Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Gündəlikdəki ilk məsələ Mətbuat Şurasının “Heydər Əliyev ili” çərçivəsində gördüyü işlərin müzakirəsi olub. Şuranın İdarə Heyətinin üzvü Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmlinin bununla bağlı məlumatı dinlənilib. Bildirilib ki, “Heydər Əliyev və Azərbaycan mətbuatı” adlı kitabın hazırlanması istiqamətində işlər davam etdirilir. Bu fəaliyyətin aprel ayında tamamilə başa çatdırılması nəzərdə tutulur.

İclasda Azərbaycan Mətbuat Şurasının 20 illiyi ilə bağlı müzakirələr aparılıb. MŞ İdarə Heyətinin üzvlərindən – “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğunun çıxışlarında 2003-cü il martın 15-də keçirilmiş təsis qurultayındakı gərgin anlar, rəqabət mühiti yada salınıb, ali məclisin ölkənin ictimai həyatında kifayət qədər müzakirə doğurmuş hadisəyə çevrildiyi qeyd edilib.

Çıxış edənlər, eyni zamanda, Şuranın ötən 20 ildəki fəaliyyətinin qənaətbəxş olduğu vurğulanıb. Bildirilib ki, qurum media ilə ictimaiyyət, eləcə də media ilə dövlət orqanları arasında etibarlı körpü rolunu kifayət qədər səmərəli şəkildə reallaşdırmağı bacarıb, cəmiyyətdə inam və etimad qazanıb. Ötən müddətdə Şuraya 15 mindən çox şikayət daxil olub ki, bunların araşdırılması prosesi həm də jurnalist peşəkarlığının təbliği üzərində qurulub. Mətbuat Şurası, habelə, jurnalist adından sui-istifadələr qarşı mübarizə aparıb, dünyanın aparıcı media təşkilatları ilə sıx təmaslar formalaşdırıb. R.Məcid bütün bu fəaliyyətin gerçəkləşməsində Mətbuat Şurasının ilk sədri, qurumun İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun böyük xidmətlərinin olduğu vurğulanıb. O, Şuranın 20 illiyi ilə bağlı təbrik plaketini Ə.Amaşova təqdim edib. Ə.Amaşov göstərilən etimada görə təşəkkürünü bildirməklə yanaşı, MŞ-nin yaranmasında və fəaliyyətində əməyi keçən hər kəsin ən xoş sözlərə layiq olduğunu dilə gətirib.

Bundan sonra MŞ sədri R.Məcidin ötən iclasdan bəri görülmüş işlərə dair məlumatı dinlənilib. Sədr bildirib ki, Şura 4 həmkarımızın yubileyi münasibətilə onlara təbrik plaketi təqdim edib, İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində olub, qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıblar.

Bundan başqa MŞ İdarə Heyətinin üzvləri ilə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun və qurumun rəhbərliyində təmsil olunan şəxslərin görüşü təşkil olunub, toplantıda Media Resyestri ilə bağlı yaranmış narazılıqlar müzakirəyə çıxarılıb, bir sıra məsələlərə aydınlıq gətirilib.

Hesabat dövründə Mətbuat Şurası Müsavat TV-nin və Səs TV-nin haker hücumuna məruz qalması ilə bağlı bəyanat yayıb. Bu mövzu, eləcə də informasiya təhlükəsizliyinə dair bir çox məqamlar Şuranın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti ilə (ETX) birgə keçirdiyi “Kütləvi informasiya vasitələrinin kibertəhlükəsizlik problemləri” mövzusundakı dəyirmi masada da nəzərdən keçirilib.

MŞ-nin Beynəlxalq əlaqələr komissiyasının üzvləri Özbəkistanın Azərbaycandakı səfirliyində səfirin müşaviri Bahram Qaipovla görüşüblər. Həmçinin, MŞ sədri və müavini Səadət Məmmədova Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə bu ölkədə səfərdə olublar, krallığın Media Nazirinin Beynəlxalq əlaqələr üzrə müavini Xalid Əl-Həmdi ilə görüşüblər. R.Məcidin məlumatı İH üzvləri tərəfindən məqbul qiymətləndirilib.

Gündəlikdə duran növbəti məsələ Mətbuat Şurasının şikayətlərlə bağlı gördüyü işlərin müzakirəsi olub. Şuranın icraçı katibi Əvəz Rüstəmov məlumat verərək bildirib ki, MŞ sədrinin müavini Vüqar Zifəroğlunun rəhbərliyi ilə Şikayətlər üzrə Komissiyanın iclasında müxtəlif vətəndaş qrupları tərəfindən ünvanlanmış 9 şikayət nəzərdən keçirilib. Həmin şikayətlərdən 8-nə dair müvafiq tədbirlər görülüb. Bunlardan 5-i ilə bağlı şikayətçi tərəfə aidiyyatı qurumlara müraciət ünvanlamaq tövsiyə edilib. 3 şikayət üzrə isə tərəflər arasında anlaşmanın əldə edilməsi təmin olunub. Ə.Rüstəmov bundan başqa Şuraya şifahi müraciətlərin də daxil olduğunu və onlarla bağlı müvafiq tədbirlərin görüldüyünü, narazılıqların aradan qaldırıldığını diqqətə çatdırıb.

İclasda müzakirə olunmuş növbəti məsələ İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvlüyünə namizədlərin müəyyənləşməsi olub. R.Məcid məlumat verib ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq, Mətbuat Şurası Yayım Şurasına iki namizəd irəli sürməlidir. Müzakirələrdən sonra MŞ İdarə Heyətinin üzvləri -  Bayraqdar.info saytının baş redaktoru Azər Həsrət və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər namizəd olaraq müəyyənləşdiriliblər.

İclasda, həmçinin, yeni çapdan çıxmış “Azərbaycan mətbuat tarixi” kitabı ilə bağlı Şuranın İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının məlumatı dinlənilib. A.Aşırlı müəllifi olduğu nəşrin strukturu və əhatə etdiyi dövr haqqında fikirlərini bölüşüb. MŞ sədrinin müavini, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da çıxışında A.Aşırlının müəllifliyi ilə çapdan çıxmış “Azərbaycan mətbuat tarixi”nin mətbuat tariximizin sistemləşdirilməsi baxımından önəmindən söz açıb, nəşrin jurnalistika fakültəsində dərs vəsaiti kimi təsdiqlənməsi perspektivindən danışıb.

Cari məsələlərlə bağlı MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli diqqəti Şuranın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə keçirdiyi toplantıya yönəldib. O bildirib ki, tədbirdə səslənmiş təkliflərin dəyərləndirilməsi istiqamətində iş aparılır. İlk növbədə ETX-in mütəxəssislərinin dəstəyi ilə kütləvi informasiya vasitələri redaksiyalarının aidiyyatı əməkdaları üçün təlimlərin təşkili nəzərdə tutulur.

15.03.2023