“Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyəti “Hefteaz.com” saytına qarşı – Qərar №17

Qərarın qəbul olunduğu tarix: 11 oktyabr 2023-cü il.

Şikayətin baxılma tarixi: 4 oktyabr 2023-cü il.

Şikayətin məzmunu:

“Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zeynalov Kənan Famil oğlu Azərbaycan Mətbuat Şurasına müraciətində “Hefteaz.com” (Həftəlik Azərbaycan) saytında 20 iyul 2023-cü il tarixdə özünün və rəhbərlik etdiyi müəssisənin işgüzar nüfuzuna zərbə vuran “Azcosmetics” qanunlar pozmaqla Prezidentin qərarlarına məhəl qoymur! – Səbəb?” sərlövhəli məqalə yayımladığını  açıqlayıb. Şikayətçi müraciətində məqalənin sifarişlə hazırlandığını bildirib və Mətbuat Şurasından bununla bağlı tədbir görülməsini xahiş edib.

Cavabdehin izahatı:

Azərbaycan Mətbuat Şurasının Katibliyi tərəfindən “Hefteaz.com” saytının rəhbərliyi ilə əlaqə saxlanılıb. Sayt Mətbuat Şurasına məktubunda narazılıq doğuran materialda yer almış məqamlarla bağlı izahatını diqqətə çatdırıb.

Azərbaycan Mətbuat Şurasının qərarı

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası özünün 4 oktyabr 2023-cü il tarixli iclasında “Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zeynalov Kənan Famil oğlunun “Hefteaz.com” (Həftəlik Azərbaycan) saytında 20 iyul 2023-cü il tarixdə yer almış “Azcosmetics” qanunlar pozmaqla Prezidentin qərarlarına məhəl qoymur! – Səbəb?” sərlövhəli yazı ilə bağlı müraciətini araşdıraraq belə rəyə gəlib ki, cavabdeh tərəfin şikayətçinin narazılığı ilə bağlı Mətbuat Şurasına ünvanladığı cavab məktubunda göstərilən xüsuslar narazılıq doğurmuş məqalə ilə uyğunluq təşkil etmir. Saytın məqaləsində “Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zeynalov Kənan Famil oğluna qarşı iddiasını əsaslandıran heç bir dəlil və sübut yoxdur.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti qurumun Şikayətlər üzrə Komissiyasının 4 oktyabr 2023-cü il tarixli rəyini əsas götürərək Qərara alır:

Qərar

  1. “Hefteaz.com” (Həftəlik Azərbaycan) saytında 20 iyul 2023-cü il tarixdə yer almış “Azcosmetics” qanunlar pozmaqla Prezidentin qərarlarına məhəl qoymur! – Səbəb?” sərlövhəli yazıda “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı birinci prinsipinin 1.2-ci bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir”, “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3,2 bəndinin “jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır” tələbləri pozulub;
  1. Mətbuat Şurası adından “Hefteaz.com” (Həftəlik Azərbaycan) saytının 20 iyul 2023-cü il tarixli yayımında yer almış “Azcosmetics” qanunlar pozmaqla Prezidentin qərarlarına məhəl qoymur! – Səbəb?” sərlövhəli yazı ilə bağlı bu media subyektinə “Azərbaycan Jurnalistlərinin Etik Davranışı Qaydaları”nın pozulması ilə bağlı xəbərdarlıq edilsin. Eyni zamanda, diqqətə çatdırılsın ki, narazılıq doğurmuş materialda yer almış ayrı-ayrı məqamlar ona “Media haqqında” Qanunun tələblərinin pozulması baxımından da yanaşılmasını aktuallaşdırmaqdadır. Belə halların yolverilməzliyi izah olunsun.

18.10.2023