Cəlilabad rayon Xanəgah kənd inzibati ərazi üzrə icra nümayəndəsi Ərəstun Ağayev “Kanal 13” internet televiziyasına qarşı - Qərar №12

Qərarın qəbul olunduğu tarix:23 may 2023-cü il.

Şikayətin baxılma tarixi: 19 may 2023-cü il.

Şikayətin məzmunu:

Cəlilabad rayon Xanəgah kənd inzibati ərazi üzrə icra nümayəndəsi Ərəstun Ağayev Azərbaycan Mətbuat Şurasına 5 may 2023-cü il tarixli müraciətində bildirib ki, “Kanal-13 TV” 3 may 2023-cü il tarixindəki yayımında onun da adının çəkildiyi videoreportaj paylaşıb.

Şikayətçi "Mənə məxsus torpağı zəbt ediblər, ONU GERİ ALSAM şəhid ailəsinə BAĞIŞLAYACAM" başlığı ilə yayımlanmış, icra nümayəndəsi olduğu Xanəgah kəndinin sakini Mənsimov Nərağa Qulu oğlunun müsahibəsinin yer aldığı həmin videorepotajda sözügedən şəxsin dilindən faktların yanlış təqdim edildiyini, beləliklə də icra nümayəndəsi kimi nüfuzuna xələl gəldiyini vurğulayıb. O, Mətbuat Şurasından “Kanal-13 TV” ilə bağlı müvafiq ölçü götürülməsini xahiş edib.

Cavabdehin izahatı:

Mətbuat Şurasının Katibliyi şikayətlə bağlı “Kanal-13 TV”nin  rəhbərliyi ilə əlaqə yaradıb. “Kanal-13 TV” rəhbərliyi qarşı tərəfin mövqeyini yayımlamağa razı olduğunu bildirib.

Azərbaycan Mətbuat Şurasının qərarı

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası nəzərə alıb ki, “Kanal-13 TV”də 3 may 2023-cü il tarixdə yayımlanmış "Mənə məxsus torpağı zəbt ediblər, ONU GERİ ALSAM şəhid ailəsinə BAĞIŞLAYACAM" başlıqlı videoreportaj Cəlilabad rayon Xanəgah kəndindən hazırlanıb və bu zaman “Kanal-13 TV” reportajda fikri öyrənilən Xanəgah kəndinin sakini Mənsimov Nərağa Qulu oğlunun ittihamlarının ciddiliyini nəzərə alaraq, qarşı tərəfə də fikrinin ifadəsi üçün müraciət etməli idi. Lakin bu tələb gözlənilmədiyindən, “Kanal-13 TV” jurnalistika prinsiplərini pozub.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının rəyini nəzərə alaraq Qərara alır:

Qərar

  1. “Kanal-13 TV”nin  3 may 2023-cü il tarixindəki yayımındakı "Mənə məxsus torpağı zəbt ediblər, ONU GERİ ALSAM şəhid ailəsinə BAĞIŞLAYACAM" sərlövhəli videorepotajda “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.2 bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir”  tələbi pozulub;
  2. “Kanal-13 TV”yə  3 may 2023-cü il tarixdə yayımladığı "Mənə məxsus torpağı zəbt ediblər, ONU GERİ ALSAM şəhid ailəsinə BAĞIŞLAYACAM" sərlövhəli videoreportajına görə “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın 3.4 maddəsi üzrə təkzib vermək, eyni zamanda, qarşı tərəf qismində Ərəstun Ağayevin fikirlərinin yayımlanmasına şərait yaratmaq tövsiyə olunsun.

İdarə Heyətinin sədri:                                                        Rəşad Məcid

Şikayətlər üzrə Komissiyanın sədri:                                Vüqar Zifəroğlu

İcraçı katib:                                                                          Əvəz Rüstəmov

23.05.2023