Mətbuat Şurasının “Ümid işığı” mükafatı təqdim edildi

about1

Şair, yazıçı və publisist Famil Hacısoy (Hacıyev Famil Şamil oğlu) Azərbaycan Mətbuat Şurasının Fikrət Mursaqulovun xatirəsinə həsr etdiyi “Ümid işığı” mükafatı ilə təltif olunub. F.Hacısoy sözügedən mükafatın ikinci laureatıdır.

Qeyd edək ki,  ötən əsrin 80-ci illərində fəal poetik, publisistik və elmi yaradıcılıqla məşğul olmuş Fikrət Mursaqulov gözdən əlilliyinə baxmayaraq, dəyərli sənət nümunələri ərsəyə gətirməsi ilə dostlarının, onu tanıyanların yaddaşında əbədi iz buraxıb. O, yüksək istedadı, mənəvi keyfiyyətləri, eləcə də jurnalistikaya hədsiz bağlılığı ilə seçilib. MŞ-nin Fikrət Mursaqulov Fondu ilə birgə “Ümid işığı” mükafatını təsis etməsində məqsəd də müxtəlif fiziki problemləri olan şəxslərin yaradıcılığının stimullaşdırılmasına dəstək göstərmək idi.

1962-ci ildə Cəbrayıl rayonunda anadan olmuş F.Hacısoy 1979-cu uldən özünün ədəbi-bədii ruhlu məqalələri, şerləri ilə mətbuatda müntəzəm çıxışlar etməkdədir. MŞ sədri Rəşad Məcid ona mükafatı təqdim edərkən bildirib ki, F.Mursaqulov işığa həsrət adam idi, lakin yaradıcılığı ilə dünyanı işıqlandırmaq missiyasını yerinə yetirirdi. Şura sədri F.Hacısoyu da bu baxımdan xarakterizə edərək, 60 yaşını qeyd edən qələm adamının incə poetik duyumuna, səlist ifadə tərzinə diqqət çəkib, ona təbriklərini çatdırıb.

Təqdimat mərasimində çıxış edən “Ümid işığı” mükafatının ilk laureatı şair-publisist və tərçüməsi Giya Paçxataşvili belə bir mükafatın fiziki qüsurlu yaradıcılıq adamlarının əməyinə dəyər verilməsi baxımından əhəmiyyətindən söz açıb. O, F.Hacısoyu şair, eyni zamanda, pedaqoq kimi xarakterizə edən cəhətlərə diqqət çəkib.

Sonda çıxış edən F.Hacısoy yaradıcılığına verilən qiymətə görə təşəkkürünü bildirib.

27.04.2023