Milli Cəbhə Partiyası “Qaynarinfo.az” saytına qarşı – Qərar №14

Qərarın qəbul olunduğu tarix: 18 iyul 2023-cü il.

Şikayətin baxılma tarixi: 14 iyun 2023-cü il.

Şikayətin məzmunu:

Milli Cəbhə Partiyasının Azərbaycan Mətbuat Şurasına ünvanladığı 5 iyun 2023-cü il tarixli müraciətdə “Qaynarinfo.az” saytının 2 iyun 2023-cü il tarixli yayımında Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevdən alınmış müsahibənin təhrif edilməklə, ümumi kontekstdən çıxarılmış formada, mətnə zidd başlıqla verildiyi bildirilib. “Uşaq pulu istəmək etik deyil” – Deputat” sərlövhəsi müsahibənin sayt rəhbərliyi ilə danışıqlardan sonra “Razi Nurullayevdən maraqlı təklif: 1-3 yaşlı uşaqlara yemək pulsuz verilməlidir” sərlövhəsi ilə dəyişdirildiyinin vurğulandığı müraciətdə, həmçinin, narazılıq doğurmuş müsahibənin və oradakı fikirlərin digər mətbuat orqanlarında və sosial şəbəkələrdə yayıldığı, nəticədə Milli Cəbhə Partiyasının sədri və Milli Məclisin deputatı Razi Nurullayevin ictimai nüfuzuna zərər gəldiyi, həmin yayımların partiya rəhbərinin aşağılanmasına və təhqir olunmasına səbəb olduğu ifadəsini tapıb. Bütün bunlarla bağlı Mətbuat Şurasından müvafiq tədbir görülməsi xahiş olunub.

Cavabdehin izahatı:

“Qaynarinfo.az” saytının rəhbəri Zahir Əzəmət Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 14 iyun 2023-cü il tarixli iclasında iştirak edib. O, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevə qarşı heç bir qərəzlərinin olmadığını bildirib. İclasda narazılıq doğurmuş müsahibənin orijinal variantı (səs yazısı) Z.Əzəmət tərəfindən təqdim olunmuş və dinlənilmişdir.

Azərbaycan Mətbuat Şurasının qərarı

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası hər iki tərəfin iştirakı ilə keçirilmiş müzakirəni, iclasda səslənmiş fikirləri nəzərə alaraq müəyyənləşdirmişdir ki, “Qaynarinfo.az” saytı Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevdən aldığı müsahibənin təqdimatında “Azərbaycan Jurnaliatlərinin Etik Davranış Qaydaları”nı pozmamışdır. Bununla yanaşı, komissiya tərəflərə yaranmış anlaşılmaz duruma öz aralarında aydınlıq gətirməyi tövsiyə etmişdir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının 14 iyun 2023-cü il tarixli rəyini əsas götürərək Qərara alır:

Qərar

  1. Milli Cəbhə Partiyasının “Qaynarinfo.az” saytına qarşı şikayətində göstərilən iddialar əsassızdır;
  2. “Qaynarinfo.az” saytı Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevdən aldığı müsahibənin təqdimatında “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nı pozmamışdır;
  3. Tərəflərə yaranmış anlaşılmaz duruma öz aralarında aydınlıq gətirmək tövsiyə edilsin.

04.08.2023