“Manqal” MMC “Gununsesi.info” saytına qarşı - Qərar №13

Qərarın qəbul olunduğu tarix:23 may 2023-cü il.

Şikayətin baxılma tarixi: 19 may 2023-cü il.

Şikayətin məzmunu:

“Manqal” MMC-nin direktoru Elşən Qayıtmazov Azərbaycan Mətbuat Şurasına 10 may 2023-cü il tarixli müraciətində “Gununsesi.info” saytının 4 may 2023-cü il tarixli yayımında

"Əli Əsədovun Ramiz Mehdiyevə vəfa borcu – Baş nazir keçmiş PA rəhbərinə doğum günü keçirib” sərlövhəli yazıda “Mangal Steak House” restoranının “AZİMPORT” Şirkətlər Qrupunun tərkibinə daxil olması və bu şirkətlər qrupunun baş nazir Əli Əsədova məxsusluğu fikrindən etirazını bildirib və vurğulayıb ki, göstərilən məqam yanlışdır, “Mangal Steak House” restoranı “AZİMPORT” Şirkətlər Qrupunun tərkibində deyil. Müraciət müəllifi, həmçinin, “Manqal” MMC-nin adının bu cür hallanmasına etirazını bildirərək, “Gununsesi.info” saytı barədə müvafiq tədbir görülməsini xahiş edib.

Cavabdehin izahatı:

Mətbuat Şurasının Katibliyi şikayətlə bağlı “Gununsesi.info” saytının rəhbərliyi ilə əlaqə yaradıb və yanlışlıq izah edilib.

Azərbaycan Mətbuat Şurasının qərarı

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının rəyini nəzərə alaraq Qərara alır:

Qərar

“Gununsesi.info” saytı 4 may 2023-cü il tarixli yayımındakı "Əli Əsədovun Ramiz Mehdiyevə vəfa borcu – Baş nazir keçmiş PA rəhbərinə doğum günü keçirib” sərlövhəli yazıda “Mangal Steak House” restoranı “AZİMPORT” Şirkətlər Qrupunun tərkibində olduğunu bildirməklə, “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.1  bəndinin “jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır” tələbini pozub;

“Gununsesi.info” saytının rəhbərliyinin diqqətinə saytın 4 may 2023-cü il tarixli yayımındakı "Əli Əsədovun Ramiz Mehdiyevə vəfa borcu – Baş nazir keçmiş PA rəhbərinə doğum günü keçirib” sərlövhəli yazıda “Mangal Steak House” restoranının “AZİMPORT” Şirkətlər Qrupunun tərkibində olduğunu bildirməklə yanlışlığa yol verdiyi çatdırılsın və ona  “Manqal” MMC-nin narazılığını aradan qaldırmaq tövsiyə olunsun.

İdarə Heyətinin sədri:                                                        Rəşad Məcid

Şikayətlər üzrə Komissiyanın sədri:                                  Vüqar Zifəroğlu

İcraçı katib:                                                                          Əvəz Rüstəmov

02.06.2023