilir ki, Ə.Amaşov mövcud istiqamətdə yeni yaranmış KİV-lərə Dövlət Dəstəyi Fondunun üzərinə ciddi məsuliyyətin düşdüyü qənaətindədir.

Şura sədrinin sözlərinə görə, tədbir iştirakçıları dövlətin mediaya dəstək göstərməsi məsələsini maraqla qarşılayıblar. Ayrı-ayrı görüşlərdə buna dair real fəaliyyətin, əldə olunacaq nəticələrin öyrənilməsinə böyük önəmin veriləcəyi bildirilib. Amaşovun fikrincə, qarşıdakı müddətdə mövzu ilə bağlı avropalı ekspertlərin də iştirakı ilə ayrıca tədbirin təşkili mümkündür. Təbii ki, bu, KİV-ə Dövlət Dəstəyi Fondunun necə işləməsindən, özünü doğrultmasından asılı olacaq.

Hazırkı şəraitdə diffamasiya məsələsində istər jurnalistlərin, istərsə də məmurların ciddi məlumatlandırılmasına, onların həmin mühitə hazırlanmasına ehtiyacın duyulduğunu vurğulayan Ə.Amaşov qanunvericilikdə bununla bağlı dəyişiklikliyin gec-tez edilə biləcəyinə inanır: «Əslində bu, rəsmi səviyyədə də deyilir. Amma mövcud istiqamətdə səylər artırılmalı, əsasən də hökumət və media nümayəndələri arasında dialoq dərinləşdirilməli, birgə diskussiyalar mütəmadi davam etdirilməlidir ki, bütövlükdə cəmiyyət diffamasiyanın vacibliyinə inansın».

Ə.Amaşovun bildirdiyinə görə, tədbirdə həbsdə olan jurnalistlərlə də bağlı məsələdən də söhbət açılıb. «Mətbuat Şurasının sədri kimi təmsil etdiyim təşkilatın məsələyə münasibətini bir daha açıqladım. Bu isə ondan ibarətdir ki, ümumən ölkədə jurnalist həbsi yaxşı hal deyil. Doğrudur, onlar birbaşa peşə fəaliyyətlərinə görə azadlıqdan məhrum olunmayıblar. Hər halda bu şəxslər jurnalistdirlər. Mətbuat Şurası azadlığa çıxmalarında maraqlıdır və bunun üçün tədbirlərini davam etdirəcəkdir», - deyə o vurğulayıb.

Tədbirdə medianın özünütənzimləməsi ilə bağlı diskussiyalar gedib. Ə.Amaşov iştirakçılara rəhbərlik etdiyi qurumun bu istiqamətidəki fəaliyyəti barədə məlumat verib. O, hələ 2006-cı ildə Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə baş tutan konfransda MŞ-nin iş prinsipinin postsovet ölkələri üçün vahid model kimi qəbul oluna biləcəyinin vurğulandığını xatırladıb.

Qeyd edək ki, Avropa Şurasının Strasburqda baş tutan iki günlük tədbirində MŞ sədri ilə yanaşı «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, həmin institutun hüquqşünası Ələsgər Məmmədli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Qadın Jurnalistləri Birliyinin sədri Sevinc Mirzəyeva, «İnternyus-Azərbaycan» İctimai Birliyinin rəhbəri İlham Səfərli, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin müəllimi Zeynal Məmmədli də iştirak edib.

Azərbaycan dövləti isə tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə təmsil olunub.

13.07.2009

Azərbaycan Mətbuat Şurasının sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında iştirak edib


İyulun 9-10-da İstanbulda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil edib.

Toplantını Ümumdünya Mətbuat Şuraları Asosiasiyasının prezidenti, Türkiyə Mətbuat Şurasının sədri Oqtay Eqşi açaraq qurumun ötən il ərzində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Dünya miqyasında mətbuatda müşahidə olunan tendensiyalardan söz açan O.Eqşi hazırkı dövrdə internet medianın geniş vüsət almasının yazılı medianın satış faizinə əsaslı təsir göstərdiyini vurğulayıb. O, dünya iqtisadi böhranının mətbuata təsiri ilə bağlı da faktlar açıqlayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında rəhbərlik etdiyi qurumun iş prinsipləri barədə məlumat verib. Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda formalaşdırılan Mətbuat Şurasının təcrübəsindən bir sıra postsovet ölkələrində oxşar qurumların formalaşdırılması məqsədilə istifadə olunub. Ə.Amaşov Şuranın media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirdiyi işlərlə bağlı konkret faktlar da açıqlayıb.

Şura sədri həmçinin ölkədə media sahəsində həyata keçirilən dövlət siyasəti barədə də məlumat verib. Tədbir iştirakçıları çıxışda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə bağlı səslənən fikirlərə diqqətlə yanaşıb, təşkilatın iş prinsipləri ilə ətraflı maraqlanıblar

Toplantıda müzakirə edilən başlıca məsələlərdən biri dünyada söz və mətbuat azadlığının durumu olub. Çıxış edənlər bu sahədəki vəziyyətin tənzimlənməsində fərqli fəaliyyət istiqamətlərinə malik Mətbuat Şuralarının ümumi strategiyasının hazırlanmasını irəli sürüblər.

Sonda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yeni prizedenti seçilib. Bu, Hindistan Mətbuat Şurasının sədri  C.N.Ray olub.

23.09.2009

 

WAN təmsilçiləri Azərbaycan Mətbuat Şurasında olublar

Bu gün Dünya Qəzetlər Assosiasiyasının (WAN) rəhbər şəxsləri - qurumun media azadlığı və inkişafı proqramının icraçı direktoru Mirjana Miloşeviç, proqramın rəhbəri Bengt Braun və təşkilatın baş ofisinin rəhbəri Timoti Baldinq Azərbaycan Mətbuat Şurasında olublar.

MŞ sədri Əflatun Amaşov qonaqlara Şuranın ölkəmizdə media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi təcrübəsi barədə məlumat verib. «Şuranın başlıca iş prinsipi qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən daxil olan müraciətləri araşdırmaqdan ibarətdir. Bu fəaliyyət kütləfi informasiya vasitələrindən olan narazılıqların məhkəmə müstəvisinə çıxmaması, məsələlərin media müstəvisində həllini tapması baxımından əhəmiyyətlidir. Əlbəttə, problemlərimiz də var. Amma ötən müddət həyata keçirdiyimiz tədbirlər nikbinliyə əsas verir», - deyə o bildirib.

WAN təmsilçiləri çıxışlarında səfərlərindən məqsədin ölkədəki mövcud söz və mətbuat azadlığı mühitinin qəzetlərin fəaliyyət dairəsinə nə kimi təsir göstərdiyini müəyyənləşdirmək olduğunu vurğuladılar. Müzakirələr nəticəsində belə bir ortaq fikrə gəlindi ümumən Azərbaycanda media kasıb struktura malikdir. Bu, onun  hadisə və proseslərə obyektiv yanaşmasında da çətinliklər yaradır.


17.11.2009

Mətbuat Şurasında latviyalı ekspetrlərlə görüş keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında Latviyanın Korrupsiyaya qarşı mübarizə Bürosunun (KNAB) qabaqlayıcı tədbirlər idarəsinin əməkdaşı Lize Lentane və qurumun ictimaiyyətlə əlaqələr və tədris şöbəsinin mütəxəssisi Aleksey Şnitnikovla görüş keçirilib. MŞ sədri Əflatun Amaşov qonaqları salamlayaraq onlara Şuranın fəaliyyət istiqamətləri, düzənlədiyi tədbirlər barədə ətraflı məlumat verib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında fondun fəaliyyətdə olduğu qısa müddətdə həyata keçirdiyi tədbirlər haqqında söhbət açıb. Qurumun Müşahidə Şurasının sədri, MŞ sədrinin müavini Umud Rəhimoğlu nitqində ölkəmizdə dövlət dəstəyinin konkret istiqamətləri barədə danışıb.

Xanım Lize Lentane bildirib ki, mövcud səfər Avropa İttifaqına üzv dövlətlərin və Benefisiar ölkələrin idarəçilik qurumları arasında əməkdaşlıq vasitəsi olan Tvininq layihəsinin 5 əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə  Azərbaycan arasında  “Avropa qonşuluq siyasəti”  planı çərçivəsində həyata keçirilir. O vurğulayıb ki, «Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə İdasinə dəstək» adlı həmin layihənin gerçəkləşdirilməsi Latviyanın xüsusi istintaq idarəsinə etibar edilib. Bu məqsədlə ölkəmizin hüquqi mövzuda yazan jurnalistləri ilə görüş keçiriləcək, qarşılıqlı əməkdaşlığın digər asepktləri müəyyənləşdiriləcək.

Avropa İttifaqının  Üzv  Ölkələrinin  və Azərbaycan Respublikasının dövlət qurumları  arasında  birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan Tvininq proqramı Avropa İttifaqına üzv ölkələrinin dövlət qurumlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun, Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbbə müdiri Vüqar Əliyevin və idarənin böyük prokuroru Elnur Musayevin iştirak etdiyi görüşdə qonaqların Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının fəaliyyəti ilə bağlı konkret sualları da cavablandırılıb.

09.12.2009

 

Mətbuat Şurasında Avropa Şurasının
ekspertləri ilə görüş keçirilib


Dünən Azərbaycan Mətbuat Şurasında Bakıda səfərdə olan Avropa Şurasının ekspertləri Manuel Lukbert və Devid Qoldberqlə görüş keçirilib. Görüşdən məqsəd Avropa Şurasının və Avropa Komissiyasının ifadə, məlumat və media azadlığı ilə bağlı ölkəmizdə reallaşdırdığı proqramlar ətrafında dəyərləndirmələr aparmaqdan ibarət olub.

MŞ sədrinin müavini Umud Rəhimoğlu çıxışında diqqəti Şuranın media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsindəki roluna çəkib. Qurumun mövcud istiqamətdə bir sıra layihələr həyata keçirdiyini deyən U.Rəhimoğlu Şuranın iş prinsiplərinin daha əhatəli fəaliyyətə imkan verdiyini vurğulayıb. «Avropa Şurasının və Avropa Komissiyasının ölkəmizdəki proqramları mütərəqqiliyi ilə seçilir. Sadəcə, onların icrası istiqamətində daha geniş və sistemli iş aparmaq zərurəti duyulmaqdadır. Hesab edirəm ki, məsələ ilə əlaqədar Mətbuat Şurası zəngin təcrübəyə malikdir və bunun nəzərə alınması ümumi işə faydalı olardı. Eyni zamanda Azərbaycan mediası haqqında daha dolğun təsəvvürlər formalaşdırardı», -  deyə o bildirib.

Avropalı ekspertlər çıxışlarında həyata keçirdikləri missiya barədə ətraflı məlumat veriblər. Onların sözlərinə görə, səfərləri Avropa Komissiyası ilə Avropa Şurasının Cənubi Qafqaz və Moldovada ifadə, məlumat və media azadlığı mövzusundakı birgə proqramının icrası ilə bağlı dəyərləndirmələr aparmaq məqsədindən irəli gəlir. Qonaqlar gələcəkdə bu ölkələrdə medianın inkişafı üçün görülməsi zəruri olan işlərə dair araşdırmalar apardıqlarını bildiriblər. Həmçinin mövzu ətrafında ölkəmizin hökumət, ictimaiyyət və KİV təmsilçiləri ilə fikir mübadilələrindən söhbət açıblar.

Görüşdə ölkəmizdə söz və mətbuat azadlığının durumu, mövcud çətinliklər və pozitiv cəhətlər ətrafında diskussiyalar da aparılıb.

03.03.2010

 

MŞ sədri Xəbər Ombudsmanları Bİrlİyİ beynəlxalq təşkİlatının nümayəndəsİ İlə görüşüb


Bu gün Sosial İnformasiya Agentliyinin və Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının dəvəti ilə Azərbaycanda səfərdə olan Xəbər Ombudsmanları Birliyi beynəlxalq təşkilatının nümayəndəsi C.B.Hanif Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı qəbul edən MŞ sədri Əfaltun Amaşov onu rəhbərli etdiyi qurumun iş prinsipləri barədə məlumatlandırıb. Müxtəlif kütləvi informasiya vasitələrində peşə prisnsiplərinin pozulması ilə bağlı Şuranın reallaşdırdığı tədbirlərdən söz açan Ə.Amaşov qarşıdakı fəaliyyət istiqamətlərinə də diqqət yetirib.

C.B.Hanif çıxışında xəbər ombudsmanının beynəlxalq aləmdə qəbul edilmiş vəzifələrindən danışıb. Onun sözlərinə görə, bu təsisatın əsas missiyası oxucuların redaksiyadan şikayətini araşdırmaqdır. Öz təcübəsindən ətraflı bəhs edən C.B.Hanif bildirb ki, qəzetdə xəbər ombudsmanı işlədiyi dövrdə oxucuların şikayətinə daim redaksiya rəhbərliyindən və ya şikayətə səbəb olan yazıların müəlliflərindən yazılı cavablar alıb, bu cavablar əsasında hər həftə qəzetdə məqalə ilə çıxış edib. “Beynəlxalq Ombudsmanlar Birliyi dünyanın müxtəlif ölkələrində xəbər ombudsmanı təcrübəsinin tətbiqinə yardım edir. Onu deyim ki, hər bir ölkədə xəbər ombudsmanının fəaliyyəti, vəzifələri həmin yerin səciyyəvi xüsusiyyətlərinə, problemlərinə uyğun təşkil olunur: Onların müxtəlif modelləri var. Azərbaycana bu işin təşkilinə bacardığımız köməyi göstərmək niyyətindəyik”.


15.03.2010

Azərbaycan Mətbuat Şurası İdarə Heyəti üzvləri və
ATƏT-in Bakı ofisi rəhbərliyinin birgə iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin ATƏT-in Bakı ofisinin rəhbərliyi ilə birgə iclası keçirilib. Ölkəmizin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin də qatıldıqları toplantıda Şuranın cəmiyyətdəki yeri və rolu, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması yolları ətrafında fikir mübadilələri aparılıb.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun ötən yeddi ildəki iş prinsipləri barədə ətraflı məlumat verib. Konkret rəqəm və faktlar açıqlayan Şura sədri vurğulayıb ki, diqqəti şikayət və müraciətlərdəki ayrı-ayrı motivlərə yönəldib. Onun sözlərinə görə, Şura media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi sahəsində bir sıra nəzərəçarpacaq uğurlar əldə edib. Lakin ötən illərin təcrübəsi göstərir ki, mövcud sahədə bir sıra təkmilləşdirilmələr aparılmalıdır: «Bu gün ATƏT-in Bakı ofisinin rəhbərliyi ilə görüşümüzün qayəsində də həmin məqsəd dayanır. Düşünürəm ki, birgə səylərimiz Azərbaycan mediasının aktual problemlərinin həllinə təkan vermək baxımından əhəmiyyətlidir».

ATƏT-in Bakı ofisinin rəhbəri Ali Bilgə Cankorel görüşün Mətbuat Şurasının 7 yaşına təsadüf etdiyini xatırladaraq bu münasibətlə bütün Şura üzvlərini təbrik edib. O vurğulayıb ki, Şuranın 2010-cu ili Diffamasiya ili» elan etməsi təqdirəlayiqdir: Hər bir demokratik ölkədə diffamasiya haqqında qanunun qəbulunun zəruriliyinə toxunan ATƏT rəsmisi Şuranın buna yönələn təşəbbüsündə Azərbaycan jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmilləşdirilməsi ilə bağlı təklifin də mühüm rol oynadığını bildirib. A.Cankorel rəhbərlik etdiyi qurumun bu təşəbbüslərə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Çıxışlarda Mətbuat Şurası ilə ATƏT-in Bakı ofisi arasındakı qarşılıqlı əməkdaşlığın müxtəlif aspektlərinə toxunuldu. Müzakirələrdən sonra belə qərara gəlindi ki, hər iki qurum diffamasiya haqqında qanunu və peşə davranışı qaydalarının hazırlamalıdır. Daha sonra peşə davranışı qaydalarının yeni variantı jurnalistlərin ümumi forumunda müzakirəyə çıxarılmalı, KİV rəhbərləri tərəfindən imzalanmalıdır. Paralel olaraq Diffamasiya haqqında qanun layihəsi də hazırlanmalı və Milli Məclisə təqdim edilməlidir.

 


18
may
Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirdi

-

ətraflı »
12
may
Azərbaycan jurnalistlərinin Rusiyanın media təmsilçilərinə MÜRACİƏTİ

-

ətraflı »
08
may
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
28
aprel
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
aprel
Mətbuat Şurasının sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb

-

ətraflı »
25
aprel
Prezident İlham Əliyevdən Mətbuat Şurasının sədri Əflatun Amaşovla bağlı sərəncam

-

ətraflı »