Elçin Mirzəbəyli

about1

Elçin Mirzəbəyli
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

12 avqust 1967-ci ildə Lənkəranda doğulub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Rusiya Dövlət Səhnə Sənətləri İnstitutunu (Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutu) bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

"Sevil" kinoteatrının direktoru, "Sara" TV-nin "Xəbər" departamenti direktorunun müavini və redaktoru, "Üç nöqtə" qəzetinin redaktoru olub.

2015-2017-ci illərdə Lider Televiziyasında "Geosiyasət" proqramının müəllifi və aparıcısı, 2017-2019-cu illərdə Xəzər TV-də gündəlik "Xəzər Aktual" proqramının aparıcısı olub.

Azərbaycan Dövlət Televiziyasında (AzTV), "Space", "Sara" telekanalında müəllif proqramları ilə çıxış edib. Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş filmin rejissoru, Bəxtiyar Vahabzadə, Rüstəm Behrudi və digər görkəmli şəxslər haqqında çəkilmiş filmlərin müəllifi və rejissorudur.

Şeirləri, esseləri və publisistik məqalələri Azərbaycan, Türkiyə, İtaliya, Özbəkistan və Rusiyada nəşr olunub. "Xalq cəbhəsi" qəzetinin, Azərbaycan və İtalyan dillərində yayımlanan "Via della Seta" jurnalının baş redaktoru, Beymedia İnformasiya Agentliyinin baş direktorudur.

Azərbaycan Yazıçılar Birliyinin və Beynəlxalq Mətbuat İnstitutunun üzvüdür. Bakı Natiqlik Məktəbi İctimai Birliyinin sədridir.

2018-ci ildə Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib. 2022-ci ildə keçirilmiş VIII qurultayın iştirakçıları da ona etimad göstərərək Şuranın İdarə Heyətinə üzv seçiblər.

2013-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un Basın Onur Ödülünə (Mətbuat Şərəf Mükafatı) layiq görülüb. 2013-cü il iyulun 22-də Ali Media Mükafatı ilə təltif olunub.

Azərbaycan Prezidentinin Sərəncamları ilə 2010-cu ildə "Tərəqqi" medalı, 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı, 2020-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var. 

 

01.10.2022