Mətbuat şurası

Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30

Tədbirlər

 01.07.2011

Yazıçı-jurnalist Zaur Abdullayevin «Qız və qurd» kitabının təqdimatı keçirilib

Tədbir “Dialoq Avrasiya” platforması və Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutub

Bu gün Azərbaycan Mətbuat Şurasında MŞ-nin və Dialoq Avrasiya Platformasının birgə təşəbbüsü ilə yazıçı-jurnalist Zaur Akifoğlunun (Zaur Abdullayev) «Qız və qurd» kitabının təqdimatı keçirilib.

Tədbiri açan MŞ sədri Əflatun Amaşov təqdimatı keçirilən kitabın həm Azərbaycan, həm də rus dilində nəşr edildiyini vurğulayıb. «Kitabda hadisələr olduqca maraqlı şəkildə cərəyvan edir. Oxucunu intizarda saxlayan sujet xətti var. Bu dəst-xətt müəllifin bədii təfəkkürünün məhsuludur. Amma daha böyük olan nəşrin ideoloji tərəfləridir. Əsərdə bir Qurd obrazı var. Həmin Qurd hər birimizik. Qarşımızda isə işğal altında olan və düşmən tərəfindən minalanmış torpaqlarımız dayanır. Qurd həmin ərazini keçməyə müvəffəq olur», - deyən Ə.Amaşov kitabda bu baxımdan diqqət çəkən çoxsaylı çalarların olduğunu vurğulayıb. O bildirib ki, əslində Azərbaycan həqiqətlərinin, torpaqlarımızın işğalı faktının dünya ictimaiyyətinə daha yaxından çatdırılması prosesində «Qız və qurd» kimi obrazlı təqdimat vasitələrinin böyük rolu var. Şura sədri rəhbərlik etdiyi qurumun belə kitabların cəmiyyətə çatdırılmasında bundan sonra da təşəbbüskarlıq göstərəcəyini vurğulayıb. Ə.Amaşov həmçinin məlumat verib ki, «Qız və qurd» kitabının müəllifi Z.Akifoğlu bu əsərinə görə Mətbuat Şurasının və Dialoq Avrasiya Platformasının birgə mükafatına da layiq görülüb. Tədbirdə müəllifə həmin mükafat təqdim olunub.

Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəsi Mustafa Saatçı təqdimatı keçirilən nəşri yüksək ortaq türk mənəvi dəyərlərinin təcəssümü kimi dəyərləndirib. «Əslində belə əsərlərlə qələm sahibləri bir növ, öz Vətənlərinə sahib çıxırlar. Biz bu təşəbbüsləri hər zaman dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik», - deyə o vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı çıxışında bildirib ki, «Qız və qurd» kimi kitabların meydana çıxması günün tələbidir: «Zaur məni gəncliyimə apardı. Elə bildim Cek Londonu oxuyuram. Əsərdə qurdun hərəkətləri o qədər incəlik və diqəqliklə verilib ki, heyran qalmamaq mümkünsüzdür. Hesab edirəm ki, kitabda Qarabağ mövzusuna tam yeni bir baxış var. Belə əsərlərin sayı nə qədər çox olsa, haqq işimizi, kimliyimizi dünyaya daha yaxından çatdıra bilərik».

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid söhbətinə təqdimatı keçirilən nəşrin müəllifi barədə məlumat verməklə başlayıb. «Zaur Akifoğlu Azərbaycan jurnalistikasında öz dəsti-xətti ilə seçilən şəxslərdəndir. Hələ 20 il əvvəl yazıları ölkə mətbuatında çox böyük maraqla qarşılanırdı. Əsərə gəldikdə isə, çox böyük peşəkarlıqla qələmə alınıb. Onu oxuyan insanlar Qarabağ həqiqətlərinə daha yaxından bələd olacaqlar. Əlbəttə, müəllifin əsərlərinin davamlı olmasını istərdim», - deyə o vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas bildirib ki, əsər kiçik həcmli olsa da, orada çox böyük məzmun ifadə edilib. Bu, müəllifin bədii təfəkküründən irəli gəlib. «Qız və qurd»da Qarabağ mücadiləsini əks etdirən çoxsaylı məqamların olduğunu deyən T.Abbas əsərin eyni zamanda böyük siyasi və ideoloji təsir gücünə malik olduğunu qeyd edib.

Kitabı səciyyələndirən ən mühüm xüsusiyyətin türk mifalogiyasına müraciətin olduğunu vurğulayan «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli əlavə edib ki, belə kitabların mükafatlandırılmasına ehtiyac var: «Kitabda sanki «Ekgenekon» əfsanəsi canlanır. Burada yeni günə doğru aparan bir xətt aydın sezilir. Mövzunun məxsusiliyi vurğulandı. Çox təəssüf ki, son zamanlar Qarabağ məsələsinə müraciət halları azdır».

MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev «Qız və qurd» əsərini Dağlıq Qarabağ münaqişəsində ölkəmizin xeyrinə olan ideoloji silah kimi dəyərləndirib: «Ermənilər türklərə xas hansı dəyərlər varsa, ona təcavüz yolu tutublar. Bu, soyqırımı siyasətinin tərkib hissəsidir. Əsərdə göstərilir ki, həmin siyasətin hədəfi eyni zamanda türk totemi olan Qurddur. Hesab edirəm ki, burada kifayət qədər böyük və düşündürücü məna var».

«Qız və qurd» kitabının çapdan çıxdığı Altun kitab nəşriyyatının direktoru, naşir Rafiq İsmayılov da əsərin özünəməxsus sujet xəttini Azərbaycanın ədəbi mühiti üçün yenilik kimi xarakterizə edib: «Zaur bu kitabı mənə təqdim etdi və bir dost kimi deyil, bir tənqidçi kimi məsələyə yanaşmağımı istədi. Əsər doğrudan da özündə böyük məna daşıyır. Onun ideyasının cəmiyyətə çatdırılması çox vacibdir. Hesab edirəm ki, bunun üçün əsərin əsasında filmin çəkilməsi daha yaxşı olardı».

Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızı da kitabda əksini tapan məqamların ekranlaşdırılmasının mühüm əhəmiyyət daşıdığını deyib. O, bunun vacibliyini əsərin mahiyyətinin insanlara, xüsusən də gənclərə çatdırılması baxımından önə çəkib.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə əsərdə əyilməzlik obrazının yaradılmasını onun mühüm xüsusiyyətlərindən biri kimi səciyyələndirib. Jurnalist Zakir Abbas və başqaları da bu məqamı vurğulayaraq bildiriblər ki, çağdaş Azərbaycan ədəbiyyatında belə əsərlərin sayının artması və onların müxtəlif dillərdə yayılması təkcə ölkəmizin üzləşdiyi işğal faktının çatdırılması deyil, həmçinin Azərbaycan ədəbiyyatının, bədii fikrinin tanıdılması nöqteyi-nəzərdən müstəsna önəm daşıyır.

Sonda çıxış edən «Qız və qurd» kitabının müəllifi Z.Akifoğlu nəşr barədə deyilən xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.



24.02.2011

Mətbuat Şurasında «Elm və həyat» jurnalının 50 illik yubileyi ilə bağlı mərasim keçirilib



Bu gün Azərbaycan Mətbuat Şurasında «Elm və həyat» jurnalının 50 illik yubileyi ilə bağlı mərasim keçirilib. 1961-ci ildə Respublika «Bilik» Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxan jurnalın əlamətdar gününü qeyd etmək üçün Şuraya ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, alimlər və ziyalılar toplaşmışdılar.

Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb. O bildirib ki, Həsən bəy Zərdabinin yaratdığı «Əkinçi» qəzetinin maarifçilik ənənələrəni davam etdirən «Elm və həyat» jurnalı nəşrə başladığı ilk vaxtdan elmi biliklərin təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük rol oynayıb. Dərgi ötən illər ərzində alimlərin söz tribunasına çevrilərək elmdə qazanılan uğurların, bir növ, salnaməsini yazıb, mətbuatımızda elmi kəşfləri və yenilikləri təbliğ edən yeganə elmi-kütləvi dərgi kimi tanınıb. «Elm və həyat»ın tarixindən bəhs edən Şura sədri vurğulayıb ki, mətbu orqanın tirajının 140 minə çatmasında nəşrdə maraqlı məqalələri ilə çıxış edən alim və ziyalılarla yanaşı, jurnalın kollektivinin də əməyi böyükdür: «Bu adamların bəziləri bu gün bizimlədir. Onlar ən çətin dövrlərdə belə yüksək fəadakarlıqları, jurnalistikaya hədsiz sədaqətləri ilə mətbu nəşri belə demək mümkünsə, ölməyə qoymayıblar. Hər biri çağdaş mediamız üçün örnək sayılacaq simalardır», - deyən Ə.Amaşov Mətbuat Şurasının jurnala ünvanlanan təbrik plaketini AMEA-nın birinci vitse-prezidenti Arif Haşımova təqdim edib. Tədbirdə uzun illərdən bəri «Elm və həyat» jurnalında çalışan - Ulkər Hüseynovaya, Maral Poladovaya və Mehparə Axundovaya, həmçinin nəşrin redaktoru Şirindil Alışanlıya Azərbaycan Jurnalistlər Birliyinin fəxri fərmanları təqdim olunub.

AMEA-nın birinci vitse-prezidenti Arif Haşımov çıxışında bildirib ki, «Elm və həyat» jurnalı əvvəllər bir təbliğat vasitəsi idisə, müstəqillik illərindən başlayaraq elə elm həyatının özüdür. Ən çətin elmi məqalələrin jurnalda uğurla təqdim olunduğuna diqqət çəkən A.Haşımov bu fəaliyyətin ağır zəhmətlər bahasına başa gəldiyini vurğulayıb: «Belə bir jurnalın ərsəyə gəlməsi və bu günədək yaşaması olduqca çətin və zəhmət tələb edən prosesdir. Çünki mürəkkəb elmi fikirləri hamının başa düşəcəyi tərzdə vermək sıradan bir məsələ deyil. Bu işdə jurnalın neçə illərdən bəri yorulmaq bilmədən çalışan kollektivinin əməyi xüsusi vurğulanmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası bu məqsədlə xüsusi tədbirlər həyata keçirib. Lakin çalışacağıq ki, onların əməyi dövlət rəhbərliyi səviyyəsində də qiymətləndirilsin».

«Elm və həyat» jurnalının keçdiyi tarixi yola, uğur və nailiyyətlərinə nəzər salan nəşrin redaktoru Şirindil Alışanlı bildirib ki, mətbu orqan neçə-neçə qələm sahibinin, ziyalının yetişməsində müstəsna rol oynayıb. «Jurnalın yetişdirdiyi insanlar indinin özündə də aktiv jurnalist fəaliyyəti ilə məşğul olmaqdadırlar. Bəziləri ölkənin tanınan, ictimai fikrə təsir göstərən qəzet və jurnallarına rəhbərlik edir. Bunun özünü də 50 yaşını qeyd edən jurnalın böyük uğuru kimi qiymətləndirmək lazımdır», - deyə o bildirib.

Toplantıda həmçinin akademik Budaq Budaqov mətbuat, elm və publisistika sahəsində, o cümlədən «Elm və həyat» jurnalındakı aktiv və səmərəli peşə fəaliyyətinə görə Mətbuat Şurasının fəxri diplomu ilə təltif edilib. Buna görə MŞ rəhbərliyinə təşəkkürünü bildirən görkəmli alim hər bir elm adamı kimi onun da taleyinə «Elm və həyat» jurnalı ilə əməkdaşlıq etməyin nəsib olduğunu fəxarət hissi ilə vurğulayıb. O bildirib ki, mətbu nəşrə uzun illər diqqət göstərilməyib. Lakin hazırkı dövrdə AMEA-nın Rəyasət Heyəti bu mənfi meylin aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. B.Budaqov çıxışında həmçinin «Elm və həyat» jurnalının əsasını qoyduğu ənənənin davamının vacib olduğunu əsaslı faktlarla vurğulayıb.

«Elm və həyat» jurnalının redaktor müavini Ülkər Hüseynova çıxışında elmi jurnalların yaranma tarixi barədə geniş məlumat verərək bildirib ki, təmsil olunduğu nəşr dünya da layiqli yer tutur: «Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. 1998-ci ildə «Elm və həyat» keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə beynəlxalq mükafata layiq görülüb. Təklif edirəm ki, jurnalın 50 illiyinə töhfə kimi orada məqaləsi çıxan alimlərin kataloqu hazırlansın».

Tədbirdə çıxış edən elm adamlarından - geologiya-minerologiya elmləri doktoru Hikmət Mahmud, tarix elmləri doktoru Solmaz Rüstəmova, veteran jurnalistlərdən Yusif Kərimov, Ələsgər Cabbarov və başqaları «Elm və həyat» jurnalının ölkənin ictimai fikir tarixində də mühüm rol oynadığını bildirərək bu nəşrin inkişafına yönələn təkliflər səsləndiriblər.

KİV rəhbərlərindən - MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışında mətbu fəaliyyətinə məhz «Elm və həyat»da korrektor kimi başladığını bildirib. Jurnalda beş il çalışdığını qeyd edən baş redaktor nəşri ciddiyyət, məsuliyyət məktəbi adlandırıb.

MŞ İdarə Heyətinin üzvlərindən - «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu çıxışlarında yubileyi qeyd edilən mətbu orqanın fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayaraq bunun üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinin zəruriliyindən danışıblar.





Mətbuat Şurasında şəhid jurnalist Alı Mustafayevi anım mərasimi keçirilib

 

Anım mərasimində Alı Mustafayevin tələbə və iş yoldaşları həyatdan vaxtsız getmiş jurnalist barədə xatirələrini yada salıb, onunla fəxrarət duyduqlarını dilə gətiriblər

 

Bu gün Azərbaycan Mətbuat Şurasında şəhid jurnalist, Azərbaycanın milli qəhrəmanı Alı Mustafayevi anım mərasimi keçirilib.

 

Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən təşkil olunan tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb. O, A.Mustafayevin professional jurnalistikamızda özünə layiqli yer tutduğunu, zəhmətkeşliyi və istedadı ilə fərqləndiyini vurğulayaraq diqqəti qələm sahibinin keçdiyi mənalı ömür yoluna, ədəbi və bədii yaradıcılığına yönəldib. «Alı Mustafayevin çağdaş jurnalistikamızdakı xidmətləri böyükdür. Çox da uzun olmayan ömür yolunda ciddi uğurlar və populyarlıq qazanmaq heç də həər yazara nəsib olmur. Bu, gərgin zəhmətin nəticəsi idi. Onun televiziya jurnalistikası sahəsindəki novatorluq keyfiyyətləri cəmiyyətdə hələ ötən əsrin 70-80-ci illərindən başlayaraq böyük maraqla qarşılanırdı. Qarabağ müharibəsi başlayan gündən Alı Mustafayev qaynar nöqtələrdə tez-tez görünür, efirdə erməni vəhşiliklərini ifşa edirdi. Bəlkə bir tale idi ki, qəhrəmanlıq fəaliyyəti məhz Qarabağ torpağında başa çatdı. Ölümündən sonra ona Azərbaycanın əməkdar jurnalisti fəxri adı verildi. Bu ada hələ sağlığında ikən layiq idi», - deyə o bildirib.

 

Anım mərasimində Alı Mustafayevin tələbə və iş yoldaşlarından Məzahir Süleymanzadə, Tahir Aydınoğlu, İlqar Həsənov, Sakit Ocaqlı, Akif Cabbarov, Akif Qurbanov, Araz Qurbanov, qocaman qələm sahibi Ələsgər Cabbarov həyatdan vaxtsız getmiş jurnalist barədə xatirələrini yada salıb, onunla fəxrarət duyduqlarını dilə gətiriblər.

 

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov bildirib ki, Alı Mustafayev, Salatın Əsgərov kimi jurnalistlər Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gediblər, şəhidlik zirvəsi ilə misilsiz örnəyə çevriliblər. Alı Mustafayevin tələbəlik dostu Qənimət Səfərov şəhid jurnalistin cəfakeşliyindən danışaraq onun dostluğa sədaqətinin, ailəcanlığının da nəsillərə nümunə olduğunu vurğulayıb. MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışında dəfələrlə sıx təmasda olduğu şəhid jurnalistin mehribanlıq, işgüzarlıq keyfiyyətlərini xarakterizə edib.

 

Sonda Alı Mustafayevin həyat yoldaşı Lalə xanım çıxış edərək xoş sözlərə və anım mərasiminin təşkilinə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Əmək faəliyyətinə Bakı Elektrik Maşınqayırma Zavodunda başlayıb. 1976-1981-ci illərdə bu müəssisənin göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək orada işləyib. O, ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Lirik şerləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb.

 

Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 19-da Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.


22
iyul
Həsən bəy Zərdabinin Mərkəzi Nəbatat Bağında yerləşən büstü ziyarət olunub

-

ətraflı »
19
iyul
Mətbuat Şurası və “Veysəloğlu” şirkətlər qrupunun birgə müsabiqəsinin qaliblərinin adları açıqlanıb

-

ətraflı »
17
iyul
Özbəkistanın yazar-jurnalistləri Mətbuat Şurasında olublar

-

ətraflı »
17
iyul
Mətbuat Şurası jurnalist Qulu Kəngərlini təltif edib

-

ətraflı »
13
iyul
İranın media fəaliyyətinə məsul qurumlarının təmsilçiləri Gəncədə olublar

-

ətraflı »
12
iyul
İranlı nümayəndə heyətinin üzvləri ilə azərbaycanlı media təmsilçilərinin görüşü keçirilib

-

ətraflı »