Füzuli rayonu üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova “Gündəlik Bakı” qəzetinə qarşı - Qərar№8

Qərarın qəbul olunduğu tarix:23 may 2023-cü il.

Şikayətin baxılma tarixi: 18 aprel 2023-cü il.

Şikayətin məzmunu:

Füzuli rayonu üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova Azərbaycan Mətbuat Şurasına ünvanladığı 17 mart 2023-cü il tarixli müraciətində “Gündəlik Bakı” qəzetinin saytında müxtəlif tarixlərdə yayımlanmış çoxsaylı məqalələrdə rəhbərlik etdiyi qurumun və rayonun məktəblərinin direktorları barədə həqiqəti əks etdirməyən fikirlərin yayımlandığını, bu fikirlərin tənqid hədəfi kimi götürülmüş şəxslərin şərəf və ləyaqətlərini aşağıladığını, işgüzar nüfuzlarına zərbə vurduğunu bildirib, məsələ ilə bağlı müvafiq tədbir görülməsini xahiş edib.

Cavabdehin izahatı:

Cavabdehin izahatı yoxdur.

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası özünün 18 aprel 2023-cü il tarixli iclasında məsələni araşdıraraq belə rəyə gəlib ki, “Gündəlik Bakı” qəzetinin saytının 2022-ci ilin oktyabr yayımından 15 mart 2023-cü il tarixdəki yayımınadək, müxtəlif tarixlərdə ümumilikdə birtərəfli qaydada təqdim olunmuş altı məqalə yayımlanıb. Məqalələrdə konkret şəxs və şəxsləri hədəfə alma meyilləri var ki, bu jurnalist yanaşması sayıla bilməz.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının rəyini nəzərə alaraq Qərara alır:

Qərar

  1. “Gündəlik Bakı” qəzetinin saytında Füzulu rayonu üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova ilə bağlı yayımlanmış və bu şəxsin Mətbuat Şurasına müraciətinə səbəb olmuş materiallarda “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı birinci prinsipinin 1.1-ci bəndinin “jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır”, 1.2-ci bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3,2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır” prinsiplərini pozub;
  2. “Gündəlik Bakı” qəzetinin saytında Füzulu rayonu üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova ilə bağlı yayımlanmış və bu şəxsin Mətbuat Şurasına müraciətinə səbəb olmuş materiallarda göstərilən bir sıra məsələlərin, irəli sürülmüş ittihamların həqiqəti nə dərəcədə əks etdirdiyi şübhəlidir. Buna görə də Mətbuat Şurası şikayət müəllifi Füzulu rayonu üzrə təhsil sektorunun müdiri Ramella Məmmədovaya yaranmış narazılığı məhkəmə müstəvisində həll etmək tövsiyə olunsun.

İdarə Heyətinin sədri:                                                        Rəşad Məcid

Şikayətlər üzrə Komissiyanın sədri:                                   Vüqar Zifəroğlu

İcraçı katib:                                                                          Əvəz Rüstəmov

 

23.05.2023