Mətbuat şurası

Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30

Mətbuat Şurası haqqında

Mətbuat Şurası Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqandır. 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

 

Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.

 

I. İdarəçilik

 

Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir.

 

Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə). Şura sədrinin 2 müavini var. Onlardan biri jurnalistləri, digəri ictimaiyyət nümayəndələrini təmsil edir. Sədr müavinləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyaya rəhbərlik edirlər. Şuranın qərarları İdarə Heyətinin iclaslarında kollegial şəkildə qəbul olunur.

 

MŞ İdarə Heyəti 15 əsas və 4 ehtiyat üzvdən ibarətdir. Əsas üzvlərdən 9-u jurnalistləri, 6-ı ictimaiyyəti təmsil edir. 4 ehtiyat üzvdən 2-i ictimaiyyətdən, 2-i jurnalistlərdəndir.

 

Komissiyalara rəhbərlik Şuranın İdarə Heyətinin üzvləri tərəfindən aparılır.

 

İdarə Heyətinin iclasları hər ay, Şikayətlər üzrə Komissiyanın iclaslar isə ayda 2 dəfə keçirilir. Digər komissiyalar vaxtaşırı olaraq toplanır.

 

Mətbuat Şurasının işlərinin icrası Katiblik tərəfindən həyata keçirilir. Katiblik Şuraya daxil olan şikayətlərin araşdırılması prosesində Nizamnamədən irəli gələn prosedur qaydaları həyata keçirir. Həmçinin MŞ-nin monitorinq qrupunun fəaliyyətinə nəzarət edir.

 

Monitorinq qrupu ayda bir dəfə KİV-lərdə apardığı araşdırmalara əsasən nəzərə çarpan tendensiyaları, peşə prinsiplərinin pozulmasındakı bariz təzahür formalarını müəyyənləşdirir, bununla bağlı yekun hesabat hazırlayaraq icraçı katibə təqdim edir.

 

 

II. Mətbuat Şurasının başlıca missiyası şikayətlərin araşdırılmasıdır. Şikayətlərə aşağıdakı fəaliyyət ardıcıllığı ilə baxılır:

1. Şikayətlərin araşdırılması

 

a/ Şuranın Katibliyi

 

Mətbuat Şurasına daxil olan şikayətlər ilkin mərhələdə burada araşdırılır. Ona rəhbərliyi İcraçı katib həyata keçirir. İcraçı katib müraciətlərin «Mətbuat Şurasına şikayətlərin verilmə və onlara baxılması qaydaları»na uyğunluğunu yoxlayır, qaydalardan irəli gələn digər tələbləri həyata keçirir, prosedur qaydalara riayət edilməsini təmin edir, şikayətçiyə zəruri tövsiyyələrini verir. Şikayətçi və cavabdeh arasında anlaşma əldə edilməsinin mümkünlüyünü nəzərdən keçirir. Tərəfləri Şuraya dəvət edir və problemin aradan qaldırılması üçün mümkün variantlar irəli sürür. Razılıq olduğu təqdirdə, məsələni qapanmış sayır və bu barədə İdarə Heyətinə təqdimat verir. Əks halda problemin Şikayətlər üzrə Komissiyasının iclasına çıxarılması üçün zəruri tədbirlər görür. Bu tədbirlər sırasına iclasının keçirilmə günü və vaxtının dəqiqləşdirilməsi, gündəliyinin müəyyənləşdirilməsi, komissiya üzvlərinin müzakirə olunacaq məsələlərlə bağlı məlumatlandırılması və s. daxildir.

 

b/ Şikayətlər üzrə Komissiya

 

Şikayətçi və cavabdeh Şikayətlər üzrə Komissiyanın iclasına dəvət olunur. Məsələ ilə bağlı mövqeləri bir daha aydınlaşdırılır. Qurum bu izahatları, o cümlədən toplanmış materialları nəzərdən keçirərək tərəflərə suallarını ünvanlayır. Bundan sonra komissiya üzvləri arasında məsələ ilə bağlı məşvərət keçirilir və yekun qərar Şuranın Katibliyi vasitəsilə şikayətçi və cavabdehə çatdırılır.

 

Şikayətlər üzrə Komissiya konkret məsələyə dair rəy vermək səlahiyyətinə malikdir. Həmin rəy yekun mərhələdə qərar qəbulu üçün MŞ İdarə Heyətinə təqdim edilir. Şikayətlər üzrə Komissiya konkret məsələ ilə əlaqədar yalnız zəruri hallar meydana çıxdığı təqdirdə «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasından araşdırma tələb edir. Bu isə o deməkdir ki, qurum hər hansı KİV-in «reket» elan olunmasına və «qara siyahı»ya salınmasına dair MŞ İdarə Heyətinə birbaşa rəy vermək səlahiyyətinə malikdir.

 

c/ «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası

 

Azərbaycan jurnalistlərinin 20 iyun 2008-ci il tarixli V qurultayının qətnaməsinə uyğun olaraq yaradılıb. Şikayətlər üzrə Komissiya motivindən asılı olaraq şikayətlərin bu komissiyanın xətti ilə araşdırılması barədə tövsiyyə verir.

 

«Reket junalistika»ya qarşı mübarizə Komissiyası narazılıq doğuran materialları araşdıraraq cavabdehin - kütləvi informasiya vasitəsinin hərəkət və davranışlarının onun adının Şuranın «qara siyahı»sına salınması üçün əsaslar verib-vermədiyini təkrarən nəzərdən keçirir və bu barədə MŞ İdarə Heyətinə müvafiq təqdimat ünvanlayır.

 

d/ İdarə Heyəti

 

Şikayətlərin araşdırılmasında sonuncu mərhələdir. İdarə Heyəti Şikayətlər üzrə Komissiyanın rəylərində əksini tapan məsələləri müzakirə edir. Şikayətin Şurada araşdırıldığı müddətdə məsələnin qarşılıqlı anlaşma müstəvisində həllini tapması üçün həyata keçirilən zəruri tədbirləri təkrarən nəzərdən keçirir. Qurum qəralarının çıxarılmasında Şikayətlər üzrə Komissiyanın rəyləri ilə yanaşı, «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının da təqdimata əsaslana bilər. İdarə Heyətinin qərarlarının komissiyaların rəy və təqdimatından fərqlənməsi mümkündür.

 

İdarə Heyəti həmçinin Şuranın cari fəaliyyətini müəyyənləşdirir, tədbirlər planını müzakirə edir və təsdiqləyir, onun icrası üçün zəruri tapşırıqlar verir.

 

2. Qərar və rəylər

 

Rəy - Şikayətlər üzrə Komissiya tərəfindən verilir. Sənəddə şikayətin motivi dolğun şəkildə əksini tapır. Əsasən şikayətçinin Şuraya müraciətində və cavabdehin MŞ-yə məsələ ilə bağlı ünvanladığı cavab məktubunda göstərdiyi arqumentlər yer alır. Həmçinin İdarə Heyətinə konkret tədbir mexanizmi tövsiyyə olunur.

 

Qərarlar - Konkret müraciət əsasında konkret KİV-in fəaliyyətindəki narazılıq doğuran motivlərlə bağlı çıxarılır. Başlıca olaraq Şikayətlər üzrə Komissiyanın rəylərinə əsaslanılır. Lakin həmin rəylərdən fərqlənməsi də mümkündür.

 

MŞ-nin qərar və rəyləri tövsiyyə xarakteri daşıyır və KİV-lərə qarşı hər hansı inzibati cəza mexanizmlərini nəzərdə tuta bilməz. Bu tip sənədlər şikayətçinin haqlı tələbinin ödənilməsi prinsipinə əsaslanaraq media orqanları üzərində qarşı tərəfin mövqeyinin dərci, ondan üzr istəmək, təkzib vermək kimi məsuliyyət növlərini müəyyənləşdirir.

 

Mətbuat Şurasının qərarlarında nəzərdə tutulan ən ciddi cəza tədbiri «qara siyahı»ya daxil etmədir. Bu ictimai qınaq növü peşə prinsiplərinə tam laqeyd yanaşan, yazılarında tənqid obyektinin şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna bilərəkdən ziyan vuran KİV-lər haqqında seçilir. Bu zaman Şuranın «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimatı»ndakı forma və prinsiplər rəhbər tutulur. «Qara siyahı» mütəmadi olaraq yenilənir və ölkənin aparıcı kütləvi informasiya vasitələrində yayımlanır.

 

III. Digər komissiyalar

 

Mətbuat Şurasının tərkibində daha yeddi komissiya fəaliyyət göstərir. Bu komissiyalar aşağıdakılardır:

 

Hüquq komissiyası: vaxtaşırı toplantılarını keçirir. Şikayətlərdəki və eləcə də Şuranın fəaliyyət dairəsinə aid digər praktik situasiyalardakı hüquqi aspektləri araşdırır. Zəruri hallarda İdarə Heyətinə təqdimat verir.

 

Sosial Komissiya: konkret Əsasnamə ilə fəaliyyət göstərir. Jurnalistlərin sosial durumu ilə bağlı vəziyyəti öyrənir, onların məişət qayğılarının müəyyənləşdirilməsi və həlli yollarına dair təkliflər hazırlayır və İdarə Heyətinə təqdim edir.

 

İqtisadiyyat komissiyası: medianın iqtisadi durumuna dair monitorinqlər aparır, bu sahədəki mövcud problemləri müəyyənləşdirir və mümkün həll variantlarını qruplaşdıraraq onları İdarə Heyətinə təqdim edir. Həmçinin mövcud sahədə tematik tədbirlərin təşkili üçün proqramlar hazırlayır.

 

Dil komissiyası: mətbutda Azərbaycan dilindən istifadənin forma və prinsipləri ilə bağlı monitorinqlər keçirir, onların nəticələrinə dair hesabat hazırlayır, bu sahədə konfrans və «dəyirmi masa»ların proqramlarını müəyyənləşdirərək İdarə Heyətinə təqdim edir.

 

Regional mətbuatın inkişafı üzrə Komissiya: vaxtaşırı olaraq bölgə qəzetlərinin say və keyfiyyət göstəricilərinə dair monitorinqlər keçirir, nəticələri qruplaşdıraraq İdarə Heyətinə rəy hazırlayır. Qurum həmçinin regionlarda mətbuatın inkişafına yönələn layihələrin müəyyənləşdirilməsini həyata keçirir, ölkənin müxtəlif şəhər və rayonlarında tematik tədbirlərin təşkili məsələlərini həll edir.

 

Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyası: Konkret Əsasnamə ilə fəaliyyət göstərir. Qurumun tərkibinə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə yanaşı Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Daxili İşlər və Ədliyyə Nazirliklərindən də nümayəndələr daxildir.

 

Qurum jurnalistlərin peşə vəzifəsini yerinə yetirərkən rastlaşdıqları çətinliklərin operativ surətdə aradan qaldırılması istiqamətində müzakirələr aparır. Həmçinin konkret məsələlərlə bağlı müvafiq dövlət qurumlarının təmsilçiləri ilə zəruri məsləhətləşmələr, kütləvi aksiyalar zamanı jurnalistlərin peşə vəzifəsini yerinə yetirmələrinin monitorinqini keçirir. İdarə Heyəti qarşısında hesabat xarakterli məlumatla çıxış edir.

 

Beynəlxalq əlaqələr komissiyası: qurum MŞ sədrinin və İdarə Heyəti üzvlərinin mühüm beynəoxalq konfrans və seminarlarda iştirakının təşkilati tərəflərini həll edir. Həmin tədbirlərin gündəliklərində duran məsələləri araşdırır. Həmçinin Şuranın beynəlxalq əməkdaşlıq baxımından prioritet sayılan istiqamətlərinə dair vaxtaşırı təqdimatlar hazırlayır.

 

Qeyd: komissiyalara rəhbərlik MŞ-nin İdarə Heyətinin üzvləri tərəfindən aparılır. Onların müəyyənləşdirilməsi İdarə Heyətinin iclaslarında açıq səsvermə yolu ilə həyata keçirilir. Şikayətlər üzrə Komissiya istisna olmaqla digər komissiyaların işində İdarə Heyətinin üzvləri olmayan şəxslərin iştirakına məhdudiyyət yoxdur.  

 

 

IV. Layihələr və tədbirlər

 

Mətbuat Şurası Nizamnamə tələblərinə uyğun olaraq jurnalistlərin peşə hazırlıqlarının artırılması, onların ixtisaslaşmalarına dəstək göstərilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Bu layihələr həm fərdi xarakter daşıyır, həm də digər müvafiq qurumlarla birgə əməkdaşlıq kontekstində baş tutur. Şura indiyədək jurnalistlərin təhsil, səhiyyə, vergi, məhkəmə orqanları ilə qarşılıqlı əlaqələrinə dair çoxsaylı layihələr reallaşdırıb.

 

Şuranın layihələri həmçinin media sahəsindəki mühüm problemlərin həllin dəstəyi də nəzərdə tutur. Bu baxımdan jurnalistlərin ilk mənbədən informasiya almaları, estremal vəziyyətlərin işıqlandırılması, mediada siyasiləşmə, iqtisadi asılılıq və digər məsələlər qeyd edilə bilər.

 

Mətbuat Şurası qurumun struktur orqanlarının təşəbbüsü ilə medianın ayrı-ayrı spesifik sahələrinə dair konfrans və «dəyirmi masa»lar təşkil edir.

 

V.Beynəlxalq əlaqələr

 

Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümümdunya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının üzvüdür. Şura sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının İdarə Heyətində təmsil olunur. MŞ üzvləri bu qurumların hər il dünyanın müxtəli bölgələrində baş tutan illik toplantılarına qatılır, məruzə ilə çıxış edirlər.

 

Mətbuat Şurası possovet məkanının və Türkiyənin nüfuzlu media qurumları ilə sıx əlaqədədir. Bundan başqa qurum Avstriyanın, Böyük Britaniyanın və Hindistanın mətbuat şuraları ilə əməkdaşlıq edir. Şura ilə Türkiyə Qəzetəcilər Cəmiyyəti və Türkiyə Mətbuat Şurası arasında anlaşma memorandumu mövcuddur.

 

VI. Mətbuat Şurasının maliyyələşməsi

 

Bu barədə Şuranın Nizamnaməsinin müvafiq bəndində geniş söhbət açılır. Qurumun başlıca maliyyə mənbəyi MŞ-yə üzv təşkilatların ödədikləri illik üzvlük haqlarıdır. Bu məbləğ gündəlik qəzetlər, informasiya agentlikləri və jurnalist təşkilatları üçün 148 manat 50 qəpik, həftəlik qəzetlər və jurnallar üçün 99 manat məbləğindədir.

 

Bununla yanaşı MŞ müxtəlif xarici fondların, səfirliklərin, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə layihələr həyata keçirir.


19
noyabr
MŞ “reket” KİV-lərlə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlayıb

-

ətraflı »
17
noyabr
525-i hədəfləyən «525»

-

ətraflı »
14
noyabr
Nekroloq

Altay Qulam oğlu Zahidov

ətraflı »
14
noyabr
Azərbaycan Mətbuat Şurasının MƏLUMATI

-

ətraflı »
08
noyabr
Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

-

ətraflı »
07
noyabr
Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda konfrans keçiriləcək

-

ətraflı »