MŞ sədri Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn toplantısına qatılıb

about1

Avqustun 16-da Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn rejimdə növbəti toplantısı keçirilib. Tədbirdə üzv ölkələrdə pandemiya dövründə medianın durumu, jurnalistlərin ilk mənbədən informasiya almaları sahəsindəki vəziyyət və bu istiqamətdə görülmüş işlər barədə söhbət açılıb.

MŞ sədri, Ümümdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavini Əflatun Amaşov Azərbaycanda pandemiya dövrü xüsusiyyətlərinin media fəaliyyətinə təsirinə dair məruzə edib. O, məruzəsində bildirb ki, koronavirus təhlükəsindən sığortalanmaq üçün ölkədə həyata keçirilmiş tədbirlər istər-istəməz jurnalistikaya da təsirini göstərib. Ancaq bu təsir digər sahələrdəkindən azdır. “Azərbaycanda indi xüsusi karantin rejimi davam edir. Bir çox məhdudiyyətlərin ehtiyatla da olsa, aradan qaldırılmasına gedilir. Ancaq mən deməzdim ki, mediaya məhdudiyyətlər olub. Müəyyən şərtlərə əməl etməklə jurnalistlər ölkə boyu fəaliyyətlərini həyata keçiriblər. Təbii ki, biz də öz tövsiyələrimizdə bildirmişdik ki, redaksiyalar mümkün qədər onlayn rejimdə çalışsınlar. Bu tövsiyəyə ciddi yanaşılıb. Lakin bir daha deyim, ümumən mediamız məhdudiyyətsiz fəaliyyət göstərib və ölkə həyatını dolğun şəkildə işıqlandırıb”, - deyə Ə.Amaşov vurğulayıb.

Toplantıda üzv ölkələrdə medianın koronavirusla bağlı yaranmış iqtisadi çətinlikləri ilə bağlı da söz açılıb. Durumun yaxşılaşdırılması istiqamətində görüləcək işlərə nəzər salınıb. Qərara alınıb ki, bununla bağlı Assosiasiya tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciət ünvanlansın.

Qeyd edək ki, tədbirdə Ümumdünya Assosiasiyalar Birliyinin sentyabrın 17-18-də Cənubi Koreyanın paytaxtı Seuldan idarə olunacaq onlayn konfransında iştirak məsələləri müzakirə olunub. Sözügedən mötəbər qurumun toplantısında Ümumdünya Mətbuat Şuraları Assosiasiyasından məruzəçi qismində MŞ sədri Əflatun Amaşov da müəyyənləşdirilib.

17.08.2020