Avtomobillər üçün press kartların verilməsi və qeri alınması qaydaları

1.     Ümumi müddəalar

1.1. Bu Qaydalar təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq mətbuat orqanlarına Azərbaycan Mətbuat Şurası (bundan sonra «Şura») tərəfindən Press vəsiqələrin verilməsi və geri alınması sahəsində münasibətləri tənzimləyir.

1.2. Press vəsiqələrin forması və ölçüləri Şuranın qərarı ilə müəyyən edilir.Bu Qaydalar Şuranın Nizamnaməsinə istinadən hazırlanmışdır.


2.     Press vəsiqələrin verilməsi üçün tələblər

2.1. Press vəsiqələr mətbuat orqanına məxsus və ya redaksiyaların  sərəncamında olan avtomaşınlar üçün verilir.

2.2. Press vəsiqələr 1 (bir) il müddətinə verilir.

2.3. Hər bir mətbuat orqanı üçün Press vəsiqələr həmin mətbuat orqanı tərəfindən verilmiş təqdimat əsasında həyata keçirilir.

2.4. Hər bir Press vəsiqə üçün mətbuat orqanı tərəfindən Şuranın hesabına ______ manat məbləğində vəsait köçürülür.

2.5. Press vəsiqələrin alınması üçün Şuraya müraciət edən mətbuat orqanının rəhbəri təqdimatda aşağıdakı məlumatları əks etdirməlidir:

  • mətbuat orqanının adı;
  • Press vəsiqələrin verilməsi zəruri hesab edilən və mətbuat orqanına məxsus olan avtomaşınların texniki sənədləri;
  • təqdimatda göstərilən hər bir avtomaşın üçün ________ manat vəsaitin Şuranın hesabına ödənildiyi barədə sənəd.

 

3.     Press vəsiqələrin verilməsi proseduru 

3.1. Press vəsiqələrinin verilməsi barədə təqdimatlar və onlara əlavə olunmuş sənədlər Şuraya təqdim edilir.

3.2. Təqdimat daxil olduqdan sonra 7 (yeddi) iş günü ərzində Press vəsiqələr hazırlanaraq təhvil verilir və Şuranın sədri növbəti iclasda bu barədə məlumat verir.

3.3. Əsaslı dəlillərin olmadığı halda Şura Press vəsiqələrin verilməsindən imtina edə bilməz.

3.4. Aşağıdakı hallarda Press vəsiqələrin verilməsindən imtina edilə bilər:

  • təqdimatda və ya sənədlərdə həqiqətə uyğun olmayan məlumatlar olduqda;
  • təqdimatı vermiş mətbuat orqanının bağlanması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;
  • bu Qaydaların 2.5.-ci bəndində göstərilən zəruri sənədlərdən hər hansı biri çatışmadıqda.

3.5. Təqdimat vermiş hər bir mətbuat orqanına verilən Press vəsiqələrin sayı 5-dən artıq ola bilməz.

3.6. Müstəsna hallarda, əlavə Press vəsiqələrin verilməsi üçün mətbuat orqanının verdiyi  təqdimat Şuranın iclasında müzakirə edilir və bu barədə müvafiq qərar qəbul olunur. 


 4.     Yekun müddəalar

4.1. Press vəsiqələr Şuranın möhürü ilə təsdiq edilir və reyestrə daxil edilir.

4.2. Press vəsiqələrin verilməsi üçün mətbuat orqanının qəsdən yalnış məlumat verdiyi sonradan məlum olarsa Şura həmin mətbuat orqanına verilmiş Press vəsiqələrin geri alınması barədə qərar çıxarır.

4.3. Press vəsiqələrinin itirildiyi hallarda mətbuat orqanı Press vəsiqələrin yenidən hazırlanması üçün Şuranın hesabına ___ manat məbləğində vəsait ödəyir.

4.4. Press vəsiqələr təkrarən itirildikdə Press vəsiqələrin yenidən hazırlanması üçün bu Qaydaların 4.3.-cü bəndində nəzərdə tutulan vəsaitdən 3 (üç) dəfə artıq məbləğində vəsaiti  Şuranın hesabına ödəyir.

4.5. Mətbuat orqanları onların mülkiyyətindən, sərəncamından və ya istifadəsindən çıxmış avtomaşınlar üçün verilmiş Press vəsiqələri Şuraya qaytarmağa borcludurlar.